Beş qardaş güllələndi

 

"Üçlüy"ün altıncı qardaş barədə ölüm hökmü 10 il sürgünlə əvəzləndi

 

 Repressiya... Deportasiya... Sürgün... Qaçqınlıq... Köçkünlük... İrəvandan tutmuş Şuşayacan torpaqlarımızın zaman-zaman işğalı... Böyük rus imperiyası tərəfindən Azərbaycan xalqına və dövlət müstəqilliyinə qarşı məqsədli şəkildə yönəldilmiş Soyqırımı siyasətinin mərhələli tərkib hissəsidir. Bu məkrli siyasətin qurbanı olmuş yüz minlərlə Azərbaycan ailəsindən biri kimi Şəmkirdə, Bədirbəyovlar nəslinin bir çox üzvləri də bu faciənin ağrı-acısını yaşayıblar.

 

***

İsfəndiyar bəy axşam oturub Gədəbəydəki dükanının haqq-hesabını etdi. Sübh tezdən durub Morula yola düşdü. Slavyankada yeməkxanaya çatanda dayandı, atının yüyənini yaxınlıqdakı tut ağacına bağlayıb, içəri keçdi, boş yerlərdən birində əyləşib çay istədi. Çayını içə-içə qonşu masada gedən qumara diqqət yetirdi. Oyunçulardan biri "Bəy, oynamaq istəyirsənsə, buyura bilərsiniz",- deyə ona "lütfkarlıq" göstərdi.

İsfəndiyar bəy çayını içib, yeməyini yeyəndən sonra oyunçulara qoşuldu...

Bir də əlini cibinə salanda hiss etdi ki, sonuncu yüzlükləri ortaya atır. Təsadüfən geri dönəndə gördü ki, çay paylayan malakan balası arxada dayanıb onun əlinə baxıb o biri oyunçulara işarələr edir. Hirslənib belindəki "mauzer"i çıxartdı...

Sarışın malakan balası: "Bəy, bir qələtdi eləmişəm, vurma məni!" - deyib, bəyin ayaqlarını qucaqlayaraq, dili topuq vura-vura başladı yalvarmağa: - bəy, başına dönüm, öldürmə məni, vaxt gələr, bəlkə lazımın olaram...

İsfəndiyar bəyin əli boşaldı, "mauzer"i qaytarıb yerinə qoydu, malakan balasının qolundan tutub ayağa qaldırdı, - Hayıf ki, uşaqsan... -deyib, bərk acıqlandı, təzədən oyuna başlayıb, uduzduğu pullarını geri qaytarana kimi oynadı.

Aradan aylar-illər keçəndən sonra İsfəndiyar bəylə sarışın malakan balası yenə üz-üzə gəldilər... Bu dəfə həbsxana kamerasında.

 

***

 

1929-30-cu illərdə Azərbaycanda kənd təsərrüfatının kollektivləşməsinə və qolçomaqların bir sinif kimi ləğv edilməsinə başlananda məşhur Şəmkir bəylərindən olan Bədirbəyovların da qol-qanadı sındı. Bolşevik və komsomolçular bəy nəslinin gündə birinin bostanına daş atır, evlərində yoxlamalar aparır, - varlısan, qolçomaqsan, bizim quruluşun düşmənisən, - deyib, mülkünü, torpağını, varını-dövlətini əlindən alır, ailəsini pərən-pərən salır, özlərini işgəncələrə, sürgünlərə, güllələnməyə məhkum edirdilər. O vaxtın arxiv materiallarından bəlli olur ki, 1920-ci ildə Azərbaycan Rusiya imperiyası tərəfindən işğal olunanda bu nəslin bir neçə adlı-sanlı nümayəndəsi, cümhuriyyətin qurucuları ilə birlikdə Türkiyəyə mühacirət edib. Şəmkirdə qalanlarından isə elin, obanın ağsaqqalı hesab olunan 14 nəfəri keçmişdə bəy olduqları üçün Şura hökuməti 1930-1937-ci illərdə mülkədar, qolçomaq adıyla ya güllələmiş, ya da gedər-gəlməzə sürgün etmişdi. Onlardan yalnız iki nəfərin - Səməd ağa Bədirbəyov (həyat yoldaşı rus olduğuna görə) azadlığa buraxılmış, Bədirbəyov İsfəndiyar Süleyman bəy oğlu barəsində çıxarılan güllələnmə hökmü isə təsadüf nəticəsində ləğv edilərək 10 illik sürgünlə əvəzlənmişdi.

 

***

 

Morulda hamı qorxu və səksəkə içində yaşayırdı. İki gündən bir kiminsə "qara xəbəri" çıxırdı... O gün də səhər tezdən rayon mərkəzindəki bazarda camaat bir-birinə dəydi. Eşitdilər ki, Süleyman bəyin oğlu İsfəndiyar bəyi gecə ilə aparıblar. Mənzilindən 15 ədəd rus dilində, 5 ədəd türk dilində qadağan olunmuş siyasi ədəbiyyat, "Müsavat"ın Gəncə təşkilatına məxsus 17 səhifəlik material, bir bloknot, üç vəsiqə, 14 ədəd ov tüfəngi üçün patron, piston, qırma, barıt və s. götürüb, evin əşyalarını bazara satışa çıxarıblar. İsfəndiyar bəyin həyat yoldaşı Bəyaz xanım qızları 13 yaşlı Şahruxu, 11 yaşlı Simruxu, 9 yaşlı Dilrubanı və 7 yaşlı Xədicəni də götürüb yaxınlıqdakı qohumunun evinə sığınıb. Eşidən-bilən bazara gedib, bəyin ev əşyalarına baxıb geri qayıtdı. Yerli camaat bəyə və ailəsinə hörmət əlaməti olaraq bu əşyaları ucuz versələr də almırdı. "Lap pulsuz versinlər, axı kişinin halal malını evimə necə aparım" - deyə, bunu özlərinə rəva görmürdülər.

1920-ci ildə Bədirbəyovlar nəslindən çoxları səsvermə və seçki hüququndan məhrum edilmişdi. İsfəndiyar bəy 30-cu ilə kimi iki dəfə tutulub. Birinci dəfə 1920-ci ildə, üstündə odlu silah gəzdirdiyinə görə beş sutka, ikinci dəfə 1929-cu ilin sonlarında kollektivləşmə zamanı rayon sovetinin sədri Əsgər Məmmədovu camaat içində söyüb təhqir etdiyinə görə on beş sutka həbs olunub. Buna baxmayaraq 13 baş camışının, bir atının, 6 desyatin üzüm bağının ona və qardaşlarına qaytarılmasına nail olmuşdu. Üçüncü dəfə isə...

21 dekabr 1930-cu ildə İsfəndiyar bəy Bədirbəyovun adına açılmış "7929 ¹-li cinayət işi"ndəki anketdən məlum olur ki, o, 1887-ci ildə Şəmkir rayonunun Morul kəndində doğulub. 1930-cu il dekabrın 19-da tutulub. Atası Süleyman bəyin Azərbaycanda sovet hakimiyyəti qurulana kimi 40 desyatin torpağı, 25 atı, 45 inək-camışı, 300-dən çox qoyun-quzusu, kəli, atı, arabası, kotanı, qoşqusu, mal pəyəsi, yatağı... Morulda, Şəmkirdə, Gədəbəydə, Gəncədə dükan-bazarı, beşotaqlı mülkü var idi. Həyat yoldaşı - xan qızı Əzət xanımla yeddi oğul, bir qız böyüdüb, təhsil almalarına nail olmuşdu...

İsfəndiyar bəy tutulmamışdan təxminən 10 il qabaq - 1920-ci ildə, elə atasının sağlığında Şura hökuməti ailənin var-dövlətini əlindən almışdı. Buna baxmayaraq, İsfəndiyar bəy və qardaşları yenə əkin-biçinlə, xırda ticarətlə məşğul olurdular. Amma bolşeviklər Milli hökumətin fəallarından olan İsfəndiyar bəyi, qardaşları müsavatçı Əşrəf bəyi, Ədil bəyi, 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti parlamanının üzvü olmuş Əhməd ağanı addımbaaddım izləyirdilər. Bolşeviklər İsfəndiyar bəyin əlindən hətta "vintovka"sını da almışdılar. Amma o, "mauzeri"ni gizlətmişdi.

Ümidini haqqa, ədalətə və üstündə gəzdirdiyi "mauzer"in son gülləsinə bağlayan İsfəndiyar bəy Şura hökuməti qurulandan Quruluxlu Qaçaq Əbdüləli, Qaçaq Paşa, Qara Astan və bölgədə "Müsavat"ın lideri hesab olunan, Milli hökumətin parlaman üzvü olmuş, Düyərli kəndində yaşayan Hacı Əhmədlə dostluq edirdi. Məscidlərə, mədrəsələrə, inanc yerlərinə, dinimizə, şəriətimizə qadağa qoyan, allahsızlığı təbliğ edən yeni quruluşa qarşı Hacı Əhmədin yaratdığı "Allahlılar" partiyasının qurultayında Hacının müavini seçilmişdi. Hətta Morulda bu təşkilatın özəyini də yaratmışdı.

9 yanvar 1931-ci ildə istintaqa şahid qismində ifadə verən həmkəndlisinin yazdıqlarından: "...İsfəndiyar bəylə qonşu olmuşuq, uşaqlıqdan onu bəylərbəyinin köməkçisi kimi tanımışam. 40 desyatin torpağı olub, bundan başqa, hər il kəndlilərdən 70 desyatindən çox torpaq icarəyə götürüb muzdurlara, rəncbərlərə becərtdirir, yaxşı gəlir götürürdü. Ticarətlə də məşğul olurdu, Morul kəndində üç dükanı vardı, bir ət dükanı - Annino (Şəmkir şəhəri, o vaxt belə adlanırdı) şəhər bazarında, biri Gəncə şəhərində, biri də Gədəbəydə "Zinger" markalı tikiş maşını ilə işləyən dərzi dükanı... İsfəndiyar bəy "Müsavat"ın ən fəal qurucularından olub, onların bütün tapşırıqlarını canla-başla yerinə yetirirdi...

1930-cu ilin əvvəlində İsfəndiyar bəy keçmiş bəylərdən, qolçomaqlardan və "səsi alınmış"lardan qrup düzəltmişdi. "Vintovka" və "mauzer"lə silahlanaraq, antisovet ruhlu yaxın qohumu, bəylərbəyi Nadir Sultan oğlu, Əmiraslan Məhəmməd oğlu Hacıyev, Ələkbər Məmməd oğlu, banditlərin yaxın dostu və kəşfiyyatçısı Zeynal Məşədi İbrahim oğlu ilə birlikdə gedib Xulux kəndində yaşayan bandit Əbdüləlinin dəstəsinə qoşulub, bir yerdə Şura hökumətinə qarşı vuruşurdu. Axşamlar dəstə üzvlərini və ətraf ərazilərdən olan özü kimi adamları başına yığıb iclas keçirir, gecədən xeyli keçənə kimi evdə ləmpələri yanır, danışırlar, məsləhətləşirlər... Eşitdiyimə görə, sovet hökumətinə qarşı silahlı üsyana hazırlaşırlar".

Morulda hamı bilirdi ki, 1918-20-ci illər Gəncə hadisələri zamanı Süleyman bəy qardaşlarını, yaxın qohum-əqrəbasını və oğlanlarını başına yığıb böyük bir dəstə ilə Gəncəyə gedib, sovet hökumətinə qarşı silahlı üsyanın iştirakçısı olub. Qardaşların Gəncə müsavatçıları ilə birləşib 1918-ci ildə Şəmkir stansiyasında dəmir yolu körpüsünün üstündə eşelonun qabağını kəsib rus əsgərlərini tərk-silah etmələri bu gün də yaddaşlarda yaşayır. "Şəmkir davası" kimi tarixə düşən bu hadisə barədə Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyində Baş nazirin müavini işləmiş dövlət xadimi və diplomat Adil xan Ziyadxanov "Azərbaycan" adlı əsərində yazır: "...Müsəlman nümayəndələri - məşhur camaat xadimi, vətənpərəst olan mərhum Ələkbər bəyin oğlu Xudadad bəy Rəfibəyov və Aslan bəy Səfikürdski zirehli qatar nümayəndələrilə bir yerdə gəlməkdə olan eşelon nümayəndələri də silahların təslimi haqqında müzakirət üçün yanvarın 8-də Şəmkirə getdilər... Danışığın nəticəsində soldatlar silahlarını Şəmkirdə təslim etməyə razı oldular. Silahları öhdələrinə və təhvillərinə almaq qəsdinə Şəmkirə müsəlman ziyalıları ilə bərabər şəhər camaatı da getdilər. Həmçinin yaxın kəndlərdən də 20.000 nəfərə qədər silahlı kənd camaatı cəm oldular. Yanvar ayının 9-da sübh saat 10-da Şəmkirin iki verstliyində və Şəmkir çayının sağ kənarında durmuş zirehli qatarın müqabilinə eşelonlar gəlməyə başladı. Ən əvvəl "Malarus" eşelonu keçdi. 2-ci və 3-cü eşelonlar öz rizalarilə silahlarını təslim etdilər. Onlardan alınan silahlar zirehli qatara yığıldı... Birdən-birə yer və göy titrədi, nərildədi, toplar guruldadı, pulemyot və güllələr dolu kimi başımıza yağdı...

Bu hadisəyə tamam camaat mat qaldı. Dördüncü eşelon gəlib silahlarını təslim etdikdə içlərindən bir nəfər onlara səslənib: "Silahlarınızı təslim etməyiniz, atəş açın, müsəlmanları qırın!" - deyə qışqırdı, fitnəni ortalığa saldı. Bu zaman toplar açıldı. Topun gülləsi orada sakit duran zirehlinin baş tərəfinə dəydi. İçində olan komandir Abxazavanı, iki əfsəri, bir saldatı və bir müsəlmanı tələf etdi.

Top gülləsindən sonra yerdə qalan səkkiz eşelon yolun o tərəf-bu tərəfində duran əhalinin üstünə od yağdıra-yağdıra vağzala doğru yönəldi. Bu əhvalı müsəlmanlar gördükdə artıq səbir etməyib atəş açmağa məcbur oldular. Qırğın və vuruşma başladı. Axırda eşelonlar taqət gətirməyib silahlarını verməyə məcbur qaldılar. Saldatlar silahlarını təslim edəndən sonra atışmanı dayandırdılar və bir nəfər də saldat öldürülmədi. Ölən saldatların ədədi 10.000-ə qədər var idi..."

Bu yazını qələmə alanda vaxtı ilə atamın (R.S.) bu hadisə ilə bağlı adamlara etdiyi söhbətlər yadıma düşdü: "...Böyük qardaşlarım Məhəmməd və Süleyman ağa davadan iki gün qabaq "Müsavat"ın Şəmkir nahiyəsi üzrə başqanı İsfəndiyar bəyin tapşırığı ilə kənddə silahı olanların qapısına gedib bildirdi ki, "Gəncə Müsəlman Komitəsinə Tiflisdən xəbər veriblər ki, Rusiyadan qayıdan əsgərləri özləri ilə gətirdikləri silah-sursatı rus-erməni qüvvələri tərəfindən işğal altında saxlanılan Bakıda erməni hərbi birləşmələrinə çatdırmaq niyyətindədirlər. Çalışmalıyıq ki, həmin silahları alıb Qafqaziya Milli Ordusuna təhvil verək". Keçili kəndindən Məşədi Rəhim Vəliyev, Xuluflu Qulu, Təhnəli Hüseyn, Qaracəmirli Zaman, dəmir yolunun alt hissəsindən Hacı Rəhim Bayramov Şəmkirçayın üstündəki dəmir yolu körpüsünün sağına-soluna xeyli silahlı dəstə toplamışdı. Gəncədən, ətraf kəndlərdən gələnlər də çox idi. Günortaya yaxın başlanan dava gün batanda səngidi. Müsavat ordusunun əsgərlərindən və köməyə gələn kənd adamlarından xeyli ölənlər və yaralananlar var idi. Məhəmməd ağa da ayağından yaralanmışdı. Davada şəhid olan milli ordu əsgərləri və mülki adamlar böyük təntənə ilə Gəncədə dəfn edildi. Davanın səhəri İsfəndiyar bəyin tapşırığı ilə yol qırağında və ətraf ərazilərdə olan Rusiya hərbi hiəssəsinin rus və ermənilərdən ibarət xristian mənsəbli ölüləri elə dəmir yolunun yaxınlığında, ayrıca bir ərazidə dəfn etdilər..."

Erməni hərbi hissələrinin silahlarının məcburən alınıb "Müsavat"ın yaratmaq istədiyi Milli Orduya verilməsində canından və pulundan keçməyə hazır olan İsfəndiyar bəyin bu vətənpərvərliyini görən qapıqonşusu 10 yanvar 1931-ci ildə istintaqa şahid qismində demişdi: "...O zaman İsfəndiyar bəy İrmaşlı kəndində yaşayan Sarı Saxvan oğlu ilə birlikdə bir puşka gətirib Şamxor stansiyasında yerləşdirdilər, dəmir yolundan keçən sovet zirehli qatarını vurmaq məqsədilə. Puşkanı yerbəyer edəndən sonra İsfəndiyar bəy atası Süleyman bəylə birlikdə gəldilər Morul kəndinə, camaatı yığıb, sovet hökumətinin əleyhinə təbliğat apardılar. Bildirdilər ki, Gəncə müsavatçıları ilə söhbətlər aparıblar, artıq mübarizə vaxtı gəlib çatıb, hamımız mübarizəyə qoşulmalı, Milli hökuməti müdafiəyə qalxmalıyıq..."

İsfəndiyar bəyin lap yaxınlarından biri isə istintaqa verdiyi ifadədə deyir: "...Bəylərbəyi kimi tanıdığım İsfəndiyar bəy mülkədar olmuşdur, səsi alınıb. Atası Süleyman bəy, eləcə də babası Gəncə qəzasında tanınan çox varlı bəylərdən olmuşlar, kəndliləri istismar etmişlər. "Müsavat" zamanında nəsillikcə bolşeviklərə qarşı çıxıblar, bütün gücləri ilə çalışırdılar ki, "Müsavat" hökumətini qoruyub saxlaya bilsinlər. Başda İsfəndiyar bəy olmaqla, qardaşların hamısı "Müsavat"ın üzvü idi, hətta özündən kiçik qardaşı Əhməd ağa Bədirbəyov bu hökumətin parlaman üzvü seçilmişdi. Sovet hökumətinin qələbəsindən sonra məşhur Şamxorskilərdən olan qohumlarının çoxu, lap yaxından tanıdığım Məcid bəy və İsmayıl bəy Şamxorskilər Türkiyəyə mühacirət etdilər. Onların hamısı, eləcə də İsfəndiyar bəy Bədirbəyov 1920-ci il Gəncə üsyanının iştirakçısı olublar".

Bu qəbildən olan dindirmələr, sorğu-suallar əsasında Şəmkir rayon siyasi şöbəsi tərəfindən İsfəndiyar bəy Bədirbəyov haqqında toplanan 27 səhifəlik istintaq materialı 19 yanvar 1931-ci ildə 119 ¹-li müşayiətedici məktubla Bakıya, Siyasi "Üçlüy"ə, İsfəndiyar bəy Bədirbəyov isə gecə yarı Gəncə türməsinə göndərilir.

...Səhər tezdən kameranın qapısını şaqqıltı ilə açıb, içəri əlində dəftər-qələm, ucaboylu, sarışın, zabit qiyafəsində bir nəfər girdi. İki nəfər xüsusi geyimli adam onun sağında-solunda, qapını açıb-baglayan nəzarətçi isə bu ucaboy adamın arxasında əmrə müntəzir dayandılar. Yuxarı başda dayanan, axşam gətirilən dustaq-qolçomaqları siyahıya alıb, İsfəndiyar bəyin üzünə baxdı, bir anlıq duruxub, rusca soruşdu:

- İmya-familiya?!

İsfəndiyar bəy ciddi görkəm alıb rusca cavab verdi:

- Badirbekov İsfandiyar bek Suleyman bek oqlı!

Gələnlərin böyüyü əlindəki qələm-kağızı yanı bərabəri endirib dayandı, xeyli İsfəndiyar bəyin üzünə baxıb-baxıb birdən dilləndi:

- Bek, mojet otkajetes ot svoyeqo bekskoqo proisxojdeniya?! (Bəy, bəlkə bəyliyini danasan!)

İsfəndiyar bəy gözlənilməz təklifə təmkinlə cavab verdi:

- Net, Badirbekov İsfandiyar bek Suleyman bek oqlı! (Yox, Bədirbəyov İsfəndiyar bəy Süleyman bəy oğlu!) Siyahıya elə belə də yazın!

Həmin adam nə isə yazıb getdi.

Kamera iki gündən bir dolub-boşalırdı. İsfəndiyar bəylə bir gündə Gəncəyə yatab olunan qardaşları qonşu kameralarda idilər. Azadlıqda olan Əşrəf bəylə Ədil bəy (onlar 1937-ci ildə güllələniblər) gündə biri Gəncə türməsinin qabağına gəlir, içəri girib çıxanlarla əlaqə yaratmağa çalışırdı. İsfəndiyar bəy nəzarətçilər vasitəsilə qardaşlarından nəyisə soruşmağı təvəqqe edəndə sözünü yerə salmırdılar. Düşünürdü ki, yəqin, günahsız olduğu üçün belədir.

Bu minvalla Gəncə türməsində yatdığı 10-cu ayın tamamında xəbər gəldi: Qonşu kameradan qardaşı Abbas bəy "tanış" nəzarətçinin qulağına pıçıldamışdı ki, qardaşıma de, bizimlə gələnləri dünən gecə apardılar, deyilənə görə, güllələyiblər... Əhməd ağaya, Səməd ağaya, Xanismayıla da tapşırıblar (digər kamerada yatan qardaşıdır - R.S.), bu gecə də bizi aparacaqlar...

Azərbaycan Dövlət Siyasi İdarəsinin 24 noyabr 1931-ci il tarixdə 20 dəqiqəyə başa çatan məhkəmə kollegiyasında qərara alınmışdı ki, Səməd ağa istisna olmaqla (həyat yoldaşı rus olduğuna görə), Bədirbəyov qardaşları, o cümlədən Bədirbəyov İsfəndiyar bəy Süleyman bəy oğlu mülkü müsadirə olunmaqla güllələnsinlər!

Qardaşı Abbas bəyin dediyi kimi, gecə qonşu kameralarda yatan qardaşlarını apardılar. İsfəndiyar bəy bunu gecə saat 12-də yatdığı kameranın divarının bərk döyülməsindən və bundan bir neçə dəqiqə sonra dəhlizdə eşidilən ayaq səslərindən bildi, amma İsfəndiyar bəyi dindirən olmadı. İsfəndiyar bəy tək qaldığından ona elə gəldi ki, onları sürgün edib, bunu güllələyəcəklər, ya da əksinə...

Səhəri İ.Bədirbəyovun kamerası gözlənilmədən açıldı, yenə ucaboy, xüsusi geyimli həmin adam içəri girdi, güllələnməyə məhkum edilmiş Bədirbəyova əlində tutduğu yazılı vərəqə imza etməsini əmr etdi. Bədirbəyov rusca yazılmış vərəqə əski əlifba il imza atanda oxuya bildiyi yalnız ayın tarixi oldu: "23.X11.31 q".

Azərbaycan DTK arxivində mühafizə olunan, Bədirbəyov İsfəndiyar bəy Süleyman bəy oğlunun adına açılmış 7929 ¹-li qovluqda 23 dekabr 1931-ci ildə Tiflis şəhəri, Zaqafqaziya Dövlət Siyasi İdarəsinin prokuroruna ünvanlanmış həmin ərizə bu gün də səliqə-sahmanını itirməyib. Hüsnxətt qaydaları əsasında, qara-bənövşəyi mürəkkəblə xətti göz öxşayan bu məktubda İsfəndiyar (bəy sözü "ixtisara" düşüb - red) Bədirbəyovun özünümüdafiə mövqeyindən yazdıqlarına və haqqında çıxarılmış ölüm hökmünə yenidən baxılması xahiş olunur. Dərkənarlardan məlum olur ki, ZDSİ Prokurorluğunun müşayiətedici məktubuna əsasən, ərizəyə Azərbaycan Dövlət Siyasi İdarəsində işə yenidən baxılması və qərarla onları məlumatlandırmaları tələb edilir.

Beş ay iyirmi bir gündən sonra, Azərbaycan Dövlət Siyasi İdarəsinin məhkəmə kollegiyası İ.Bədirbəyovun cinayət işinə yenidən baxaraq 13 may 1932-ci il tarixli qərarı ilə fövqəladə "Üçlüy"ün güllələnmə hökmünü ləğv edərək onu 10 il azadlıqdan məhrum edilməklə əvəzləyir.

 

***

 

Otuz ikinci ilin yazı idi. Beş aydan artıq çəkən yazışmaların bir cümləsindən belə xəbəri olmayan İsfəndiyar bəy oturduğu zirzəmi-kamerada xəyala getmişdi: Qapının cingiltisi İsfəndiyap bəyi elə bil yuxudan ayıltdı. Gələn yenə ucaboy sarışın idi. Kameranın qapısından bir addım içəri keçdi, sağında-solunda iki nəfər, arxasında da gözətçi dayandı. Amma sarışın bu dəfə salam verib amiranə tərzdə bildirdi: - Hazırlaş, gedirsən!

İ.Bədirbəyov onsuz da güllələnməni gözünün altına almışdı. Onu ən çox narahat edən o idi ki, niyə onu qardaşları ilə birlikdə aparmadılar, niyə onlarla bir yerdə güllələmədilər və ya sürgünə göndərmədilər?!

İ.Bədirbəyovun götürəcəyi heç nəyi yox idi, yavaşca pencəyini düymələyib hazır dayandı.

Sarışın yanındakılara kameradan çıxmalarını əmr etdi. Onlar dərhal dəhlizə çıxdılar, sarışın kameranın qapısını özü örtdü.

İsfəndiyar bəyə elə gəldi ki, onu elə buradaca güllələyəcəklər.

Sarışın İsfəndiyar bəyə bir addım da yaxınlaşdı, düz gözlərinin içinə baxdı, dustağın dillənmədiyini görüb azərbaycanca soruşdu:

- Bəy, məni tanıdın?

Qarşısındakının hərəkətlərindən onsuz da birtəhər olan İsfəndiyar bəyi onun Azərbaycan dilində danışması tamam çaşdırmışdı. Nə deyəcəyini özü də bilmədən başını sağa-sola yelləyərək handan-hana "yox" deyə bildi.

Zabit gözlərini İsfəndiyar bəyin üzündən çəkməyərək Azərbaycan dilində bir də soruşdu:

- Bəy, yaxşı bax, bəlkə xatırlayasan?! ...Gədəbəy... Slavyanka... çayxana... yenə tanımadın?!

İsfəndiyar bəy matı-qutu qurumuş halda qarşısındakının üzünə baxa-baxı susurdu.

İsfəndiyar bəyin dinmədiyini görən sarışın əlini onun çiyninə qoyub dilləndi:

- Bəy, orada sən mənə bir ömür bağışlamışdın, indi o ömrü özünə qaytarıram! Güllələnmədən azad olunmusan, 10 il sürgünə gedəcəksən, - deyib sağollaşdı. İsfəndiyar bəy eşitdiklərinə, güllələnməyəcəyinə inana bilmirdi. Bir neçə dəqiqədən sonra nəzarətçilər onu ölüm kamerasından çıxarıb apardılar, taxta vaqona mindirib, sürgünə göndərilən yüzlərlə insana qatdılar. Neçə gün, neçə gecə yol getdiyini özü də bilmir, amma yadında qalan odur ki, yol boyu səhər də, axşam da Gədəbəyi, Slavyankanı, çayçını, oradakı sarışının kimliyini fikirləşib... xatırlaya bilməyib. Qazaxıstanda ölüm düşərgəsində olanda da bu haqda çox düşünüb, amma həmin adamın kimliyini yadına sala bilməyib.

 

***

 

Gəncəbasarda hamı İsfəndiyar bəy Bədirbəyovun 10 il bundan əvvəl qardaşları ilə birgə güllələndiyini zənn edirdi. Buna görə də o, 1940-cı ildə Şəmkirə gələndə çoxları təəccüb qaldı. Sağ qalmasının səbəbini danışdı. O vaxtlar Slavyanka... çayçı söhbətini eşidənlər, bilənlər İsfəndiyar bəyin yadına saldılar ki, olsa-olsa, bu 25-26 il bundan qabaq Slavyankada yol qırağındakı çayxanada işləyən malakan balası olacaq. Həyat yoldaşı Bəyaz xanım da o vaxt İsfəndiyar bəyin güllələndiyini zənn edib qızları ilə birlikdə ata yurdu Cəncəyə köçmüşdü. İsfəndiyar bəy bundan inciyib ömrü boyu Gəncəyə üz tutmadı. Atasının köhnə dostlarından olan Məmli kişinin qızı Sərfinaz xanımla təzə ailə qurdu... İsfəndiyar bəy ömrünün 100-cü ilinə bir neçə gün qalmış - 1986-cı ildə dünyasını dəyişdi...

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2010.-  4 aprel.- S.  6.