Artan ümidlər diyarı
...Dünəndən başlayan yağış gecəni səhərə kimi yağmışdı. Yaz yağışı əkinçiyə bolluqdan müjdə versə də, problemlər də yaratmışdı. Bərdə-Ağdam yolunun Mamırlı kəndinin ərazisindən keçən hissəsində ağdamlı məcburi köçkünlərin illərdən bəri məskunlaşdıqları böyük bir sahəni sel suları basmışdı. Natiq Hüseynovun ailəsi o gecə səhəri dirigözlü açmışdı. Ailənin öz əlləriylə çiy kərpicdən tikdiyi ev güclü leysana tab gətirməyib uçmuşdu. Çətin günün qonşuları elə gecəykən, evləri darısqal olsa da, dara düşən həmyerlilərinə yer eləmiş, arxa, kömək olmuşdular. Səhər açılar-açılmaz isə hadisədən xəbər tutan rayon rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin ərazidəki nümayəndələri təbiətin doğurduğu problemi aradan qaldırmaq üçün zəruri və operativ tədbirlər görməyə başladılar.
Məmurun borcudur ki, təmsil etdiyi dövlətin vətəndaşına qayğı göstərsin, diqqət yetirsin. Ancaq bir incə məqam var ki, bu hadisəni təfərrüatı ilə xatırlatmağı zəruri edir. Təsəvvür edin, evi uçmuş, ailə-uşağı çöldə qalmış Natiq Hüseynov kömək üçün hadisə yerinə gəlmiş Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqova müraciət edib deyir ki, cənab başçı, siz narahat olmayın, özümüz bir çarə qılacağıq: "Təzə ev tikmək üçün kərpic də, materiallar da, gücümüz də var. Onsuz da rayonumuzun problemləri çoxdur, siz bizdən nigaran qalmayın".
Söz yox ki, dara düşmüş ailəyə zəruri kömək göstərildi, problem aradan qaldırıldı. Bu hadisənin şahidlərinin yaddaşına isə Ağdam camaatının zamanın və taleyin ağır sınaqlarına baxmayaraq, yenilməz qürurunu, ləkə götürməyən ləyaqətini təsdiq edən daha bir möhür vuruldu. Çətin vəziyyətə düşmüş ailə başçısı kiməsə əl açmağı, kiminsə qarşısında əyilməyi özünə sığışdırmırsa, bu əxlaq, bu xarakter yalnız alqışa layiqdir. Doğma yuvalarından, isti ocaqlarından, rahat ev-eşiklərindən Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti nəticəsində didərgin salınmış, uzun illərdən bəri qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş ağdamlılar həyatın ən ağır məhrumiyyətləriylə üzləşsələr də, ələbaxımlığa nifrət etmiş, qürurlarını, ləyaqətlərini qoruyub saxlamışlar. Bu mənada Natiq Hüseynovun dilindən eşitdiyim "Aclıq bir il çəkər, töhmət min il "atalar sözünü şərh etməyə yəqin ki, heç bir ehtiyac yoxdur.
Dövlət dəstəyinin
ünvanı ön cəbhədir
Ərazisinin dörddə üç hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdam da cəbhə bölgəsi kimi dövlətin, bu dövlətin sükanı arxasında dayanmış Prezident İlham Əliyevin qayğı və diqqətinin mərkəzindədir. Hələ 2003-cü ildə Bərdədəki Türk "Qızıl Ay" çadır şəhərciyində ağdamlı məcburi köçkünlərlə görüşündə "Ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaqdır" deyərək fəaliyyətinin əsas istiqamətlərindən birini bəyan edən cənab İlham Əliyev sözünün sahibi olduğunu real əməli işləri ilə sübut etdi. Artıq sonuncu çadır şəhərciyinin söküldüyü gün çoxdan xatirəyə çevrilib. Çadır düşərgələrinin əvəzinə ölkənin müxtəlif bölgələrində hər cür infrastruktura malik yeni qəsəbələr inşa olunub. İndi Ağdam rayonu ərazisində belə qəsəbələrin sayı 16-ya çatır. Bu qəsəbələrdə 4320 ailə yeni mənzillərlə təmin olunub. Dövlətin qayğısı sayəsində rayon ərazisində yaradılmış əlverişli və münasib həyat şəraitinin məntiqi nəticəsidir ki, respublikanın müxtəlif rayonlarında məskunlaşmış ağdamlı ailələr böyük həvəslə doğma rayona dönürlər. Son altı ildə Ağdama 5270 ailə qayıtmışdır.
İndi Ağdamda yeni nəfəs duyulur. Düşmənlə üz-üzə, göz-gözə bir şəraitdə yaşayıb işləyən ağdamlılar sözün həqiqi mənasında xariqələr yaradırlar. Hər addımda dövlətin qayğısını duyan, dəstəyini hiss edən qurub-yaratmaq həvəsli Qarabağ övladları Ağdamın şöhrətini bütün istiqamətlərdə yenidən qaytarmaq üçün ayağa qalxıblar. Onlar silaha sarılıb həlledici döyüşlərə atılmağa hər an hazırdırlar. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasəti, Qarabağ münaqişəsinin həlli sahəsindəki ardıcıl, qətiyyətli və prinsipial mövqeyini birmənalı şəkildə dəstəkləyən ağdamlılar ümummilli lider Heydər Əliyev siyasi kursuna sədaqətlərini tarixin bütün məqamlarında olduğu kimi bu gün də parlaq şəkildə nümayiş etdirirlər. Prezident İlham Əliyevin ətrafında sıx birləşmiş qarabağlılar qisas anını səbirsizliklə gözləsələr də, intiqam hissi ilə alışıb yansalar da, quruculuq işlərindən də geri qalmır, Ağdamın işğal altında olmayan ərazilərini abadlaşdırmağa, cənnətə döndərməyə çalışırlar. Bacarıqlı təşkilatçılığın, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi isə ürəkaçandır.
Rayon mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsi bu gün sürətlə inkişaf edir, dəyişib gözəlləşir. Dövlət başçısının təşəbbüsü ilə burada inşa edilmiş müasir tipli Olimpiya İdman Kompleksi ağdamlı yeniyetmə və gənclərin sağlam böyümələri, peşəkar idmançı kimi formalaşması üçün geniş imkanlar açır. Son illərdə rayonda 24 məktəbin, 7 uşaq bağçasının tikilməsi, yeni müəssisələrin zəruri avadanlıqlarla təchiz edilməsi dövlətin cəbhə bölgəsində təhsilin inkişafına göstərdiyi qayğı və diqqətin parlaq ifadəsidir. Tikintisi başa çatmaqda olan rayon təhsil şöbəsi üçün inzibati bina qəsəbənin yaraşığına yeni naxış vuracaqdır.
Cəbhə bölgəsində əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin daim yaxşılaşdırılmasına Prezident İlham Əliyev böyük önəm verir. Dövlət başçısının bu mövqeyi özünü real həyatda daha aydın göstərir. Keçən il istifadəyə verilmiş 50 çarpayılıq müasir tipli xəstəxana rayon əhalisinin sağlamlığına verilən böyük töhfədir. Cənab İlham Əliyevin 25 noyabr 2009-cu il tarixli sərəncamı ilə respublika Prezidentinin Ehtiyat Fondundan Quzanlı qəsəbəsində yeni uşaq xəstəxanasının və doğum evinin tikilməsi üçün Ağdam Rayon İcra Hakimiyyətinə ilkin olaraq 1 milyon manat məbləğində vəsait ayrılmışdır.
Artıq doğum evinin və uşaq xəstəxanasının tikintisinə başlanmışdır. Ruhi xəstəliklər və vərəm dispanserlərinin inşası isə başa çatmışdır. Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Gülnar Abbasova deyir ki, işğaldan əvvəlki dövrdə ətraf rayonların əhalisi ən çətin məqamlarda məhz Ağdam həkimlərinə üz tutar və onların əllərindən şəfa tapardılar: "Bütün gücümüzü, səy və bacarığımızı səfərbər edərək çalışırıq ki, Ağdamı yenidən şəfa qaynağına, ümid yerinə çevirək, ağdamlı həkimlərin şöhrətini bərpa edək. Bizim üçün ali və şərəfli olan bu məqsədə çatmaqda Prezident İlham Əliyevin qayğısından, dövlətimizin dəstəyindən güc alırıq".
Dövlət başçısının tapşırıq və tövsiyələri Ağdamda daim rəhbər tutulur, məsuliyyətlə icra olunur. Rayon rəhbərliyinin qarşısına qoyulan əsas vəzifə əhalinin sosial ehtiyaclarının daha dolğun ödənilməsini təmin etməkdir.Təbii olaraq rayonda mövcud qüvvələr səfərbərliyə alınıb məhz bu aydın istiqamətə yönəldilmişdir.Yaşayış məntəqələrinə təbii qaz çəkilişi davam etdirilir. Quzanlı qəsəbəsinin qazlaşdırılması artıq başa çatdırılmışdır. 200 evdən ibarət Qasımbəyli qəsəbəsi ən qısa müddətdə qazlaşdırılmışdır.
Hazırda İmamqulubəyli və Çullu kəndlərinə qaz çəkilir. Quraşdırıcılar kifayət qədər məhsuldar işləyirlər. Bu ilin sonunadək Dördyol ərazisində məcburi köçkünlər üçün yeni salınmış yaşayış qəsəbələrinə də təbii qaz verilməsi reallaşacaqdır. Son beş ayda isə "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyevin iki dəfə Ağdamda olması qaz çəkilişinin sürətinə yeni təkan vermişdir. İndi qaz çəkənlərin material sarıdan heç bir korluğu yoxdur.
Qurub yaratmaq əzmi tükənməzdir
Ağdamlılarda tikmək, qurub yaratmaq əzmi tükənməzdir. İndi bu bölgədə inkişaf, dəyişikliklər, yeniliklər illərlə deyil, aylarla, həftələrlə, az qala günlərlə ölçülür. Son vaxtlar Quzanlı qəsəbəsində Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Fövqəladə Hallar Nazirliyinin Zona Regional Mərkəzi, Statistika İdarəsi üçün inzibati binalar, həmçinin 50 çarpayılıq xəstəxana istifadəyə verilmiş, vətən uğrunda həlak olanların xatirəsinə abidə kompleksi ucaldılmış, Heydər Əliyev parkında yenidənqurma işləri aparılmış, rayonun giriş hissəsində rəmzi giriş qapı kompleksi inşa edilmiş, Soltanbud təpəsi üzərində Azərbaycanın dövlət bayrağı ucaldılmış, xəritəsi quraşdırılmışdır. Burada torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinə "Şəhidlər abidəsi"nin tikintisi davam etdirilir.
2010-cu ilin respublika Prezidenti İlham Əliyev tərəfindən "Ekologiya ili" elan olunması cəbhə bölgəsində yaşayan əhalinin də ürəyincədir. Rayonda hər həftənin müvafiq günü rayon icra hakimiyyəti başçısının sərəncamı ilə "Yaşıllaşdırma günü" kimi qəbul edilmişdir. Həmin gün iməcilik yolu ilə yaşıllıqların sahəsi yeni ağacların əkilməsi hesabına genişləndirilir. İndiyədək rayonda 20 minə yaxın eldar şamı, zeytun, çinar, müxtəlif bəzək ağacları əkilmişdir. Burada hər kəs başa düşür ki, yalnız ağac əkməklə iş bitmir. Əsas məsələ əkilmiş ağaca qulluq etmək, onun bitməsinə nail olmaqdır. Ağdamlılar sabaha da çox nikbin baxırlar. Böyük Ağdama qayıdarkən yaşıllaşdırma işlərini davam etdirməyin qayğısına indidən qalırlar. Bu məqsədlə 5 hektar sahədə şitillik təsərrüfatı yaradılmışdır. Burada istənilən qədər ağac tingləri yetişdirmək mümkündür.
Azərbaycan əsgəri,
gerçəkləşdir zəfəri
Ağdam rayonu ərazisində hərbi hissələr yerləşir. Ön xəttə yaxın ərazidə yerləşən kəndlərdə yaşayan əhali əsgərləri çox sevir. Bəzən yaşlı qadınlar təsadüfən qarşısına çıxan əsgəri doğma balası kimi bağrına basır. Bu isti, səmimi münasibət Ağdamda rayon rəhbərindən tutmuş adi sakinə kimi hər kəsin varlığına hakimdir. Novruz münasibətilə rayonda keçirilən bayram şənliklərində ən əziz qonaqlar da məhz Azərbaycan əsgərləri idi.
Ağdam rayonu təhsil şöbəsinin müdiri Elmira Şükürova söhbət zamanı deyir ki, ordu xalqımızın güvənc yeridir: "Biz ordumuzun gücünə, Ali Baş Komandanımızın qüdrətinə inanırıq. Gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsini də məhz bu inam üzərində qururuq".
Bu yaxınlarda, Novruz bayramı ərəfəsində rayon rəhbərliyinin tövsiyəsi ilə ərazidəki hərbi hissələrə bayram sovqatları çatdırıldı. Bütün hərbçilərə yetəcək plov qazanları dəmləndi, Novruz şirniyyatları ilə dolu xonçalar tutuldu. Söz yox ki, musiqi sovqatı ilə birlikdə. Bu işdə rayon ictimaiyyəti ilə birlikdə məktəblilər də fəal iştirak etdilər.
Həmişə olduğu kimi, bu gün də ağdamlılar döyüşə hazırdır. Atəşkəsin demək olar ki, hər gün pozulduğu, güllələrin vıyıltı ilə uçduğu bir şəraitdə ağdamlılar sabaha inamla baxır və bolluq həvəsi ilə işləyirlər. Artıq rayonda yaz-tarla işlərinə start verilmişdir. 2010-cu ilin məhsulu üçün 21.835,5 hektar sahədə taxıl əkilmişdir. İndi taxıl zəmilərinin yaz becərilməsi aqrotexniki qaydalar əsasında davam etdirilir, sahələrə yemləmə gübrəsi verilir, suvarma aparılır. Yazlıq bitkilər əkinini müvəffəqiyyətlə başa çatdırmaq üçün etibarlı zəmin mövcuddur. Rayondakı "Aqroservis" müəssisəsindəki mövcud kənd təsərrüfatı texnikası bu kampaniyanı uğurla başa çatdırmağa imkan verir.
Lazım QULİYEV
Azərbaycan.- 2010.- 8
aprel.- S. 5.