Dəli Alı

 

Zalımların qənimi, məzlumların dayağı idi

 

"Peterburqa gələr-gəlməz əlimə keçən "Novaya vremya" qəzetinin xüsusi əlavəsində neçə il qaçaq hərəkatı keçirmiş gəncəli bir tatarın (türkün) şəklini gördüm. Şəklin altında belə bir yazı vardı: "Qaçaqlığı haqqında dastanlar söylənilən Dəli Alı - Qafqaziyyə şeytanı".

Bu sözləri 1906-cı ildə gəncəli millət vəkili İsmayılxan Ziyadxanov Peterburqda, birinci Dövlət Dumasının tribunasından söyləmişdir. Sonra o, çar məmurlarının yerlərdəki özbaşınalığından, onlara güvənən ermənilərin nankor əməllərindən qəzəblə danışdı. Bu haqsızlığa qarşı mərdanə mübarizə aparan Dəli Alı kimi qaçaqların, qoçaqların rus mətbuatında təhqir olunmasını qətiyyətlə pislədi.

Dəli Alı kimdir? 1875-ci ildə Şəmkir rayonunun Keçili kəndində anadan olub. Qardaşı Aslanla birlikdə Qovlarsarı kəndində bir varlıya çobanlıq edirdi. İşgəncə, təhqir onu təngə gətirmişdi. Atası Məhərrəm gözü qabağında vergi üstündə döyüləndə Alı dözə bilmədi. Zülmkar yüzbaşını öldürdü. Bundan sonra onun Keçilidə yaşamağı mümkün deyildi. Alıgilin ailəsi Goranboy rayonunun Qarasuçu kəndinə köçür. Bu dəfə Bağmanlarda İbrahim kişiyə çobanlıq edirdi. Yayda sürünü Göyçənin Canəhmədli yaylağına apararkən erməni pristavı on iki nəfər starşina ilə onun yolunu kəsir. Vuruş başlanır. Alı pristavı vurur. Atışma xeyli davam edir. Gülləsi qurtaranda Alı tutulur, onu Kəvər qalasına salırlar. Dostu İsanın köməyi ilə qaladan birtəhər xilas olur.

Bu hadisədən sonra dağlara çəkilir və ətrafına həmfikirlərini - igid oğlanları toplayır. Bu, 1898-ci ildə olub. Səksəkəli, di gəl ki qeyrətli qaçaq həyatı başlanır. Dəli Alı ucaboylu, enli kürək, kəskin baxışlı, cəld, yaraşıqlı və hazırcavab bir gənc idi. At həvəskarı idi. At belində quş kimi süzərdi. Qoçaqlığına, çılğınlığına, dəliqanlığına görə el arasında ona Dəli Alı deyirdilər.

Dəstəsi get-gedə böyüyür, ən mərd insanlar onun ətrafına toplaşırdı. Qardaşı Aslan, bacısı Zeynəb, xalası oğlu Məşədi İsmayıl, dayısı oğlu Məşədi Məmməd, bacanağı Xülüflü Məşədi, Balçılı Kəblə Əli, Qızılhacılı Allahverdi və başqaları onun dəstəsinə qoşuldular. Kişi hünərli Zeynəb də at belində qaçaqlarla birlikdə vuruşurdu. Gəncəli Miri oğlu Məmməd və Nainsaf oğlu Məhəmmədin vasitəsilə aldığı silah-sursatla cəsurlar dəstəni təmin edirdilər.

Günlər, aylar keçdikcə Alının şöhrəti hər yana yayılır. Dəli Alı haqsızlığa dözə bilmir, xalqı soyan varlılara divan tutur, nahaqdan incidilənlərə həyan durur, imkansızlara, kasıb-kusuba dayaq olurdu. Günlərin birində xəbər gəldi ki, Çaykənd daşnakları Balçılı kəndinin arvad-uşağını əsir aparır. Alı gecəikən gedib onları xilas edir. Namərdlərə görk olsun deyə onların ən nüfuzlu sayılan adamlarından birini girov götürür. Mərdliklə yanaşı, xeyirxah işləri də çox idi. Dəstə üzvlərindən birinin qohumu oğluna toy edə bilmirmiş. Sorağı Dəli Alıya çatır. Alının dəstəsi Şəmkir yolunda Yevlaxdan gələn poçtu dağıdıb pulları ələ keçirir. Bir xeyli atışırlar. Alının gülləsi qurtarır, onu tutub Şəki qalasına salırlar. Mərdi həmişə Allah qoruyub. Alı yaxın dostu İbrahimin köməyi ilə qazamatdan çıxır. Samuxa "Qazaxqırılan" adlı yerə gəlir. Orada vergi adı ilə kəndliləri çapıb-talayan yeddi nəfər kazakı öldürür. Qayıdarkən Palantökən adlı yerdə başqa bir dəstə ilə üzləşir. Görür ki, tanımadılar, fənd işlədir: kazaklara qızıl pul verib aralanır. Elə bu vaxt pristav bələdçisi şübhələnir: "O gedən kimin dəstəsidir?" Kimsə cavab verir ki, Dəli Alının dəstəsidir. Çaşbaş qalan pristav əmr eləsə də heç bir kazak güllə atmır.

1905-ci ildə nankor ermənilər baş qaldıranda Dəli Alının hünəri, qeyrəti daha çox üzə çıxdı. O dövrün mətbuatında, sənədli ədəbiyyatda gəncəli qisasçının şücaətindən ətraflı bəhs olunur. Bu cəhətdən Mirmövsüm Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" əsəri xüsusilə diqqəti cəlb edir. "Teleqrafla xəbər verdilər ki, Gəncədə müsəlmanlarla ermənilər arasında qanlı toqquşma gedir. Qarabağdan gələn silahlı dəstənin başında duran Barsecin oğlu Sancan heç bir təqsiri olmayan üç nəfər müsəlmanı öldürübmüş. Gəncəlilər bazar-dükanı bağlayaraq "Ya Allah" deyib ayağa qalxırlar. Bu xəbəri alan kimi qaçaq Alı başının dəstəsi ilə köməyə gəlir. Tədbirli, taktikalı adam idi. Qabaqcadan yol-izi kəsir, körpüləri bağlayır. Kəməndə salınmış ermənilərin üstünə güllə yağdırmağa başlayır. Qaçaq Alı nər kimi döyüşür, namərdləri göz açmağa qoymurdu. Beləcə, ermənilərə tövbə dərsi verilir.

Gəncəlilər minnətdarlıq əlaməti olaraq Dəli Alıya tanınmış zərgər Ağamirzənin düzəltdiyi qızıl xəncəri bağışlayırlar. Üstündə də bu sözlər yazılmışdı: "Alı mərdi-mərdanə, budur girdi meydana". O, həmişə meydana nər kimi girər, zəfərlə çıxardı. O qanlı illərin canlı şahidi Nağı Şeyxzamanov yazır ki, Dəli Alı zalımların qənimi, kasıb-kusubun arxası, dayağı idi. Məşhur qaçaq on beş il ruslarla, ermənilərlə durmadan mücadilə etmiş, yüzlərlə namərdi sıradan çıxarmışdı. Qazandağ, Qarasuçu, Hazırəhmədli, Samux, Zincirli, Burunqovaq, Qırxbulaq, Çaldaş, Naltökən, Malboyunu və başqa yerlər Dəli Alının oylağı, məskəni, sığınacaq yeri sayılırdı. Bu yerlərin hər qarışında onun izi, sözü qalıb.

Əhali Dəli Alını nə qədər çox sevirdisə, onun hər addımı rus-erməni nadanlarını bir o qədər təşvişə salırdı. Dəli Alının döyüşçüləri qeyrət-qisas partiyası sayılan "Difai"yə yaxından kömək edirdilər. O, hər işdə Gəncənin el atası sayılan Ələkbər bəy Rəfibəylidən məsləhət alar, onun göstərdiyi yolla gedərdi.

1905-ci ilin qanlı olayları zamanı Gəncənin erməni basqınlarından xilas edilməsində Dəli Alının xüsusi rolu olmuşdur. Hər kənddə, hər bir yaşayış məntəqəsində Dəli Alının çoxlu tərəfdarı var idi. Onları həmişə hazır vəziyyətdə kəndlərdə gizlədir, yeri gələndə ayağa qaldırırdı. Dəli Alının bu tədbirli hərəkəti Gəncədə azərilərə qarşı ermənilərin törətdikləri soyqırımı vaxtı çox fayda olmuş və Gəncəbasar əhalisini erməni qırğınından xilas etmişdi.

Milli hərəkatın öncüllərindən sayılan, mühacir eloğlumuz Hüseyn Baykara "Azərbaycanın istiqlal mücadiləsi xatirələri" əsərində yazır ki, çarın yüksək rütbəli məmurları erməniləri silahlandıraraq azəri türklərinə qarşı hücuma təhrik edirdilər. Ermənilərin törətdikləri vəhşilikləri görən Dəli Alı onların başına od ələyirdi. Öz igid döyüşçüləri ilə o, Gəncəbasarın əsas erməni kəndləri sayılan Bayanı, Çardaqlını və başqa yerləri ələ keçirdi. Qadınlara, uşaqlara və qocalara toxunmadan silahlı ermənilərə layiqli cavab verdi.

Artıq bıçaq sümüyə dirənmişdi. Qanlı qırğının qarşısını almaq üçün danışıqların aparılması vacib idi. Tiflisdən və digər bölgələrdən ağsaqqallar, nəcabətli adamlar Gəncənin başbilənlərinin yanına minnətə gəldilər. Yalnız bundan sonra ermənilərin yaşayış yerlərindəki mühasirə götürüldü. Nağı Şeyxzamanov yazır ki, Dəli Alı ağ atın belində, öz dəstəsinin önündə camaatın alqışları altında Gəncənin küçələrindən möhtəşəm bir qalibiyyətlə keçərək dağlara qayıtdı.

Gəncəli igid qaçağın adı əfsanəyə çevrilir, dillər əzbəri olur, haqqında rəvayətlər yaranırdı. Bu qeyrətli insanın hünərinə olan Aşıq Ələsgər "Dəli Alı" adlı bir dastan yazır:

 

Dəli Alı bir sədd açır,

Şah Abbas dövranı kimi,

Yanında yoldaşları var,

Azərbaycan xanı kimi.

 

Bir fakt da xüsusilə maraqlıdır ki, Dəli Alının adı çar sarayını da lərzəyə gətirirdi. 1913-cü ilin əvvəlində Peterburqdan Gəncəyə xüsusi tapşırıqla knyaz Qolitsin gəlir. Dəli Alı ilə görüş təşkil edilir. Danışıqlar başlanır. İmperatorun adından ona hədiyyələr bağışlanır. Deyir ki, imperator Alının igidliyini və cəsarətini yüksək qiymətləndirərək Romanovlar sülaləsinin üç yüz illiyi münasibətilə onu əvf etmək qərarına gəlib. Əlahəzrət yubiley şərəfinə keçiriləcək təntənələrdə yenilməz qaçağı öz qonaqları sırasında görmək arzusundadır.

Çarın qərarı və dəvəti minnətdarlıqla qəbul edilir. Bütün bu tərif və təntənələrə baxmayaraq, qəlbi riyakarlıqla dolu olan çar məmurları ehtiyatı əldən vermir, Dəli Alını gözdən qoymurdular. Ara sakitləşən kimi dövrün imkanlı adamlarından biri sayılan Adıgözəl İsmayıloğlu adlı bir nəfər hədə-qorxu ilə ələ alınır. Ona Dəli Alını aradan götürmək barədə tapşırıq verilir.

Üzdə məcburən razı olsa da, Gəncəbasarda kimin əli Dəli Alıya qalxardı! Hər dəfə qaçaqların gizləndikləri yer barədə xəbər gələn kimi Adıgözəl İsmayıloğlu təcili adam yollayaraq Dəli Alıya kəndi tərk eləməyi məsləhət görərmiş. Adıgözəl İsmayıloğlu rus əsgərləri ilə kəndə daxil olanda görürlər ki, Dəli Alı çoxdan çıxıb gedib. Belə xəlvəti tədbirlərin birində qabaqcadan xəbər verildiyinə baxmayaraq, Dəli Alı yuxuya qalır. Adıgözəl İsmayıloğlunun dəstəsi ilə qarşılaşır. Dəli Alını görəndə Adıgözəl hirslənir:

- Ayə, a dəli, sənə axşamdan xəbər yollamışdım. Niyə burdasan? İndi nə deyirsən? Səni verim bu rusların əlinə?

Dəli Alı cibindən pul kisəsini çıxararaq rus əsgərlərinin üstünə atır. Baş qarışır.

- Adıgözəl, bu axırıncı görüşümüz olsun, xudahafiz - deyərək bir göz qırpımında uzaqlaşır.

Adı dillərdə dastan olan Dəli Alı Kürəkçayın yaxınlığında, Hazırəhmədli kəndində arxadan vurulur. Bir neçə gündən sonra Gəncə xəstəxanasına aparılır və orada vəfat edir. Gəncəbasarın el qəhrəmanı İmamzadə məzarlığında dəfn olunur. Dəli Alının doqquz övladı var idi. Beş oğul, dörd qız. Hamısı da mərd, yenilməz. Qardaşı Cahangir xalq cümhuriyyəti zamanı milli orduda xidmət etdiyinə görə qətlə yetirilmişdi. Dəli Alının ortancıl oğlu Məmməd Məhərrəmov İkinci Dünya müharibəsində xüsusi rəşadət göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Qaçaqların, qoçaqların adları uzun illər yasaq edilsə də, gəncəlilər Dəli Alını həmişə ehtiramla xatırlayırlar. Amma heyif ki, bu igid insanın adının əbədiləşdirilməsi üçün bir iş görə bilməmişik. Doğrudur, indi nəvəsi Flora Məmməd qızı bəzi materialları toplayır, kitab yazmaq fikrindədir. Amma hər halda yüz ildən bəri elimizin igid oğulları sırasında adı öndə çəkilən Dəli Alı haqqında əsaslı bir tədbirin görülməsi vacibdir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2010.-  4 aprel.- S.  6.