Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı
Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 6 aprel tarixli sərəncamı
ilə təsdiq edilmişdir
1. Ümumi əsaslar
1.1. Mövcud
vəziyyət
Qeyri-neft sahələrinin yüksəlişi
ilə davamlı iqtisadi inkişafın təmin edilməsi
müasir dövrdə ölkəmizdə qarşıda duran
mühüm vəzifədir. Çoxsaylı tədqiqatlar göstərir
ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən
birini tutur.
Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya
üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən
xidmətlərin təqribən
üçdəbiri beynəlxalq
turizm vasitəsilə
həyata keçirilir.
Dünyada əməkqabiliyyətli
əhalinin 8,1 faizi turizm industriyasında
və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.
Zəngin mədəni-tarixi irsə
və əlverişli
təbii şəraitə
malik olan Azərbaycan turizm sahəsində böyük
inkişaf perspektivlərinə
malikdir. Ölkəmizdə turizmin əksər
növlərinin (kənd,
müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi
maraq kəsb edən və s.) inkişafı üçün
geniş imkanlar mövcuddur.
Azərbaycan Respublikasında
2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramının
həyata keçirilməsi
nəticəsində turizmin
inkişafı üçün
münbit şərait
yaradılmış, beynəlxalq
turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası
qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı
yüksəlmişdir.
Azərbaycanda turistlərin yerləşdirmə
biznesi dinamik surətdə inkişaf edir. 2002-ci ildə ölkədə fəaliyyət
göstərən mehmanxana
və mehmanxana tipli müəssisələrin
sayı 94 olduğu halda ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 370-ə
çatmışdır. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə
təxminən 3 dəfə
çoxdur.
Turizm sahəsində
çalışanların peşə hazırlığının
artırılması məqsədilə
2006-cı ildə Turizm
İnstitutu yaradılmış,
onun nəzdində müxtəlif peşələr
üzrə daimi fəaliyyət göstərən
kurslar açılmış,
eyni zamanda, Ümumdünya Turizm Təşkilatının və
Türkiyənin Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilməkdədir.
2002-ci ildən başlayaraq
hər il
Azərbaycanda beynəlxalq
turizm sərgisi təşkil olunur. Ölkədə turizmin əhəmiyyətini artırmaq,
turizm potensialını
təbliğ etmək,
yerli adət-ənənələri,
milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq
məqsədilə tematik
nəşr məhsulları
(kitab, buklet, CD və DVD-lər və s.) hazırlanır və yayılır, dünyanın müxtəlif
televiziya kanallarında
reklam çarxı nümayiş etdirilir, həyata keçirilən
yeni layihələr barədə reklam və elanlar verilir, bu istiqamətdə
internet imkanlarından və
digər elektron daşıyıcı vasitələrindən
də geniş istifadə edilir.
Görülən kompleks işlərin nəticəsi olaraq ölkəyə gələn
turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət
göstərən turizm
şirkətləri şəbəkəsi
genişlənir. Hazırda respublikada 123 turizm
müəssisəsi lisenziya
əsasında fəaliyyət
göstərir və
2002-ci ilə nisbətən
onların sayı 3 dəfədən çox
artmışdır.
Bununla yanaşı, turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının
aparıcı sahələrindən
birinə çevrilməsi
bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə
şərait yaradır.
"Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"
(bundan sonra - Dövlət Proqramı) ölkədə turizmin rastlaşdığı problemlərin
həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün
hazırlanmışdır.
1.2. Məqsəd və vəzifələr
Dövlət Proqramının başlıca
məqsədi Azərbaycanda
yüksək iqtisadi, sosial və ekoloji tələblərə
cavab verən müasir turizm sahəsinin formalaşdırılması
və onun ölkə iqtisadiyyatının
əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin
edilməsidir.
Bu məqsədə nail olunması aşağıdakı
əsas vəzifələrin
həllini nəzərdə
tutur:
● ölkədə
turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində
qurulmasına istiqamətlənmiş
məqsədyönlü fəaliyyətin
həyata keçirilməsi;
● daxili və xarici investisiyaların turizm sahəsinə cəlb edilməsi məqsədilə
bu sahədə təşviqləndirici investisiya
və biznes mühitinin formalaşdırılması;
● turizm sahəsində qabaqcıl
beynəlxalq təcrübədən
istifadə edilməklə
səmərəli dövlət
tənzimlənməsi və
idarə edilməsi mexanizmlərinin yaradılması;
● ölkənin
turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət
səviyyəsinin beynəlxalq
standartlara uyğunluğunun
təmin edilməsi, dünya turizm xidmətləri bazarında
ölkə turizminin rəqabət qabiliyyətinin
artırılması.
1.3. Dövlət Proqramının
fəaliyyət istiqamətləri
Dövlət Proqramı
aşağıdakı istiqamətlərdə
məqsədyönlü tədbirlərin
həyata keçirilməsini
nəzərdə tutur:
● turizm sahəsində normativ hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin
təkmilləşdirilməsi;
● turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun yaradılması;
● ölkənin
turizm potensialından istifadə imkanlarının
genişləndirilməsi;
● ölkənin
bütün regionlarında
turizm fəaliyyətinin
stimullaşdırılması;
● turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi;
● turizmin müxtəlif növlərinin
inkişaf etdirilməsi,
yeni turizm marşrutlarının yaradılması;
● turizm xidmətlərinin keyfiyyətinin
artırılması məqsədilə
mütərəqqi üsulların
və standartların hazırlanması və tətbiq edilməsi;
● mehmanxanaların
və digər turizm xidməti müəssisələri şəbəkəsinin
genişləndirilməsi;
● turizm sahəsi üçün
kadr hazırlığı
və ixtisasartırma
sisteminin təkmilləşdirilməsi,
xarici dövlətlərdə
məqsədli təhsil
üzrə layihələrin
həyata keçirilməsi;
● Azərbaycanın milli-tarixi, mədəni və mənəvi irsinin, milli adət-ənənələrin dünyada təbliği, ayrı-ayrı regionların
və şəhərlərin
tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq
edilməsi;
● milli sənətkarlıq və
suvenir məhsullarının
istehsalının və
satışının təşviqi;
● turizmin inkişafı sahəsində
beynəlxalq əməkdaşlığın
genişləndirilməsi.
1.4. Dövlət Proqramının
maliyyələşdirilməsi
Dövlət Proqramında
nəzərdə tutulmuş
tədbirlər Azərbaycan
Respublikasının dövlət
büdcəsinin vəsaitləri,
o cümlədən dövlət
büdcəsində Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş
vəsaitlər, habelə
qanunvericilikdə nəzərdə
tutulan digər mənbələr hesabına
maliyyələşdirilir.
Azərbaycan.-
2010.- 7 aprel.- S. 4.