Sağlamlıq böyük nemətdir
7 aprel Ümumdünya
Sağlamlıq Günüdür
Ümumdünya Səhiyyə Təşkilatı sağlamlığı insan həyatının elə bir amili hesab edir ki, onda heç bir xəstəlik və fiziki qüsur olmasın. Hər bir vətəndaş əlverişli mənəvi və ictimai şəraitdə yaşasın. Ona görə də insan sağlamlığı cəmiyyətin sərvətidir. Yalnız sağlam olanlar xalqın xeyrinə qurub-yaratmaq üçün özlərinin yaradıcı imkanlarından tam istifadə edə bilərlər. "Sağlam bədəndə sağlam ruh olar" el məsəli də sağlamlığın ecazkar qüvvəsini, onun yalnız şəxsin özü üçün deyil, cəmiyyət, vətən, dövlət üçün vacibliyini təsdiqləyir.
Bu gün Azərbaycanda müasir dövrün tələblərinə cavab verən keyfiyyətli səhiyyə sisteminin yaradılması ardıcıl və sistemli şəkildə həyata keçirilən sosialyönümlü islahatların əsas hədəfinə çevrilməklə, hər bir ölkə vətəndaşının sağlamlığının etibarlı qorunmasına xidmət edir. Son illərdə tibb ocaqlarının kadr potensialının gücləndirilməsi, ən müasir müalicə-diaqnostika mərkəzlərinin inşası, mövcud xəstəxanaların, poliklinikaların əsaslı təmiri və yenidənqurulması, onların dərman preparatları və digər texniki vasitələrlə təminatı istiqamətindəki tədbirlər daha geniş vüsət almışdır. "Biz artan iqtisadi imkanlarımızı ilk növbədə sosial sahələrin inkişafına, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik" deyən Azərbaycan Prezidenti İlham Əliyev bu sahənin problemlərinin kompleks həlli istiqamətində böyük işlərin görüldüyünü xüsusi vurğulamışdır. Əgər 2005-ci ildə səhiyyəyə dövlət büdcəsindən 110 milyon manat ayrılmışdısa, 2006-cı ildə bu rəqəm 179 milyon manat, 2007-ci ildə 269 milyon, 2008-ci ildə 330 milyon manat, 2009-cu ildə 508,9 milyon manat təşkil etmişdir. Qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, 2010-cu ildə səhiyyəyə dövlət büdcəsindən 479 milyon manat vəsaitin ayrılması da Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığı məsələsinə necə böyük həssaslıqla yanaşdığının əyani təcəssümüdür.
Səhiyyənin müasir tələblər səviyyəsində qurulması ilk növbədə bu sahədə infrastrukturun müasirləşdirilməsindən asılıdır. Regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində dövlət başçısı son 5 ildə ayrı-ayrı rayonlarda inşa edilmiş yeni müalicə-diaqnostika mərkəzlərinin, xəstəxanaların, poliklinikaların açılış mərasimində iştirak etmiş, eləcə də bu sahədə həllini gözləyən bəzi problemlərin aradan qaldırılması üçün müvafiq orqanlara tapşırıqlar vermişdir.
Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasda verilən məlumatlardan bəlli olur ki, ötən beş ildə Azərbaycanda 300-ə yaxın tibb müəssisəsi tikilmiş, yaxud əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına (2004-2008-ci illər) və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər Proqramı"na əsasən, ARDNŞ-in maliyyə vəsaiti hesabına respublikamızın 10-dan artıq bölgəsində beynəlxalq standartlara cavab verən müalicə-diaqnostika mərkəzləri inşa edilmişdir. Lənkəranda, Qazaxda, Siyəzəndə, Şirvanda, Naxçıvanda, Şahbuzda, Gəncədə, Bərdədə, Zaqatalada müasir tələblərə cavab verən müalicə-diaqnostika mərkəzləri əhalinin istifadəsinə verilmişdir. Bundan əlavə, Sumqayıtda "Real-Med" diaqnostika sağlamlıq mərkəzi, Xaçmazda "N-KAY M Klinik" özəl klinika, Sabirabadda "Muğan" klinikası, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Mərkəzi xəstəxana, Babək rayonunda "Duzdağ" Fizioterapiya Mərkəzi və digər səhiyyə obyektləri müasir standartlara uyğun tikilmiş və fəaliyyətə başlamışdır. Ölkə başçısı Yevlax şəhərində Uşaq Xəstəxanasının, Göygöldə Mərkəzi Rayon Xəstəxanasının, Bərdə şəhərində Müalicə-Diaqnostika Mərkəzinin, Bakıda Talassemiya Mərkəzinin açılışında iştirak etmişdir. Akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binası artıq əhalinin istifadəsinə verilmişdir.
Bakının kənd və qəsəbələrinin inkişafı proqramı çərçivəsində Xocasən, Əhmədli, Binə, Bülbülə, Nardaran qəsəbələrində poliklinikalar, Buzovnada Vərəm Əleyhinə Dispanser üçün 125 çarpayılıq yeni korpus inşa edilmiş, Zirədə müalicə-diaqnostika mərkəzi, Qala qəsəbəsində xəstəxana fəaliyyətə başlamışdır.
Tibb müəssisələrinin tikinti və yenidənqurma işləri ilə yanaşı, onların təchizat məsələlərinə də böyük önəm verilir. Son illər istifadəyə verilmiş müalicə müəssisələrinin əksəriyyətində unikal cərrahi əməliyyatların aparılması üçün hər cür şərait yaradılmış, məşhur Avropa, Amerika və Yaponiya şirkətlərinin istehsalı olan qabaqcıl tibbi avadanlıqlar quraşdırılmışdır. Regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının və təchizatının yaxşılaşdırılması nəticəsində rayonlardan Bakıya gələn xəstələrin sayı ötən illə müqayisədə 30 faizədək azalmışdır.
Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda səhiyyə sistemində həyata keçiriləcək tədbirlər sistemi də öz əksini tapmışdır. Proqrama əsasən, 2009-2013-cü illərdə bu sahədə həyata keçiriləcək tədbirlər əhalinin sağlamlığının qorunmasına, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə, ölkədə müasir standartlara cavab verən səhiyyənin qurulmasına təminat verməlidir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün növbəti illərdə dövlətin maliyyə imkanları çərçivəsində pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin artırılması; əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi rayonlarda yeni səhiyyə müəssisələrinin inşası və digər məsələlər nəzərdə tutulur.
Səhiyyə sisteminin inkişafı tədbirləri çərçivəsində son illər təcili və təxirəsalınmaz tibbi xidmətin təkmilləşdirilməsi sahəsində islahatlar da özünün sistemliyi ilə diqqəti çəkir. Dövlət başçısı İlham Əliyev tərəfindən son 3 ildə bu sahənin problemlərinin həlli və inkişafı ilə bağlı 4 xüsusi sərəncam imzalanmışdır.
Göründüyü kimi, insan sağlamlığının qorunması üçün ölkədə ardıcıl olaraq mühüm tədbirlər həyata keçirilmişdir. Fədakar tibb alimlərimiz, həkimlərimiz közərən xəstəlik ocaqlarının vaxtında ləğv edilməsində, profilaktik tədbirlərin aparılmasında cəsarətli addımlar atmışlar. Həkim olmaq böyük məsuliyyətdir. Çünki bu peşənin daşıyıcılarına həyatda hər birimiz üçün əziz olan sağlamlığımızı etibar edirik. İnsanların sağlamlığı isə dövlətin, cəmiyyətin sağlamlığıdır.
İ.ƏLİYEVA
Azərbaycan.- 2010.- 7
aprel.- S. 2.