Musiqi təhsilimizin fədakar təşkilatçısı
İnsan arzularla yaşayır. Ötəri arzularımız da olur, həyatımızın mənasına çevrilən, ömür yolumuza çıraq tutan arzularımız da. Birinə qovuşuruq, bundan duyduğumuz səadəti tamam yaşamamış yenisi doğulur, onu gerçəkləşdirməyə can atırıq. Lakin hər kəsin iç dünyasında yaşatdığı, daim qovuşmağa çalışdığı, qovuşanda özünü bəxtiyar sandığı bir arzusu da olur: ucalmaq.
Tamamilə təbii bir istəkdir. Çünki ucalıqda bir özünütəsdiq var. Ömrünü həsr etdiyin sənətin, peşənin, fəaliyyət sahəsinin peşəkarı sayılmaq, qəbul olunmaq, böyük Nizaminin dediyi kimi, həyatın ehtiram göstərdiyi kamala yüksəlmək məqamı var. Bir də səni əhatə edənlərin, işlədiyin kollektivin və nəhayətdə ictimaiyyətin qazanılmış məhəbbəti, rəhbəti. Müəllim, tədqiqatçı-pedaqoq üçünsə bu ucalıq bütün bunlarla yanaşı, həm də dərs dediyin, həyata pərvazlandığın çoxsaylı şagirdlərin və tələbələrin qəlbində daim yaşamaq, həmişə xatırlanmaq meyarı, apardığın tədqiqatların nəticələrinin gərəkliyini görməkdən duyulan məmnunluq hissidir. Düzdür, bu arzuya yetmək xoşbəxtliyi həyatda heç də hamıya nəsib olmur. Lakin ona qovuşanlar da az deyildir. Anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 40 ili bu günlərdə tamam olan əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru professor Nazim Kazımovu mən məhz belələrindən hesab edirəm. Nazim müəllimin bir çox məqamlarda birgə addımladığımız, unudulmaz tələbəlik həyatını birlikdə yaşadığımız ömür yolu, daim gözümün önündə olmuş elmi-pedaqoji fəaliyyəti bu fikri söyləməyə mənə tam əsas verir. Bu ömür yolu bütövlükdə təhsilimizə, insanı həmişə ali məqama səsləyən musiqimizə, nəticə etibarilə vətənə, xalqa fədakarlıqla xidmət nümunəsidir desəm, yəqin ki, səhv etmərəm.
Nazim Kazımov 1950-ci aprelin 4-də Naxçıvanda anadan olmuş, orta təhsilini 1 nömrəli məktəbdə almışdır. Onda gələcəkdə bütöv bir ömür həsr etdiyi musiqiyə həvəs hələ orta məktəb illərindən yaranmışdı. Çoxlarından fərqli olaraq, bu həvəsin keçici olmadığını, körpə qəlbdə böyük musiqi qabiliyyətinin çağladığını fəhmlə duyan valideynləri Nazimi orta məktəbdə oxuya-oxuya həm də musiqi məktəbinin tar sinfinə qoymuşlar. Musiqiyə, Azərbaycan xalq çalğı alətlərinin şahı saylıan tara vurğunluq Nazim Kazımovun gələcək həyat yolunu müəyyənləşdirib. O, orta məktəbi başa vurduğu 1966-cı ildə sənədlərini Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumuna vermiş və xalq çalğı alətləri şöbəsinin tar sinfinə qəbul olunmuşdur. Lakin gələcəkdə arzularını gerçəkləşdirmək üçün orta ixtisas təhsilinin kifayət etməyəcəyini duyan, eyni zamanda, ədəbiyyatımızı da musiqimizdən az sevməyən gənc Nazim musiqi texnikumunda oxuya-oxuya 1967-ci ildə Bakı Dövlət Universitetinin qiyabi şöbəsinə də daxil olmuş, ali filoloq təhsili almışdır.1970-ci ildə texnikumu uğurla bitirib təyinatla Əli Bayramlı şəhər (indiki Şirvan) musiqi məktəbinə göndərilən N.Kazımov 3 il burada tar müəllimi işləmişdir.
O, 1973-cü ildə həm Bakı Dövlət Universitetini bitirmiş, həm də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsinə daxil olmuşdur. Bu müqəddəs musiqi məbədgahında Nazim müəllim xalqımızın görkəmli sənətkarları, xalq artisti, Dövlət mükafatı laureatı professor Səid Rüstəmovdan (tar ixtisası üzrə) və xalq artisti professor Süleyman Ələsgərovdan (dirijorluq ixtisası üzrə) dərs almışdır. Həmin dövrdə mən də konservatoriyada təhsil alırdım. Nazim müəllimlə tələbə yoldaşı idik. İndiki kimi yadımdadır. Nazim yüksək ifaçılıq məharəti, xalq musiqisini, xüsusən də muğamlarımızı dərindən bilməsi ilə hər iki ustad sənətkarı heyran qoymuşdu. O, yüksək insani keyfiyyətləri - sadəliyi, səmimiliyi, xeyirxahlığı, alicənablığı ilə biz tələbələrin də dərin hörmətini qazanmışdı. Nazim Kazımovu ifaçılıq və müəllimlik istedadını görüb duyan və yüksək qiymətləndirən Səid Rüstəmov hələ o dövrdə yazırdı: "Taleyin gərdişi ilə tələbəm olan Nazim Kazımov çox qabiliyyətli və həssas musiqiçidir. Onun ifaçılıqda və pedaqoji fəaliyyətdə böyük uğurlar qazanacağına əminəm".
Nazim müəllim sonralar öz fəaliyyəti ilə müəlliminin bu qənaətini tam doğrultmuşdur. Konservatoriyada oxuduğu 1973-78-ci illərdə N.Kazımov həm də paytaxtın 15 nömrəli musiqi məktəbində xalq çalğı alətləri şöbəsinin müdiri kimi əmək fəaliyyətini davam etdirmişdi.
1978-ci ildə konservatoriyanı bitirib təyinatla yenidən ilk əmək fəaliyyətinə başladığı Əli Bayramlı musiqi məktəbinə göndərilən Nazim Kazımov 4 il burada müəllim və direktor müavini kimi çalışmış, 1981-1984-cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi kafedrasında müəllim, 1984-cü ildən 1992-ci ilədək isə Əli Bayramlı musiqi məktəbində direktor vəzifəsində işləmişdir. 1992-ci ildə tale onu yenidən paytaxta gətirmiş, 9 il ərzində Təhsil Nazirliyində inspektor, aparıcı mütəxəssis, baş mütəxəssis və idarə rəisinin müavini vəzifələrində çalışmışdır.
Musiqi məktəbinin direktoru kimi çoxillik təcrübəsi, idarəetmə sahəsindəki bacarığı və yüksək təşkilatçılıq qabiliyyətini nəzərə alaraq 2001-ci ildə onu vaxtilə təhsil aldığı A.Zeynallı adına Musiqi Texnikumuna - həmin ərəfədə artıq Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə çevrilən bu məşhur musiqi təhsili ocağına direktor təyin etdilər. O vaxtdan həmin vəzifədə çalışaraq yüksək ixtisaslı milli musiqi kadrlarının hazırlanmasında yaxından iştirak edir.
Nazim Kazımov, eyni zamanda, pedaqoji fəaliyyətini də uğurla davam etdirir. O, 1993-2006-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında müəllim işləmiş, 1997-ci ildə həmin kafedranın dosenti seçilmişdir. Hazırda Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professorudur.
Nazim müəllimin 60 illik mənalı həyat yolunun, bütövlükdə musiqimizin inkişafına həsr olunmuş 40 illik əmək fəaliyyətinin ancaq rəqəmlərdə ifadə olunmuş qısa tarixçəsi belədir. Lakin bu ömrün yaşanmış hər bir ayında, ilində milli təhsilimizin və musiqimizin inkişafı, musiqi incəsənətinin tədqiqi və təbliği naminə çəkilən zəhmətin, göstərilən xidmətlərin dərin izləri vardır.
Nazim Kazımovun əmək bioqrafiyasının mühüm bir istiqamətini elmi yaradıcılığı, musiqimizin bir sıra aktual elmi-nəzəri problemlərinin tədqiqi istiqamətindəki fəaliyyəti təşkil edir. Əslində, N.Kazımovun pedaqoji və elmi-tədqiqatçılıq fəaliyyəti həmişə bir-biri ilə paralel getmiş, o, işlədiyi bütün təhsil ocaqlarında elmi axtarışlarla da müntəzəm məşğul olmuşdur. Onun Azərbaycan muğamlarının tərbiyəvi əhəmiyyətinin açılıb göstərilməsinə və təlim-tərbiyə prosesində onlardan istifadəyə həsr olunmuş elmi araşdırmaları bu baxımdan xüsusilə diqqətəlayiqdir. N.Kazımov bu istiqamətdə apardığı çoxillik gərgin axtarışlarının nəticələrini pedaqoji elmlər doktoru Vidadi Xəlilovun elmi rəhbərliyi ilə yazdığı və 1997-ci ildə uğurla müdafiə etdiyi "Ümumtəhsil məktəblərində şagirdlərin musiqi qabiliyyətlərinin inkişafında muğam nümunələrindən istifadə üzrə işin sistemi" mövzusunda namizədlik dissertasiyasında ümumiləşdirmişdir. Həmin dissertasiya əsasında hazırlayıb 2000-ci ildə çap etdirdiyi "Ümumtəhsil məktəblərində muğamların tədrisi məsələləri" monoqrafiyası on ilə yaxındır ki, musiqi müəllimlərinin, problemin nəzəri-metodik məsələləri ilə məşğul olan mütəxəssislərin stolüstü vəsaitinə çevrilmişdir.
Təhsil Nazirliyində çalışdığı illərdə musiqi təhsilinin elmi-metodik təminatının gücləndirilməsinə xüsusi diqqət yetirən N.Kazımov ölkənin ən səriştəli musiqişünaslarını, pedaqoq və metodist alimlərini bu işlərə cəlb etməklə yanaşı, özü də çoxlu sayda dərs vəsaiti, proqram, metodik tövsiyə hazırlayaraq çap etdirmiş, pedaqoji mətbuatda elmi-metodik məqalələrlə müntəzəm çıxış etmişdir. Onun qələminin məhsulu olan "Tar, kamança, qanun ixtisası üzrə pedaqoji təcrübə proqramı" (Bakı 1998), "Ümumtəhsil məktəblərində muğamların tədrisi və tərbiyəvi əhəmiyyəti" (1996), "Tar ilə fortepiano üçün pyeslər" adlı proqram, metodik vəsait və tövsiyələr, onlarca elmi məqalə həm Musiqi Akademiyasının, Milli Konservatoriyanın, həm də orta ixtisas musiqi məktəblərinin müəllim və tələbələri üçün dəyərli vəsaitlər kimi qiymətləndirilir.
N.Kazımov milli musiqimizin dərin təəssübkeşi, qədirşünas alim, pedaqoqdur. Xarakterinin mühüm cizgiləri olan bu keyfiyyətləri onu milli musiqimizin təbliği, görkəmli musiqi xadimlərimizin həyat və fəaliyyətini tədqiq edərək ölkə ictimaiyyətinə çatdırması sahəsində də ardıcıl fəaliyyət göstərməyə sövq etmişdir. Onun unudulmaz müəllimi, məşhur bəstəkar və dirijor, pedaqoq və tədqiqatçı, xalq artisti, Dövlət mükafatı laureatı Səid Rüstəmov, istedadlı musiqiçi, ilk professional bəstəkarımız Asəf Zeynallı, ölkəmizdə milli musiqi kadrlarının hazırlanmasında misilsiz xidmətləri olan Asəf Zeynallı adına Musiqi Texnikumu (İndiki Musiqi Kolleci) haqqında yazıb çap etdirdiyi kitablar məhz bu fəaliyyətin, N.Kazımovun vətənpərvər qəlbində musiqimizə, onu yaradanlara, yaşadanlara sonsuz məhəbbətin nəticəsi olaraq meydana gəlmişdir.
N.Kazımov geniş erudisiyalı, musiqi təhsilinin müasir problem və inkişaf meyillərini dərindən bilən pedaqoqdur. Təlimi Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəblərinin I, V, VII və VIII sinifləri üçün son illərdə nəşr olunan "Musiqi" dərsliklərinin müəlliflərindən biridir.
Professor Nazım Kazımova həyatının, yaradıcılığının müdrik çağında olduqca məsul bir vəzifə etibar edilib. O, ölkəmiz üçün 110 il ərzində musiqi kadrları hazırlayan, məşhur musiqiçilər yetişdirən və adlı-sanlı sənətkarların çalışdığı, vaxtilə hətta dahi Üzeyir bəyin direktoru olduğu, zəngin ənənələrə malik bir musiqi təhsili ocağına rəhbərlik edir.
Son illər kollecin uğurları getdikcə artmaqdadır. 2004-cü ildə orta ixtisas musiqi məktəbləri arasında keçirilən və 12 təhsil ocağının iştirak etdiyi müsabiqədə 32 mükafat yerindən 16-nı Musiqi Kollecinin tələbələri tutmuşlar. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən muğam ifaçılığı müsabiqələrində 2005-ci ildə 20 iştirakçıdan 14-ü, 2007-ci ildə isə 20 nəfərdən 12-si məhz bu kollecin tələbələri olmuşdur. Bu möhtəşəm təhsil ocağının məzunu Təyyar Bayramov isə 2009-cu ildə Bakıda keçirilən Beynəlxalq Muğam Festivalının qalibi olmuş və "Qran-Pri" mükafatına layiq görülmüşdür.
Nazim Kazımovun əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. 2006-cı ildə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə ona əməkdar incəsənət xadimi fəxri adı, Təhsil Nazirliyinin "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı verilmişdir.
Bu günlərdə 60 illik yubileyinin sevincini yaşayan tədqiqatçı alim Nazim müəllimə - dostumuza, həmkarımıza daha uzun ömür, cansağlığı və böyük qələbələr arzulayırıq.
Oqtay QULİYEV,
əməkdar incəsənət
xadimi, professor
Azərbaycan.- 2010.- 4
aprel.- S. 7.