Bakıda "Beynəlxalq təhsil sərgisi - 2010" açılmışdır

 

Aprelin 6-da Bakıda "Beynəlxalq təhsil sərgisi - 2010" açılmışdır. Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, təhsil nazirinin müavini Elmar Qasımov bir sıra xarici dövlətlərin nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri iştirak etmişlər.

Sərginin açılışında çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov qeyd etmişdir ki, Azərbaycanda təhsilə yüksək dövlət qayğısı göstərilir. Prezident İlham Əliyev azərbaycanlı tələbələrin xaricdə təhsil almasına xüsusi diqqət yetirir. Ölkəmizdə bu istiqamətdə mühüm işlər həyata keçirilir. Nazir müavini qeyd etmişdir ki, Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə artıq ikinci dəfədir ki, keçirilən bu sərgi azərbaycanlı tələbələrin xarici universitetlər barədə məlumat alması baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, Azərbaycan təhsil sahəsində reallaşdırdığı mühüm strateji layihələri həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, biz neft kapitalını insan kapitalına çevirməliyik. Neftdən gələn gəlirləri bir tərəfdən respublikanın qeyri-neft sektorunun inkişafına, digər tərəfdən isə gənc nəslin yetişməsinə, ölkənin intellektual gələcəyinin hazırlanmasına, gənclərin xarici ölkələrin ən qabaqcıl universitetlərində təhsil almaları işinə yönəltmək lazımdır. Bu mənada dünyanın aparıcı universitetlərinin öz imkanlarını təhsil konsepsiyalarını Azərbaycan gənclərinə təqdim etməsi müsbət haldır.

Tədbirdə Böyük Britaniya, ABŞ, İsveçrə, Türkiyə digər dövlətlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil ocaqlarının təmsilçiləri iştirak edirdilər.

İsveçrənin Qlion Universitetinin tələbə qəbulu komissiyasının direktoru Yuliya Tokareva bildirmişdir ki, bu cür tədbirlər azərbaycanlı tələbələr üçün yeni imkanlar açır. Bizim universitetdə üç azərbaycanlı tələbə təhsil alır. Onlar təhsil davranışları ilə yaxşı mənada seçilirlər.

Artıq dördüncü dəfə Azərbaycanda olduğunu qeyd edən Kembric təhsil qrupunun meneceri Kris Broadhörst bildirmişdir ki, ölkənizə hər dəfə gələndə inkişafın şahidi oluram. Mən bu sərgini çox yüksək qiymətləndirirəm. Burada azərbaycanlı tələbələr üçün çox gözəl imkanlar yaradılmışdır. Onlar sərgidə xarici universitetlərin təmsilçiləri ilə birbaşa təmasda olurlar.

Sərgidə iştirak edən tələbələr xarici universitetlərə müraciət formaları, ərizələrin doldurulması qaydaları, müxtəlif pillələr üzrə təhsil formaları digər məsələlərlə bağlı ətraflı məlumat almışlar.

Sərgiyə ümumilikdə 3-4 min tələbənin qatılacağı gözlənilir. Aprelin 7-də isə Kaspi Təhsil Mərkəzində universitetlərin fərdi seminarları da təşkil ediləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  7 aprel.- S. 2