Türk-müsəlman əhalisinə
qarşı həyata keçirilən soyqırımları
Bakı qırğınları
1918-ci ilin martında
Bakıda siyasi vəziyyət son dərəcə gərgin
idi. Bakı Sovetinə keçirilən seçkilərdə
"Müsavat"ın böyük səs çoxluğu ilə
qələbə qazanması bolşevikləri və daşnakları
ciddi narahat edirdi. Cənubi Qafqazın ən
güclü siyasi partiyasına çevrilən
"Müsavat" Azərbaycanın ərazi muxtariyyəti və
siyasi hakimiyyət uğrunda inamla mübarizə
aparırdı. Şaumyan başda olmaqla
bolşevik qüvvələri Erməni Milli Şurası və
"Daşnaksütyun" partiyasının rəhbərləri
ilə birlikdə "Müsavat"a qarşı əsl
müharibəyə başladılar. Bakıda Azərbaycan
milli qüvvələrinin sayca az və pis silahlanmış
olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara
"dərs vermək" üçün milli
qırğına hazırlaşırdı.
Martın 29-da şəxsi
heyəti müsəlmanlardan ibarət olan "Evelina" gəmisinin
Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah
edilməsi milli qırğına başlamaq üçün
bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla
ehtiyatsız davranışdan həlak olmuş
H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini
Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən
ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə
saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi
"Evelina" gəmisi ilə Lənkərana geri
qayıtmalı idi. Paroxodun körpüdən aralanmasına az
qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin
tərksilah olunmasını tələb etdilər. Müsəlman
dəstəsinin rədd cavabına tüfənglərdən və
pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki
silahlar bolşeviklər tərəfindən müsadirə
olundu.
Martın 30-u gündüz
saat dörddə müsəlmanlardan təşkil olunmuş
nümayəndə heyəti Sovetin İcraiyyə Komitəsinin
qarşısına gələrək silahların geri
qaytarılmasını tələb etdi. Caparidze bu xahişin
bir ultimatum olub-olmadığını soruşduqda, nümayəndəlik
bildirdi ki, onların müsəlmanların həyəcanlarını
söndürməkdən başqa niyyətləri yoxdur. Caparidze
müsəlman liderlərinə söz verdi ki, silahların
qaytarılması məsələsini Qafqaz Ordusunun İnqilabi
Müdafiə Komitəsinin iclasına çıxaracaq və
orada silahların müsəlmanlara qaytarılmasını
müdafiə edəcəkdir.
Ertəsi gün şəhərin
cənub hissəsində erməni əsgərləri
göründülər. Onlar bütün küçə
boyu səngərlər qazmağa, torpaq və daşlardan bəndlər
ucaltmağa başladılar. Həmin gün müsəlman
xeyriyyə cəmiyyətinin binasında keçirilən
yığıncağa gələn Bakı şəhərinin
keçmiş rəisi Ter-Mikaelyants Erməni Milli
Şurası və "Daşnaksütyun" partiyası
adından bəyan etdi ki, əgər müsəlmanlar
bolşeviklərə qarşı çıxış etsələr,
ermənilər də onlara qoşulacaq və bolşeviklərin
Bakıdan qovulmasına kömək edəcəklər. Martın
18-də (təzə stillə 31 mart - A.İ.) səhər
tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə
hücumlar başladı. Ermənilərin yalançı vədlərinə
inanmış müsəlmanlar əvvəlcə şəhərdə
nə baş verdiyini müəyyən edə bilmirdilər. Hücum
ərəfəsində bütün ermənilər şəhərin
müsəlmanlar yaşayan hissəsindən ermənilər
yaşayan hissəsinə keçdilər. Müsəlmanlar
yaşayan hissədə xristian əhalidən ruslar və
gürcülər qalmışdı.
Bakıda mart
soyqırımı planı hələ 1917-ci ilin sonlarında
"Daşnaksütyun" partiyası və Erməni Milli
Komitəsi tərəfindən hazırlanmışdı. Onlar
dəfələrlə müsəlmanları bolşeviklərə
qarşı silahlı çıxışa təhrik etməyə
cəhd göstərmişdilər. Ermənilərin məqsədi
bolşeviklərin əli ilə müsəlman əhalisini məhv
etmək idi. Adamların qətlə yetirilməsi və
müsəlman məhəllələrinin darmadağın
edilməsi planlı surətdə mütəşəkkil erməni
hərbi hissələri tərəfindən şəhərin
hər yerində qabaqcadan müəyyənləşdirilmiş
sistem üzrə həyata keçirilirdi.
Bakı Soveti qüvvələrinə
rəhbərlik edən S.Şaumyanın erməni hərbi hissələrindən
istifadə etməsi bu qırğını daha da dərinləşdirdi.
Bolşevikləri müdafiə etmək bəhanəsi ilə
erməni hərbi hissələri türk-müsəlman əhalisinə
qəddarcasına divan tuturdular. Qeyd etmək lazımdır ki,
Bakı Soveti də, onun yaratdığı ordu da əsas
etibarilə ermənilərdən ibarət idi. Sovetdə olan
daşnaklar Sako Saakyan, Arakelyan və başqaları
bolşevik dəstələrinə müsəlman fəhlələrinin
qəbul edilməsinə hər vasitə ilə əngəl
törədirdilər. Daşnaklar azərbaycanlılara milli
ordu yaratmaqda mane olur, Sovetin adından istifadə edərək
millətçi-şovinist siyasətini canfəşanlıqla
həyata keçirir, Bakı, Şamaxı və Azərbaycanın
digər bölgələrində türk-müsəlman əhalisinə
qarşı qırğınlar hazırlayırdılar. Bu
baxımdan Erməni Milli Komitəsi xüsusi fəallıq
göstərirdi. Müsəlmanlara qarşı
qırğınlar və talanlar Şamaxı, Göyçay,
Gəncə, Nuxa, Qazax, Lənkəran, Salyan, bir sözlə,
Azərbaycanın bütün bölgələrini
bürümüşdü.
Təhqiqat Komissiyası tərəfindən
şahid kimi dindirilmiş Bakı şəhərinin sakini
A.Kvasnikin ifadəsində deyilirdi: "Bu il martın 17-21-də
(köhnə stillə) Bakıda baş vermiş hadisələri
əsla vicdan əzabı çəkmədən belə
şərh etmək olar: "Müsəlman əhalisinin əvvəlcə
Bakı şəhərində, sonra isə ətraflarda məhv
edilməsi, onların əmlakının hamısının
qarət olunması və bütün var-dövlətlərinin
ermənilərin əlinə təbii surətdə keçməsi
məqsədilə ermənilərin müsəlmanlara
qarşı təşkil etdikləri qanlı qəsd idi".
Azğınlaşmış
və vəhşiləşmiş erməni dəstələri
dinc azərbaycanlı əhalini qırıb-çatmaq
üçün ən amansız üsullara əl
atırdılar. Fövqəladə Təhqiqat
Komissiyasının üzvü A.Kluge bu komissiyanın sədrinə
"Bakı şəhərinin müsəlman əhalisinə
qarşı törədilmiş zorakılıqlara dair iş
haqqında" məruzəsində yazırdı:
"Yaxşı silahlanmış, təlim keçmiş erməni
əsgərlər çoxlu miqdarda pulemyotların
müşayiəti ilə hücum edirdilər... Ermənilər
müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini
qırır, onları qılınc və xəncərlərlə
doğram-doğram və süngülərlə
deşik-deşik edir, uşaqları yanan evin alovları
içərisinə atır, üç-dörd günlük
çağaları süngünün ucunda oynadır,
öldürülən valideynlərin südəmər
körpələrinə rəhm etmir, hamısını
öldürürdülər". Müsəlmanları
qırıb-çatmaqla yanaşı, ermənilər
onların əmlaklarını da məhv edir, az-çox qiymətli
olan şeyləri isə özləri ilə
aparırdılar. Sonralar təkcə bir yerdə
torpağın altından 57 müsəlman qadın və
qızın meyiti tapılmışdı. Onların
qulaqlarını, burunlarını kəsmiş,
qarınlarını yırtmışdılar. Ermənilər
öldürməyə macal tapmadıqları qadınları
isə öz hörükləri ilə bir-birinə
bağlayaraq başıaçıq, ayaqyalın arabalara
mindirib aparır, yolda isə tüfənglərin qundaqları
ilə onları döyür, şikəst edirdilər.
Təhqiqat
Komissiyasının sənədlərinə əsasən məlum
olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı
şəhərində 11 min nəfərədək
türk-müsəlman öldürülmüşdür. Onların
çoxunun meyitləri tapılmamışdır.
Çünki şahidlərin dediklərinə görə,
ermənilər meyitləri od-alova bürünmüş evlərə,
dənizə və quyulara atırdılar ki, cinayətin izini
itirsinlər. Bakının şəhər camaatından 400
milyon manatlıq daş-qaş və əmlak müsadirə
olunmuşdu. Xalqın bir çox ziyarətgahları və
tarixi abidələri dağıdılıb yerlə yeksan
edilmişdi. Uzaqvuran toplarla Təzəpir məscidi zədələnmişdi.
Daşnaklar Bakıda dünya memarlığının incilərindən
sayılan "İsmailiyyə" binasına od vurub
yandırmışdılar.
Təhqiqat
Komissiyasının materiallarında bu vəhşiliklər barəsində
deyilir: "1918-ci il martın 18-də (köhnə stillə-A.İ.)
bir erməni zabiti yanındakı üç erməni əsgəri
ilə "Kaspi" qəzeti redaksiyasının və
"İsmailiyyə" müsəlman xeyriyyə cəmiyyətinin
binaları arasındakı dalana gəldi və
"İsmailiyyə" binasına daxil oldu. Bir azdan
binanın pəncərəsində tüstü və alov
göründü. Nəinki Bakı müsəlmanlarının
iftixarı sayılan, həm də bütün şəhərin
yaraşığı olan bu əzəmətli bina
yanğından məhv oldu. Yanğını söndürməyə
adam yox idi, çünki müsəlmanlar küçəyə
çıxa bilmirdilər, onları pulemyotlarla və
top-tüfənglə atəşə tuturdular". Həmin
zabit "Daşnaksütyun" partiyasının üzvü
Tatevos Əmirov idi. Bu həmin Tatevosdur ki, uzun illər ərzində
tariximiz, mətbuatımız onu "yenilməz
inqilabçı", "xalqlar dostluğu uğrunda mətin
mübariz" kimi təbliğ etmişdi.
Talançılar
"Kaspi" qəzeti redaksiyasının və
"Dağıstan" mehmanxanasının binalarını,
"İskəndəriyyə"ni, "İsmailiyyə"ni
də yandırdılar.Bu qırğınlarda təkcə Azərbaycan
müsəlmanları deyil, bütün Qafqaz müsəlmanları
ziyan çəkmiş oldu. "İsmailiyyə"də
Bakı müsəlman xeyriyyə cəmiyyəti, Qafqaz müsəlman
komitələri yerləşirdi, burada həmin təşkilatlara
məxsus pul və sənədlər saxlanılır, müsəlmanların
yığıncaq və qurultayları keçirilirdi. "Kaspi"
qəzeti redaksiyasında Azərbaycan dilində kitablar nəşr
edilirdi. Bina yandırılan vaxtadək burada Quranın yenicə
çap edilmiş 5 min nüsxəsi saxlanılırdı. Onların
hamısı yanıb külə dönmüşdü.
Mart
qırğınlarında yaxşı təşkil olunmuş
erməni hərbi hissələri ilə yanaşı, erməni
ziyalıları, gəncləri də iştirak edirdilər. Təhqiqat
Komissiyasının materiallarında göstərilirdi ki,
"erməni əhalisinin bütün siniflərini təmsil
edən nümayəndələr bu "müharibə"də
iştirak etməyi özlərinə borc bilirdilər. Burada
neftxudalar, mühəndislər, həkimlər, kontor
işçiləri var idi, bir sözlə, erməni əhalisinin
bütün təbəqələri öz "vətəndaş
borcu"nu yerinə yetirirdi".
Martın 24-də "Nikolay Buniatov" paroxodunun komandir köməkçisi Kazım Axundova Bakının Çəmbərəkənd adlandırılan dağüstü hissəsinin mühafizəsi üçün təyyarəçi Rozenblyumun başçılığı ilə 10 silahlı matros göndərilmişdi. K.Axundov martın 25-dən Nikolayev küçəsindəki meyitlərin yığışdırılmasına başladı. Onların arasında süngülərlə didik-didik edilmiş və qılıncla tikə-tikə doğranmış 3 müsəlman gimnaziyaçının, 11 gimnaziyaçı qızın, 1 rus qadının, 3-5 yaşlarında 3 müsəlman oğlan uşağının, 8 rus kişinin, 19 İran təbəəli müsəlman qadının və müxtəlif peşə sahibləri olan 67 azərbaycanlının meyitləri var idi. Bundan başqa, "Vulkan" cəmiyyətinin köhnə yanalma körpüsünə müsəlman kişilərin, qadın və uşaqların 6748 meyiti gətirilmişdi. Axundov öz tanışı, texnik Vladimir Sokolovu "Kərpicxana" deyilən yerə aparmışdı. V.Sokolov burada 3 fotoşəkil çəkmişdi. Birinci şəkildə başında güllə, bədənində beş süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilmiş qadın meyiti təsvir olunmuşdur. Onun sağ döşü üstündə hələ sağ olan körpə uzanmışdır. Anasının döşünü əmən bu körpənin ayağında süngü yarası vardır. İkinci şəkildə iri mismarla divara vurulmuş 2 yaşlı uşaq təsvir edilmişdir. Mismarın başından aydın görünür ki, onu divara daşla vurmuşlar. Daş elə oradaca idi. Üçüncü şəkildə 13-14 yaşlı qızın meyitidir. Biçarənin bədənindən görünür ki, onu bir dəstə kişi zorlamışdır. Axundovla Sokolov 4-cü evə daxil olduqda onlar dəhşətli bir mənzərə görmüşdülər: geniş bir otağın döşəməsi üstündə 22-23 yaşlı bir qadının, iki qarının, 9 yaşlı qızın, 8 yaşlı oğlanın və südəmər körpənin meyitləri var idi. Körpənin əl-ayağını itlər gəmirib yemişdi. Təsvir olunan mənzərə Sokolova elə ağır təsir göstərmişdi ki, o, daha fotoşəkil çəkə bilməmişdi.
Bakıda baş vermiş faciəli hadisələr şəhərə olduqca böyük ziyan vurmuşdu. Sonradan tüğyan edən epidemiya minlərlə insanı qırmış, əhalinin su, ərzaqla təchizatı dayanmışdı. Bazar və mağazalardan, demək olar, bütün ərzaq məhsulları yoxa çıxmışdır. Talançılar olub-qalan ərzaq ehtiyatlarını toplayıb aparmışdılar. Mətbuat yazırdı ki, "əhali aclıqdan əməlli-başlı zillət çəkir".
Şamaxı
qırğınları
Qədim Azərbaycan şəhəri Şamaxı 1918-ci ilin martında erməni-daşnak qüvvələrinin dəhşətli talan və vəhşiliklərinə məruz qalmışdı. Fövqəladə Təhqiqat Komissiyasının üzvləri tərəfindən Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri qırğınlar haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı.
Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun ədliyyə nazirinə təqdim etdiyi məruzədə deyilirdi ki, Şamaxı şəhəri iki hissədən, yuxarı və ya erməni hissəsi, aşağı və ya müsəlman hissəsindən ibarətdir. Birincidə əsasən ermənilər və molokanlar, müəyyən qədər də müsəlmanlar, ikincidə isə ancaq müsəlmanlar yaşayırdılar. Şamaxı qəzasında əhalinin əksəriyyəti müsəlmanlardan ibarət idi. Erməni və molokanlar qəzanın 6 kəndində yaşayırdılar. Keçmiş müsəlmanlar erməni və molokanlarla sülh şəraitində yaşamış, onlara heç bir ziyan vurmamış, daim mehriban qonşuluq əlaqələri saxlamağa çalışmışlar. Hətta 1905-ci ildə Cənubi Qafqazın bir çox şəhər və kəndlərində erməni-müsəlman qırğınları baş verən dövrdə Şamaxı şəhəri və Şamaxı qəzasında müsəlmanlar ermənilər üzərində zorakılıq etməmiş, onlara qarşı düşmənçilik hərəkətləri törətməmişdilər.
1918-ci il martın 18-də (köhnə stillə-A.İ.) şəhərin müsəlman hissəsinə soxulan ermənilər qışqırırdılar: "Biz bu günü on iki ildir ki, gözləmişik. Bu, Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək etməyəcək. Köməyə siz özünüzün müqəddəs Həzrət Abbasınızı çağırın". "Şamaxılı həkim Sazanov 1918-ci il martın 19-u gecəsi Şamaxıda erməniləri müsəlmanlar üzərində rəhmsiz zorakılıqlar işlətməkdə günahlandırdıqda ermənilərdən belə bir cavab almışdı: "Müsəlmanlara heç bir rəhm etmək yoxdur, onların hamısı məhv edilməlidir".
Şamaxı şəhərindən 6 verst aralı Mədrəsə kəndində Cənubi Qafqazın digər qəzalarından gələn erməni əsgərləri toplaşmağa başladılar. Martın birinci yarısında məlumat alındı ki, Bakıdan Şamaxıya böyük miqdarda hərbi sursat, top və pulemyotlarla silahlanmış üç minədək erməni qoşun dəstəsi gəlir. Şamaxıdan dəstənin qabağına müsəlman və ermənilərdən ibarət nümayəndə heyəti göndərildi. Nümayəndə heyətinin dəstə ilə görüşü molokan kəndi Qozlu-Çayda (Xilimli) baş verdi. Dəstəyə silahları Şamaxı qarnizonuna təhvil vermək təklif olundu. Onlar bundan qəti imtina edərək bildirdilər ki, məqsədləri Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı bərpa etməkdən ibarətdir. Dəstənin rəhbərləri Şamaxı şəhərindən yan keçərək Mədrəsə kəndinə gedəcəklərinə söz verdilər. Martın 15-də dəstə Şamaxı şəhərinin yanından keçərkən öz evlərini qoruyan müsəlmanlar dəstəsinə atəş açdılar. Tezliklə bütün şəhəri atışma bürüdü. Bu atışma nəticəsində hər iki tərəfdən ölən və yaralananlar oldu. Lakin axşama yaxın şəhərdə tam sakitlik yarandı. Elə həmin gün erməni yepiskopunun təşəbbüsü ilə Şamaxının bütün kəndlərinin ruhani nümayəndələri bir yerə yığışaraq and içdilər ki, sülh şəraitində yaşayacaq və qayda-qanunu pozmayacaqlar. Kürdəmir kəndinin sakinləri erməni rəhbərlərinə müsəlmanlarla sülh şəraitində yaşamağı təklif etdikdə və erməni yepiskopunun verdiyi andı xatırlatdıqda ermənilərdən bu cür cavab alırlar: "Müsəlman ruhaniləri erməni ruhaniləri ilə barışa bilər, lakin erməni xalqı müsəlmanlarla müharibə istəyir və bu işdə İngiltərə onları müdafiə edəcəkdir".
(Ardı var)
Anar İsgəndərov,
tarix elmləri doktoru,
professor
Azərbaycan.- 2010.- 4
aprel.- S. 5.