"İlham ƏLİYEV: açıq dünya"

 

 "Prezident Əliyev sürətlə dəyişməkdə olan dünyada Azərbaycanın gələcəyə yolunu müəyyən etməlidir. O, Dünyanı Azərbaycan üçün kəşf edir, Dünya isə onun siyasəti sayəsində Azərbaycanı kəşf edir. İlham Əliyev əvvəllər təsəvvür edilə bilməyəcək imkanlarla dolu, lakin bununla bərabər, həm də əvvəllər mövcud olmayan risklər və təhlükələrlə dolu beynəlxalq məkana yol açır".

Tanınmış rusiyalı jurnalist Oleq Sıqanovun "İlham Əliyev: açıq dünya" adlanan, təqdimat mərasimi Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində keçirilmiş kitabı bu sözlərlə başlanır. Kitab Moskvada "Xroniket" nəşriyyat evi tərəfindən rus və ingilis dillərində buraxılmışdır.

RF-nin Azərbaycan Respublikasındakı səfiri Vladimir Doroxin qeyd etmişdir ki, bu kitab Rusiya-Azərbaycan əməkdaşlığının rəmzi hesab edilə bilər. Kitab poliqrafiya baxımından nadir nəşr olmaqla bərabər, həm də maraqlı və tamdəyərli material kimi diqqəti cəlb edir. V.Doroxin demişdir: "Bir məqam xüsusilə vacibdir ki, biz - rusiyalılar öz müttəfiqlərimiz və qonşularımız haqqında daha çox bilməliyik. Kitabın müəllifi öz üzərinə məsul bir vəzifə - Azərbaycanın dünyada tutduğu yeri qiymətləndirmək, beynəlxalq aləmdə çox konstruktiv mövqe tutan bir ölkə kimi Azərbaycana maraq və hörmətin artmasını göstərmək, 2015-ci ilə qədər onun inkişafını proqnozlaşdırmaq vəzifəsini öz üzərinə götürmüş və buna nail olmuşdur".

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov qeyd etmişdir ki, O.Sıqanovun kitabında dövlətimizin başçısı İlham Əliyevin çox böyük uğurlarından, ölkə daxilində və Azərbaycan hüdudlarından kənarda mövcud çətinliklərdən bəhs edilir. Kitab Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatla, onun "Sizi əmin edirəm ki, İlham Əliyev xalqımızın ən layiqli oğullarını və qızlarını öz ətrafında sıx birləşdirərək Azərbaycanın inkişafı yolunda çox işlər görəcəkdir" sözləri ilə başlanır. O.Sıqanovun kitabında Prezident İlham Əliyevin ümummilli liderin xəttinin layiqli davamçısı kimi keçdiyi yol göstərilmişdir.

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov əmin olduğunu bildirmişdir ki, kitabın müəllifinin Azərbaycanın uğurlu inkişafı barədə proqnozu özünü doğruldacaqdır. V.Ələsgərov çıxışının sonunda demişdir ki, ölkəmizin iqtisadiyyatının artım sürəti buna sübutdur.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev çıxış edərək Prezident İlham Əliyevin həyatı və titanik fəaliyyəti haqqında oxucuya zəngin məlumat verən, Rusiya və Azərbaycan xalqlarının qarşılıqlı yaxınlaşmasına xidmət edən bu kitaba görə Oleq Sıqanova təşəkkürünü bildirmişdir.

Tanınmış publisist, çoxsaylı kitabların müəllifi, "İzvestiya" qəzetinin baş redaktorunun müavini Oleq Sıqanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə çoxillik tanışlığı və dostluğu barəsində məlumat verərək qeyd etmişdir ki, 2001-ci ildə Azərbaycan haqqında aylıq "İzvestiya-Azərbaycan" tematik səhifələr layihəsinin başlanması ümummilli liderlə razılaşdırılmışdır. 2003-cü ildə isə Oleq Sıqanovun təşəbbüsü və Prezident İlham Əliyevin razılığı ilə rus dilində gündəlik "Azerbaydjanskie izvestiya" qəzeti təsis edilmişdir. Bütün bunlar təkcə Rusiyada deyil, bütün dünyada Azərbaycanın imicinin irəliləməsinə kömək etmişdir və edir. O.Sıqanov demişdir: "30 il müddətində Azərbaycanla və onun rəhbərliyi ilə yaxından tanış olmağım mənə bu ölkə haqqında zəngin material vermişdir və mən həmin bilikləri oxucularla bölüşməyə bilməzdim".

O.Sıqanov kitabın nəşrinə kömək edənlərin hamısına təşəkkürünü bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  8 aprel.- S.  4.