Ankarada Anadolu Agentliyinin 90 illik yubileyinə həsr olunmuş təntənəli
mərasim keçirilmişdir
Aprelin 6-da Ankarada Türkiyənin rəsmi Anadolu xəbərlər agentliyinin 90 illik yubileyi ilə bağlı təntənəli
mərasim keçirilmişdir.
Tədbirdə dövlət
və hökumət rəsmiləri, millət vəkilləri, yerli və xarici KİV-lərin təmsilçiləri,
ictimaiyyətin nümayəndələri
iştirak etmişlər.
Yubiley mərasimində
Azərbaycanı AzərTAc-ın
Baş direktoru Aslan Aslanov təmsil
etmişdir.
Mərasim iştirakçıları əvvəlcə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Anıtqəbirdəki mavzoleyini ziyarət etmişlər. Atatürkün məzarının önünə əklil qoyulmuşdur.
Sonra mərasim iştirakçıları Qurtuluş Savaşı Muzeyini ziyarət etmiş, 90 yaşları tamam olan Türkiyə Böyük Millət Məclisi ilə Anadolu Agentliyinin birgə təşkil etdikləri fotosərgiyə baxmışlar.
Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin parlamentin və agentliyin keçdiyi inkişaf yolundan danışmışdır. Yubiley mərasimi agentliyin konfrans salonunda incəsənət ustalarının maraqlı konsert proqramı ilə başlamışdır.
Anadolu Agentliyi idarə heyətinin sədri və baş direktoru Hilmi Bengi mərasim iştirakçılarını salamlamış, Atatürkün göstərişi ilə Qurtuluş Savaşı dövründə - 1920-ci il aprelin 6-da yaradılmış agentliyin keçdiyi mürəkkəb və şərəfli yoldan bəhs etmiş, qurumun regional və beynəlxalq əlaqələrindən danışmışdır.
Agentliyin Türkiyənin 90 illik tarixi salnaməsini yaratdığını bildirən H.Bengi, qardaş ölkənin haqq səsinin dünyaya bəyan edilməsinin böyük məsuliyyət və şərəfli iş olduğunu söyləmişdir.
Yubiley mərasimində çıxış edən AzərTAc-ın baş direktoru Aslan Aslanov qeyd etmişdir ki, xalqlarımız və dövlətlərimiz kimi, agentliklərimizi də əbədi, qırılmaz dostluq və qardaşlıq telləri bağlayır. Bu dostluq və qardaşlığın ən qiymətli tərifini türk dünyasının dahi şəxsiyyətləri Mustafa Kamal Atatürk və Heydər Əliyev vermişlər. Böyük Atatürk deyirdi ki, "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir". Ulu öndər Heydər Əliyev isə Azərbaycan-Türkiyə qardaşlığını "Biz bir millət, iki dövlətik" kəlamı ilə tarixə yazmışdır. Cəsarətlə deyə bilərik ki, Anadolu Agentliyi ilə AzərTAc bir millətin iki agentliyi kimi həmişə bir-birinə arxa və köməkdirlər.
Müasir dünyada informasiyanın bütün hadisələrin hərəkətverici qüvvəsinə çevrildiyini deyən Aslan Aslanov vurğulamışdır ki, biz ölkələrimizin və xalqlarımızn mənafelərinə xidmət edən informasiyaları dünyaya çatdırmalıyıq. Ermənistan 20 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Yüz ildir ki, ermənilər Türkiyəyə qarşı qondarma "soyqırımı" təbliğatı aparırlar. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Xocalı soyqırımını törədən vəhşilər bizi soyqırımda ittiham edirlər və bəzi hallarda onların yalan təbliğatı uğur gətirir. Bir çox hallarda xarici ölkələrin ermənilər tərəfindən pulla, rüşvətlə ələ alınmış siyasətçiləri onların səsinə səs verirlər. Erməni lobbisi və Ermənistan xarici ölkələrin parlamentlərində "soyqırımı"nı tanıtmaq istəyir. Bu, böyük erməni yalanıdır, böyük erməni təxribatıdır. Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub, yaxın tarixdə də belədir".
Bizim informasiya agentliklərimiz ermənilərin riyakar təbliğatına qarşı birgə mübarizə aparmalıdır.
Daha sonra Türkiyə Baş nazirinin müavini-dövlət naziri Bülənd Arınc qardaş ölkənin rəsmi dövlət agentliyinin zəngin təcrübəyə, dünyanın aparıcı agentliyinə çevrilməsi üçün bütün imkanlara malik olduğunu demişdir. O, Türkiyə hökuməti adından agentliyin kollektivini yubiley münasibətilə təbrik etmiş, gələcək fəaliyyətində uğurlar diləmişdir.
Mərasimdən sonra Anadolu Agentliyinin
rəqəmsal arxiv sisteminin açılışı
olmuşdur.
Axşam Türkiyə Böyük
Millət Məclisində
Anadolu Agentliyinin yubileyi münasibətilə
ziyafət təşkil
edilmişdir. Ziyafətdə qonaqlar, millət
vəkilləri, nazirlər
iştirak etmişlər.
Oqtay Bayramov,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2010.- 7 aprel.- S.
4.