Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Niderland Krallığının ölkəmizdəki səfiri ilə görüş

 

Aprelin 7-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Niderland Krallığının ölkəmizdəki səfiri Jan Lukas İnayat van Hoorn ilə görüşmüşdür.

Niderland səfirini ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edən Fərhad Abdullayev qonağa Azərbaycanda Konstitusiya Məhkəməsinin yaradılması və fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyası, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 2003-cü il dekabrın 23-də qəbul olunmuş "Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında" Qanun və s. təşkil edir. Konstitusiya Məhkəməsinin 9 hakimdən ibarət olduğu və indiyədək qurumun plenumunun 180-dək qərar qəbul etdiyi diqqətə çatdırılmışdır. Konstitusiya Məhkəməsi qərarlarının müraciətlər əsasında qəbul olunduğu, lakin bir müraciət əsasında qəbul olunan hər bir qərarın bütün hüquqi münasibətlərə təsir göstərdiyi vurğulanmışdır.

F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələri barədə də danışmış, iyun ayında Niderlandın məhkəmə sistemi ilə tanış olmaq üçün bu ölkəyə dəvət olunduğunu söyləmişdir.

Səfir Jan Lukas İnayat van Hoorn səmimi qəbul üçün minnətdarlığını bildirmiş, ölkəsindəki məhkəmə sistemi barədə ətraflı məlumat vermişdir. O, F.Abdullayevin Niderlanda səfərindən qabaq onunla bir daha görüşmək, fikir mübadiləsi aparmaq arzusunda olduğunu qeyd etmişdir.

Görüşdə səfirin Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı çoxsaylı sualları ətraflı cavablandırılmış, tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunmuşdur.

Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev Niderland səfirinin Azərbaycanda fəaliyyətinin iki ölkə arasında hərtərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirmişdir.

Sonda qonağa xatirə hədiyyəsi təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  8 aprel.- S.  4.