Bakıda alternativ və bərpa
olunan enerji mənbələrinə dair beynəlxalq konfrans
keçirilir
Aprelin 5-də Sənaye və Energetika Nazirliyində Azərbaycanın alternativ və bərpa olunan enerji potensialı və onlardan istifadə sahəsində görülmüş tədbirlərə həsr edilmiş beynəlxalq konfrans işə başlamışdır.
Tədbirdə Azərbaycanın energetika sektorunda fəaliyyət göstərən qurumların nümayəndələri, alimlər ilə yanaşı, Almaniya Bundestaqının alternativ enerji məsələləri komitəsinin sədri, Beynəlxalq Alternativ və Bərpa Olunan Enerji Təşkilatının yaradıcısı, Dünya Alternativ Enerji Şurasının həmsədri Herman Şeerin rəhbərliyi ilə mütəxəssislərdən ibarət qrup iştirak etmişdir.
Sənaye və energetika naziri Natiq Əliyev Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin işlənilməsi üçün dövlət tərəfindən müvafiq proqramların hazırlandığını vurğulamışdır. Bildirmişdir ki, Azərbaycanda zəngin neft və qaz ehtiyatı ilə yanaşı, alternativ və bərpa olunan enerji mənbələri də mövcuddur. Artıq ölkəmizdə alternativ enerji mənbələrinin istismarı istiqamətində ilk addımlar da atılır.
Herman Şeer dünyada enerji resurslarına tələbatın ildən-ilə artdığı müasir şəraitdə alternativ və bərpa olunan enerji mənbələrinin aşkara çıxarılıb istismara verilməsinin əhəmiyyətini faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırmış, bu sahədə Almaniyanın qabaqcıl təcrübəsindən danışmışdır. Bildirmişdir ki, ölkənin enerji sistemində alternativ və bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinə görə Almaniya Avropada birincidir.
Azərbaycanın neft və qaz ixrac edən ölkə kimi alternativ enerji mənbələrinin işlənilməsi sahəsində daha böyük imkanları olduğunu vurğulayan almaniyalı mütəxəssis, gələcəkdə ekoloji cəhətdən təmiz və son dərəcə ucuz başa gələn bu enerji mənbələrinin aşkara çıxarılıb istismara verilməsində də respublikamızın regionun digər dövlətlərinə nümunə olacağına inandığını bildirmişdir.
Sənaye və Energetika Nazirliyinin İnvestisiya və sənaye obyektlərinin yenidənqurulması şöbəsinin hazırladığı və slaydlar vasitəsilə nümayiş etdirilən "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji potensialı və onlardan istifadə edilməsi sahəsində görülən işlər barədə" təqdimat böyük maraqla qarşılanmışdır.
Aprelin 6-da işini davam etdirəcək tədbir çərçivəsində Almaniya nümayəndə heyəti Yaşmadakı külək stansiyaları və Sumqayıt Texnoparkı ilə tanış olacaqdır.
AzərTAc
Azərbaycan.- 2010.- 6
aprel.- S. 1.