Tallinnin Ratuşası ilə tanışlıq
Azərbaycan Prezidenti
İlham Əliyev aprelin 7-də Tallinnin Köhnə şəhərində
yerləşən və buranın əsas yerlərindən
olan Ratuşaya gəlmişdir.
Şəhərin meri Edqar
Savisaar Prezident İlham Əliyevi Ratuşanın önündə
qarşıladı.
Tallinnin meri Azərbaycan
dövlətinin başçısını salamlayaraq
vurğuladı ki, 600 il bundan əvvəl şəhərin bu
tarixi abidəsi barədə çox mühüm bir qərar
qəbul olunmuşdur. Qərara əsasən şəhərin
yüksək səviyyəli qonaqlarını burada
qarşılayırlar.
Tallinnin tarixi və bu
günü haqqında ətraflı məlumat verən
E.Savisaar bildirdi ki, Şimali Avropanın qədim
paytaxtlarından biri olan bu şəhər Estoniyanın
ictimai-siyasi və mədəni həyatında mühüm rol
oynayır. Əsrlər boyu Tallinn çoxmillətli şəhər
olmuşdur. Hazırda burada 120 millətin nümayəndələri
yaşayır.
Bu qədim şəhərdə
700-dək azərbaycanlının yaşadığını
qeyd edən mer, həmvətənlərimizin Azərbaycan ilə
Estoniya arasında ən yaxşı körpü olduğunu
vurğuladı.
E.Savisaar bildirdi ki, Estoniyada
yaşayan azərbaycanlılar bu ölkədə uğurla fəaliyyət
göstərən Azərbaycan Mədəniyyət Mərkəzində
birləşmişlər. Mərkəz azərbaycanlıların
həmrəy olmasına, dilinin, adət-ənənələrinin
qorunmasına və Azərbaycan-Estoniya münasibətlərinin
inkişafına xidmət edir. Biz çox şadıq ki,
Tallinndə görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın adını daşıyan Azərbaycan
uşaq bağçası da fəaliyyət göstərir.
Azərbaycan Prezidenti
İlham Əliyev Ratuşanın Fəxri qonaqlar kitabına
ürək sözlərini yazdı.
Sonra Prezident İlham Əliyev
Tallinnin meri Edqar Savisaarın müşayiəti ilə
Ratuşanın binası ilə tanış oldu.
Bildirildi ki, XV əsrin əvvəlində mərkəzi ticarət meydanında inşa edilmiş bu tarixi abidə dövlət tərəfindən Şimali Avropanın yeganə qotik üslubda olan memarlıq incisi kimi qorunur. Estoniya paytaxtına gələn turistlərin diqqətini daha çox çəkən 600 illik tarixə malik Ratuşada əsrlər boyu magistrat üzvləri - ratmanlar şəhər həyatının mühüm məsələlərini müzakirə etmişlər. Bu gün isə burada rəsmi mərasimlər, sərgilər, konsertlər keçirilir. İkimərtəbəli tarixi binada Ratuşa, Bürqer, Magistr, Ticarət, Podval zalları və dövlət xəzinə idarəsi yerləşir.
Ratuşa ilə
tanışlıq zamanı bildirildi ki, Tallinnə xüsusi
yaraşıq verən bu tarixi memarlıq abidəsinin ən əsas
elementlərindən biri də paytaxtın rəmzi olan və
bir çox əfsanələrdə xatırlanan "Qoca
Tomas" yelqovanıdır. Bu yelqovan 1530-cu ildə
Ratuşanın qülləsində qurulmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 8
aprel.- S. 2.