"İNEPO-EUROASİA" ətraf mühitin mühafizəsi IV Beynəlxalq
Layihə Olimpiadasının
iştirakçıları Heydər Əliyev Fondunda olmuşlar
"İNEPO-EUROASİA" ətraf mühitin mühafizəsi 4-cü Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları aprelin 7-də Heydər Əliyev Fondunda olmuşlar.
Qonaqlara fondun vəzifələri və fəaliyyəti barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, əsas məqsədi ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği olan fond uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi işinə xidmət edir.
Olimpiadanın iştirakçıları ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif orden və medallara maraqla baxmışlar.
Məlumat verilmişdir ki, ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi hər iki dövr tariximizə sabitlik və inkişaf mərhələləri kimi daxil olmuşdur. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə edilmişdir.
Heydər Əliyev Fondu ilə tanışlıq 4-cü Beynəlxalq
Layihə Olimpiadasının
iştirakçılarında zəngin təəssüratlar
yaratmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 8
aprel.- S. 4.