Azərbaycana qarşı
"Gülüstan" və "Türkmənçay"dan
başlayan soyqırımı və
işğalçılıq siyasəti
Hər dəfə xalqımızın tarixi, faciələri, ərazilərinin işğal səbəbləri ilə bağlı materialları, əski sənədləri araşdırarkən, ilk növbədə, belə qənaət hasil olur ki, tariximizin bütün qanlı səhifələri 1725-1726-cı illərdə I Pyotrun öz əli ilə yazdığı 12 bənddən ibarət vəsiyyətnamənin həyata keçirilməsindən başlayır.
Yalnız bir neçə cümlə: "...Rus dövləti həmişə müharibə ləvazimatı tədarük edib, hərbə hazır olmalıdır. Ona görə ki, bu qüvvə Rusiyanın tərəqqisinə səbəb olacaqdır. Avropa məmləkətləri ilə s. məmləkətlər arasında fitnə və fəsad salınmalıdır. Lehistana (Polşa) ixtilaf salınmalı, o məmləkətin əyan və başbilənlərinə rüşvət verib dəyanət və mənəviyyatları puç edilməlidir. Rusiyanı o vaxt dövlət adlandırmaq olar ki, onun paytaxtı bütün Rusiya və Avropa xəzinələrinin açarı olan İstanbulda qərar tapmış ola. İndi mümkün qədər əla məkan sayılan İstanbulun cəvahirinə sahib olmalı. Əlbəttə, İstanbula sahib olan padşah aləmdə padşahlar padşahı olacaqdır. Buna görə də bu məqsədi həyata keçirmək üçün, ilk növbədə, Türkiyə ilə İran arasında fitnə-fəsad törədib dava-dalaş salınmalıdır. Sünni və şiə məzhəbinin ixtilafı böyük ordu və kəskin silah işini görürsə də, Asiyada Rusiyanın nüfuzunu yürütmək üçün ən birinci vasitədir. Bununla bərabər sizə dəxi lazımdır ki, onların arasında nifaq və düşmənçilik səbəblərini toplayıb bir-birinə yadlıq və ədavət bəsləməyi təbliğ edəsiniz. Onları dostluq məqamına gəlməyə qoymayın! Müsəlmanların Avropa xalqları ilə bir-birinə qarışmasına icazə verməyin. Yoxsa islamlar göz açıb quyu ilə açıq yolu taparlar. Bu iki amil islam adının tezliklə Asiyadan silinməsinə və xaçpərəstliyin yayılmasına imkan yaradacaq. ...Türkiyəni məhv etmədən İranın canını almağınız məsləhət deyil. Gürcüstan və Qafqaziyyə sahəsi İranın şah damarıdır. Rusiyanın istila neştəri bu damara yetişərsə, ürəyindən zəif qan açılacaq. Bundan sonra dünyanın min əflatunu gələ, onu sağaltmaq mümkün olmayacaqdır. Türkiyəni axırıncı şöləsi sönənə qədər məhv edin. İran və Türkiyənin işi qurtardıqdan sonra Cənubi Qafqazı zəbt edin. Türkiyəni Avropadan tamamilə çıxarmaq üçün Avstriya ilə zahirdə dost olmalı, lakin elə etməli ki, Avstriya bu dostluqdan heç bir fayda əldə edə bilməsin. Sadəcə, Türkiyə məmləkətindən bir parça torpaq verin onlara, bu şərtlə ki, gələcəkdə onu tezliklə geri almaq mümkün olsun. Almaniyanı da get-gedə gücdən salın, ayaqda durmağı bacarmasın..." ("Qoridən gələn qatar" "Azərnəşr", 1993, səh. 90-91).
Məqsəd bütövlükdə türk dünyasını, islam amilini məhv etmək, İrana, Türkiyəyə və Cənubi Qafqaza sahib olmaq idi. Vəsiyyətnaməni yazmazdan bir neçə il əvvəl- 1722-ci ildə Qarabağda yaşayan erməni məliklər I Pyotru Qafqaza çağırırlar. Bu çağırışdan sonra Pyotr Xəzərsahili torpaqlara işğalçı yürüş edir və həmin əraziləri rus imperiyasına ilhaq edir. 1724-cü il noyabrın 10-da verdiyi fərmana əsasən, ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında yerləşməyə başlayırlar. Ermənilər Rusiyanın, eləcə də Asiyada maraqları kəsişən Böyük Britaniyanın və Fransanın əlində təkcə Osmanlıya deyil, bütövlükdə türk dünyasına təsir göstərmək üçün alətə çevrildilər. Buna baxmayaraq, Şərqlə Qərbin qovuşduğu və bütün zamanlarda müxtəlif geosiyasi maraqların kəsişdiyi bir məkanda tarix boyu müstəqillik əzmini qorumağa çalışan Azərbaycan yaşadığı bütün faciələrə rəğmən qədim dövlətçilik ənənəsinə malik yetkin dövlət kimi formalaşaraq millətə çevrilə bilib. Tarix boyu xalqımız müxtəlif siyasi proseslərə və hərbi münaqişələrə cəlb olunmuş, nəticədə zaman-zaman əraziləri işğal olunmuş, insanlar qətlə yetirilmişdir. Belə müharibələr nəticəsində xalqın minillər boyu formalaşmış milli mənəvi-dini dəyərlərinə ziyan dəymişdir. İrticaçı siyasət nəticəsində Cənubi Qafqaz Rusiyaya birləşdirildikdən sonra bu proses gücləndirilmişdi.
Çar Rusiyasının Azərbaycan torpaqlarındakı irticaçı siyasəti rəsmi olaraq 1804-1813-cü illərdə - Rus-İran müharibəsinin başa çatdığı dövrdən başladı. İranın Rusiya ilə müqavilə bağlaması reallaşır, artıq sülh danışıqları başlayırdı. 1813-cü ildə Qarabağda Zeyvə çayı yaxınlığında Gülüstan kəndində rus ordugahında məşhur "Gülüstan" müqaviləsi bağlanır. Bu o vaxt idi ki, rus çarı I Aleksandr Napoleon Bonaparta qarşı Leypsiqdə müharibə cəbhəsində idi. Ancaq İranla sülh müqaviləsi ona Fransadan daha vacib idi. Müqavilənin bir bəndinə əsasən Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlığı, Şərqi Gürcüstan və Dağıstan Rusiyaya təslim edildi. Xəzər dənizində yalnız Rusiyaya hərbi donanma saxlamaq hüququ verilirdi. Həmin müqavilə sərhədlərin dəyişdirilməsinə əsas verirdi.
...1828-ci il fevralın 9-da Təbriz yolunun üç verstliyində yerləşən kiçik Türkmənçay kəndində ikinci sülh sazişinin sonuncu iclası keçirildi. Fevralın 10-na keçən gecə münəccimin təyin etdiyi vaxtda barışıq paktı imzalandı. Elə həmin an müqavilənin bağlanması münasibətilə rus toplarından 101 yaylım atəşi açıldı. Səfir Qriboyedov sabahı gün bu "xoş xəbəri" Rusiyaya çatdırdıqdan dərhal sonra Petropavlovsk qalasından da top atəşləri açıldı. Azərbaycanın tarixi taleyində faciələrə yol açan bu müqavilənin xəbərini hökmdara çatdıran Paskeviç qraf elan edildi. "Türkmənçay" sazişinin digər iştirakçısı "Ağıldan bəla" komediyasının müəllifi Qriboyedova 4000 çervon ənam verildi, Obrezkovun nişanlısına isə üç yüz minlik cehiz hədiyyə edildi.
"Gülüstan" müqaviləsindən fərqli olaraq "Türkmənçay" müqaviləsinin şərtləri daha tez reallaşdı. 1828-ci il martın 21-də İranla müharibənin başa çatması və barışıq imzalanması haqqında sülh sazişi təsdiqləndikdən sonra çox sərt şəkildə Azərbaycan torpaqlarının işğalı üçün etnik mənsubiyyətinin cidd-cəhdlə dəyişdirilməsinə dair dövlət siyasəti və strateji məqsədin yerinə yetirilməsinə başlanır. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları ermənilərin əlinə keçdi. 1828-ci il martın 21-də Rusiya ilhaq olunmuş iki Azərbaycan xanlığı ərazisində "erməni vilayəti" yaradılması barədə fərman verildi. Bu sənəd Rusiya imperiyası qanunlarının tam külliyyatında nəşr edilmişdir (Polnoe sobranie zakonov Rosiysskoy imperii. Sobr. Vtoroe.t.III.1828.SPb., s.272-273. K.K.Şükürov "Türkmənçay 1828: tarixi xronika").
Halbuki qədim İrəvan torpaqları lap qədimdən müsəlmanların yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta rus-İran müharibəsində burada yaşayan azərbaycanlılar çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşmüşdülər. Lakin ermənilərin xəyanəti üzündən İran həmin müharibədə məğlub oldu.
Ermənilər bu sazişdən və onun şərtlərindən çox məmnun idilər. Bu sazişlə çar Rusiyası ermənilərin Cənubi Qafqazda dövlət yaratmasına və qan tökməsinə imkan verdi. Tarixçilər erməniləri "Türkmənçayın övladları" adlandırır. Çürki tarix elminin də təsdiq etdiyi kimi, Türkmənçayadək ermənilər vətənsiz olublar. Onları ruslarla birləşdirən din birliyi idi və eyni zamanda I Pyotrun vəsiyyətinə və siyasətinə uyğun gəlirdi. Bu yerdə erməni tarixçisi Anahid Terminasın sözlərini yada salmamaq olmur: "Ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi...". Çarizmin xristianlaşdırma siyasətinin davamı kimi XX əsrin əvvəllərinə qədər Azərbaycanda bir milyondan çox erməninin məskunlaşması həyata keçirildi. Türkmənçay müqaviləsi xalqımızın tarixini və ərazilərini dəyişdi.
Sazişin birinci şərti Azərbaycan torpaqlarının bölünməsini təsdiqlədi. Gülüstan müqaviləsi Türkmənçay müqaviləsi ilə əvəz olundu. İrəvan və Naxçıvan xanlıqlarının ilhaqı təsdiqləndi. I Nikolayın 1828-ci il 21 mart tarixli fərmanı ilə rəsmən Azərbaycan torpaqlarında "Erməni vilayəti" adlı qurum yaradıldı, gürcü knyazı, şair, general-mayor Aleksandr Çavçavadze həmin vilayətə rəis təyin edildi. 1840-cı ildə "Erməni vilayəti" qurumu ləğv edildi, 1849-cu ildə onun yerində İrəvan quberniyası təşkil olundu. Müqavilənin daha bir ağır şərtinə əsasən, Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqlar Rusiyaya tabe olundu.
Qriboyedov İranda
nazir-rezident təyin edildi. Bu adam bütün qüvvəsilə
çarizmin İranda müstəmləkəçilik siyasətini
reallaşdırmağa çalışırdı. Lakin bu
siyasət ölkədə qalmaqallarla müşayiət
olunurdu. Odur ki, 1829-cu il yanvarın 30-da Qriboyedov missiyanın
bir neçə üzvü ilə birlikdə İranda qətlə
yetirildi.
Göründüyü kimi,
millətimizin az qala üç yüz illik tarixinin hər səhifəsində
erməni məkrinin izi var. Erməni terrorçularının
fəallığı bütün dövrlərdə Cənubi
Qafqazda, o cümlədən Azərbaycan torpaqlarında
özünü göstərmiş və indi də göstərir.
Bu terrorçuluğun və
işğalçılığın qarşısını
isə yalnız türk dünyasının birliyi ala bilər.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2010.- 4 aprel.- S. 5.