"Mir Cəlalın elmi-nəzəri
görüşləri" kitabının təqdimatı
Aprelin 6-da Azərbaycan
Yazıçılar Birliyinin (AYB) "Bayatı" kitab
mağazasında şair-publisist Gülxani Pənahın
"Poeziya Günü" nəşrlər evində
çapdan çıxmış "Mir Cəlalın elmi-nəzəri
görüşləri" kitabının təqdimat mərasimi
keçirilmişdir.
AYB-nin katibi, xalq
şairi Fikrət Qoca, vaxtilə Mir Cəlalın
dissertantı olmuş xalq şairi Söhrab Tahir, tənqidçi
Vaqif Yusifli vurğulamışlar ki, bu kitabda görkəmli ədəbiyyatşünas
alim və yazıçı Mir Cəlal Paşayevin elmi yaradıcılığı,
ədəbi-tənqidi görüşləri şərh
edilmişdir. Bildirilmişdir ki, müəllif Mir Cəlal
Paşayevin özündən əvvəl yaşayıb
yaratmış bir çox görkəmli sənətkarların
sənət yolunu, sənətkarlıq keyfiyyətlərini,
onların dil-üslub xüsusiyyətlərini orijinal bir şəkildə
təhlil və tədqiq etdiyini araşdırmış,
böyük ədib və alimin bir ədəbiyyatşünas
kimi söylədiyi dəyərli fikirləri qələmə
almışdır.
Şair-publisist Əlirza
Xələfli, şairlər Fikrət Sadıq, Mahirə
Abdulla, Firuzə Məmmədli, Qəşəm Nəcəfzadə,
kitabın redaktoru Arifə Arifqızı və
başqaları "Mir Cəlalın elmi-nəzəri
görüşləri" monoqrafiyasını həm klassik,
həm də XIX-XX əsrlərin ədəbi prosesləri, həmin
dövrün Azərbaycan ədəbiyyatşünaslığı
və bütövlükdə ümumtürk filoloji
düşüncəsi üçün əhəmiyyətli
bir hadisə adlandırmışlar.
Kitabın elmi
redaktorları filologiya elmləri doktorları, professorlar Qara
Namazov, İfrat Əliyeva, Rüstəm Rüstəmzadədir.
Sonda müəllif tədbirin
təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını
bildirmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 7 aprel.- S.
3.