Azərbaycan iqtisadiyyatı uğurlu inkişaf yolundadır

 

İkinci Dövlət Proqramının icrasının birinci ilinin yekunları bunu bir daha təsdiqləyir

 

Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatı, demokratik dəyərlərin daha sürətlə intişar tapması, habelə qlobal enerji-kommunikasiya layihələrinin gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən ölkə olaraq mövqelərini ildən-ilə gücləndirməkdədir. Ölkə iqtisadiyyatında son illərdə aparılan genişmiqyaslı islahatlar respublikamızı dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərinin etibarlı tərəfdaşına çevirmişdir. Bu gün Azərbaycan yerləşdiyi bölgədə iqtisadi cəhətdən ən qüdrətli dövlət kimi qəbul edilir.

 

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması ölkə rəhbərliyinin yürütdüyü iqtisadi siyasətin prioritet istiqamətini təşkil edir. Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişaf proqramları ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə böyük təkan vermişdir. İqtisadi sahədə keçid dövrünü başa vuran ölkəmizdə yeni şəraitə adekvat islahatların aparılması qarşıda daha böyük perspektivlərə yol açmışdır. Yeni inkişaf mərhələsində Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların davamlı inkişafı, qeyri-neft sektorunun daha da gücləndirilməsi əsas vəzifə kimi müəyyənləşdirilmişdir.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılması, əhalinin sosial problemlərinin həlli məsələləri nəzərdə tutulmuşdur. II Dövlət Proqramının icrasının birinci ilinin yekunları bir daha təsdiq etdi ki, ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi inkişaf strategiyası düzgündür və Azərbaycanın daha böyük uğurlar qazanmasına imkan yaradacaqdır. I Dövlət Proqramında olduğu kimi, yeni dövlət proqramında da sosial infrastrukturun inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifə kimi müəyyənləşdirilmişdir. Ötən müddət ərzində Bakıda, Sumqayıtda və respublikanın 12 rayonunda müharibə əlilləri və şəhid ailələri üçün 707 mənzillik 23 yaşayış binası istifadəyə verilmişdir. Əmək pensiyalarının plastik kartlarla ödənilməsi sistemi təkmilləşdirilmiş, pensiyaçıların 97,3 faizi bu sistemə qoşulmuşdur.

Ötən ildə 44-ü regionlarda olmaqla, 63 səhiyyə müəssisəsi tikilib istifadəyə verilmiş, 62-si regionlarda olmaqla, 87 məktəb binası tikilmiş və əsaslı təmir olunmuş, bədən tərbiyəsi və idman sahəsində işlər davam etdirilmiş, 7 olimpiya idman kompleksi, Bakı Tennis Akademiyası istifadəyə verilmiş, paytaxtda gimnastika kompleksinin təməli qoyulmuşdur. 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 2009-cu il ərzində 5.300-dən çox yeni müəssisə yaradılmış, 54 min 500-ü daimi olmaqla, 74 min iş yeri açılmışdır. 2009-cu ildə regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər nəticəsində əhalinin gəlirləri 8 faiz artmışdır.

Prezident İlham Əliyev Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda bildirmişdir: "Bu gün Azərbaycanda elə bir sahə, elə bir istiqamət yoxdur ki, o istiqamətin inkişafı üçün dövlət proqramı olmasın. Nəinki proqram, eyni zamanda, proqramı icra etmək üçün maliyyə mənbələri və texniki imkanlar da səfərbər olunub.

Proqramın digər vacib vəzifəsi ondan ibarət idi ki, Azərbaycanda işsizliyin aradan qaldırılması üçün praktiki işlər görülsün. 2004-cü ildə qarşıya vəzifə qoyulmuşdu ki, beş il ərzində Azərbaycanda 600 min yeni iş yeri açılmalıdır. O vaxt bu rəqəm bəzilərini çaşdırırdı və bəziləri hesab edirdi ki, bu, qeyri-real bir hədəfdir. Ancaq o rəqəm göydən düşməmişdir, o rəqəmin səslənməsində əsas məsələ ondan ibarət idi ki, düzgün hesablamalar aparılmışdır, bizim imkanlar təhlil edilmişdir və ölkəmizin perspektiv inkişaf planı haqqında da çox gözəl təsəvvür var idi. Beş il ərzində nəinki 600 min, 800 minə qədər yeni iş yeri açılmışdır. Demək olar ki, bu gün Azərbaycanda işsizlik kimi böyük sosial problem, onun böyük hissəsi aradan qaldırılıb. Bunu biz hər bir bölgədə görürük. Eyni zamanda, bunu biz Azərbaycana son illərdə gələn xarici vətəndaşların sayının artmasında görürük".

Azərbaycanda vətəndaşların sosial problemlərinin həlli dövlətin xüsusi diqqət mərkəzindədir. Bazar iqtisadiyyatı qanunlarının diktə etdiyi şərtlərin vətəndaşların mənafeyinə toxunmaması, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması zərurəti bütün dünyada eyni inkişaf kursunu seçmiş dövlətləri düşündürən mühüm məsələlərdəndir. Azərbaycanda son illərdə bu sahədə formalaşmış uğurlu təcrübə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün də model rolunu oynaya bilər. Bu modelin unikallığı ondan ibarətdir ki, respublikada yeni mülkiyyət formalarının yaranmasına, sahibkarlığın daha sürətli inkişafına yönəlmiş kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir.

Müəyyən edilmiş sosialyönümlü siyasətə uyğun olaraq, 2010-cu ildə də sosial müdafiə və sosial təminat xərclərinin, o cümlədən əhalinin yoxsulluq səviyyəsinin azaldılmasında mühüm əhəmiyyəti olan minimum əməkhaqqının, yaşa görə əmək pensiyalarının baza hissəsinin, sosial müavinətlərin və digər sosial təyinatlı xərclərin, tələbələrin və aspirantların təqaüdlərinin maliyyələşdirilməsi qarşıya məqsəd kimi qoyulmuşdur. Eyni zamanda, pensiyaların baza hissəsinin yaşayış minimumuna yaxınlaşdırılması, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə əməkhaqqı sisteminin təkmilləşdirilməsi, pensiya sistemində islahatların dərinləşdirilməsi nəzərdə tutulmuşdur.

Ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7,4 milyard manat, o cümlədən regionlar üzrə 2,9 milyard manat investisiya yönəldilmiş, bu vəsaitlər hesabına infrastruktur təminatının daha da yaxşılaşdırılması və dünya standartlarına uyğunlaşdırılması ilə bağlı layihələr icra olunmuşdur. Ötən müddətdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması layihələri davam etdirilmiş, 700 kilometrdən çox yol çəkilmiş və təmir olunmuşdur. Ölkə başçısının iştirakı ilə Bakı-Quba-Rusiya dövlət sərhədi, Ucar-Yevlax, Bakı-Şamaxı, Naxçıvan-Sədərək magistral yollarının açılışı olmuş, körpülər və nəqliyyat qovşaqları, yeni metro stansiyaları istifadəyə verilmişdir. 2009-cu ilin dövlət büdcəsində bütövlükdə sosialyönümlü xərclərin xüsusi çəkisi 33 faiz təşkil etmişdir. 2010-cu ilin ali maliyyə sənədində isə yalnız sosial müdafiə və sosial təminat xərcləri üçün 1 milyard 192,3 milyon manat həcmində vəsait nəzərdə tutulmuşdur.

Azərbaycanda sosial-iqtisadi sahənin inkişafına hesablanan mühüm dövlət proqramlarının vaxtında və uğurla icra edilməsi bugünkü uğurları şərtləndirmişdir. II Dövlət Proqramının icrasının birinci ilinin yekunları bir daha təsdiq etdi ki, Azərbaycan iqtisadiyyatı uğurlu inkişaf yolundadır və qarşıda ölkəmiz daha böyük nailiyyətlərə imza atacaqdır.

 

 

Azərbaycan.- 2010.- 6 aprel.- S.  1.