Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tallinndə "Bastion" qadın geyimləri fabrikində olmuşdur

 

Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva aprelin 7-də Tallinndəki qadın geyimləri istehsalı üzrə ixtisaslaşan "Bastion" fabrikində olmuşdur.

Burada Azərbaycanın birinci xanımına müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, müasir dəbə uyğun geniş çeşiddə qadın geyimləri hazırlanan bu fabrik ayrı-ayrı vaxtlarda müxtəlif mükafatlara layiq görülmüşdür. 2003-cü ildə müəssisə "Qızıl iynə" mükafatını almışdır.

Mehriban xanımın diqqətinə çatdırıldı ki, fabrikdə müasir texnologiya əsasında tikilən yüksək keyfiyyətli qadın geyimləri dünyanın bir çox ölkələrinə ixrac olunur. Burada parçaların kəsilməsi tikilməsi kompüter proqramları vasitəsilə əvvəlcədən tərtib olunmuş qaydada aparılır. Şirkət məhsul istehsalı üçün müxtəlif ölkələrdən parça alır. Hazırda şirkətin dizaynerləri 2011-ci ilin yaz-yay mövsümü üçün geyim modelləri üzərində çalışırlar.

Mehriban xanım Əliyeva fabrikin tikiş sexində oldu, geyim nümunələrinin hazırlanma qaydasına baxdı.

Daha sonra Azərbaycanın birinci xanımı fabrikdə hazır geyim nümunələrinin nümayişinə tamaşa etdi.

Estoniya Prezidentinin xanımı Evelin İlves fabrik ilə tanışlıq zamanı Mehriban xanım Əliyevanı müşayiət etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  8 aprel.- S.  3.