Azərbaycan Qəsəbə Bələdiyyələri
Milli Assosiasiyasının ümumi yığıncağı
Aprelin 7-də Bakıda Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının (AQBMA) ümumi yığıncağı keçirilmişdir.
Prezident Administrasiyasının məsul işçilərinin, Ədliyyə Nazirliyi təmsilçilərinin və respublikanın 153 qəsəbə bələdiyyəsi sədrlərinin iştirak etdikləri yığıncaqda hesabat məruzəsi ilə çıxış edən AQBMA-nın sədri İlham Xəlilov görülmüş işlərdən, mövcud problemlərdən, qarşıda duran vəzifələrdən danışmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, məqsədyönlü şəkildə reallaşdırılan və ölkəmizin sosial-iqtisadi inkişafında mühüm rol oynayan dövlət proqramlarının uğurlu icrası nəticəsində əhalinin yaşayış səviyyəsinin durmadan yüksəlməsi artıq yerli idarəetmədə mövqelərini möhkəmləndirmiş bələdiyyələrin də fəaliyyətinin müasir səviyyədə qurulmasını tələb etmişdir.
İ.Xəlilov vurğulamışdır ki, ötən ilin dekabrında keçirilmiş seçkilər nəticəsində bələdiyyələrə böyük potensiala, iş təcrübəsinə, yüksək peşəkarlıq səviyyəsinə və müasir düşüncəyə malik üzvlərin seçilməsi bələdiyyələrin gələcək inkişafına daha güclü zəmin yaratmışdır.
Ümumi yığıncağın məqsədlərindən birinin də həmin potensialdan düzgün və səmərəli istifadə olunması yollarının və fəaliyyətin davamlı inkişafını təmin edən vəzifələrin müəyyən edilməsindən ibarət olduğu, bu toplantının həmin məqsədə çatmaq üçün əlverişli vasitəyə çevriləcəyi diqqətə çatdırılmışdır.
Vurğulanmışdır ki, bələdiyyələrin təşəbbüsü ilə 2006-cı ildə təsis edilmiş və Avropa Şurasında Azərbaycan modeli kimi qəbul olunmuş şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları ötən dövrdə ölkədə yerli özünüidarəetmə institutunun inkişafı və möhkəmlənməsi istiqamətində mühüm işlər görmüşlər.
Bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi üçün assosiasiyaların təşkilatçılığı ilə bütün bölgələrdə bələdiyyə sədrlərinin rayon şuraları yaradılmışdır. Ötən dövrdə assosiasiyaların təşəbbüsü ilə təşkil olunmuş "Bələdiyyə: yeni forma, yeni məzmun" mövzusunda ümumrespublika konfransı, müxtəlif "dəyirmi masa"lar, bələdiyyə sədrlərinin I və II ümumrespublika toplantıları yerli əhəmiyyətli məsələlərin və vətəndaşların sosial sifarişlərinin həllində bələdiyyələrin rolunun artırılmasına mühüm təsir göstərmişdir. Bələdiyyə sədrlərinin ümumrespublika toplantılarında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin çıxışı və fəaliyyətin gələcək istiqamətləri ilə bağlı verdiyi tövsiyələr yerli özünüidarəetmə strukturlarına dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsi olmuş, işin müasir tələblər səviyyəsinə qaldırılması üçün mühüm stimula çevrilmişdir.
Assosiasiyaların irəli sürdükləri "Bir bələdiyyə - azı bir layihə", "Seçicilərimizi eşidək", "Bələdiyyə günü", "Sadə idman qurğularına bələdiyyə qayğısı", "Bələdiyyə kuboku", "Bizim ünvan", "Abad kənd" və "Abad məhəllə" təşəbbüsləri ölkə bələdiyyələrinin fəaliyyətini vahid istiqamətə yönəltmiş, yerli əhəmiyyətli məsələlərin həlli sahəsində işləri əlaqələndirmiş, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi üçün geniş imkanlar açmışdır. Həyata keçirilmiş layihələr nəticəsində şəhər və qəsəbələr üzrə 64 abad məhəllə, rayonlarda isə 51 abad kənd müəyyən edilmişdir.
Vətəndaşların ümidlərini doğrultmaq vəzifəsini qarşıya qoymuş bələdiyyələrin əksəriyyəti həmin təşəbbüslərə qoşularaq bir sıra layihələr həyata keçirmiş, qəsəbə və kəndlərin abadlaşdırılması, sosial obyektlərin, yerli əhəmiyyətli yolların, yaşayış məntəqələrində elektrik və qaz xətlərinin təmiri, su təchizatı, yerli ekoloji problemlərin həlli, sadə idman meydançalarının inşası və istifadəsi sahəsində səylərini artırmışlar. Həyata keçirilmiş əhəmiyyətli layihələrin bir hissəsi assosiasiyaların müəllifliyi ilə işıq üzü görmüş xüsusi sənədli filmdə və nəşr edilmiş "Bələdiyyə: yeni forma, yeni məzmun" kitabında toplanmışdır.
Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları Azərbaycanda ənənəvi olaraq keçirilən "Yerli demokratiya həftəsi"nin də təşəbbüskarı olmuşlar. Bələdiyyələrin vətəndaşlarla əlaqələrinin gücləndirilməsi, vətəndaşların yerli özünüidarəetmə orqanlarına marağının və bu qurumların fəaliyyətində iştirakının artırılmasına yönəlmiş "həftələr" kütləvilik, mütəşəkkillik və yerli demokratiyanın inkişafı baxımından əhəmiyyətli olmuş və Avropa Şurası tərəfindən yüksək qiymətləndirilmişdir.
İlk dəfə toplantılarda gündəmə gəlmiş və 2009-cu ildə həyata keçirilmiş kiçik bələdiyyələrin birləşməsi prosesində assosiasiyalar müvafiq təhlillər aparmış, bu qurumların yerləşdiyi yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyəti və digər yerli xüsusiyyətləri əsas götürülərək konkret təkliflər irəli sürmüş, bələdiyyələri bu işə səfərbər edərək onlara metodiki yardım göstərmişlər.
Sonra assosiasiyanın nəzarət-təftiş komissiyasının üzvü, Badamdar bələdiyyəsinin sədri Bəybala Hüseynov hesabat məruzəsi ilə çıxış etmişdir.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Qəsəbə Bələdiyyələri Assosiasiyasının, Zığ, Xocasən, Ceyranbatan, Bakıxanov, Ərkivan bələdiyyələrinin sədrləri, "Qadınlar bələdiyyənin inkişafı naminə" İctimai Birliyinin sədri görülmüş işlərdən, həyata keçirilmiş layihələrdən danışmış, işin təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndirmişlər.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Ramiq Həşimov çıxış edərək bələdiyyələrin işinin daha da canlandırılması, fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətdən, yaradılmış əlverişli şəraitdən danışmışdır.
Milli assosiasiyaların imkanlarından səmərəli istifadə edilməsi, digər bələdiyyələrlə işin əlaqəli qurulması, qabaqcıl təcrübənin öyrənilməsi, vətəndaşlarla işgüzar təmasların yaradılması, vergilərin toplanmasına kömək məqsədilə müvafiq qanunvericilik aktları barədə əhalinin məlumatlandırılması, bələdiyyələrin büdcələrinin artırılması üçün kiçik istehsal müəssisələri və xidmət obyektlərinin yaradılması tövsiyə edilmişdir.
Bələdiyyələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin ehtiyaclarından irəli gələn məsələlərin həll edilməsi istiqamətində lazımi tədbirlər görülməsi üçün yerli imkanların səfərbər olunmasının vacibliyi vurğulanmışdır. Qanunvericiliklə müəyyən edilmiş vergilərin toplanmasında və digər məsələlərdə bələdiyyələrin üzləşdikləri çətinliklərin aradan qaldırılması yollarından söz açılmış, onların digər icra orqanları ilə daha sıx əlaqədə işləməsinin zəruriliyi diqqətə çatdırılmışdır.
Yığıncaqda əldə edilmiş uğurlarla yanaşı, nöqsanların da mövcud olduğu, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün təşəbbüskarlığın dəstəklənməsi ilə bağlı təkliflər səsləndirilmişdir.
Hesabat məruzəsinin qənaətbəxş sayılması ilə bağlı qərar qəbul edilmiş, nəzarət-təftiş komissiyasının hesabatı təsdiq olunmuşdur.
Yığıncaqda Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının növbəti dövr üçün büdcəsi təsdiq olunmuşdur.
Sonra təşkilati
məsələyə baxılmışdır. Biləcəri
bələdiyyəsinin sədri İlham Xəlilov yenidən
Azərbaycan Qəsəbə Bələdiyyələri Milli
Assosiasiyasının sədri, Naxçıvan MR Qəsəbə
Bələdiyyələri Assosiasiyasının sədri Ədalət
Qubuşov, Zığ bələdiyyəsinin sədri Vilayət
Əmirov və Ərkivan bələdiyyəsinin sədri
İsrail Tağıyev onun müavinləri, Badamdar bələdiyyəsinin
sədri Bəybala Hüseynov isə nəzarət-təftiş
komissiyasının sədri seçilmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 8
aprel.- S. 4.