Türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımları

 

1918-ci il mart ayının 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlı sakinləri top atəşlərinin səsinə oyandılar və şəhərin cənubdan ermənilər, şimal-şərqdən isə molokanlar tərəfindən mühasirəyə alındığını gördülər. Şəhərin azərbaycanlılardan ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə tutulur, yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri gülləbaran edirlər. Bu hücum müsəlmanlar üçün tam gözlənilməz olur. Çünki bir gün əvvəl erməni yepiskopu Baqrat və molokanların nümayəndəsi Karabanov Xaç və İncil qarşısında azərbaycanlılarla sülh və qardaşlıq şəraitində yaşayacaqlarına və heç vaxt onlara qarşı silahlı çıxış etməyəcəklərinə and içmişdilər. Əvvəlcədən döyüşə hazırlıq görməyən azərbaycanlılar müdafiə olunmağa təşəbbüs göstərsələr də, top və pulemyot atəşləri altında dayana bilməyib geri çəkilməyə məcbur oldular. Ermənilər və molokanlar bir neçə saatdan sonra şəhərin azərbaycanlılar yaşayan və erməni hissəsi ilə sərhəd olan "Piran-Şirvan" məhəlləsinə soxula bildilər. Onların hər bir hərəkəti azərbaycanlıların evlərinin talan edilməsi, yandırılması və mülki əhalinin qəddarlıqla qətlə yetirilməsi ilə müşayiət olunurdu. Şəhərin ən abad, varlı və tanınmış müsəlmanlarına məxsus evlərinə od vurulurdu. Ermənilərin qarət etdiyi və yandırdığı evlər arasında Şıxəliyevlərin, Həsənovların, Cəbrayılovların, qəza müftisinin, Hüseynbəyovun, Əlimirzəyevin, Əfəndiyevin, Babayevlərin, Məhərrəmovların, Veysovların, Böyük bəy Hüseynovun, Hacı Vahab Ələkbərovun və başqalarının mülkləri var idi. Ermənilər və molokanlar yandırılmış evlərdən çıxıb qaçan kişi, qadın və uşaqları güllələyirdilər. Ermənilər evlərə soxulur, onların sakinlərini qətl və qarət edir, sonra isə yandırırdılar. Axşama yaxın müsəlmanlar ermənilərin yanına nümayəndələr göndərib sülh xahiş etdilər. Lakin ermənilər atəşi dayandırmadılar. Yanğınlar bütün məhəllələrə yayıldı və səhərisi şəhərin ən zəngin evlərinin yalnız xarabalıqları qaldı. Yandırılmış evlərdən canını qurtarmaq istəyən sakinlərə-kişi, qadın və uşaqlara heç bir fərq qoymayan ermənilər onları ən amansız üsullarla qətlə yetirirdilər. Şəhərin küçələrində meyitlərdən qalaqlar yarandı. Ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağlasığmaz qəddarlıq və işgəncə ilə həyata keçirirdilər. Küçələrdə əzab verilərək öldürülmüş qadınların meyitləri atılıb qalmışdı. Onlar döşləri kəsilmiş, qarınları yırtılmış və ən çirkin üsullarla işgəncələrə məruz qalmışdılar. Küçələrdə diri-diri pazlara mıxlanmış uşaq meyitləri də atılıb qalmışdı. Azərbaycanlıların evlərindən qarət və talan edilmiş əmlakları araba və furqonlarla erməni və molokan kəndlərinə daşınırdı. Ermənilərin Şamaxı şəhərindəki bu vəhşilikləri bir neçə gün davam etdi. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrinin Şamaxı şəhərinə köməyə gəlməsini eşidən ermənilər və molokanlar Şamaxı qəzasının Qozlu-çay molokan kəndinə çəkildilər. Azərbaycanlı silahlı dəstələri ermənilərin və molokanların qüvvələri ilə müqayisədə azlıq təşkil edirdilər. Ona görə də dörd gündən sonra azərbaycanlı silahlı dəstələri Şamaxını tərk etməyə məcbur oldular. Şamaxının şəhər əhalisi həmin dəstələrin köməyi ilə şəhərdən çıxdılar. Ancaq çox tələsik olduğu üçün onlar hətta vacib əşyalarını belə götürə bilmədilər. Çoxlu şəhər sakini xüsusilə, yoxsullar, xəstələr, qocalar, qarılar və uşaqlar şəhərdə qaldılar. Gəncədən gələn silahlı dəstələr Şamaxını tərk etdikdən iki gün sonra erməni və molokan quldur dəstələri ikinci dəfə Şamaxıya daxil oldular. Bu dəfə şəhərin talan edilməsi və əhaliyə divan tutulması daha qəddarlıqla həyata keçirilirdi. Şəhərin bütün azərbaycanlı hissəsinə od vurulmuşdu. Bütün məscidlər (on iki məhəllə məscidi və 800 illik tarixi olan böyük memarlıq abidəsi "Cümə məscidi"), onların nəzdindəki müqəddəs yerlər yandırıldı. Bir sözlə, azərbaycanlılar yaşayan bütün məhəllələr tamamilə xarabazarlığa çevrilmiş, bir dənə də olsun azərbaycanlı evi salamat qalmamışdır.

Ermənilərin Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı qətlə yetirilmiş azərbaycanlılar arasında təkcə Şamaxıda deyil, bütün Azərbaycanda tanınmış nüfuzlu şəxslər və ictimai xadimlər də var idi. Ermənilər axund Hacı Cəfərqulunu xüsusi qəddarlıqla öldürmüşdülər. Ermənilər əvvəlcə onun saqqalını yolmuş, dişlərini sındırmış, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişdilər. Ermənilərin qəddarlıqla qətlə yetirdiyi nüfuzlu azərbaycanlılar arasında şəhər hakimi Teymur bəy Xudaverdov, Rusiyanın birinci dövlət Dumasına Şamaxıdan deputat seçilmiş Məhəmməd Əliyev, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdül Xəlil Əhmədov, Hacı Əbdül Hüseyn Zeynalov üç qardaşı ilə, Hacı İsrafil Məmmədov, Mir İbrahim Seidov, Hacı İbrahim Salamov, Ağa Əhməd Əhmədov, Hacı Əbdül-Qasım Qasımov, Əyyubağa Veysov, Zeynəb xanım Veysova, Əliabbas bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov, Əbdürəhim ağa Ağalarov, Məhiyyədin Əfəndizadə, Zəkəriyyə Əfəndi Mehdi Xəlil oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalov və onun arvadı, Mahmud Hacıağa oğlu, onun arvadı və oğlu və bir çox başqaları da var idi.

Ermənilər Hacı axund Cəfərqulunun evinə və həyətinə pənah gətirmiş çoxlu qadın və uşaqları da öldürmüş və ya diri-diri yandırmışdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvləri Hacı Axundun tamamilə yandırılmış evinin həyətində çoxlu xırda insan sümükləri aşkar etmişdilər. Türk ordusu 1918-ci ilin yayında erməniləri Şamaxıdan qovarkən meyitlərin çürüməmiş iri sümüklərini yığıb basdırmışdılar. 1918-ci ilin oktyabr-noyabrında komissiya üzvlərinin hazırladığı məruzədə qeyd olunurdu ki, Şamaxıda Cümə məscidinin həyətində hələ də çürümüş meyitlərin qalıqları qalmaqdadır. Habelə yandırılmış digər evlərin və məscidlərin həyətlərində çoxlu yanmış insan sümükləri də aşkar edilmişdir.

Komissiyanın sənədində qeyd olunur ki, bir neçə məscidin, evin və mağazanın xarabazarlıqlarını, habelə insan cəsədlərini təsvir edən 45 ədəd foto şəkil çəkilmişdir. Erməni hərəkatının rəhbərlərindən biri Bakıda öz tanışları qarşısında lovğalanaraq demişdir ki, Şamaxı hadisələri zamanı bu şəhərdə 10 nəfər müsəlman qızını əvvəlcə zorlamış, sonra isə onları öz şəxsi tapançası ilə güllələmişdir. Məruzədən aydın olur ki, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur. Şamaxı şəhərinə hücum, onun dağıdılması, dinc azərbaycanlı əhaliyə - qadına, qocaya, uşağa qəddarcasına divan tutulması yalnız ermənilərin azərbaycanlılara qarşı milli intiqam və milli düşmənçilik hissindən irəli gəlirdi.

Şamaxı üzərinə hər iki hücum Daşnaksütyun partiyası tərəfindən əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilmişdi. Bu əməliyyatlara Stepan Lalayev, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Sedrak Vlasov, Samvel Doliev, Petrosyants, ata və oğul İvanovlar, dəllək Avanesov, şuşalı Aqamalov və başqaları rəhbərlik edirdilər.

1919-cu il iyulun 12-də Azərbaycan hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının növbəti iclasında Şamaxı şəhərinin dağıdılması və bu şəhərin azərbaycanlı əhalisi üzərində zorakılıq halları barədəki təhqiqat işi haqqında komissiyanın üzvü A.Novatskinin məruzəsi dinlənildi. Məruzədə şahidlərin və zərərçəkənlərin ifadələri, törədilmiş cinayətlərin təhqiqi, yandırılıb dağıdılmış yerlərə baxış və sairə əsasında Şamaxı şəhərində törədilən cinayətlərdə əslən Şamaxıdan olub Bakı şəhərində yaşayan Stepan Lalayevin, Şamaxı şəhərinin sakinləri Qavril Karaoğlanovun, Arşak Gülbəndiyanın, Mixail Arzumanovun, Karapet Karamanovun, Armenak Martirosyantsın, Aleksandr Xaçaturovun, Mixail Xaçaturovun və başqalarının, cəmi 31 nəfərin qırğınların başlıca caniləri olduqları göstərilirdi. Komissiyanın bu məsələ ilə bağlı qəbul etdiyi qərarda deyilirdi ki, bu cəlladlar Azərbaycan xalqına qarşı ədavət əsasında milli və dini zəmində əvvəlcədən öz aralarında razılaşaraq, bir neçə min nəfər erməni qüvvələrini öz ətraflarında birləşdirərək top, pulemyot, tüfəng, tapança və xəncərlə silahlanaraq Şamaxı şəhərində olan azərbaycanlı əhalini qırmaq, əmlaklarını qarət və məhv etmək məqsədi qoymuşdular. Bu qətllər xüsusi qəddarlıqla həyata keçirilmişdir. Belə ki, qətlə yetirilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilmiş, gözləri çıxarılmış, qarınları yırtılmış, yandırılmış, və böyük işgəncələrlə öldürülmüşlər. Ermənilər təkcə Şamaxı şəhərində azərbaycanlılara məxsus 1 milyard manatlıqdan yuxarı dəyəri olan əmlakı qarət etmiş, şəhərin azərbaycanlılara məxsus bütün evlərini yandıraraq məhv etmişlər. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan "Cümə məscidi" yandırılmışdır. Fövqəladə Təhqiqat Komissiyası bu qırğınların başlıca təşkilatçıları haqqında cinayət işi qaldırmaq, onları məsuliyyətə cəlb etmək və istintaq işinə başlamaq haqqında qərar qəbul etdi. Şamaxı şəhəri ilə yanaşı Şamaxı qəzasının 86 azərbaycanlılar yaşayan kəndi ermənilər tərəfindən yandırılaraq məhv edilmişdi.

Erməni silahlı birləşmələri martın 18-də sübh çağı Şamaxı şəhəri ilə yanaşı, onun 3-4 verstliyində yerləşən Əngəxaran kəndinə də qəfil hücum etdilər. Müdafiəsiz kəndə soxulan ermənilərin törətdikləri vəhşiliklərlə əlaqədar təhqiqat materiallarında həmkəndlilərinin və şahidlərin ifadələrinə görə tərtib edilmiş siyahılarda ermənilərin işgəncələrlə qətlə yetirdiyi 237 nəfərin adı vardır. Əngəxarana soxulan ermənilər və molokanlar kəndi mühasirəyə alaraq oradakı əhalini qırır, kəndi qarət edir, yandırır və sağ qalan əhalini isə əsir alırdı. Ermənilər əsir alınmış Əngəxaran sakinlərinin uşaqlarını azərbaycanlı kəndi olan Məlhəmə aparıb orada saxlayırdılar. Ermənilər 88 kişini isə molokan kəndi Çuxuryurda apardılar. Ermənilər kəndə çatmamış əsirləri bağda saxlayaraq bir neçə nəfərini güllələdilər. Qalan 76 nəfəri isə əsir kimi Mədrəsə kəndində yerləşən erməni qərargahının sərəncamına göndərdilər. Yolda iki nəfəri güllələyərək Mədrəsə kəndinə cəmi 74 nəfəri əsir kimi apardılar. Gəncədən gələn silahlı dəstələr Şamaxıya girdikdə Əngəxaran kəndindən olan nümayəndələr qohumlarının taleyindən xəbər tutmaq üçün Mədrəsə kəndinə gəldilər. Onlar kəndin kənarında əngəxaranlı əsirlərin hamısının öldürüldüyünün və meyitlərinin eybəcər hala salındığının şahidi oldular. Meyitlərin qulaqları, burunları, əlləri və ayaqları kəsilmiş, bir çox ölülərin döşlərində yanıq izləri aşkar edilmişdir. Bu da sübut edirdi ki, hələ onlar sağ ikən sinələri üzərində od qalanmışdı. Dağıdılmış kənddən qaçıb canını qurtara bilmiş Əngəxaran sakinlərinin çoxu aclıqdan, soyuqdan və xəstəlikdən tələf olmuşdular. Komissiyanın məruzəsində göstərilir ki, qısa vaxtda Əngəxaran əhalisi yarıbayarı azalmışdır.

1919-cu il aprelin 3-də Şamaxı qəza rəisi Fövqəladə Təhqiqat Komissiyasına həmin qəzanın 3 polis sahəsi (Qəbristan, Mədrəsə və Kaşun) üzrə ermənilər tərəfindən dağıdılmış kəndlərin siyahısını göndərmişdi. Həmin siyahıya Qəbristan polis sahəsi üzrə 19, Mədrəsə polis sahəsi üzrə 41 və Kaşun polis sahəsi üzrə 26 kəndin (cəmi 86 kəndin-A.İ.) adı daxil edilmişdi. Fövqəladə Təhqiqat Komissiyasına göndərilən siyahıda Şamaxı qəzasının ayrı-ayrı kəndləri üzrə şahid ifadələri, zərərçəkənlərin dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatları, ölən və yaralananların siyahısı və s. əsasında 53 kənd üzrə tərtib edilmiş yekun aktlarında ayrı-ayrı kəndlər üzrə ölənlərin (o cümlədən kişi, qadın, uşaq) sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdi. Bu kəndlərdən bir neçəsində ölənlərin sayı və dəymiş zərərin ümumi məbləği aşağıdakı kimidir. Nəvahi kəndində cəmi 955 nəfər azərbaycanlı öldürülmüşdür ki, onlardan da 555 nəfəri kişi, 260 nəfəri qadın və 140 nəfəri uşaq olmuşdur. Kəndə dəymiş ümumi maddi zərərin miqdarı 60 milyon manat olmuşdur. Yəhyalı kəndində 922 nəfər öldürülmüşdür ki, onlardan da 360 nəfəri kişi, 412 nəfəri qadın və 150 nəfəri uşaq olmuş, kəndə dəymiş ümumi maddi zərərin miqdarı 22 milyon manat təşkil etmişdir. Qubalı Baloğlan kəndində 533 nəfər öldürülmüşdür ki, onlardan 250 nəfəri kişi, 150 nəfəri qadın, 135 nəfəri isə uşaq olmuş, kəndə dəyən ümumi maddi zərərin miqdarı 90 milyon manata yaxın olmuşdur. Kalva kəndində 500 nəfər öldürülmüşdür ki, onlardan 250 nəfəri kişi, 150 nəfəri qadın, 100 nəfəri uşaq olmuş, kəndə dəymiş ümumi zərərin miqdarı 24 milyon manat olmuşdur. Ağsu kəndində 500 nəfər öldürülmüşdür ki, onlardan 200 nəfəri kişi, 300 nəfəri qadın olmuş, kəndə dəyən ümumi maddi zərərin miqdarı 36,5 milyon manat olmuşdur. Tircan kəndində 360 nəfər öldürülmüşdür ki, onlardan da 300 nəfəri kişi, 40 nəfəri qadın və 20 nəfər uşaq olmuşdur. Bağırlı kəndində 370 nəfər öldürülmüşdür ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfəri isə uşaq olmuşdur, kəndə dəyən ümumi zərərin miqdarı 12,5 milyon manat olmuşdur. Qırğına məruz qalmış digər kəndlər üçün tərtib edilmiş aktlarda da rəqəmlər yuxarıda göstərilən qayda üzrə aparılmışdır. Bütün aktlar Fövqəladə Təhqiqat Komissiyasının üzvləri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Bu aktlarda olan rəqəmlər üzrə Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manat olmuşdur. Ermənilərin azərbaycanlı əhaliyə, onların evlərinə, mal-qara, əkin sahələrinə qarşı törətdikləri vəhşiliklər sözün əsl mənasında soyqırımı nümunəsi idi. Ona görə də Şamaxı şəhərinin və Şamaxı qəzasında ermənilərin məhv etdikləri azərbaycanlı kəndlərinin sağ qalmış əhalisi sözün əsl mənasında dilənçiyə çevrilmiş, ermənilərin təcavüzünə məruz qalmamış Azərbaycan bölgələrinə pənah aparmışdılar. Təəssüflər olsun ki, sovet hakimiyyəti illərində xalqımıza qarşı həyata keçirilmiş soyqırımı unudulmuş, Stepan Lalayevə bəraət verilmiş, bu işin əsas təşkilatçısı olan S.Şaumyan isə Azərbaycan xalqının sevimlisi kimi təbliğ olunmuşdu.

 

 

(Ardı var)

 

Anar İsgəndərov,

tarix elmləri doktoru, professor

 

Azərbaycan.- 2010.-  6 mart.- S.  4.