13. Elmi tərəqqinin nailiyyətlərinə söykənən iqtisadi inkişaf

 

İqtisadi sahədə keçid dövrü başa çatıb

 

"Biz informasiya texnologiyaları sektorunun inkişafına böyük vəsait ayırırıq. Kosmik sənayeyə xüsusi diqqət yetiririk. Öz peykimizi buraxmağı planlaşdırırıq. Beləliklə, böyük müasirləşmə proqramı həyata keçirilməkdədir".

 

İlham ƏLİYEV

 

Müasir iqtisadi inkişafı şərtləndirən əsas amillərdən biri ölkədə qabaqcıl texnologiyaların tətbiqi, informasiya cəmiyyətinin yaradılması və elmtutumlu iqtisadiyyatın formalaşdırılmasıdır. Dünya dövlətlərinin real inkişaf mənzərəsi göstərir ki, artıq zəngin təbii ehtiyatlar, mövcud olan digər potensial informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi olmadan sürətli və kompleks xarakter daşıyan iqtisadi tərəqqini təmin etmək iqtidarında deyil. Əksinə, ümumi iqtisadi inkişafda informasiya-kommunikasiya texnologiyalarının payı artan xətt üzrə inkişaf etməkdə, öz çəkisini artırmaqdadır. Məhz bu səbəbdən indi ölkəmizdə də informasiya-kommunikasiya texnologiyaları davamlı inkişaf siyasətinin prioritet istiqamətləri sırasında yer almaqla yanaşı, sosial-iqtisadi sahəyə də böyük sürətlə nüfuz etməkdədir.

 

Elmtutumlu sahələrin inkişafına gedən yolun başlanğıcı

 

Danılmaz həqiqətdir ki, Azərbaycanda elmtutumlu sahələrin daha da genişləndirilməsi, yenilərinin yaradılması bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra ulu öndərin diqqət yetirdiyi mühüm məqamlardan biri məhz elmtutumlu, o dövr üçün qabaqcıl hesab edilən texnologiyaya əsaslanan sahələrin yaradılması, inkişaf etdirilməsi idi. Bu, iqtisadi sahədə də inkişaf səviyyəsini yüksəltməklə bərabər, ölkədə daha güclü sənaye potensialının yaranmasına, digər sektorların da inkişafına ciddi təkan verirdi. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın ali təhsil məktəblərində elektronika, avtomatika və hesablama texnikası üzrə mütəxəssislər yetişdirilməsinə başlandı, həmçinin elektron avadanlıq istehsal edən zavodların inşasına start verildi. Görülən işlərin məntiqi nəticəsi olaraq ölkəmizdə Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, "Neftqazavtomatika" və digər elmi-tədqiqat müəssisələri meydana gəldi. Bundan başqa, ulu öndərin birbaşa yardımı nəticəsində Azərbaycana ilk böyük elektron hesablama maşını olan BESM-6 gətirildi, avtomatlaşdırılmış idarəetmə sistemləri - RASU-"Azərbaycan", respublika kompüter şəbəkəsi, bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri işlənib hazırlandı, "AZON", "NORD" elm-istehsalat birlikləri, radiozavod, Elektron Hesablama Maşınları Zavodu, "Peyk", "Ulduz" kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verildi. Görülən işlərdə diqqət çəkən əsas məqamlardan biri isə yaradılan yeni sahələrin elmi təminatının formalaşdırılması idi. O da mühüm faktorlardan biridir ki, hazırda bütün dünya tərəfindən müasir sosial-iqtisadi tərəqqinin inkişaf sxemi kimi qəbul edilən "Universitet-İqtisadiyyat və Hökumət" üçqat spiral modelinin tətbiqini ulu öndər Heydər Əliyev 70-80-ci illərdə Azərbaycanda həyata keçirdi. Bütün bunlar ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının möhkəm əsaslarının yaradılmasına gətirib çıxardı və sirr deyil ki, həmin dövrdə görülən işlər müstəqillik illərində ölkəmizdə İKT sektorunun yeni inkişafında baza rolunu oynadı.

Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də ulu öndər Heydər Əliyevin İKT sektorunun inkişafına xüsusi diqqət yetirməsi yuxarıda qeyd edilənlər fonunda tamamilə təbii hesab oluna bilər. Burada digər maraqlı məqam ondan ibarətdir ki, ulu öndər Azərbaycana rəhbərlik etməyə başladığı ilk dövrlərdə bu məsələləri nəzarətində saxlayırdı. Qeyd olunan sahə üzrə atılan ilk vacib addımlardan biri 1993-cü ilin avqustunda Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin açılışı ilə bağlı oldu. Bu, artıq Azərbaycan rabitə sisteminin dünyaya açılmasında yeni mərhələnin başlanması demək idi. Lakin ilk dövrlərdə görülən işlər bununla məhdudlaşmayaraq daha geniş xarakter almağa başladı. Telekommunikasiya sahəsinə xarici investorların cəlb edilməsi sayəsində 1994-cü ildə "Bakcell", bundan iki il sonra "Azercell" birgə müəssisələri yaradıldı, bununla, mobil rabitənin ölkəmizdə inkişaf dövrü başlandı. Hazırda Azərbaycanın rabitə bazarında hər iki şirkət, həmçinin "NAR Mobile" aparıcı mövqe sahibləri kimi çıxış edir. 1995-ci il dekabrın 9-da Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon stansiyasının, yenidən qurulmuş Şəhərlərarası Telefon Stansiyasının açılışı, ilk elektron ATS-lərin qurulması, "AzEvroTel" və "Ultel" birgə müəssisələrinin lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başlaması İKT sferasının inkişafına göstərilən qayğının məntiqi nəticəsi kimi çıxış edirdi. Kompüterlərdən, kommunikasiya texnologiyalarından istifadənin genişlənməsi də 1993-cü ildən sonrakı dövrə təsadüf edirdi.

İnformasiya texnologiyaları sahəsinin ölkənin inkişaf prioritetlərinə daxil edildiyini göstərən daha bir önəmli addım Heydər Əliyevin 2003-cü il fevralın 17-də 1146 nömrəli sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" oldu. Bu strategiya təsdiqləndiyi dövrdən etibarən növbəti 10 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirirdi. Digər tərəfdən, bu istiqamətdə atılan addımlar ölkədə informasiya-kommunikasiya texnologiyalarının dövlət orqanlarında istifadəsinin səmərəliliyinin artırılmasının, əhalinin bu orqanlarla əlaqələrində ünsiyyətinin asanlaşdırılmasının və bürokratik əngəllərin aradan qaldırılmasının, ölkədə yaradılan müxtəlif təyinatlı informasiya sistemlərinin qarşılıqlı uzlaşmasının əsasını qoydu.

 

İnformasiya-kommunikasiya texnologiyalarının ölkəmizdə tətbiqi prioritet xarakter daşıyır

 

Ulu öndərin layiqli davamçısı, yeni yüzilliyin tələblərinə uyğun olaraq Azərbaycanın sürətli inkişafını təmin edən Prezident İlham Əliyev İKT sektoruna daim xüsusi diqqət və qayğı göstərməklə yanaşı, ölkəmizdə bu sahənin tərəqqi göstəricisinə görə təkcə Cənubi Qafqazda yox, daha böyük coğrafi məkanda öncüllər sırasında yer almasına nail olub. Prezident İlham Əliyevin ilk beynəlxalq səfərinin 2003-cü ilin dekabrında Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla bağlı olması dövlət başçısı səviyyəsində İKT-nin inkişafına göstərilən diqqətin təzahürü idi.

Dekabrın 10-da Cenevrənin Palekspo sarayında İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində geniş və dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev bildirdi ki, son on il müddətində kommunikasiya texnologiyaları gündəlik həyatımızın tərkib hissəsinə çevrilib və həyatımızı İnternetsiz, E-mail-siz (elektron poçtsuz) və qlobal rabitənin imkanları olmadan təsəvvür etmək mümkün deyil.

Sammitin sənədlərinin Azərbaycan üçün xüsusi əhəmiyyəti olduğunu bildirən, burada gənc nəslin fəal surətdə informasiya və kompüter texnologiyaları layihələrini həyata keçirdiyini, bu işdə ölkəmizə BMT-nin İnkişaf Proqramının yaxından yardım etdiyini göstərən dövlət başçısı ölkəmizdə dövlət proqramı kimi "İ - Azərbaycan" "Elektron Azərbaycan" proqramının inkişaf etdirildiyini vurğuladı. İqtisadi sahədə, o cümlədən enerji sektorunda qazanılan nailiyyətlərdən söz açan dövlət başçısı onu da qeyd etdi ki, ölkəmizin əlverişli coğrafi-siyasi mövqeyi Azərbaycanı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin vacib hissəsi edib ki, nəticədə bu nəqliyyat dəhlizləri vasitəsilə Azərbaycana yeni bizneslər və yeni informasiya növlərinin axıb gəlməsi təmin olunub.

Bundan sonra 2004-cü ildə qəbul edilmiş "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ölkədə elektron sənəd dövriyyəsinin yaradılmasına və elektron imza tətbiq edilən yeni proseslərin, o cümlədən yeni iqtisadi fəaliyyət sahələrinin inkişafına şərait yaratdı. "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli fərmanı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının müasir tələblərə uyğun olaraq inkişafını təmin etmək məqsədilə Dövlət Proqramı"nın hazırlanması barədə verdiyi tapşırıq ölkə rəhbərliyinin müasir texnologiyaların ardıcıl inkişaf etdirilməsində növbəti addımı oldu. Bundan sonra dövlət başçısının 2004-cü il 21 avqust tarixli 355 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" göstərilən illər ərzində təhsilin keyfiyyətinin yüksəldilməsində, gənclərin inkişafında və ümumiyyətlə, Azərbaycanın tərəqqisində müasir texnologiyaların rolunu bir daha təsdiqlədi. Hazırlanmış bu dövlət proqramında Azərbaycanın mövcud potensialından səmərəli istifadə edilməsi və onun inkişaf etdirilməsi, rabitə və informasiya texnologiyaları sahəsinin təşkilati, hüquqi, texniki, kadr baxımından modernləşdirilməsi, İKT sənayesinin formalaşdırılması, bu sahəyə yeni investisiyaların cəlb edilməsi və sahibkarlığın genişləndirilməsi, azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsi, sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi və nəticədə Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin edilməsinə yönəlmiş müxtəlif tədbirlər nəzərdə tutulurdu.

Daha sonra Prezident İlham Əliyev "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" adlı sənəddən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nı (Elektron Azərbaycan)" təsdiq etmişdir. Bu proqram elektron hökumətin yaradılması istiqamətində mühüm xarakter daşıyaraq ölkəmizdə belə hökumətin yaradılmasında əhəmiyyətli rol oynadı.

Beynəlxalq praktikada qəbul edilmiş normalara əsasən elektron hökumət - hər hansı bir ölkənin dovlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan yerləşdirilməsi deməkdir. Yəni, hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrufat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər. Bununla da, müxtəlif səviyyəli dövlət strukturları informasiyanın və xidmətlərin istehlakçılara bilavasitə çatdırılması üçün müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə edirlər. Elektron hökumətin xidmətlərinin istehlakçıları vətəndaşlar, özəl sektor və dövlət strukturlarıdır. "Elektron hökumət"in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə xidmət edir və dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində "elektron hökumət" fəaliyyət göstərir.

2005-ci ildə qəbul edilmiş "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanunu isə ölkədə telekommunikasiya fəaliyyətinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirdi və telekommunikasiya resurslarının məqsədyönlü planlaşdırılmasına və ədalətli istifadə olunmasının tənzimlənməsinə şərait yaratdı.

2007-ci il fevralın 13-də "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" üç illiyi münasibətilə keçirilmiş konfransda Prezidenti İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan etdi. Beləliklə, ölkəmizdə İKT sahəsində uğurla həyata keçirilən dövlət siyasəti və xüsusən də, bu sahəyə Prezident İlham Əliyevin diqqət göstərməsi dünyanın aparıcı İKT şirkətlərinin Azərbaycana daha böyük marağına səbəb oldu. Bu şirkətlərin rəhbərlərinin ölkəmizə səfərləri və son illərdə Davos İqtisadi Forumunda "Microsoft", "Cisco" və "İntel" kimi dünyamiqyaslı şirkətlərin prezidentlərinin Azərbaycan dövlət başçısı ilə görüşləri bir daha göstərir ki, Azərbaycanın İKT sektoru potensial investorların diqqət mərkəzindədir və bu sahədə geniş əməkdaşlıq imkanları mövcuddur.

Eyni zamanda İKT məhsulları üzrə xarici ticarət dövriyyəsi ölkənin ümumi xarici ticarət dövriyyəsində öz çəkisini çoxaltmaqdadır. 2005-ci ildən etibarən informasiya texnologiyaları məhsullarının ixracı ölkəmizdə artıb ki, bunun da başlıca səbəbi yerli məhsul istehsalının dəstəklənməsi və elektron avadanlıqlar istehsalı üzrə "KÜR" şirkətinin fəaliyyətə başlaması olub. Ümumiyyətlə, son 5 ildə İKT sektorunun gəlirlərinin orta illik artım tempi 32 faiz təşkil edib ki, bu göstərici üzrə ölkəmiz ümumdünya artım tempini təxminən 3 dəfə qabaqlayıb.

Digər tərəfdən, İKT sektoru üzrə əldə olunmuş gəlirlərdə özəl sektorun payı 2003-cü ildəki 66 faizdən 2008-ci ildə 80,3 faizə çatıb. Ümumdünya Davos Forumunun 2009-cu il İnformasiya Texnologiyaları üzrə Qlobal Hesabatında isə Azərbaycan elektron hazırlıq və istifadə səviyyəsinə görə 127 ölkə sırasında 60-cı yeri tutaraq MDB ölkələri arasında liderlik mövqeyini qoruyub saxlayıb. Bununla yanaşı o da xüsusi qeyd edilməlidir ki, ölkəmizdə İKT üzrə ixtisaslı kadr hazırlığı məqsədilə dünyanın bir neçə tanınmış informasiya texnologiyaları universiteti ilə əlaqələr qurulub. Bu prosesə daha da təkan vermək üçün respublikada fəaliyyət göstərən yerli və xarici informasiya texnologiyaları şirkətlərinin həmtəsisçiliyi ilə İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu yaradılıb. O da xüsusi olaraq qeyd edilməlidir ki, son illər İKT sektorunun davamlı inkişafına zəmin yaratmaq məqsədilə mobil və sabit şəbəkə operatorlarının özəlləşdirilməsi, bazarın liberallaşdırılması, əlverişli rəqabət mühitinin və effektiv tənzimləmə mexanizminin yaradılması istiqamətində zəruri islahatlar həyata keçirilib və bu tədbirlər nəticəsində ölkənin İKT sektorunda əldə olunan gəlirlərin həcmi dinamik olaraq artıb. Həmçinin 3G texnologiyasına uyğun xidmətlərin göstərilməsi prosesinə start verilib.

 

İqtisadiyyatın texnoloji modernləşdirilməsi, kosmik sənayenin inkişafı

 

İqtisadiyyatın texnoloji modernləşdirilməsini həyata keçirmək, elmi potensialı dayanıqlı iqtisadi inkişafın əsas resurslarından birinə çevirən tədqiqatların və effektiv innovasiya sisteminin balanslaşdırılmış strukturunun formalaşdırılması istiqamətində də ölkəmizdə kifayət qədər böyük əhəmiyyətli işlər görülməkdədir. Həmçinin elmi iqtisadiyyatın formalaşması üçün biliyin genişmiqyaslı inkişafını təmin edən, dünya bazarında rəqabət üstünlüyü verən, optimal institusional struktur əsasında balanslaşdırılmış, inkişaf edən elm sektoru yaradılması məsələsi də uğurla həll olunur. Bunun üçün qabaqcıl texnologiyaların transferi nəticəsində iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq və texnoloji cəhətdən modernləşdirilməsini həyata keçirmək üçün zəruri addımlar atılır.

Ölkəmizdə elmi iqtisadiyyatın formalaşdırılması istiqamətində atılan zəruri addımlardan biri isə Prezident İlham Əliyevin 10 aprel 2008-ci il tarixli sərəncamı ilə "2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiya"nı və "2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiyanın reallaşdırılmasının Dövlət Proqramı"nın təsdiq edilməsi oldu. Sərəncama uyğun olaraq elmi islahatlar aparmaq üçün dövlət komissiyası yaradılıb, həmçinin mövcud problemlərin həlli istiqamətində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılıb.

Bütün bunlar isə Azərbaycanın həm gələcək iqtisadi, həm də digər sahələr üzrə inkişafı baxımından olduqca zəruri xarakter daşıyır. Çünki dünyanın ən aparıcı tədqiqat mərkəzlərinin, alimlərinin gəldiyi yekun qənaət budur ki, XXI əsrdə informasiya, bio və nanotexnologiyalar elmi-texniki inqilabın əsasını təşkil edəcək. Bu, sənayecə inkişaf etmiş ölkələrdə elmin inkişafının və iqtisadiyyatın texnoloji cəhətdən modernləşdirilməsinin ən perspektivli istiqamətləri sayılır.

Ölkəmizdə yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması isə Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edən əsas amillərdəndir. Bu məqsədlə Prezident İlham Əliyevin rəhbərliyi altında atılan konkret addımlardan biri də kosmik sənayenin inkişaf etdirilməsidir.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 4 noyabr 2008-ci il tarixli sərəncamına uyğun olaraq ötən ilin avqustunda "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" təsdiq edilib. Proqramda 2009-2010-cu illərdə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı üzrə müvafiq qurumun yaradılması və fəaliyyətinin təmin edilməsi, peyk şəbəkə və sistemləri, onların idarə edilməsi və istismarı üzrə müvafiq normativ hüquqi sənədlərin hazırlanmasına dair təkliflərin verilməsi və tədbirlərin görülməsi, peyk xidmətlərinin göstərilməsi üçün imkanların artırılması planının hazırlanması nəzərdə tutulub və artıq bununla bağlı xeyli iş görülüb. Məsələn, artıq məlumdur ki, Azərbaycanın ilk süni telekommunikasiya peykinin orbitə çıxarılması layihəsini ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti həyata keçirəcək. Bununla bağlı qərar milli süni peykin orbitə çıxarılması layihəsi çərçivəsində keçirilən tenderin nəticələri əsasında qəbul olunub. Həmin tender Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi tərəfindən 2009-cu ilin yanvar ayında elan olunub. Tenderdə Fransanın "ThalesAlenia Spase" və "EADS Astrium", ABŞ-ın "Space SystemsLoral İnc." və "Orbital Sciences Corporation" şirkətləri, habelə "Sumitomo Corporation", "İSS Reşetnev" Yaponiya-Rusiya konsorsiumu iştirak edib. İddiaçılara təqdim olunan Əsas Şərtlər Toplusuna uyğun verilmiş təkliflər tender komissiyası və əlavə cəlb edilmiş xarici ekspertlər tərəfindən təkliflərin uyğunluğu, avadanlığın keyfiyyəti və dayanıqlılığı, peykin yaşama müddəti, son texnoloji yeniliklərin tətbiqi, təklifin qiyməti və s. əsas şərtlər nəzərə alınmaqla qiymətləndirilib. Nəticədə, tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi əsasında "Orbital Sciences Corporation" şirkətinə birinci, "Space Systems Loral İnc." şirkətinə ikinci, Fransanın "ThalesAlenia Spase" şirkətinə üçüncü yer verilməsi barədə qərar qəbul olunub.

İlk süni peykin 2011-ci ilin dekabr ayında orbitə çıxarılacağı gözlənilir. Layihə kommersiya xarakteri daşıdığından onun reallaşdırılması üçün 5-7 illik imtiyazlı kreditin ayrılması mümkündür. Gələcəkdə "AzerSpace" adlanacaq bu peykin dövlət müəssisələrinin nəzdində və ya birgə müəssisə şəklində fəaliyyət göstərəcəyi istisna olunmur. Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) isə Azərbaycana 2 orbital pozisiya verib. Lakin bu, yerin əhatə dairəsi üçün məhdudiyyət təşkil etdiyindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 20 il müddətinə orbital pozisiya icarəyə götürərək süni peyk layihəsini həyata keçirməyə başlayıb. Ümumiyyətlə isə Azərbaycan 2011-2012-ci illər ərzində Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya və Şərqi Asiya ölkələrini əhatə edəcək iki telekommunikasiya peyki buraxmağı planlaşdırır. Beynəlxalq peyk bazarına daxil olmaqla Azərbaycan televiziya və radio yayımı, internet, məlumat ötürülməsi, beynəlxalq telefon trafik mübadiləsi və bir çox qabaqcıl peyk tətbiqləri üçün xidmətlər təmin edəcək.

Bununla yanaşı Qazaxıstan və ya Türkmənistan ilə Xəzəraltı optik kabel əlaqəsinin yaradılması "Trans-Asiya-Avropa" (TAE) magistralını ən qısa yolla qapamağa və ölkəmizin tranzit məkana çevrilməsinə xidmət edəcək. Bu magistral İKT-nin ən çox inkişaf etdiyi dünyanın iki nəhəng regionunu - Qərbi Avropanı və Şərqi Asiyanı birləşdirərək magistral üzərində yerləşən, qonşu olan və həmin regionlarla müqayisədə zəif inkişaf etmiş təxminən 20 ölkəni əhatə edəcək. Layihə Azərbaycanın coğrafi mövqeyindən, inkişaf səviyyəsindən və ən başlıcası, onun regionda aparıcı iqtisadi potensiala malik olmasından asılı olaraq ölkəmizdə beynəlxalq kommutasiya mərkəzinin və qlobal informasiya bankının yaradılmasını nəzərdə tutur. 2009-cu il 5-7 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində təşkil olunan "İTU Telecom World 2009" sərgi və forumunda Azərbaycan pavilyonu ilə tanış olan BMT-nin Baş katibi Pan Gi Mun Azərbaycanın təşəbbüsü ilə reallaşması nəzərdə tutulan "Trans Avrasiya Super İnformasiya Magistralı" (TASİM) təşəbbüsünü cazibədar və böyük region üçün vacib layihə kimi qiymətləndirib və təşəbbüs BMT-nin Baş Assambleyasının İkinci Komitəsinin (İqtisadi və Maliyyə) iclasında yekdilliklə qəbul edilib. Bundan əvvəl isə 2008-ci il noyabr ayının 11-də "BAKUTEL-2008" beynəlxalq sərgi və konfransı çərçivəsində bu layihənin regionun nazirlər toplantısında müzakirəsi olunub və " Trans Avrasiya Super İnformasiya Magistralına dair Bakı Bəyannaməsi" qəbul olunub.

Azərbaycan İKT ilə bağlı bir sıra mühüm tədbirlərə ev sahibliyi etməsi ilə də bu sahənin inkişafına önəm verdiyini nümayiş etdirməkdədir. Belə tədbirlərdən biri kimi 2009-cu ilin noyabrında Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil etdiyi "Rəqəmsal texnologiyalar dövrü və yeni nəsil: İKT sahəsində gənclərin biliklərinin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransı göstərmək olar. Eləcə də bu xüsusda ötən il 4-7 noyabr tarixlərində keçirilən "Bakutel" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı göstərilə bilər.

Bütün bunlar Azərbaycanda qabaqcıl texnologiyanın iqtisadiyyatda və digər sahələrdə nə dərəcədə geniş vüsət aldığını və qarşıdakı dövr ərzində bu sahə üzrə ölkəmizin əldə edəcəyi nailiyyətlərin miqyasının daha da genişlənəcəyini əyani göstərir. Bu amil öz növbəsində Azərbaycanın daha sürətli dinamik inkişafını və onun yeni yüzillyin tələblərinə cavab verən formada baş tutacağını şərtləndirir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.-  7 aprel.- S.  5.