"Şəki - Azərbaycanın sənətkarlıq paytaxtı-2010" ilinin təntənəli açılışı olmuşdur

 

Xəbər verildiyi kimi, Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən, Şəki şəhəri cari ildə Azərbaycanın sənətkarlıq paytaxtı elan olunmuşdur. Proqram çərçivəsində 2010-cu ildə Şəki şəhərində xalq tətbiqi sənəti, dekorativ sənət və milli təsviri sənət ənənələri ilə bağlı silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Aprelin 3-də şəhərin mərkəzində yerləşən parkda "Şəki - Azərbaycanın Sənətkarlıq Paytaxtı-2010" ilinin təntənəli açılış mərasimi keçirilmişdir. Tədbirdə şəhər rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak etmişlər. Tədbirin keçirildiyi meydan paytaxt ilinin rəmzləri ilə, o cümlədən loqotip, bayraq, lövhə və digər əyani vəsaitlərlə bayramsayağı bəzədilmiş, iştirakçılara hədiyyələr paylanmışdır.

Mərasimi giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov bildirmişdir ki, qədim xalq yaradıcılığı ənənələrinə, zəngin tarixə, yüksək mədəniyyətə malik olan Şəki şəhəri, eyni zamanda sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olmuşdur. El sənətkarlarının misilsiz sənət ənənələrini davam etdirən yüzlərlə Şəki sənətkarının fədakar əməyi sayəsində bu qədim şəhərdə zəngin tarixi-mədəni irs yaranmışdır. Dəmirçilik, nalbəndlik, şəbəkə, dulusçuluq, papaqçılıq, ipəkçilik və onlarla istehsal sahəsi Şəki sənət məbədinin başlıca sütunlarını təşkil etmişdir.

Məlumat verilmişdir ki, proqramın həyata keçirilməsinin əsas məqsədi Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və təbliğ olunması, xalq tətbiqi sənətinin daha da inkişaf etdirilməsi, eyni zamanda, paytaxt şəhərlərin turizm potensialının genişləndirilməsi, beynəlxalq səviyyədə tanıdılması və davamlı sosial-iqtisadi inkişafına nail olmaqdır. Şübhə yoxdur ki, tarixən şəhərdə mövcud sənət sahələrinin qorunub saxlanmasına, itib-batan bir çox sənət sahələrinin bərpasına təsir göstərə biləcək paytaxt nominasiyası proqramı Şəkidə xalq tətbiqi dekorativ sənətinin inkişaf etdirilməsində yeni mərhələnin başlanğıcını qoyacaqdır.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva demişdir ki, 2010-cu ildə Şəki şəhərinin Azərbaycanın sənətkarlıq paytaxtı elan edilməsi əlbəttə təsadüfi deyildir. Vətənimizin dilbər guşələrindən olan qədim Şəki torpağı əsrlərlə sənətkarlar məskəni olmuşdur. Burada memarlıq, tətbiqi sənət, ağac və sümük üzərində oyma, dulusçuluq, misgərlik, şəbəkə, zərgərlik və digər sənət növləri yüksək inkişaf etmişdir. Şəki uzun illər Azərbaycanda, eləcə də bütövlükdə Qafqazda ipəkçiliyin mərkəzi olmuşdur. XIX əsrdə dünyada ən böyük ipəksarıma fabriki məhz Şəkidə fəaliyyət göstərirdi. Şəki sənətkarlarından söz düşəndə əlbəttə ki, bu qədim diyarın özünəməxsus mətbəxini unutmaq olmaz. Şəki şirniyyatı, halvası, pitisi artıq ölkəmizdən xaricdə də tanınır. Şəki dünya əhəmiyyətli tarix-memarlıq abidələri ilə də məşhurdur. Şəki xanlarının sarayı, Şəkixanovların evi, Cümə məscidi, Dairəvi məbəd, Yuxarı və Aşağı karvansaralar, "Gələrsən-Görərsən qalası" və s. məşhur tarixi abidələrdir. Bu gün biz böyük qürurla qeyd edirik ki, milli mədəniyyətimizin inciləri olan ulu muğamımız, aşıq sənətimiz, Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bütün bunlar, əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəni irsimizin qorunması və təbliğinə yönəldilmiş çoxşaxəli fəaliyyətlərinin, qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği işinə göstərdikləri xüsusi diqqət və qayğının məntiqi nəticəsidir.

Tədbirdə şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov Şəkinin 2010-cu ildə Azərbaycanın sənətkarlıq paytaxtı elan edilməsindən iftixar hissi keçirdiklərini qeyd etmiş, göstərilən etimada görə şəhər ictimaiyyəti adından nazirliyin rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.

Daha sonra tədbir XIX əsrə aid tarix-memarlıq abidəsi "Yuxarı Karvansara" mehmanxana kompleksinin həyətində bədii proqramla davam etdirilmişdir. Tədbir iştirakçıları el sənətkarlarının əl işləri, hazırladıqları sənətkarlıq nümunələri ilə tanış olmuşlar. Bakıdan gəlmiş "İrs" folklor və F.Əmirov adına Dövlət mahnı və rəqs ansambllarının, habelə şəhər mədəniyyət və turizm şöbəsinin musiqi kollektivlərinin rəngarəng çıxışları iştirakçılarda xoş ovqat yaratmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 6 aprel.- S.  2.