Regional inkişaf prosesində milli sahibkarların rolu güclənir

 

Cəmiyyətin demokratik inkişafının vacib şərtlərindən biri də dövrün tələblərinə cavab verən kadr potensialının, eləcə də çevik və işlək mexanizmlər əsasında dövlət idarəçiliyi sisteminin formalaşdırılmasıdır. İctimai maraqların ifadəçisi olan hakimiyyət sosial sifariş hüdudlarından bir addım da kənara çıxmır, fəaliyyətində xalqa təmənnasız xidməti ümdə məqsədə çevirir. 7 ilə yaxındır ki, respublikamıza uğurla rəhbərlik edən cənab İlham Əliyev də məhz milli mənafelərə əsaslanan rasional siyasət yeritməklə xalqın inam və etimad bəslədiyi fenomen liderə çevrilmişdir. Bu zaman kəsiyində keçilmiş böyük inkişaf yolunun uğurları dövlət başçısının çoxşaxəli siyasətində xalqa layiqli xidmət məramının daim ön planda dayandığını təsdiqləyir. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün dövrlərində ardıcıl və səmərəli islahatlar hesabına formalaşdırdığı inkişaf potensialının son illərdə tam reallığa çevrilməsi, Azərbaycanın ideyalardan gerçəkliyə, nəzəriyyədən təcrübəyə qədəm qoyaraq çağdaş tarixinin ən parlaq yüksəliş dövrünü yaşaması danılmaz faktdır.

 

Böhran şəraitində dinamik inkişaf

 

Bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son illərdə Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləmişdir. Ən müxtəlif iqtisadi mərkəzlər respublikanın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, Azərbaycan modelinin mahiyyətini öyrənməyə çalışırlar. Dünyanın aparıcı maliyyə-iqtisadi qurumları məhz ötən ilin nəticələrinə görə Azərbaycan iqtisadiyyatının çətin sınaqdan üzüağ çıxdığını etiraf edirlər. Dünya Bankı, Ümumdünya İqtisadi Forumu, Beynəlxalq Valyuta Fondu, MDB Statistika Komitəsi, "Evrostat" və digər qurumlar 2009-cu ilin yekunlarını Azərbaycan üçün kifayət qədər uğurlu sayırlar.

Ötən il böhranın qlobal təhdidlərini inamla dəf edən respublikamızda ümumi daxili məhsul 9,3, onun adambaşına düşən həcmi 7,9, qeyri-neft sektoru 3,2 faiz artmışdır. Sənaye istehsalında 8,6, kənd təsərrüfatında 3,5 faiz artıma nail olmuşdur. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 3917 manata yüksəlmiş, illik inflyasiya 1,5 faizə enmişdir. Böhranla bağlı bir sıra ölkələrin ciddi tənəzzülə uğramasına baxmayaraq, Azərbaycanın strateji valyuta ehtiyatlarının 3 milyard dollar artaraq 20,4 milyard dollara çatması da mühüm fakt kimi vurğulanmalıdır.

2009-cu ildə ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması və bütün strateji əhəmiyyətli sahələr üzrə yüksək inkişaf göstəricilərinin əldə olunması, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin dünyadakı neqativ proseslərə çevik reaksiya əsasında müəyyənləşdirdiyi antiböhran siyasətinin nəticəsidir. Hökumətin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslanmaqla müəyyənləşdirdiyi sığortalayıcı mexanizmlərin hər bir mərhələ üzrə işə salınması, daxili maliyyə mənbələrinin bu destruktiv prosesə qarşı səfərbər edilməsi son nəticədə respublikanın qlobal böhrana müqavimət əzmini gücləndirmişdir. Azərbaycan iqtisadiyyatının digər inkişaf edən ölkələrlə müqayisədə yüksək makroiqtisadi dayanıqlılıq nümayiş etdirməsi həm də ötən il qarşıya qoyulmuş bir sıra strateji layihələrin uğurla gerçəkləşdirilməsində özünü göstərir.

Yerli bankların dəstəklənməsi də daxil olmaqla, ciddi maliyyə monitorinqinin həyata keçirilməsi, kreditlərə və faiz dərəcələrinə, habelə inflyasiyaya nəzarətin gücləndirilməsi, real iqtisadiyyata daimi sərmayə axınının təmin edilməsi, sosial öhdəliklərin vaxtında yerinə yetirilməsi, sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi antiböhran tədbirlərinin yalnız üzdə olan qismidir. Ötən ilin antiböhran paketinə potensial gəlirlərin vergiyə cəlb olunması, xərclərin daha şəffaf idarəsi, büdcədən maliyyələşən müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının beynəlxalq standartlara cavab verən mühasibat uçotu qaydalarına uyğunlaşdırılması, kommunal, istehlak, enerji, yanacaq, qaz, su sərfiyyatının qənaətlə aparılması, kommunal sektorda fəaliyyət göstərən təşkilatlar tərəfindən alınan materialların dəyərinin vaxtında və tam ödənilməsi kimi vacib məsələlər də xüsusi qeyd olunmalıdır.

2009-cu ildə hökumətin əsas səyləri ölkədə maliyyə sabitliyinin qorunmasına yönəlmiş, iqtisadiyyatı geri salan, əhalinin sosial vəziyyətini pisləşdirən devolvasiya, defolt və inflyasiya kimi destruktiv iqtisadi meyillərə yol verilməmişdir. Bütün dünyada böhranın əsasən banklardan başladığı, nəticədə işgüzar maddi fəallığın azalması, istehlak, biznes kreditləşməsində ciddi problemlərin yaranması, istehlak tələbinin enməsi və digər amillər nəzərə alınmaqla, iqtisadiyyatın lokomotivi sayılan bu sektora dəstək gücləndirilmişdir. 2009-cu ildə hökumətin pul siyasəti daha aktiv olaraq makroiqtisadi tarazlığın və dayanıqlığın təmin olunmasına və eyni zamanda bank sistemində maliyyə sabitliyinin qorunmasına istiqamətlənmişdir. Həyata keçirilən preventiv tədbirlər nəticəsində ötən il yerli banklar likvidlik problemi ilə bağlı istehlak və biznes kreditlərinin verilməsi prosesini dayandırmamış, perspektivli biznes layihələri maliyyələşdirmişlər. Bu fakt həm də ölkənin dinamik sosial-iqtisadi inkişafı ilə bağlı olaraq bank sektorunun fəaliyyətində səmərəliliyin əhəmiyyətli dərəcədə artımı ilə şərtlənir. Ötən il əhalinin pul gəlirlərinin 6 faizlik artımı adekvat olaraq banklarda saxlanılan əmanətlərin də artmasına yaxşı zəmin yaratmışdır. 2009-cu ildə bankların aktivləri 14, kreditlər 17, əmanətlər 23, bankların kapitalı isə 18 faiz artmışdır.

 

İş adamlarına davamlı qayğı siyasəti

 

Azərbaycan Prezidenti İlham Əliyevin yeni istifadəyə verilmiş Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramının icrasının birinci ilinin yekunları ilə bağlı keçirilən konfransdakı nitqi bir daha göstərir ki, sahibkarlığın inkişafı respublikamızın sosial-iqtisadi sisteminin yenidən qurulmasında, hökumətin qarşıya qoyduğu strateji məqsədlərin uğurla reallaşdırılmasında mühüm rol oynayır. Kifayət qədər səmərəli müzakirələrlə yaddaqalan konfrans Azərbaycanda bu sahəyə dövlət dəstəyinin sistemli, ardıcıl və davamlı xarakter daşıdığını bir daha təsdiqləyir.

Qlobal böhranla müşayiət olunan 2009-cu ildə Azərbaycanda gedən dinamik yüksəliş və tərəqqi, iqtisadiyyatın sürətli artım tempi də respublikada həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, həm də milli sahibkarlığa göstərilən yüksək diqqət və qayğı nəticəsində mümkün olmuşdur. Özəl sektorun inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətindən irəli gəlir.

Dövlət başçısı konfransdakı çıxışında qlobal böhran şəraitində qazanılan yüksək nəticələrə imza atan Azərbaycan iqtisadiyyatının neft amilindən asılı olmadığını bir daha vurğulamışdır: "2009-cu ildə, bundan əvvəlki illərdəki kimi, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. 2009-cu ildə iqtisadi artım 9,3 faiz təşkil etmişdir. Sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya isə 1,5 faiz olmuşdur... 2009-cu il bir daha göstərdi ki, dünyanın neft bazarında baş verən hadisələrdən asılı olmayaraq, Azərbaycan uğurlu inkişafını davam etdirəcəkdir. Neftin qiymətindən asılı olmayaraq, biz yenə də ən sürətlə inkişaf edəcəyik. Bizim bütün uğurlarımızı neft amili ilə bağlayanlar da artıq yəqin başa düşüblər ki, uğurlarımızın təməlində düşünülmüş siyasət, konkret proqramlar, möhkəm iradə və Azərbaycanın suverenliyi, müstəqilliyi dayanır".

Azərbaycan Prezidenti İlham Əliyevin ötən müddətdə qeyri-neft sektorunun və sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər ardıcıllığı, səmərəliliyi və sistemliyi ilə diqqəti cəlb edir. Hələ 2004-cü il fevralın 1-də Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi kömək göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və s. kimi tədbirlər də bunun əyani təcəssümüdür. Dövlət başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atmış, verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmişdir.

Cənab İlham Əliyevin ötən illərdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər), "Korrupsiyaya qarşı mübarizə haqqında", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və s. fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.

Ölkədə sahibkarlığın inkişafına mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki tədbirlərin ardıcıl və davamlı səciyyə daşıdığını Prezident İlham Əliyev 30 aprel 2007-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanı ilə bir daha təsdiqləmişdir. Fərmanla indiyə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, o cümlədən süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə sərəncamda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapmışdır. Fərman həmçinin biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar açmışdır. Prezident İlham Əliyevin yeni dövrün tələbləri ilə tam səsləşən bu fərmanı sahibkarlar tərəfindən dəstəklənərək böyük rəğbətlə qarşılanmışdır.

2010-cu ilin əvvəlindən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılması da qlobal maliyyə böhranı şəraitində yerli sahibkarlığa ciddi dəstəkdir.

 

"Əsassız yoxlamalar dayandırılmalıdır"

 

Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, bölgələrdə modul tipli elektrik stansiyaların qurulmasının, əyalətlərin mavi yanacaqla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin tərkib hissəsidir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin həcminin ildən-ilə artması, fermerlərin zəruri texnika ilə təchizatı üçün "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması və bu quruma böyük həcmdə maliyyə vəsaitinin ayrılması da hökumətin sahibkarlara münasibətinin əsas göstəricilərindən sayıla bilər. Son illər iş adamlarına güzəştli kreditlərin verilməsi sahəsindəki mövcud problemlər də əsaslı şəkildə aradan qaldırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Biznes Mərkəzində keçirilən konfrans zamanı iş adamlarının fəaliyyətinə qanunsuz müdaxilələrin yolverilməzliyini bir daha qətiyyətlə bəyan etmişdir: "Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur. Artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb. Biz şəffaflığa nail ola bilmişik. Şəffaflıq bizim üçün, iqtisadi inkişaf üçün və ümumiyyətlə, ölkəmizin inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır. Enerji sahəsində şəffaflıq təşəbbüsünün icrası sahəsində Azərbaycan bir nömrəli ölkədir... Biz müasir uçot sisteminə keçirik. Yəni bütün sahələrdə olduğu kimi, bu sahədə də müasirləşmə gedir, ən qabaqcıl meyarlar, texnologiyalar və təcrübə tətbiq olunur. Belə olan hallarda yersiz müdaxilələr, yoxlamalar əsassızdır, buna son qoyulmalıdır. Əlbəttə ki, sahibkarlar dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, vergiləri vaxtında ödəməlidirlər".

Sahibkarlığın inkişafına xidmət edən kompleks tədbirlər 2009-cu ildə də uğurla davam etdirilmiş, özəl sektorun stimullaşdırılması, investisiyaların təşviqi istiqamətində mühüm addımlar atılmışdır. Qeyri-neft sektorunun inkişafının mühüm göstəricilərindən biri də ötən il bu sahəyə investisiya qoyuluşlarının həcminin və keyfiyyətinin yüksəlməsidir. Diqqətəlayiq məqam həm də odur ki, prosesdə artıq yerli sərmayədarların üstünlüyü daha qabarıq duyulur. Ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7,4 milyard, o cümlədən regionlar üzrə 2,9 milyard manat investisiya yönəldilmiş, bu vəsaitlər hesabına infrastruktur təminatının daha da yaxşılaşdırılması və dünya standartlarına uyğunlaşdırılması ilə bağlı layihələr icra olunmuşdur. Bu, bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatla yanaşdığı bir şəraitdə çox yaxşı göstərici sayıla bilər. Qlobal böhranın Azərbaycana ciddi sirayət etməməsinin əsas səbəblərindən biri də məhz regionlarda əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizəsi, daxili istehsalın təşviq edilməsidir.

Böhrana baxmayaraq, 2009-cu ildə sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ayrılan maliyyə vəsaitlərinin həcminin artması da son dərəcə təqdirəlayiq faktdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxıb, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna və istehsal sahələrinə yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir. Ötən il dövlət büdcəsindən Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının artırılmasına 70 milyon manat vəsaitin yönəldilməsi, eyni zamanda Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kreditin verilməsi bunu bir daha təsdiqləyir. Güzəştli kreditlər hesabına qeyri-neft sektorunda 94 iri, o cümlədən 52 istehsal, emal və infrastruktur layihələri maliyyələşdirilmişdir. Güzəştli kreditlərlə təmin olunmuş sahibkarlıq subyektlərinin 99,2 faizinin regionlarda yerləşməsi isə hökumətin bu sahədə yeritdiyi siyasətin ardıcıllığına və sistemliyinə dəlalət edir. Ümumilikdə, 2009-cu ildə sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 2008-ci ilin analoji göstəricisindən 1,5 dəfə çox olmuşdur. Bu kreditlərin 70 milyon manatı dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış vəsait hesabına təmin edilmişdir.

 

Azərbaycanın investisiya cəlbediciliyi yüksəlir

 

Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə investisiya axınını gücləndirmək, bu sahədə dövlətin əlaqələndirici rolunu təmin etmək üçün 2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin yaradılmasına qərar vermişdir. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Şirkət eyni zamanda xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə, onlarda inam və etimadın güclənməsini təmin etməyə çalışır. Dövlət başçısı Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramının icrasının birinci ilinin yekunları ilə bağlı keçirilən konfransda sözügedən şirkətin xətti ilə gerçəkləşdirilən layihələrin mühüm əhəmiyyətini bir daha qeyd etmişdir: "Azərbaycan xarici sərmayələr üçün məqbul bir yerdir. Bu imici biz, ilk növbədə, neft-qaz sahəsində görülən işlər hesabına qazana bilmişik. Artıq bütün başqa sahələrə də investisiya qoyuluşu geniş vüsət alıbdır. Azərbaycan Dövlət İnvestisiya Şirkətinin yaradılması da məhz o məqsədi güdürdü ki, bizim üçün lazım olan sahələrə xaricdən və yerli mənbələrdən, özəl sektor tərəfindən sərmayələr qoyulsun. Biz bu məqsədə çatmışıq. Bu gün Dövlət İnvestisiya Şirkətinin xətti ilə Azərbaycanda reallaşan layihələr böyük əhəmiyyət daşıyır".

Azərbaycan İnvestisiya Şirkəti yerli və xarici investorlarla birgə Göyçay və Hövsanda süd emalı, Dəvəçidə quş əti istehsalı, Masazırda duz istehsalı, Abşeron, Xaçmaz və bir sıra digər rayonlarda istixana komplekslərinin qurulması layihələrini maliyyələşdirir. Ağstafada süd kompleksinin, Şəmkirdə quşçuluq fabrikinin, Samuxda soyuducu anbarın, istixana kompleksinin inşası, eləcə də şüşə və toxum istehsalı ilə bağlı layihələr üzrə araşdırmalar aparılır. İnvestisiya Şirkətinin təcrübəsi göstərdi ki, investisiya fəaliyyətinin azaldığı böhran ilində belə İsveçrə, Böyük Britaniya, Sinqapur, Almaniya, Türkiyə, İsrail və digər ölkələrdən olan investorlar, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı ölkəmizlə əməkdaşlığa böyük maraq göstərməkdə davam etmiş, müxtəlif layihələrin icrasına dövlət zəmanəti olmadan böyük vəsaitlər qoymuşlar. Bu isə Azərbaycanda olduqca əlverişli investisiya mühitinin formalaşması sayəsində mümkün olmuşdur.

2009-cu ildə əsas kapitala yönəldilmiş investisiyalarda daxili sərmayələrin üstünlük təşkil etməsi (82,4 faiz daxili, 17,6 faiz xarici) də sahibkarlığa göstərilən qayğının nəticəsidir. Daxili sərmayələrin ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artması Azərbaycanda güclü sərmayədarlar təbəqəsinin formalaşdığına dəlalət edir.

Ölkədə sahibkarlıq və investiya mühitinin tənzimlənməsində, investisiyaların təşviqində mühüm rol oynayan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində atılan addımların əhəmiyyəti də bu baxımdan xüsusi vurğulanmalıdır. Respublikamızda sahibkarlığın inkişafına təkan verəcək xarici investisiyaların cəlb olunması, qeyri-neft sektorunda ixracyönümlü istehsal sahibkarlığının inkişafının təmin edilməsi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun qarşısına mühüm vəzifələr qoymuşdur. Fondun xətti ilə son 7 ildə xarici dövlətlərin rəsmi və işgüzar dairələrinin iştirakı ilə biznes-forumların keçirilməsi ənənə halını almışdır. Təkcə 2004-2006-cı illərdə ölkə başçısının iştirakı ilə Böyük Britaniya, İtaliya, Çin, Latviya, Rusiya, Türkiyə, Yaponiya, Almaniya və digər ölkələrdə təşkil olunmuş biznes forumlar ölkəmizin qeyri-neft sektoruna xarici sərmayələrin təşviqini təmin etməklə bərabər, istehsal olunan çeşidli məhsulların ixracat bazarlarına çıxış imkanlarını da xeyli genişləndirmişdir.

Ümumdünya İqtisadi Forumunun (Davos Forumu) "Qlobal Rəqabət Hesabatı - 2010" adlı sənədi Azərbaycanın rəqabətə davamlı ölkələr sırasında olduğunu bir daha təsdiqləyir. Dünyanın 133 ölkəsini, o cümlədən postsovet dövlətlərini əhatə edən hesabatdan aydın olmuşdur ki, Azərbaycan qlobal rəqabətlilik indeksinə əsasən, 2008-ci illə müqayisədə 18 pillə irəliləmişdir. Əgər 2008-ci ildə həmin indeks üzrə Azərbaycan 69-cu yerdə qərarlaşmışdısa, ötən il 51-ci pilləyə qalxmışdır. Dünya İqtisadi Forumu bunun səbəbləri sırasında ilk olaraq ölkədə mövcud olan güclü makroiqtisadi sabitliyə, habelə davamlı islahatlara diqqət çəkmişdir.

 

 

Müşfiq Atakişiyev,

Iqtisad elmləri doktoru,

Professor

 

Azərbaycan.- 2010.-  8 aprel.- S.  6.