Cinayət cəzasız qalmayacaq

 

Azərbaycan və başqa Türk Dilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) həyətindəyik. Təşkilatın rəhbərləri, müxtəlif media nümayəndələri, xarici səfirliklərin təmsilçiləri, ölkənin ictimai xadimləri, QHT-lərin rəhbərləri, bir sözlə hamımız, türk dilli xalqların bayraqları ilə bizi müşayiət edən gənclərlə birlikdə avtobuslara minib 31 mart Azərbaycanlıların soyqırımı günündə Qubada keçirilən tədbirdə iştirak etmək üçün səfərə çıxırıq.

Avtobusun pəncərəsindən yazı yaşıl cücərtiləri ilə qucaqlayan zəmi xalqımızın sülhə, dincliyə və əmin-amanlığa sədaqətinin rəmzi kimi dalğalanır. Maşının salonunda qızlardan biri "Sarı gəlini" elə yanıqlı, elə məhəbbətlə oxudu ki, sanki bu səs canlı insan kimi qollarını açıb yüzillik müharibələrdən dirçəlib ucalan Azərbaycan adlı Vətənin yaralarına sığal verdi. "Bu bizik, - fikirləşirəm özlüyümdə. - Dərdinı mahnı çələnglərinə və zəmilərin telinə sülhün himni ilə toxuyan bir xalq".

 

Gedin deyin Xan çobana,

Gəlməsin bu il Muğana,

Muğan batıb nahaq qana...

 

Kədərdən doğan, dərddən bələnən bayatının ağuşunda erməni vandallarının qətliamının qurbanlarının - qocaların, ağbirçəklərin, qadınların, əliyalın kişilərin, günahsız körpələrin qisas eşqi ilə 92 il haqqın və ədalətin qələbə müjdəsini gözləyən məzarlıqlarını ziyarətə gedirik. Maşın karvanı Qubaya yaxınlaşdıqca ermənilərin əsrlər boyu törətdiyi vəhşiliklər, qətllər, qarətlər və işğallar kino lenti kimi sürətlə gəlib gözlərimin önündən keçir. Hər yandırılan kənd, hər viran qalan ev, sayı milyonu keçən hər bir didərginin içindəki Vətən nisgili də erməni faşistlərininkdiyi" zülmün faciələrlə dalğalanan ucsuz-bucaqsız zəmisidir. Bəşəriyyət vəhşilikləri kimsəyə bağışlamasın gərək. Zülm "səpənlərin" boyuna cəza mütləq biçilməlidir.

Maşın karvanı Quba şəhərinə daxil olur. 1918-ci ildə erməni faşızminin qurbanlarına ucaldılmış abidə kompleksinə yaxınlaşırıq. Avtobuslardan düşüb başlarının üstündə yüzlərlə Azərbaycan bayrağı dalğalanan izdihama türkdilli xalqların bayraqları ilə qarışırıq. Qovuşan dəstələr iki çayın möhtəşəm birləşməsini xatırladır. Gücün, əzəmətin və hüznün sakitliyində natiqlər: Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov, Prezident Administrsiyasının ictimai-siyasi məsələlər şöbəsinin bölmə müdiri Qafar Əliyev, Milli Məclisin deputatı Vahid Əhmədov, ATXƏM-in sədri İlham İsmayılov, tarix elmləri doktoru Anar İsgəndərov və başqaları çıxış edirlər.

Ulu öndər Heydər Əliyevin 31 martı Azərbaycanlıların soyqırımı günü elan etməsi bir daha xalqımıza özünü, milli mənliyini və tarixini dərk etmək üçün verilən əbədi bir layihədir. İndi vəzifəmiz keçmişi yenidən araşdırmaq, tariximizə qoyulan qadağaları, gizlədilən faciələrin müdhiş həqiqətlərini üzə çıxarmaq, bağlı qalan, itən, oğurlanan və ölkədən çıxan arxivlərin sorağına düşməkdir. Natiqlərə qulaq asdıqca, erməni vəhşiliyinin üzə çıxan yeni faktlarını eşitdikcə bu cinayətlərin min ildən sonra belə, kimsəyə bağışlanılmasının mümkünsüzlüyünü dərk edirsən. 1918-ci il may ayının 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq imiş. Məhz belə böyük və azğın qüvvə yalnız bir gün ərzində 4 minə yaxın dinc əhalini qətlə yetirmişdi. Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində Quba qəzasında 16 mindən artıq dinc əhali məhv edilmiş, daşnak-bolşevik birləşmələrinin viran qoyduğu 162 kəndin 35-i hazırda mövcud deyildir. Quba qəzasında qan su yerinə axırdı. Erməni qatilləri şəhərin ən varlı adamlarının ailələrindən əllərinə keçən yeniyetmələrin başlarını kəsib qanlarını içməyə qadınları məcbur etdilər. Şivən qoparıb üstlərinə atılan qadınları süngüdən keçirdilər, qılıncla bədənlərini ikiyə bölüb şaqqaladılar. Erməni quldurlarının törətdiyi sonsuz cinayətlərin siyahısı tükürpədən müxtəlif faciələrin eyni zalımlıqla icra olunması idi.

ATXƏM-in sədri İlham İsmayılov dedi:

- Bu ziyarəti bir qeyri-hökumət təşkilatı kimi təşkil etməkdə əsas məqsədimiz bir daha dünya ictimaiyyətinin diqqətini azərbaycanlıların məruz qaldığı soyqırımlarına yönəltmək, erməni millətçilərinin ənənəvi işğalçı simasını ifşa etmək, ədalətli tələblərimizin qəbul edilməsi üçün ölkə Prezidentinin atdığı ciddi addımlara dəstək verməkdir. Əgər dünya bunu dərk etməsə bizim tarixi torpaqlarımızı azad etmək haqqımızı kimsə əlimizdən ala bilməz.

Quba Sosial İqtisad Kollecinin tələbəsi Nurlana Hacıyeva isə deyir ki, işğal olunmuş torpaqların azad edilməsi hamının müqəddəs borcudur:

- Bu mənim yox, bütün Azərbaycanın haqq səsidir. Beynəlxalq hüququn pozulduğu, dünyanın işğalçıya dəctək verdiyi zaman Qarabağın azadlığı uğrunda döyüşlərdə vuruşmağa hamı hazırdır. Onu demək istəyirəm ki, orada vuruşan yalnız kişilər olmayacaq. Mən də öz yerimi torpaqlarımızın azadlığı uğrunda vuruşmağa hazır olan döyüşçülərin sırasında görürəm.

1918-1919-cu illərdə erməni-bolşevik birləşmələri tərəfindən Qubada 3 minə yaxın yəhudinin qətlə yetirilməsi tarixçılərimizin apardığı tədqiqatlar nəticəsində üzə çıxarılmışdır. Son araşdırmalar nəticəsində öldürülənlərdən 104 yəhudinin adı dəqiqləşdirilmişdir. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, qətlə yetirilən yəhudilərin əksəriyyəti uşaqlar, qocalar və qadınlar olmuşdur. Kütləvi qətllərə şəxsən Amazasp rəhbərlik etmişdir. Qırmızı Qəsəbə bələdiyyəsinin sədri Nisim Nisimov ermənilərin Quba qırğınlarına dünyanın biganə qalmaması üçün dağ yəhudilərinin davamlı çalışacağını bildirir:

- Bu faciə azərbaycanlılardan başqa ləzgilərdən, tatlardan və bizdən də yan keçmədi. Biz, Qubada yaşayan dağ yəhudiləri 1918-ci ildə Qubada törədilən qırğınlarla bağlı bildiklərimizi və üzə çıxan yeni faktları dünya yəhudi icmalarına göndərəcəyik və bu həqiqətlərin dünyada yayılması, yalançı erməni təbliğatının iç üzünün açılması üçün yardımçı olmalarını onlardan təvəqqe edəcəyik.

Prezident Administrsiyasının ictimai-siyasi məsələlər şöbəsinin bölmə müdiri Qafar Əliyev müasir savaş sistemlərində münaqişələrin həlli istiqamətində informasiya mübarizəsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı:

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizin ədalətli mövqeyinin dünya miqyasında təbliği üçün ciddi addımlar atırlar. Həm dövlət başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllində iştirak edən tərəflərə sərt tələbləri və həm də Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü böyük işlər öz müsbət nəticəsini verməkdədir. Hazırda Azərbaycan diasporunun fəallığı nəzərəçarpacaq dərəcədə artmışdır. Biz bu məsələdə müdafiə yox, hücum taktikasına üstünlük veririk. Videomaterialların, sənədli filmlərin, geniş diapazonda kitab və jurnalların hazırlanıb yayılması, xaricdə müxtəlif tədbirlərin, mitinqlərin keçirilməsi Ermənistanın ideoloji mübarizədə məğlubiyyətinə gətirir. Son 5 ildə Azərbaycan tərəfinin apardığı çoxşaxəli təbliğat nəticəsində hətta erməni diasporunun güclü olduğu dövlətlərdə belə onları üstələməyə, sıxışdırmağa nail olmuşuq. Əslində bu üstünlüyün səbəbləri aydındır. Bizim təbliğatımız real faktlara, tarixi həqiqətlərə, erməni millətçilərinin törətdikləri qırğınlara, faciələrə söykənir. Erməni təbliğat maşını uydurmalardan, həqiqət kimi təqdim edilən tarixi yalanlardan bəhrələndiyi üçün beynəlxalq aləmdə tədricən iflasa uğrayır, inamını itirir. Biz nəinki bugünün, hətta Quba məzarlığı kimi 92 illik uzaq keçmişin faktlarını ortaya qoyanda belə "əzabkeş xalqın" mifik surətini yaratmağa cəhd edən erməni təbliğatının saxta simasını ifşa edə bilirik. Uydurmalardan qidalanan təbliğat iflasa məhkumdur. Erməni işğalçılarına qarşı ədalətli mübarizədə QHT-lərin, ictimaiyyətin geniş təbəqəsinin, Azərbaycan diasporunun təmsilçilərinin dövlət qurumları ilə yanaşı çalışması o deməkdir ki, informasiya müharibəsində biz artıq hücumdayıq. Bugünkü tədbir də Azərbaycan həqiqətlərinin dünyaya yayılması üçün həddən ziyadə vacibdir.

ATXƏM-in maşın karvanı ziyarəti davam etmək üçün Quba məzarlığına yola düşür. Burada eşitdiklərimiz, gördüklərimiz qonaqlara bizdən daha ağır təsir edir. Ukrayna səfirliyinin siyasi məsələlər üzrə məsləhətçisi Şalev Gennadi, Azərbaycan dilini yaxşı bilmədiyindən rusca danışmaq məcburiyyətində qaldığı üçün üzr istəyib, sözünə davam edir:

- Quba məzarlığı haqqında ilk dəfə Azərbaycan mətbuatında oxumuşam. Bizim Azərbaycanla strateji əməkdaşlığımız mövcuddur və dəvətə görə təşkilatçılara minnətdarlığımı bildirirəm. Çünki dost o kəs deyil ki, çörəyini bölürsən, əsl dostlar itkiləri də birgə yaşamalıdırlar. Bizim də tariximizdə Ukrayna xalqının genosidi ilə bağlı faktlar mövcuddur, ona görə də sizin kədəriniz bizə doğmadır və biz də bu proseslərdən kənarda deyilik. Səfirliyimiz və Ukrayna xalqının adından Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk. Quba məzarlığında nə baş verdiyini əsl həqiqət kimi yazmaq lazımdır. Və əgər bu cinayətdirsə sivil dünya praktikasında olduğu kimi cinayət işi qaldırılmalıdır. Bütün mərhələlərdən keçmək lazımdır ki, sabah başqa bir dövlət bunu inkar edə bilməsin.

Quba məzarlığını ziyarətə gələnlər torpaq divarda aşkar edilən insan kəllələrinin və sümüklərinin önünə güllər düzürlər. Bu məzarlıqda 600-dən artıq insan cəsədi var. Aşkar olunan məzarlıqla bağlı ermənilər ciddi əl-ayağa düşüblər və isbat etməyə çalışırlar ki, bu sümüklər guya ermənilərə məxsusdur. Lakin 1918-ci ildə Qubada cəmi 17 erməni ailəsi var idi. Qubada şahidlər şəhərin başqa bir yerində diri-diri basdırılan insanların can verərkən torpağın necə tərpəndiyini xatırlayırlar. BDU-nun professoru, tarix elmləri doktoru Anar İsgəndərov tədqiqatların davam etdirilməsini zəruri sayır:

- Bu hadisələrin bərpa edilməsi, axtarışların aparılması ona görə vacibdir ki, bizim hələ görmədiyimiz işlər çoxdur. Bu abidə həmişə yadda qalacaq. Lakin Qubada ermənilərin törətdikləri cinayətlərin tam açılması üçün tədqiqatlar davam etdirilməlidir. O zaman dağıstanlı İmam Qoçinskinin xüsusi dəstəsi var idi və o, Qusar əhalisinin qırılmasının qarşısını aldı. Çox güman ki, Dağıstan arxivlərində bu hadisələrlə bağlı, hücumlara məruz qalan və viran qoyulan kəndlər, ayrı-ayrı cinayətlər haqqında müəyyən sənədlər var. Yeni faktları üzə çıxarmaq mümkündür.

Biz ziyarəti başa vurub geriyə qayıdırıq. Maşın karvanı yeni tumurcuqlanan bağların arası ilə Bakıya doğru şütüyür. Avtobusun salonuna sükut çöküb. Yol boyu mənzərələr dəyişdikcə gördüklərimi bir daha xatırlayır, keçmişə qayıdıram. Ermənilərin yerlə-yeksan etdiyi 35 kənd artıq tarixdən silinib. Gözlərimin önünə rusların fransızlarla vuruşduğu Borodino çölündəki saysız-hesabsız abidələr gəlir. Bizim də hər viran qalan kəndimiz erməni vəhşiliyinə bir abidədir.

Quba rayonunda anadan olduğum Xucbala kəndi ilə ləzgilərin yaşadığı Digah kəndi arasında "Qanlı dərə" adlı bir yer var. Nənəm danışardı ki, orada ağır savaşlar olub, qan su yerinə axıbmış. Ləzgilər, azərbaycanlılar elə birləşiblərmiş ki, bir tikə çörəklərini də yarı bölüblər. Türklər də köməyə gəlibmiş. Ermənilər Qanlı dərədən bu yana keçə bilməyiblər. Tarix elmləri doktoru Anar İsgəndərov mənə nə vaxtsa nənəmin danışdıqlarının həqiqət olduğunu deyir. O belə sayır ki, əslində ən böyük abidə həmən yerdə ucaldılmalıdır.

 

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2010.- 6  aprel.- S.  4