Türk-müsəlman əhalisinə
qarşı həyata keçirilən soyqırımları
Quba qırğınları
Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Xaçmazda yaşayan ermənilərə bu barədə xəbərdar edilmiş, onlara əlavə silah və sursat göndərilmişdi. 1918-ci ilin ilk aylarından Quba qəzasında müsəlman əhalisinə qarşı başlanan qırğınları faciə adlandırmaq vəhşiliklərin mahiyyətini tam açmır. Minlərlə insanın, dinc əhalinin, qadınların, uşaqların və qocaların əzab və işgəncə ilə qətlə yetirilməsi dəhşətli və ağlasığmaz qırğın idi. Quba faciəsi sırf siyasi məqsəd daşıyırdı. Qırğınlarda erməni daşnak qüvvələri ilə yanaşı bolşevik əsgərləri də iştirak edirdi. Bu qırğınlarda əsas məqsəd Quba qəzasında da müsəlman əhalisini məhv edərək erməni idarəçiliyinə nail olmaq idi. Çünki sovet rejimindən bəhrələnən Şaumyan Cənubi Qafqazda böyük Ermənistan dövləti yaratmaq üçün bütün imkanlardan istifadə edirdi. Təki Azərbaycan deyilən dövlət qurumu yaranmasın.
Faciəni səciyyələndirən başlıca cəhət odur ki, Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna geniş hazırlıq görülmüşdü. Qırğına başlamaq üçün isə bəhanə milli münaqişə ola bilərdi. Erməni daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. Qubada yaşayan M.Kasparov, H.Hayrapetov, A.Mukanyans və A.Boqdanov tərəfindən göndərilmiş teleqramlarda iddia olunurdu ki, Qubada müsəlmanlar milli ədavət, milli qırğın törədir, erməni və rus kəndlərini dağıdır, kilsələrə od vurub yandırırlar.
Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətmişdilər. Qubaya hücum edənlərin arasında özünü bolşevik kimi qələmə verən və 2 min əsgərə başçılıq edən David Gelovanidən başqa bolşevik Sturua da olmuşdur. Onun dəstəsində min əsgər var idi. Onlardan əvvəl isə Muradyanın rəhbərlik etdiyi 2 min erməni əsgəri Quba qəzasında qırğın törətmişdi. Həmin dəstə I Dünya müharibəsində özünü rus çarizminin ən yaxın müttəfiqi kimi qələmə vermiş "Daşnaksütyun" partiyasının əsgərlərindən ibarət idi. Qəzaya gəlmiş işğalçılara 300-dən çox yaraqlısı olan Avakov və Vartanın yerli ermənilərdən ibarət quldur dəstələri də kömək edirdi. Qubada 100-ə yaxın əsgərin olmasına baxmayaraq Gelovaniyə Xaçmazdan əlavə kömək göndərilmişdi. D.Gelovani bu barədə yazırdı: "Xaçmazdan köməyimizə poruçik Ağacanyanın başçılığı ilə ancaq ermənilərdən ibarət 150 nəfərlik dəstə və iki top gəldi". D.Gelovaninin Qubaya gəlməsi, xüsusi dəstə tələb etməsi və köməyinə məhz ermənilərdən ibarət xüsusi dəstənin göndərilməsi də bir daha göstərir ki, Azərbaycanın şimal bölgəsində müsəlmanlara qarşı etnik düşmənçilik - soyqırımı əvvəlcədən planlaşdırılmışdı. Belə ki, 1918-ci il martın əvvəllərində əmlaklarını sataraq Qubadan tələsik çıxıb gedən varlı ermənilərdən bunun səbəbini soruşduqda demişdilər ki, sizinlə bizim aramızda nə isə gözlənilir, ona görə də komitə bizi geri çağırır.
D.Gelovani Qubaya gələndə buradakı həbsxanada saxlanılan 200-dək hərbi erməni əsirini azadlığa buraxmışdı. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən və şahidlərin ifadələrindən aydın olur ki, həbsxanadakılar ilin əvvəlində bölgədə vəhşiliklər törətmiş erməni əsgərlərinin bir hissəsi idi. O vaxt Qusarın Kuzun kəndinin sakini, Türkiyədə təhsil almış nüfuzlu din xadimi Möhübəli əfəndi, həmçinin Cağar kəndinin sakini Hətəm Sərkarov yerli əhalini erməni daşnaklarına qarşı mübarizəyə qaldırmış, Cənubi Dağıstan ləzgilərindən də kömək alaraq işğalçıları darmadağın etmişlər. Muradyan 100 nəfər əsgərlə qaçıb canını qurtarmış, əsir düşmüş 200-dək daşnak Möhübəli əfəndinin tapşırığı ilə Quba həbsxanasına salınmışdı. D.Gelovani Qubadan qovulanda əhalini hədələmiş, tezliklə bura ermənilərin xüsusi təlim görmüş cəza dəstələrinin gələcəyini bildirmişdi. D.Gelovaninin hədə-qorxusundan 10 gün sonra Bakıdan top və pulemyotlarla silahlanmış Amazasp öz quldur dəstəsi ilə Qubaya daxil olmuşdu.
Amazaspın dəstəsi Qubanın girəcəyindən tutmuş yuxarı hissəsinədək şəhəri odlamağa başladı. Daşnaklar küçədə qarşılarına çıxan bütün adamları ucdantutma gülləyə tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deşik-deşik edir, gözlərini ovurdular. Yaxınlıqdakı meşəyə qaça bilməyənlər evlərinə girib qapıları bağlayırdılar. Onları evlərindən zorla çıxarır, yerindəcə güllələyir və yaxud qabaqlarına qatıb meydana aparırdılar. Bir neçə saatın ərzində yüzlərlə insan qətlə yetirilmişdi.
Dövrün sənədləri və şahid ifadələrindən məlum olur ki, erməni daşnak qüvvələri bolşevik əsgərlərindən çox məharətlə istifadə edirdilər. Şahidlərin biri yazır: "Daşnakların son dərəcə azğınlaşdığını görəndə onlarla qeyri-bərabər döyüşə girməli olduq. Bir gün davam edən atışmada 200-dən çox döyüşçünü itirib, 40 nəfərlə Digah kəndinə tərəf geri çəkildik. Amazasp bundan həm hirsləndi, həm də bir qədər ehtiyat etdi. Quba camaatını meydana yığıb bildirdi: "Mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən çox türk kəndini yandırıb xaraba qoymuşam. Uzun müddət türklərlə vuruşmuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Buraya da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam".
Daşnak-bolşevik birləşmələrinin Quba qəzasında törətdikləri qırğınlar daha amansız və qəddarlıqla həyata keçirilmişdi. Şahidlərdən biri yazır: "Amazasp daşnak dəstəsinə bələdçilik edən qubalı erməni Harun Hayrapetovu yanına çağırdı və ona nəsə dedi. Harun cibindən bir siyahı çıxarıb oxumağa başladı. Siyahıda Qubanın varlılarından 26 nəfərin adı var idi. Amazasp həmin adamların dalınca silahlı əsgərlərindən bir neçə nəfəri göndərdi. Silahlı əsgərlər həmin ailələrdən altı nəfərlə geri qayıdanda daşnak komandiri daha da qızışdı. Gətirilənlərin 4-ü qadın, 2-si yeniyetmə idi. Amazaspın tapşırığı ilə yeniyetmələrin başlarını kəsdilər. Qadınları uşaqlarının qanını içməyə məcbur etdilər. Onlar şivən qoparıb daşnakların üstünə atılanda qarınlarını süngülərlə deşdilər. Sonra qılıncla bədənlərini tən ortadan ikiyə böldülər. Meydanda ah-nalə yüksələndə Amazasp əsgərləri cərgə ilə düzdürüb əliyalın, günahsız əhaliyə atəş açmağı əmr etdi. Yüzlərlə adam qırıldı. İnanmaq olmurdu ki, insan-insana qarşı bu qədər vəhşilik törətsin". "Mən sizin qanınızı içəcəyəm" - deyən Amazasp siyahıda adları çəkilən adamların mülklərini odlayıb külə döndərmək üçün əmr verdi. Bütün bu hərəkətləri ilə o, son dərəcə qəddar və qaniçən olduğunu sübuta yetirirdi".
Amazasp Bakıdan mənfur Şaumyan rejimindən belə bir tapşırıq almışdı: Quba qəzasında bütün müsəlmanları qırıb məhv etmək, onların yaşayış məntəqələrini dağıtmaq. Sonra isə bu qırğını sünni və şiə məzhəbləri arasında toqquşma kimi qələmə vermək.
Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olmuşdur. Ona görə də onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta bilmişdilər. Həmin azğınlığın miqyasını təsəvvür etmək üçün iki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir. Bu rəqəm Quba şəhər əhalisinin beşdə biri demək idi.
Qırğının şahidlərindən olan Şahbalı oğlu xatırlayır: "Ermənilər o qədər adam qırmışdılar ki, Qubanın küçələri al-qana boyanmışdı. Əllərinə keçən 2 mindən çox adamı meydana yığıb ucdantutma güllələmək istəyəndə bir nəfər onların başçısına yaxınlaşdı. Deyilənə görə komissar idi. Bir qədər söhbət etdikdən sonra əsgərlərə təzədən əmr verildi ki, silahları aşağı salsınlar. Qadınlar və uşaqlar ağlayırdılar. Yekəpər bir erməni beş nəfərlə camaata yaxınlaşıb cavan, gözəgəlimli qadınları seçməyə başladı. Əllidən çox qadını hara isə apardılar. Onlardan birinin qardaşı etirazını bildirəndə yerindəcə güllələdilər. Onun meyidini yerə sərib bıçaqla gözlərini çıxardılar. Əli qana batmış erməni ovcunda tutduğu gözləri camaatın üstünə tulladı. Kütlədən uğultu qopdu. Daşnaklar ermənicə söyə-söyə qabaqdakıları qundaqla döyməyə başladılar. Sonra irəli çıxmış bir yaşlı kişinin qarnını süngü ilə deşdilər. Bu, göz ilə baxılası müsibət deyildi". Başqa bir şahid yazır: "Ermənilər dindarları Qubanın mərkəzinə gətirdilər. Bu, döyülən insanlar qəzanın ən hörmətli ağsaqqalları sayılırdılar. Amazasp hamının tanıdığı Quba ermənisi Harunu çağırdı. Harun azərbaycanca dedi ki, sünnilər və şiələr hərəsi bir tərəfə çəkilib üz-üzə dursunlar. Elə o cür də durdular. Aralarında 20-30 metr olardı. Sonra iki tüfəng gətirib dedilər ki, onsuz da sizin hamınızı qıracağıq. Kim sağ qalmaq istəyirsə dediyimizə əməl etsin. Sünnilər və şiələr növbə ilə bir-birilərinə güllə atsın. Sağ qalanlarla işimiz olmayacaq. Birinci iki nəfəri irəli çıxarıb tüfəngləri onlara verdilər. Biri ləzgi Məhəmməd, o birisi isə şiələrin ağsaqqalı Məşədi Mirsadıq idi. Onların heç biri erməni silahını əlinə almaq istəmirdi. Qundaqla başlarını yarıb onları tüfəng götürməyə məcbur etdilər. İkisi də tüfənglərini qaldırıb bir-birlərini nişan aldı. Hamı məəttəl qalmışdı. Nisbətən cavan olan Məhəmməd heç kimin gözləmədiyi halda geri döndü və bir daşnakı yerə sərdi. Qarışıqlıqdan istifadə edən Məşədi Mirsadıq da bir ermənini öldürdü. Qaçmaq istəyən yüzlərlə adamı pulemyotlarla qırdılar. Ölənlərin çoxu qadınlar və uşaqlar idi. Əvvəlcə Məhəmmədin qollarını kəsdilər, sonra ayaqlarını. Başını kəsib süngüyə keçirdilər və hamı görsün deyə yuxarı qaldırdılar. Məşədi Mirsadığın gözlərini çıxarıb qollarını sındırdılar və boynunu qırdılar. Həmin gün daşnaklar məscidi dağıdıb, həm sünnilərdən, həm də şiələrdən 20-dən çox din xadimini qətlə yetirdilər". A.Novatski məsələni dəqiqləşdirmək üçün qeyd edir ki, müsəlmanların dini heysiyyətınə toxunaraq məscidlərə od vurub yandıran daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar.
Müsəlmanların müqəddəs dini ocaqlarını yerlə yeksan edən daşnaklar dinə, Şərq tarixinə və ədəbiyyatına aid minlərlə qiymətli kitabları də məhv etmişdilər. Qubanın mərkəzində Əbdürrəhim əfəndinin mədrəsəsini yandıran ermənilər buradakı 1300-ə yaxın kitabı tonqala atmışdılar. Hadisələrin şahidlərindən olan nüfuzlu din xadimi İbrahim Aydəmirov xatırlayır ki, Digah məscidində təxminən 600-700 il əvvələ aid alban və ərəb əlifbası ilə yazılmış kitablar var idi. Ermənilər həmin kitabları məhv etməklə yanaşı kənd məscidinin təxminən bir kilometrliyində yerləşən müqəddəs pirin daşını da partlatmışdılar. Bu, üstündə alban yazıları olan nəhəng bir daş idi.
Gelovani Fövqəladə Təhqiqat Komissiyasına verdiyi izahatında yazır: "Mən geniş səlahiyyətlər alaraq Qubaya gəldim. Amazaspa öz dəstələri ilə şəhəri tərk etməyi təklif etdim. Əvvəlcə o, tərəddüd etdi və sonra bildirdi ki, çıxıb getməyə hazırdır. Həqiqətən də Qubada olduğunun onuncu günü bütün dəstəsi ilə çıxıb getdi". Lakin Gelovaninin izahatında deyilənlər inandırıcı görünmür. Çünki Amazasp qırğından əl çəkməyə yox, bölgədəki bütün müsəlman əhalisini məhv etməyə gəlmişdi. Amazasp yerli əhaliyə meydan oxuyaraq deyirdi: "Mən erməni xalqının və onun mənafeyinin müdafiəçisiyəm. Mən cəza dəstəsi ilə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülmüş ermənilərə görə sizdən qisas alım. Mən bura qayda-qanun yaratmaq, sovet hakimiyyətini qurmaq üçün deyil, öldürülmüş ermənilərin qisasını almağa göndərilmişəm. Mənə əmr edilmişdir ki, Xəzər dənizindən Şahdağına kimi bu ərazidə yaşayan bütün müsəlmanları məhv edim..." O, daha irəli gedərək deyirdi: "Hazırda mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra Üçkün və Kilid kəndlərinə keçərək Şahdağa çatacağam". Lakin müsəlman qanına susayan Amazaspın arzusu ürəyində qaldı. Üç gün davam edən döyüşlər müsəlmanların qələbəsi ilə başa çatdı. Hər iki tərəf böyük itki verdi. Döyüş yeri tarixə "Qanlı dərə" kimi daxil oldu.
Amazaspın vəhşilikləri zamanı təkcə 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü və müsəlman tat əhalisi öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri tərəfindən Quba qəzasında 162 kənd dağıdılmışdır. Həmin kəndlərdən 35-i hazırda mövcud deyildir.
Amazaspın rəhbərlik etdiyi erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 minə qədər yəhudinin həyatına son qoyulmuşdur. Son araşdırmalar nəticəsində öldürülən yəhudilərin 104 nəfərinin adı dəqiqləşdirilmişdir.
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, Qubada qətlə yetirilən yəhudilərin əksəriyyəti uşaqlar, qocalar və qadınlar olmuşdur. Yəhudilərin kütləvi şəkildə qətlə yetirilməsinə Amazasp rəhbərlik etmişdir. Qətlə yetirilən yəhudilər Şimi dərəsinə atılmışlar. Amazaspın quldur dəstələrindən canını qurtarmaq istəyən yəhudilər əvvəlcə Xaçmaza, oradan isə Dərbəndə qaçmağa müvəffəq olmuşlar. Ancaq bu, bütün yəhudilərə nəsib olmamışdır. Qırğınlardan sonra belə bir fikir dolaşırdı ki, yerli sinaqoqda Amazasp tərəfindən öldürülən yəhudilərin siyahısı qorunur.
2007-ci ildə
Quba şəhərində kütləvi məzarlıqların
aşkar edilməsi və onların tədqiqi göstərdi
ki, bu insanlar hər cür zorakılıqlara məruz qalaraq qətlə
yetirilmişlər. Bu kütləvi məzarlıqlar 1918-ci ildə
Qubada Amazasp tərəfindən türk-müsəlman əhalisinə
qarşı həyata keçirilən soyqırımına əyani
sübutdur.
(Ardı var)
Anar İSGƏNDƏROV,
tarix elmləri doktoru, professor
Azərbaycan.- 2010.- 7
aprel.- S. 6.