Moskvada Azərbaycan muğamı gecəsi keçirilmişdir
Moskvada, Qlinka adına
Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyində
Azərbaycan səfirliyinin və Heydər Əliyev Fondunun
Rusiya nümayəndəliyinin təşkilatçılığı
ilə Azərbaycan muğamı gecəsi
keçirilmişdir.
Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev
Fondunun RF nümayəndəliyinin başçısı Leyla
Əliyeva, habelə çoxsaylı qonaqlar rəngarəng
xalılardan, milli geyimlərdən, musiqi alətlərindən,
Azərbaycan muğamının tarixini və müasir vəziyyətini
əks etdirən kitab və vəsaitlərdən ibarət sərgiyə
maraqla tamaşa etmişlər.
Rusiya mədəniyyət
nazirinin müavini Andrey Busıgin təşkilatçıları
və qonaqları salamlayaraq demişdir ki, Azərbaycanın
musiqi mədəniyyəti incilərini Moskvada təqdim edən
bu tədbir olduqca maraqlı hadisədir. O demişdir: "Hər
bir xalqın özünəməxsus nadir mədəniyyəti
vardır. Məhz bu mədəniyyət insanın bu və ya
digər cəmiyyətə məxsus olduğunu, onun
identikliyini müəyyənləşdirməyə imkan verir.
Xalqlar bir-birinə ümumi cəhətlərinə görə
deyil, fərqli cəhətlərinə görə maraq
göstərir. Rusiya üçün də Azərbaycan mədəniyyəti
olduqca maraqlıdır".
Heydər Əliyev
Fondunun Moskva nümayəndəliyinin başçısı
Leyla Əliyeva tədbirin təşkilatçılarına,
qonaqlara, habelə Dövlət Mərkəzi Musiqi Mədəniyyəti
Muzeyinin rəhbərliyinə minnətdarlığını
bildirərək demişdir ki, muğam Azərbaycan
xalqının sərvətidir, onun kökləri çoxəsrlik
bir tarixə gedib çıxır. O demişdir: "Muğam
həmişə Azərbaycanın incisi olmuşdur. Azərbaycan
xalqı muğamı həmişə sevmiş və qiymətləndirmişdir.
Bizim üçün muğam bir növ genetik koddur. O, dilimiz,
incəsənətimiz və ədəbiyyatımızla
yanaşı durur. Muğam özündə bir çox yeni
musiqi janrlarını - muğam operasını, caz
muğamı və s. təcəssüm etdirir. Azərbaycan mədəniyyətinin
Üzeyir Hacıbəyli, Niyazi, Vaqif Mustafazadə kimi
böyük xadimlərinin adları muğamla
bağlıdır. Sevindirici haldır ki, son illər getdikcə
daha çox gənc muğamı öyrənməyə meyil
edir, yeni-yeni istedadlı muğam ifaçıları ortaya
çıxır.
Bu yaxınlarda Bakıda
Beynəlxalq Muğam Mərkəzinin
açıldığını, elmi simpoziumun və Beynəlxalq
muğam festivalının keçirildiyini xatırladan L.Əliyeva
demişdir: "Çox xoşdur ki, bu tədbir Qlinka
adına Dövlət Muzeyində keçirilir, çünki
musiqi xalqları və millətləri birləşdirməyə
qadirdir və onun üçün heç bir sərhəd
yoxdur".
L.Əliyeva tədbirin
ev sahiblərinə minnətdarlığını bildirərək
Azərbaycanın milli musiqi alətləri olan ud və
sazı Qlinka adına muzeyə hədiyyə etmişdir.
Muğam gecəsinin təşkilatçılarına
və şəxsən Leyla Əliyevaya minnətdarlığını
bildirən Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti
Muzeyinin direktoru Mixail Brızqalov bu hadisəni Rusiya
paytaxtının musiqi və mədəni həyatında əlamətdar
hadisə adlandıraraq vurğulamışdır ki, Heydər
Əliyev Fondunun hədiyyəsi olan Azərbaycanın milli
musiqi alətləri muzeyin zəngin kolleksiyasında layiqli yer
tutacaqdır.
Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Mədəniyyət
Nazirliyinə, Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti
Muzeyinin və Heydər Əliyev Fondunun rəhbərliyinə
minnətdarlığını bildirərək diqqətə
çatdırmışdır ki, Leyla Əliyeva əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş ənənələri davam etdirir. Səfir
bildirmişdir ki, məhz Heydər Əliyevin hakimiyyəti
dövründə muğam YUNESKO-nun Qeyri-maddi mədəni irs
siyahısına salınmışdır. Prezident İlham Əliyev
də bu gözəl ənənəni davam etdirir. Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
muğamın təbliğində böyük rol oynayır. Səfir
demişdir: "Məhz onun təşəbbüsü ilə
Bakıda YUNESKO-nun baş direktorunun iştirakı ilə Beynəlxalq
Muğam Mərkəzinin təməli qoyulmuşdur. İki il ərzində
inşa edilən mərkəzdə yüksək səviyyədə
Beynəlxalq muğam müsabiqəsi və elmi simpozium
keçirilmişdir. Bu, muğamın təbliğinin və
onun yeni beynəlxalq üfüqlərə
çıxmasının əsasını qoymuşdur. Bu,
heç şübhəsiz, Mehriban xanım Əliyevanın
xidmətidir".
Sonra Azərbaycan
muğamının tarixi və müasir vəziyyəti
haqqında sənədli film nümayiş etdirilmiş,
Bakıda keçirilmiş Beynəlxalq muğam müsabiqəsinin
qaliblərinin və laureatlarının iştirakı ilə
konsert olmuşdur.
Asya Hacızadə,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2010.- 8
aprel.- S. 4.