Türkologiya institutuna böyük ehtiyac var

 

"Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" ölkə Prezidentinin məlum sərəncamlarının qarşıya qoyduğu vəzifələrdən biri elmdə struktur dəyişiklikləridir. Birinci sərəncamda deyildiyi kimi, "elmi qurumların strukturunun müəyyənləşdirilməsi"dir.

 

Dəyişiklik iki başlıca istiqamətdə gözlənilir. Birincisi, dövrün tələbinə uyğun olaraq bilavasitə elmin özündə aparılmalı olan dəyişikliklərdir: işlənməsinə ehtiyac doğan müasir elm sahələri, problemlər, mövzular. İkincisi, təşkilati sahədə, elmin idarəçiliyində zamanın diktə elədiyi dəyişikliklərdir: Mövcud tədqiqat institutlarında yenidən qurmalar, yeni elmi istiqamətin yaradılması, təzə institutun açılması. Burada söhbət ikinci növ dəyişiklikdən, təzə institutun - Türkologiya institutunun təşkilindədir.

Təşkili deyirik ona görə ki, bu profilli işlərin bir qismi mövcud ictimai bölmələrdə aparılır. Onlar da yeni institutda birləşdirilə bilər.

Türkologiya institutunu zəruriləşdirən birinci növbədə dünya türkologiya elminin mərkəzləşdirilməsidir. Bu elmin də araşdırdığı türk xalqlarının etnik birliyindən gələn tarixi sivilizasiya birliyidir, türk respublikalarının hazırkı dövlət müstəqilliyinin gələcəyə yönələn mədəni yaxınlaşmasıdır, nəhayət, son illərdə bu sahədəki Azərbaycan elmində milli keçmişə oyanan ehtiyacdır. Bu faktorların hər birinin altında hazırkı strukturdan kənarda qalan tam bir milli mənəvi xəzinə, eyni zamanda ortaq türklüyün qiymətli elmi, mədəni sərvətləri uyuyur.

Türk xalqlarının tarixi sivlizasiya birliyi sözün hərfi mənasında onların istifadə etdikləri hərflərdən, qədim ortaq əlifbasından başlayır. Yazılı nümunələri eradan əvvəllərdən gələn, eramızın beşinci əsrindən məlum Yenisey epitafiyalarında, onun davamı olan Orxon abidələrində dünyəviləşən ilk türk əlifbası. Yenisey və Orxon epitafiya yazılarının nümunəsində dünya yazısının yeni bir növü, forması aşkarlanmışdır. Xətti quruluşuna görə Skandinaviyadakı "run" hərflərini xatırladan bu "runvari", yaxud "Göytürk" əlifbası "türk dilinə çox uyğun" (V.Bartold) idi. İlkin milli yazı mədəniyyəti hadisəsi olaraq əlifbanın mövqeyi və onunla yazılmış tarixi mənbələr müstəqil öyrənilməlidir.

Belə ki, həmin tarixi mənbələr - Yenisey, Talas, Altay, Orxon, Turfan abidələri tam bir sıra müasir elmlərimizin bünövrəsini özündə birləşdirir.

Onlardan biri Qədim Türk filologiyasıdır. Əlifbası, yazısı, dili və ədəbiyyatıdır. Bu filoloji sahələrin hərəsinin orada faktları yatır ki, sorağı xarici türkoloqların tədqiqatlarından gəlir. Filologiyamızın ilkin mərhələsi olaraq onları elmimizə gətirib xalqın malı edilməlidir. Bu sahələrin hər biri özünün sənədli başlanğıcını adları çəkilən abidələrdən götürür. Bunların hərəsi bir neçə cildlik tarixi linqvistik, ədəbi-bədii əsərlərdir, onlar həllini gözləyir. Eramızın V-X əsrlərini əhatə edən bu yazılı abidələr həmin dövrü mədəniyyət epoxası kimi səciyyələndirir. O dövr məhz qədim mədəniyyət epoxası miqyasında açılıb araşdırılmalıdır.

Hazırkı tədqiqat institutlarının heç biri oraya varmadığından milli tarix unudulur, dözülməz mədəniyyət itkilərinə yol yerilir. Məsələn, yazılı ədəbiyyatımızın tarixinin haradan, hansı bədii sənədlərdən başlanması bu günədək öz həqiqi məcrasını tapmayıb. Burada iki mənzərənin şahidi oluruq: Tarixi gerçəkliyin özündəkilər və indiyədək yazılmış ədəbiyyat tarixlərindəkilər.

Tarixi gerçəkliyin özünə uyğun olaraq dünya türkologiya elmi bu başlanğıcı adını çəkdiyimiz abidələrdə müəyyənləşdirmişdir. İyirminci əsrin əvvəllərində bizim mütəxəssislərimiz də çox düzgün olaraq həmin tarixi gerçəklik yolunu tutmuşlar. Bəzilərini xatırlayaq: Əli bəy Hüseynzadə Orxon abidələrindən bəhs edərkən yazmışdır: "Bu növ yazılarda türk qövmünün vəqaiyi-tarixiyyəsi, xanların fütühatları... Bilgə xanın vəfatına qədər qayət milli və şairanə bir surətdə hekayə edilir". Bəli, "bu növ yazılarda türk qövmünün vəqaiyi-tarixiyyəsi - tarixi hadisələri, qayət milli və şairanə bir surətdə hekayə edilir".

"Oğuzların arasında qədim zamandan bəri yazının və yazılı ədəbiyyatın varlığı məlumdur... Orxon kitabələrindəki üslub və ifadə bir yazı ədəbiyyatının təkamül etməyə başlayan dövrü əsərlərindən olduğunu göstəriyor". Burada bir neçə mətləb ifadə olunub. Əvvəla Oğuzlar. Bu ulu sələflərimiz arasında, qədim zamanlardan bəri yazının və yazılı ədəbiyyatın varlığı.

"...bu gün türk ədəbiyyatının (o vaxtlar bizim ədəbiyyat da belə adlanırdı - V.O.) ən birinci və ibtidai tarixi nümunəsi Orxon kitabələridir. İkincisi isə "Kutadqu bilik" ədəbiyyatıdır ki, bu da tarixi bir sənəddir. Üçüncü tarixi sənəd isə Turfan ədəbiyyatıdır".

Bu deyilənlərlə yazılı ədəbiyyat tariximizin haradan başlamalı olduğu, ilkin mərhələsi düzgün müəyyənləşdirilirdi. O mərhələdə iki amil tarixi şahidlik kimi mənalıdır: Oğuzlar və Orxon yazıları. Oğuzlar - milli müəyyənlik, Orxon yazıları - erkən ədəbi nümunələr. Orxon abidələrinin Oğuz ədəbiyyatı kimi təqdimi. Yazılı ədəbiyyatımızın tarixi birinci növbədə bu bünövrə üzərində qərar tutmuşdur. Yerli mütəxəssislərimizlə həmfikir dünya türkoloqları da burada verə bilmədiyimiz xüsusi əsərlərində qədim ədəbiyyatımızın bünövrəsini göstərilən abidələrdən hesab etmişlər.

Lakin hazırda çapdan çıxmaqda olan çoxcildli Azərbaycan ədəbiyyatı tarixində dözülməz mənzərə ilə üzləşirik. Çoxcildliyin ikinci cildi yazılı ədəbiyyatımızın tarixindən başlayır. Özü də haradan və nələrdən: Kitabın əvvəlində Aratta ölkəsi, Lillubi, Manna, Midiya, Zərdüşt-Avesta axtarılır. Əslində milli əlifba, türklərdə yazı mədəniyyəti, doğma dildəki ilkin ədəbi nümunələr gözlənirdi. Milli tariximizdə bunların hər birinin faktiki materialı ola-ola cilddəkilərlə sanki iz azdırılır.

Cildin girişi və birinci fəsli - fars, ikinci fəsli tamam ərəb, üçüncü fəsli bütövlükdə fars dilli ədəbiyyatdır. Kitab başa çatır, lakin bilmək olmur bu hansı xalqın ədəbiyyat tarixidir. Qədim ədəbiyyatımızın zəngin bir qolunu Qədim Türk şeiri təşkil edir. Rus türkologiyasında - "drevnetyurkskaya poeziya" deyilən sahədən "Poeziya Tyurkov - VI-VIII V.I." kitabı çoxdan məlumdur. Orta Asiyada "Türklərin qədim poeziyası barədə", xüsusi tədqiqat yazılıb. Türkiyədə "Əski Türk şeiri" adında ayrıca kitab buraxılıb. Hamısı da onuncu əsrə qədər olan doğma dilli şeirlərdir. Bu məsələdə də bizdə vəziyyət ürəkaçan deyildir.

Hər bəndi qiymətli olan bu qədim nümunələrə bizim biganəliyimiz elmi məlumatsızlığa gətirmişdir. Nəticədə ana dilli şeirimizin on üçüncü əsrdən başlaması barədə fikirlər dissertasiyalara yol tapmışdır.

Bizim hazırda istifadə etdiyimiz ədəbiyyat nəzəriyyəsi əsasən Avropa və rus elmindən gələnlərdir. Doğrudur, elm milli deyil, ümumbəşəri hadisədir. Fəqət sənət, o cümlədən ədəbiyyat milli olduğundan elmin kumilyativliyi milli bədii təcrübənin hesabına nəzəriyyənin zənginləşməsinə imkan yaradır.

Qədim Türk filologiyasının sənədli yadigarı olan abidə mətnləri dilin və ədəbiyyatın nəzəriyyəsi istiqamətində də işlənməlidir. Onların bir qismi elə epitafiya janrının qədim nümunəsi olması ilə qiymətlidir. Ədəbiyyat nəzəriyyəsinin bu qədim janrının tarixi adətən yunan ədəbiyyatına bağlanır. Məlum olur ki, bizim erkən ədəbiyyatımız epitafiyalarla zənginmiş.

Göytürk əlifbalı abidələr Qədim Türk filologiyası ilə yanaşı digər bir sıra elmlərin mənbələridir. Budur, rus türkoloqlarından birinin kitabı belə adlanır: "Drevnetyurkskie runiçeskie pamyatniki kak istoçnik po istorii Sredney Azii". Abidələrin bütün türk xalqlarının ortaq sərvəti olduğundan onlar eynilə Azərbaycan tarixinin mənbəyidir.

Bu kimi hallar təklif olunan Türkologiya institutunda əlaqəli elmlərin şöbələrini açmağı irəli sürür.

Regional bölgü ilə yanaşanda türkologiyanın üç elmi mərkəzi mövcuddur. Onlar ikisi - Avropa və Rusiya, üçüncüsü türk regionu - Orta Asiya, Türkiyə və Azərbaycandır.

Bilindiyi kimi, əsrlər boyu türk tarixinin, mədəniyyətinin və ədəbiyyatının bir çox nadir nüsxələri, onların tapılması, saxlanması və tədqiqi Avropa ilə bağlı olmuşdur. Həmin tarixi, mədəni və ədəbi sərvətlər iki qismə ayrılır: birincisi, türk mənsublu, ərəb əlifbasında olanlardır. İkincisi, türk mənsublu və türk yazısı ilə yazılanlardır. Bu ikinci qisim yazıdakı abidələrin kəşfi və onların öyrənilməsilə Avropada və Rusiyada türkoloji məşğulluğun yeni dalğası başlamışdır.

Deyək ki, Tufan şeirləri ilə Almaniyada, Orxon və Yenisey yazıları ilə Danimarkada və İtaliyada məşğulluq intensivləşdikcə əldə olunanlar ayrıca bir elm sahəsinə çevrilirdi. Sovet dövründə bunlar "Zarubejnaya tyurkologiya" adı ilə təqdir olunub sovet elminə gətirilirdi. Bu adla kitablar da buraxılırdı. O kitabların birində Almaniya türkoloqu A.fon Qabenin "Qədim türk ədəbiyyatı", İtaliya türkoloqu A.Bombaçinin "Türk ədəbiyyatı" iri həcmli tədqiqat əsərləri yer tutur. İttifaqın dağılmasından sonra "Zarubejnaya tyurkologiya" ilə əlaqə kəsilmişdir. Türkologiya elmində mərkəzləşdirməyə ehtiyac doğuranlardan biri elə budur.

İkincisi, rus türkologiyasıdır. Belə ki, Rusiya da indi bizim üçün xaricdir. Rusiyada türkologiyanın iki dövrü - S.Peterburq və Moskva dövrü olmuşdur. Əvvəlcə S.Peterburqda köhnə nəsil türkoloqlardan ibarət elmi mərkəz yaradılmışdır. Mərkəz vaxtaşırı ölkədə türkoloji konfrans və qurultay keçirməyi planlaşdırmışdır. Mərkəzin Moskvaya keçməsilə bu sahəyə diqqət artmışdır. Danimarka alimi V.Tomsenin Göytürk yazılarına açar tapması Rusiyada təzədən əks-səda doğurmuşdu. Akademik V.Padlov oxunuşu davam etdirdikcə buraya yeni alimlər dəstəsi qoşulurdu. Qədim Türk yazılı abidələrini elmi axtarış ekspediysaları və onların öyrənilməsi müntəzəm xarakter almışdır. Rusiya akademiyasında bu sahə "tyukologiya" adı ilə ayrıca elmi istiqamətə çevrilmişdir.

Qədirşünaslıq naminə deyilməlidir ki, Rusiya türkoloqları mədəni irsimizin aşkarlanması, mühafizəsi və öyrənilməsində çox iş görmüşlər. Türk mədəni irsi barədəki elmin "tyurkoloqiya" (tyurko) "loqiya" təsisi əsasən rus elmi mühitində formalaşmışdır. Bu, böyük təsisatdır. O yerdə ki, "loqiya" var, deməli sözlə, fikirlə, elmlə bağlılıq var. Bunlarla türkologiyanın müstəqil elm təsisatı müəyyənləşir. Digər "loqiya"lardan fərqli olaraq burada elmlə yanaşı milli, psixoloji amillər iştirak edir. Türk qövmünün burada tarixi sənədlərindən biri dediyimiz yazılı abidələr milli əlifbanın, yazı mədəniyyətinin ilkin faktı olmaqla yanaşı milli sözün, fikrin də erkən ifadəsidir. Birlikdə isə bunlar türklüyümüzün ifadəsidir. Bu ənənədən türklüyümüzün ifadəsi dünya miqyaslı - "Dədə Qorqud", "Divani-lüğəti - it-türk", "Qudatqu bilik", "Oğuzların tarixi" gəlir. Avropa və Rusiya türkoloqlarının səviyyəsi də göstərir ki, bunlar türkologiyanın klassik tarixi obyektləridir. "Klassik türkologiya" adı altında nəzərdə tutulan birinci növbədə məhz bunlardan nəşət edir.

Hazırda Rusiya elminin özünün böhran keçirməsi, dövlət müstəqillikləri oradakı türkoloji fəaliyyətləri unutdurmuşdur. Ona görə qarşıya yeni vəzifələr çıxır. Ölkələr arası mədəni əlaqələr yolu ilə oradakı türkoloji irsi, surət çıxarma vasitəsilə olsa belə, vətənə gətirmək vacibdir.

Etiraf edilməlidir ki, Azərbaycanda türkologiya empirik vəziyyətdədir. Bu empirikliyin bir tərəfi məhdudluq, əyalətçilikdir. Odur ki, birinci növbədə türkologiyanın bağlı olduğu müasir türk xalqlarının elm və mədəniyyətləri mühitinə çıxmaq gərəkdir. O mühitdə türk elm və mədəniyyətlərinin birgə görüb həll ediləsi kifayət qədər problemləri var.

Avropa və Rusiya türkologiyasına çatmağın yolu burdan keçir.

Akademik Ramiz Mehdiyev ictimai və humanitar elmlərin hazırkı vəziyyətindən bəhs edərkən yazmışdır: "Biz ümumən Azərbaycan elmini əyalət ab-havasından xilas edərək, onun dünya elm məkanına inteqrasiyasına can atmalıyıq".

Buradan çıxış edərək deməliyik ki, son illərin siyasi hadisələri, dünyadakı qloballaşma meyilləri, elm və mədəniyyətlərin inteqrasiyası türk xalqlarının tarixi mədəni əlaqə və birliyinin dərkini və onun tədqiqini qarşıya qoyur.

Türkologiyanın mühüm, eyni zamanda fəal qolu ədəbiyyatşünaslıqdır. Bu sahədə türk dövlətləri ədəbiyyatlarının əlaqəli öyrənilməsi hələ də arzu olaraq qalır. Slavyan ədəbiyyatlarının əlaqəli tədqiqinə keçən əsrin yetmişinci illərindən başlanmışdır. Elmin son nailiyyətlərindən olan müqayisəli ədəbiyyatşünaslıq hələ də türkologiyaya tətbiq edilmir. Bunlarsız yeni səviyyəli türkologiya qeyri-mümkündür. Haqlı olaraq indi bu barədə mütəxəssislərimizdən xəbərdarlıqlar gəlir: "Türkün türkologiyasını yaratmaq vaxtı gəlib çatmışdır" (AMEA-nın müxbir üzvü Nizami Cəfərov). Bu gəlib çatan vaxtın da diktə etdiyi Türkologiya institutudur.

Deyilənlərlə bərabər, bu instituta ehtiyac doğuran - türk respublikalarının hazırkı dövlət müstəqilliyidir. Müstəqilliyin açdığı imkanlardan istifadə edərək onların gələcəyə yönələn elmi və mədəni yaxınlaşmasıdır.

Bu istiqamətdə səmərəli işlər görülməkdədir. Türk dövlət başçılarının görüşmələri, birgə siyasi tədbirlər elm və mədəniyyətlərin yaxınlaşmasına da yol açır. Xalqlarımızın folklorundan tutmuş ("ortaq türk keçmişindən ortaq türk gələcəyinə" adı ilə) türk dövlətləri parlamentlərinin əlaqələndirilməsinədək birgə əməllərə başlanılmışdır.

Burada türkologiyanın öz vəzifələri qarşıya çıxır. Türk xalqlarının ortaq əlifbasından mifologiyasına qədər görülməli fəaliyyət sahələri vardır.

 

 

Vəli OSMANLI,

AMEA Nizami adına Ədəbiyyat

İnstitutunun baş elmi işçisi,

filologiya elmləri doktoru

 

Azərbaycan.- 2010.-  6 aprel.- S.  7.