Dünya şərqşünaslığında
silinməz iz qoymuş görkəmli alim
Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların gətirdiyi yeniliklər və çəkdikləri zəhmət zaman keçdikcə və elmi təfəkkür inkişaf edib zənginləşdikcə daha aydın dərk olunur. Görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva belə alimlərdəndir. Aida İmanquliyeva ölkəmizdə şərqşünaslığın inkişafında böyük xidmətləri olan, eyni zamanda keçmiş İttifaq və dünya miqyasında onu layiqincə təmsil edən nüfuzlu alimlərdən idi. Dərin nəzəri biliyi, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə xarici dili bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa vaxt ərzində ona nəinki keçmiş Sovetlər Birliyində, həm də bir çox xarici ölkədə böyük şöhrət qazandırmışdır.
Qısa ömür sürməsinə baxmayaraq, Aida İmanquliyeva özündən sonra zəngin elmi irs qoyub getmiş, fundamental tədqiqatları ilə təkcə Azərbaycan və sovet şərqşünaslığını deyil, eyni zamanda dünya şərqşünaslığını xeyli zənginləşdirmiş, inkişaf etdirmişdir. Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, ərəb ölkələrində yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə tez-tez istinad edilən Aida İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir. Onun ərəb məhcər (mühacirət) ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan, buna görə də mütəxəssislərin stolüstü kitablarına çevrilmiş əsərlərdir. Cəsarətlə demək olar ki, Aida xanım ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısı idi. Bunu nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta Avropa şərqşünasları və ərəblərin özləri belə etiraf edirlər.
Aida İmanquliyevanın yaradıcılığı Azərbaycan şərqşünaslıq elmində bir mayak, istinad mənbəyidir. Bugünkü gənc nəsil, tələbələr, xüsusilə şərqşünaslıq elmi ilə məşğul olan gənc alimlər Aida İmanquliyevanı görə bilməsələr də, onun yazdığı elmi kitabları, əsərləri oxumaqla Azərbaycanın elm, mədəniyyət və fikir tarixində yeri olan belə əvəzsiz alim haqqında geniş məlumat əldə edə bilir, öz sahələrində bilik və dünyagörüşlərini artırırlar. Aida İmanquliyevanın həyatı və yaradıcılığı ilə bağlı müxtəlif kitabların işıq üzü görməsi, mətbuatda məqalələrin dərc olunması görkəmli alimin yaradıcılığının daha dərindən öyrənilməsində böyük əhəmiyyət kəsb edir.
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının elm və mədəniyyət xadimləri biblioqrafiyası silsiləsindən nəşr etdirdiyi Aida İmanquliyevanın həyat və yaradıcılığı barədə kitab diqqəti cəlb edir. Biblioqrafiya 1964-2009-cu illərdə Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr olunmuş monoqrafiya, məcmuə, elmi simpozium, sessiya və konfrans materiallarını, eləcə də dövri mətbuatda çap olunmuş məqalələri əhatə edir.
Biblioqrafiyanın tərtibçiləri filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərli və Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsmət Səfərov, redaktoru akademik Vasim Məmmədəliyevdir. Biblioqrafiyaya daxil edilmiş materiallar bölmələr üzrə və xronoloji qaydada yerləşdirilmişdir. Biblioqrafik göstəricidə alimin fəaliyyətini əks etdirən oçerklər, həyatının əsas tarixləri verilmişdir.
Milli Məclisin deputatı, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın "Professor Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafında rolu" və AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun "Aida İmanquliyevanın yaradıcılığında fəlsəfi və ədəbi-bədii komparativistika" adlı məqalələri görkəmli şərqşünas alimin möhtəşəm şəxsiyyətini, alim qüdrətini oxuculara çatdırır.
"Görkəmli dövlət, elm və mədəniyyət xadimləri Aida İmanquliyeva haqqında" bölməsində Azərbaycanın tanınmış alimlərinin Aida xanım barədə fikirləri yer alıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov: "Aida xanım öz yaradıcılığı ilə Şərqi Qərbə, Qərbi Şərqə qarşı qoymur, bu iki region arasında ümumi cəhətlər tapmağa, onların yaxınlaşmasına yardımçı olmağa çalışırdı. Onun bu yöndəki fəaliyyəti xüsusən indiki qloballaşma, müxtəlif mədəniyyətlərin yaxınlaşması və inteqrasiyası əsrində yenidən aktuallıq kəsb etməyə başlamışdır".
Akdemik Ziya Bünyadov: "Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin maraq dairəsi geniş və çoxşaxəli idi. Onun elmi əsərlərində Qərb və Şərq mədəni əlaqələrinin sintezi, yaradıcı üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunub ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaratdı".
Xalq şairi Bəxtiyar Vahabzadə: "Minilliyin dərinliyindən süzülüb gələn bəşəri nur sonradan onun bütün varlığına, yaradıcılıq yoluna işıq saçdı. Bəlkə də adına sadiqliyi idi ki, o məhz xalqımızın tarixinin, mədəniyyətinin minilliklər boyu dərin köklərə bağlı olduğu Şərq mədəniyyəti və ərəb ədəbiyyatının ilk tədqiqatçısı və ilk azərbaycanlı ərəbşünas qadın elmlər doktoru adını aldı. Aida xanım özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açdı".
Professor Fatma Abdullazadə:
"İnsan daim tarazlıq axtarır. Öz daxili aləmindəki
tarazlığı axtarır. İnsanlarla ünsiyyətdə
axtarır, təbiətlə təmasda axtarır. Aida
xanım bu tarazlığın sirrini bilirdi. Bilməsəydi,
o heç bu qədər müdrik, sakit, təmkinli də ola
bilməzdi. Onun üçün həyatın ən dərin
mənası öz daxilində idi".
"Əsərlərinin
biblioqrafiyası" bölməsində alimin "Cübran Xəlil
Cübran", "Qələmlər birliyi" və Mixail
Nüaymə" və "Yeni ərəb ədəbiyyatının
korifeyləri" kitablarının, habelə ərəb ədəbiyyatının
görkəmli nümayəndələri Mixail Nüaymə,
Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mişel
Süleyman haqqında çox qiymətli kitab və məqalələrinin
adları əks olunub.
Kitabın "Tərcümələri"
bölməsində Mixail Nüaymənin "Buz əriyəcək",
"İnsan və quş", "Qu-qu" saatı",
Mahmud əz-Zahirin "Üsyan", Məhəmməd Dibin
"Hasın dermək", Sahib Camalın "Yusif",
Süheyl İdrisin "Azadlıq" və Qənəma Məcid
Zeyyibin "Növbəyə dayanmaq" və alimin tərcümə
etdiyi digər hekayələrinin adları verilmişdir.
Biblioqrafik göstəriciyə
Aida xanım İmanquliyevanın redaktə etdiyi əsərlər
və dissertantlara elmi rəhbərliyi ilə bağlı məlumatlar
da daxil edilib. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə
ailimin əsərlərinin, müştərək müəlliflərin
və haqqında yazan müəlliflərin əlifba göstəricisi
də verilmişdir.
Aida İmanquliyevanın tədqiqat
əsərləri və tərcümələri ədəbiyyat
və mədəniyyət xəzinəmizi zənginləşdirmişdir.
Qələmə aldığı bütün əsərlər
onun əsl elm fədaisi, cəsarətli fikir və söz
sahibi, kamil şəxsiyyət olduğunu təsdiq edir.
Görkəmli şərqşünas olmaqla bərabər,
Aida xanım həm də gözəl natiq, yazıb tədqiq
etdikləri barədə fikirlərini ustalıqla auditoriyaya
çatdıran mühazirəçi idi.
Aida İmanquliyeva 1962-ci ildə
Azərbaycan Dövlət Universitetinin şərqünaslıq
fakültəsini bitirdikdən sonra mütəxəssis kimi
dövlət işlərində də çalışa bilərdi.
Çünki o zamanlar şərqşünas kimi fəaliyyət
göstərmək, SSRİ-nin Şərq ölkələrindəki
səfirliklərində çalışmaq ən prestijli
işlərdən hesab olunurdu. Fəqət Aida xanım
bunların heç birini etmədi. Gələcək
karyerasını elmdən ayrı təsəvvür etməyən,
Şərqi öyrənmək və həm də öyrətmək
arzusu ilə yaşayan Aida İmanquliyeva elə həmin il
universitetin şərqşünaslıq fakültəsinin
Yaxın Şərq xalqları ədəbiyyatı tarixi
kafedrasında aspirant kimi fəaliyyətə başladı, tədqiqat
obyekti olaraq ərəb məhcər ədəbiyyatını
seçdi. Şərqşünas alim Rüstəm Əliyevin
rəhbərliyi ilə "Qələmlər birliyi" və
Mixail Nüaymənin yaradıcılığında onun
rolu" mövzusunda namizədlik dissertasiyası üzərində
işləməyə başladı.
XIX-XX yüzilliklərdə
Şimali Amerikaya mühacirət etmiş Suriya və Livan ədiblərinin
yaradıcılığına həsr olunmuş elmi işin əsas
məqsədi ərəb məhcər ədəbiyyatının
bu qatı ilə bağlı faktları toplamaq və həmin
ədəbiyyatı yaradanları dünyaya tanıtmaq idi. Onu
da qeyd etmək lazımdır ki, Şimali Amerikada təşəkkül
tapıb formalaşmış məhcər ədəbiyyatı,
xüsusilə 1920-ci ildə təsis edilmiş "Qələmlər
birliyi" ərəb ədəbiyyatı tarixində
xüsusi çəkisi və mövqeyi olan ədəbi məktəbdir.
Amma işin əhatə dairəsinin genişliyi, mənbələrin
qıt olması gənc tədqiqatçını
Bakını Moskvaya dəyişməyə məcbur etdi.
SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutuna ezam olunan Aida İmanquliyeva Şərqin bilicilərindən
hesab olunan İosif Braginskinin rəhbərliyi ilə
dissertasiyasını tamamladı. 1966-cı ilin martında Aida
xanım namizədlik dissertasiyasını müdafiə edərək
elmlər namizədi alimlik dərəcəsi aldı.
Beləliklə, Aida xanım
İmanquliyeva şərqşünas alim kimi özünü
təsdiq etdi. O öz istedadı və əməksevərliyi
sayəsində qısa müddətdə keçmiş Sovet
İttifaqında yeni ərəb ədəbiyyatının ən
tanınmış mütəxəssislərindən biri oldu.
"Qələmlər
birliyi" və Mixail Nüaymə" monoqrafiyasından
sonra Aida İmanquliyevanın ikinci ən böyük əsəri
1975-ci ildə işıq üzü görmüş
"Cübran Xəlil Cübran" monoqrafiyasıdır. Uzaq
Amerikada, Nyu-Yorkda ərəb ziyalılarını bir araya gətirən
ideya və məfkurə birliyindən söhbət açan
Aida xanım Cübran Xəlil Cübranın qurucusu olduğu
cəmiyyətin əhəmiyyətindən danışarkən
qeyd edir: "Bu cəmiyyətin yaranması yeni ərəb mədəniyyətinin
inkişafında görkəmli rol oynayan təzə və
böyük ədəbi məktəbin meydana gəlməsi
demək idi".
Ərəb məhcər ədəbiyyatı
vaxtilə bir çox mütəxəssis, xüsusilə
dünya şöhrətli ərəbşünas, akademik
İ.Y.Kraçkovski tərəfindən qismən tədqiq
edilsə də, son dövrdə bu sahənin ən görkəmli
araşdırıcısı məhz Aida xanım idi. Rus tənqidi
realizmindən, ingilis romantizmindən və Amerika
transsendentalizmindən kifayət qədər təsirlənmiş,
lakin bu təsiri mexaniki şəkildə deyil, ərəb zəminində,
Şərq kontekstində qəbul etmiş məhcər ədəbiyyatı
yeni ərəb ədəbiyyatının dünya
miqyasında tanınması sahəsində böyük xidmət
göstərmişdir. Şərq ruhunu Qərb
düşüncəsi, Qərb analitizmi ilə birləşdirmiş
Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail
Nüaymə, İlya Əbu Mazi kimi görkəmli sənətkarlar
Şərq-Qərb ədəbi sintezi prosesində
mühüm rol oynamışlar. Bütün bu ümdə məsələlərin
tədqiqi Aida xanımın elmi
yaradıcılığında öz əksini layiqincə
tapmışdır. Aida İmanquliyevanın Şərq
müdrikliyi ilə Qərb həssaslığını
özündə cəmləşdirən ərəb məhcər
ədəbiyyatının yaranması, inkişafı, sənətkarlıq
xüsusiyyətləri, başqa ədəbi məktəblərdən
fərqli cəhətləri, onu ədəbi cərəyan
kimi səciyyələndirən məziyyətlər barədə
mülahizə və fikirləri bu gün şərqşünaslıq
sahəsində görkəmli mütəxəssislər tərəfindən
bəyənilir və qəbul edilir.
Məhcər ədəbiyyatının
əsas xüsusiyyətləri, onun çoxəsrlik zəngin
ərəb ədəbiyyatı ilə oxşar və fərqli
cəhətləri, Qərb və rus ədəbiyyatları ilə
əlaqələri, bütövlükdə ərəb ədəbiyyatına
gətirdiyi yeniliklər, müasir ərəb ədəbiyyatı
üçün açdığı üfüqlər və
digər məsələlər Şərq-Qərb sintezində
öz doğru-düzgün elmi həllini məhz Aida
İmanquliyevanın çoxsaylı fundamental tədqiqatlarında
tapmış, onun gəldiyi nəticələr beynəlxalq
elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək
nüfuzlu elmi fikirlər kimi qəbul edilmişdir.
Bir məsələ də
xüsusilə qeyd olunmalıdır ki, bir vaxtlar Qərb və
Şərq mədəniyyətlərinin
qarşılıqlı əlaqə və təsirinin tədqiqi
hakim ideologiyanın tələblərinə uyğun olaraq
ciddi təhriflərə məruz qalırdı. Lakin elə o
dövrdə yetişən və alim kimi formalaşan nadir
istedad sahibləri var idi ki, zamanı qabaqlayaraq problemə
ideoloji konyunktur mövqeyindən deyil, universal modellər,
ümumbəşəri dəyərlər müstəvisində
yanaşırdılar. Aida İmanquliyeva məhz belə alim-tədqiqatçılardan
idi. Bu mənada Aida İmanquliyeva Şərq-Qərb
qarşılıqlı ədəbi əlaqə və təsiri
problemini sistemli şəkildə araşdıran ilk azərbaycanlı
alimdir. Azərbaycanda ilk dəfə məhz Aida xanım
İmanquliyeva öz elmi mühitində irəliyə gedərək,
zəmanəsini qabaqlayaraq olduqca aktual, gələcəyə
yönəlmiş bir mövzu ətrafında tədqiqatlar
aparmışdır. Ona görə də Aida
İmanquliyevanın tədqiqatları şərqşünaslıqda
yeni bir istiqamətin əsasını qoydu. Aida İmanquliyeva
bütövlükdə Şərq miqyasından kənara
çıxaraq yeni dövrdə bütöv bəşəriyyət
miqyasında gedən proseslərin məğzini açıb
göstərmiş, Şərq-Qərb münasibətlərinin
xarakterini və perspektivlərini təhlil etmişdir. Görkəmli
alim öz yaradıcılığında Şərqlə Qərb
arasında ümumi cəhətlər tapmağa, birgə dəyərləri
tədqiq etməklə onların bir-birinə
yaxınlaşmasına yardımçı olmağa
çalışmışdır. Aida xanım eyni zamanda
Şərqin Qərbə bəxş etdiyi tarixi ədəbi-fəlsəfi,
ictimai-siyasi ənənələrdən, gerçəkliklərdən
ustalıqla söz açır, onun qüdrətli şəxslərinin
Avropaya bəxş etdiyi uğurları xatırladırdı.
Alim Şərqin və Qərbin elm mərkəzlərini birləşdirən
müştərək ideyalardan, ədəbi-fəlsəfi
fikir sistemlərindən danışaraq sübut edirdi ki,
dünyanın siyasi mənzərəsini heç bir rejim dəyişə
bilməz. Mühitin və quruluşun rəngini dəyişmək
üçün düşüncə və təfəkkürdə
yenilik gərəkdir. Mənəvi dəyərlərin
aşınmasının təbii fəlakətlərdən,
müharibələrdən daha dəhşətli olduğunu
faktlarla sübut edərək dünyanın xilası naminə
Şərqlə Qərbin öncə əməldə, ruhda, ədəbi-fəlsəfi
baxışlarda birləşməsini zəruri sayırdı.
Onun bu yöndəki fəaliyyəti xüsusən indiki
qloballaşma, müxtəlif mədəniyyətlərin
yaxınlaşması və inteqrasiyası əsrində yenidən
aktuallıq kəsb etməyə başlamışdır.
Aida İmanquliyevanın tədqiqatları
həm də yeni mahiyyətli və ünvanlı bir prosesin -
Şərqdə təzə başlamış milli və
ümumbəşəri özünüdərk prosesinin
öyrənilməsinə yönəlmişdi. Bu isə tarix
və filologiyadan daha çox, fəlsəfi qayəyə malik
olan bir missiyadır. Aida xanımın elmə gətirdiyi
yeniliyin miqyası elə böyükdür ki, o ancaq fəlsəfi
kontekstdə, ümumbəşəri özünüdərk
prosesinin araşdırılması ilə üzə
çıxarıla bilər. Tədqiq etdiyi ədiblərin
yaradıcılığı ilə bağlı elmi fikirlər
irəli sürüb monoqrafiyalar yazmaqla yanaşı, Aida
xanımın şərqşünas alim kimi ən
böyük uğuru onda idi ki, o, dövrün, mühitin
ictimai-siyasi xəritəsini çəkir, ədəbi-fəlsəfi
mühitin mənzərəsini yaradırdı. Alim tədqiqat
obyekti kimi Şərq dünyasının Qərbdə
yazıb-yaradan üç böyük mütəfəkkirini
- Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail
Nüayməni seçmişdi. Bu seçim bir tərəfdən
professor Aida İmanquliyevanın ilk ixtisasına görə ərəbşünas
olması ilə bağlı idisə, digər tərəfdən
dünyaya fəlsəfi-romantik baxışlarını,
dövrünə münasibətini ifadə etmək
üçün daha əlverişli olması ilə
bağlı idi. İdeyaları tədqiq olunan bu şəxsiyyətlər
əslən ərəb ölkələrindən olub Amerika və
Avropaya köçmüş, Şərq ruhunu Qərb
düşüncəsi ilə birləşdirməyə
çalışmışdılar.
Aida İmanquliyevanın bir
çox xarici dillərə tərcümə edilmiş
"Yeni ərəb ədəbiyyatının korifeyləri"
monoqrafiyası onun çoxillik gərgin tədqiqatlarının
yekunu, ərəb məhcər ədəbiyyatı barədə
yazılmış ən sanballı tədqiqat əsəridir.
Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb
alimləri arasında da geniş maraq doğurmuş, görkəmli
mütəxəssislər tərəfindən yüksək
qiymətləndirilmişdir. Aida xanım bütün
ömrünü həsr etdiyi bu monoqrafiya ilə yeni bir
dünya - müasir ərəb ədəbiyyatı ilə
bağlı dəyərli mənbə yaratmış oldu.
Aida İmanquliyeva namizədlik
dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri
namizədi alimlik dərəcəsini aldıqdan sonra elmi fəaliyyətini
Azərbaycan EA-nın Yaxın və Orta Şərq
Xalqları İnstitutunda davam etdirmişdir. O, əvvəlcə
"Ərəb ədəbiyyatı" qrupunda kiçik elmi
işçi vəzifəsində çalışmış
və 1972-ci ildən etibarən isə qrupun rəhbəri,
1976-cı ildən institutda yenicə yaradılmış "Ərəb
filologiyası" şöbəsinin müdiri vəzifələrində
işləmişdir. Şərqşünaslıq
İnstitutunun elmi, ictimai həyatının fəal nümayəndələrindən
olan Aida İmanquliyeva işgüzar elmi fəaliyyətinə
görə 1988-ci ildə institun elmi işlər üzrə
direktor müavini vəzifəsinə təyin olunmuş, bir il
sonra isə uzun illər üzərində işlədiyi
doktorluq dissertasiyasını müdafiə edərək
filologiya elmləri doktoru elmi dərəcəsi
almışdır. Beləliklə, Azərbaycanda ərəb ədəbiyyatı
üzrə ilk elmlər doktoru, ilk professor qadın olan Aida
İmanquliyeva 1991-ci ildən ömrünün sonunadək
akademiyanın Şərqşünaslıq İnstitutunun
direktoru olmuşdur. O həm də dünya şərqşünaslıq
elmində xüsusi rolu olan keçmiş SSRİ Şərqşünaslıq
Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatının
tədqiqi üzrə Əlaqələndirmə
Şurasının üzvü idi. Elmi ictimaiyyətin hörmətini
qazanmış nüfuzlu elm xadimi ictimai həyatda da çox
aktiv mövqe sahibi idi. 3 monoqrafiyanın ("Qələmlər
birliyi" və Mixail Nüaymə", "Cübran Xəlil
Cübran", "Yeni ərəb ədəbiyyatının
korifeyləri") və 70-dən artıq elmi məqalənin
müəllifi olan Aida İmanquliyeva həm də Şərq
filologiyası sahəsində yazılmış bir çox
elmi əsərlərin redaktoru olmuşdur. O, həmçinin
Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət
göstərən Asiya və Afrika xarici ölkə ədəbiyyatları
ixtisası üzrə müdafiə şurasına sədrlik
etmişdir.
Görkəmli alim, professor Aida İmanquliyeva öz xarakterində Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətləri təcəssüm etdirirdi. Zərif, kövrək qəlbli alim əhatəsində olan hər bir insanın problemləri ilə maraqlanır, nəvaziş və qayğısını əsirgəmirdi. Çoxşaxəli yaradıcılığa malik, ictimai həyatda da geniş fəaliyyət dairəsinə sahib olan Aida xanım bütün bunların fövqündə ailə ocağının müqəddəsliyini, Şərq qadınına məxsus olan incə ruhu qoruyan gözəl həyat yoldaşı, övlad sevgisiylə yaşayan mehriban ana, qayğıkeş nənə, əsl xanım, zərif qadın idi. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi. Şahanə gözəllik, qədd-qamət, zəriflik, yüksək zəka, zəhmətkeşlik, qayğıkeşlik, həssaslıq, dostcanlılıq, səmimiyyət, yüksək əxlaq - bütün bunlar Aida xanıma xas olan keyfiyyətlərin natamam siyahısıdır.
Söz yox ki, milli jurnalistikamızın patriarxlarından olan Nəsir İmanquliyev kimi bir ziyalının evində dünyaya göz açmış, Mir Cəlal kimi məşhur yazıçımızın, alimimizin və pedaqoqumuzun ailəsinə gəlin gəlmiş, taleyini, ömrünü akademik Arif Paşayev kimi gözəl bir insanla, dünya şöhrətli bir alimlə bağlamış, öz fəaliyyəti ilə cəmiyyətimizdə valideynlərinin şərəfli adını daha da ucaldan Mehriban xanım Əliyevanı və Nərgiz xanım Paşayevanı böyütmüş Aida İmanquliyeva elə bu cür də olmalı idi.
Aida xanımın xatirəsi qəlblərdən heç vaxt silinməyəcək. Çünki o, qısa ömründə ürəklərdə özünə abidə qoymuşdu, sağlığında ölməzlik qazanmışdı. Bütün müsbət keyfiyyətləri, boyük ürəyi, başqalarına təmənnasız yaxşılıqları ilə o yenə yaşayır. Əsərləri dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Nə qədər ki onun alim qələmi ilə uğrunda mübarizə apardığı ideya və amallar aktuallığını itirməyib, eləcə də Şərq və Qərb münasibətlərində tam anlaşma bərqərar olmayıb, insanlar dönə-dönə Aida İmanquliyevanın əsərlərinə müraciət edəcək və gələcək nəsillər onu daim minnətdarlıqla xatırlayacaqlar.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2010.- 6
aprel.- S. 6.