Türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımları

 

Lənkəran qırğınları

 

Lənkəranda milli ordunun təşkili ilə məşğul olan "Dikaya diviziya"nı tərk-silah etmək üçün bolşeviklər dəniz vasitəsilə ora silahlı dəstələr göndərmişdilər. Bunların hamısı Erməni Milli Şurasının göstərişi ilə həyata keçirilirdi. Bolşevik əsgərləri yolda qabaqlarına çıxan müsəlman kəndlərini dağıdıb talayırdılar. Astara şəhəri bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edildi, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur oldu. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndləri "Aleksandr Candar" paroxodu tərəfindən top atəşinə tutuldu. Yanvarda başlanan bu qırğınlar martda daha da şiddətləndi.

Osmanlı qoşunlarının Bakını azad etməsindən bir az əvvəl Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək yerli əhaliyə divan tutmağa başladı. Onlar müsəlman yeməkxanalarına girib insanları təhqir edir, pul vermir, Osmanlı türklərindən qorunmaq üçün bu adamları səngər qazmağa məcbur edirdilər. İş o yerə çatmışdı ki, erməni əsgərləri məhərrəmlik mərasimi verilən məscidlərə girib müsəlmanlara öz təziyələrini keçirməyə mane olurdular. Müsəlman əhalisi dini ayinlərini icra etmək üçün məscidlərə yığışdıqları zaman ermənilər ora soxularaq müsəlmanları qarət edir, məscidi isə yandırmaq istəyirdilər. Ermənilər bu bölgədə yüzlərlə ev dağıtdılar və minlərlə günahsız insanın həyatına son qoydular. 1918-ci ilin yanvarından 1919-cu ilin avqustunadək "Molokan qiyamı" yatırılana qədər bu bölgədə erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdur.

 

Zəngəzur qırğınları

 

1918-1920-ci illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Daşnak qüvvələrinin təcavüzü nəticəsində bu qəzanın Şuşa ilə əlaqələri tamamilə, Cəbrayıl qəzası ilə qismən kəsilmişdi. Qəzanın müsəlman əhalisinin vəziyyəti bir də ona görə ağırlaşmışdı ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı bu qəzada general Andranikin erməni əsgərlərindən ibarət yaxşı təşkil olunmuş nizami qoşunları da var idi. Andranik erməni hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxularaq müsəlman əhalisindən tələb edirdi ki, ya Ermənistan hökumətinə tabe olmalı, ya da qəzanı tərk etməlidirlər. Guya bu ərazi Ermənistan Respublikasına aiddir. Qəzanın çox zəif silahlanmış müsəlman əhalisi Andranikin bu tələblərini rədd etdiyinə görə ermənilər onlara qarşı görünməmiş vəhşiliklərə başladılar.

Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd olunurdu. Dağıdılmış bütün kəndlərin adları bu sənədlərdə sadalanırdı.

Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə görə ermənilər tərəfindən 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq şikəst edilmişdir. Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşilikləri haqqında tam məlumat vermir. Belə ki, daha çox müsəlman erməni vəhşiliklərinin qurbanı olmuşdur. Ancaq o zamankı dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır.

Zəngəzur qəzasının Vaqudu kəndində 400-dən yuxarı azərbaycanlı məscidə sığınaraq güman edirdilər ki, ermənilər müqəddəs yer sayılan məscidə toxunmayacaqlar. Ancaq məscidi mühasirə edən erməni vandalları əvvəlcə ora əl bombaları atır, sonra isə od vuraraq adamlarla birlikdə yandırırlar. Şəki kəndinin küçələrində iki yerə şaqqalanmış uşaq meyitləri atılıb qalmışdı. Ermənilər İrmişli kəndini talan edərkən südəmər uşaqları süngülərə taxaraq göyə qaldırır, öldürülən meyitləri tikə-tikə doğrayırdılar. Aqudi kəndində ermənilər müsəlmanlardan xristianlığı qəbul etməyi tələb edir, bundan imtina edən qadınlara qarşı ən amansız cəza tədbirlərini həyata keçirirdilər.

Çullu kəndində ermənilər yorğan-döşəkdə xəstə yatan 9 nəfər müsəlmanı qılıncla doğramışdılar. Bağıbəyli kəndində 7 nəfər azərbaycanlını bir evə yığıb evlə birlikdə diri-diri yandırmışdılar. Müsəlman meyitlərin əli, ayağı, başı kəsilmiş və o qədər eybəcər hala salınmışdılar ki, həmin əzaların hansı meyitə məxsus olduğunu ayırd etmək olmurdu. 1918-ci il yayın axırları və payızında Zəngəzur qəzasında baş verən bu hadisələr bilavasitə cəllad Andranikin rəhbərliyi altında həyata keçirilmişdi.

Zəngəzur qəzasının 100-dən çox müsəlman kəndi dağıdılmış, on minlərlə mal-qara ermənilər tərəfindən sürülüb aparılmış, bağlar, taxıl zəmiləri və otlaq sahələri yandırılmış, dağıdılmış, bir sözlə qəzanın müsəlman əhalisinin iqtisadi vəziyyəti fəlakətli hala salınmışdı. Ermənilər tərəfindən qəzanın Azərbaycanın müxtəlif kəndlərinə qaçıb dağılmış əhalisinə 1 milyard manata yaxın maddi ziyan vurulmuşdu.

Erməni millətçilərinin azərbaycanlılara qarşı Zəngəzurdakı vəhşilikləri 1920-ci ilin əvvəllərində daha amansız şəkil aldı. 1920-ci ilin yanvarından Zəngəzurda baş verən bütün hadisələrin bilavasitə təşkilaçısı məhz Ararat Respublikasının özü idi. Əsas məqsəd Zəngəzur qəzasını tamamilə müsəlmanlardan təmizləyərək Paris sülh konfransı dövlətlərinin əli ilə buranı Ermənistanın tərkibinə daxil etmək idi. Bu təmizləmə əməliyyatlarında erməni quldur dəstələri ilə yanaşı Ararat Respublikasının on mindən yuxarı nizami qoşun birləşmələri də iştirak edirdi.

1920-ci il yanvarın 21-də Zəngəzurda Azərbaycan Respublikası parlamentinin üzvü Cəlil Sultanovun Azərbaycan parlamentinə göndərdiyi teleqramda deyilirdi: "Dörd gündür ki, erməni quldur dəstələrinin nizami ordu ilə birlikdə top və pulemyotların atəşi altında Zəngəzura hücumları davam edir... İtkilər olduqca çoxdur. Əhali vahimə içərisində qaçır və kömək umur... Qəzanın bədbəxt əhalisi adından yalvarıram, kağız üzərindəki etirazlardan fəal hərəkətə keçin. Azərbaycanın ən gözəl guşələrindən birini tamamilə məhv olmaqdan xilas edin. Zəngəzurun ardınca növbə Qarabağındır. Bütün bunların itirilməsi üçün siz Azərbaycan xalqı və Azərbaycan qarşısında cavab verəcəksiniz".

Yanvarın 22-də isə Cəbrayılda məktəb nəzarətçisi H. Axundzadə Azərbaycan parlamentinə göndərdiyi teleqramda yazırdı: "Yanvarın 19-dan səhərdən erməni silahlı qüvvələri Zəngəzurda Xocahandan Qaladərəsinə kimi ərazidə bütün cəbhə boyu toplardan və pulemyotlardan müsəlman kəndlərini atəşə tuturlar. Altı kənd tamam dağılmış, doqquz kənd isə od içərisində yanır. Ermənilər qadınlara və uşaqlara belə rəhm etmədən qəddarlıqla müsəlmanları qırır, kəndləri dağıdırlar. Müqavimət göstərməyə heç bir qüvvələri olmayan müsəlmanlar bütün əmlaklarını ermənilərə qoyaraq yalnız qaçmaqla canlarını qurtarırlar".

Erməni millətçilərinin Zəngəzurda törətdikləri dəhşətli cinayətlər və onlara layiqli cavab verilməməsi azərbaycanlı əhali arasında ümidsizlik doğururdu. 1920-ci il yanvarın 23-də Cəbrayıldan müəllim Hüseyn Axundzadənin vurduğu təkrar teleqramda deyilirdi: "Zəngəzur müsəlmanları tərəfindən başınız sağ olsun. Zəngəzurlular nə qədər ağladılarsa, nalələri Zəngəzur dağları, dərələri və obalarından kənara çıxmadı. Qarı arvadların namusu təhqir olunmuş, məsum balaların başsız bədənləri qırmızı qanlarına boyanmış çöllərdə qaldılar. Qızlar və gəlinlər ermənilərin əlinə keçmiş, onların namuslarına təcavüz edilmişdir. Zəngəzurda düşmənə müqavimət göstərən çox az kişi qalıb. Lakin onlar da tam ümidsiz vəziyyətdədirlər. Üzümüzü Azərbaycan dindarlarına tutur, onları Zəngəzurdakı qardaş-bacılarımızın, məsum balalarımızın məlumanə şəkildə şəhid olmalarına, kömək, kömək deyə yalvarışlarına cavab verməyə çağırırıq".

Cəlil Sultanov yanvarın 23-də hərbi əməliyyat yerindən parlamentə göndərdiyi üçüncü teleqramında yazırdı: "Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır. Hökumətin köməyinə ümidini itirən əhali bütün Azərbaycan türk xalqına müraciət edir. Aldığımız məlumata görə, sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır. Ermənilərin məqsədi Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə Naxçıvanla əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ və həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Artıq kağız üzərindəki etirazlara son qoymaq, iki yüz mindən yuxarı Zəngəzur müsəlman əhalisinin məhvinə gətirib çıxarmış xain ermənilərin iç üzünü açıb dünyaya bəyan etmək vaxtı gəlib çatmışdır. Xahiş edirəm, təcili tədbir görün ki, heç olmasa Şuşa və Cəbrayıl qəzaları xilas edilsin. Hər dəqiqə qiymətlidir. Yubanmaq xalq və vətən qarşısında cinayət və satqınlığa bərabərdir".

1918-ci ilin avqustunda İgdır və Eçmiədzin qəzalarında Dronun rəhbərliyi altında azərbaycanlıların qırğını həyata keçirildi. Onun göstərişi ilə bu regionda azərbaycanlıların 60-dan çox kəndi dağıdılmış, yandırılmış, müsəlman əhalisinə qarşı ən sərt tədbirlər görülmüşdü.

Çəmbərəkənd (Krasnoselo) rayonunun Ağbulaq, Ardanış, Bəriyabad, Qaraqaya, Əmirxeyir, Yanıqtəpə, Gölkənd (Qaraqoyunlu), Toğluca, Çaykənd, Cıvıxlı, Cil, Şorca və başqa kəndlərə hücum etmiş Andranikin quldur dəstəsi əhalini qırmış, kəndləri dağıtmış, xalqın var-dövlətin talan edib aparmış, əhalinin bir qisminə ağır işgəncələr vermiş, qaça bilməyənləri, qocaları, qadın və uşaqları vəhşicəsinə qılıncdan keçirmişdir. 1918-ci ildə Eçmiədzin rayonunda azərbaycanlılar sayca üstunluk təşkil etsələr də, rayonun əksər kəndləri ermənilərin vəhşiliyinə, işgəncələrinə məruz qalmışdılar. Rayonun Ayarlı kəndi 1918-ci ildə bütünlüklə soyqırıma məruz qalmışdır. Bu kənddə həmin vaxt 700-dən çox azərbaycanlı yaşayırdı. Onların əksəriyyəti işgəncələrlə məhv edilmiş, salamat qalanlar isə didərgin düşmüş, dağlarda-daşlarda tələf olmuşlar.

İri azərbaycanlı kəndi olan Qarğabazarın 800 nəfərdən çox əhalisi erməni hərbi dəstələri tərəfindən işgəncələrlə öldürülmüşdür. Bu kənd talan edilmiş, dağıdılmış, binaları yandırılmışdır. Qəmərli kəndinin də başına eyni müsibətlər gətirilmişdir. Bu kənddə yaşayan 500 nəfərə yaxın azərbaycanlı əhali erməni silahlı dəstələri tərəfindən qətlə yetirilmiş, bir qismi isə doğma yurd-yuvasını tərk etməyə məcbur olmuşdur. Eçmiədzin rayonunun Yuxarı Qarxun, Yuxarı Türkmənli, Kiçik Zeyvə, Kürəkənli, Məmmədabad, Molla Dursun, Hacı Qara, Hacılar, Haramlı və başqa kəndlərində yaşayan azərbaycanlı əhalinin böyük əksəriyyəti 1918-ci il qırğınlarında doğma yurdlarını tərk etməyə məcbur olmuşlar.

İrəvan qırğınları

 

1918-ci ilin martına qədər İrəvan qəzasının 199 azərbaycanlı kəndi, 1919-cu ilin sentyabr ayına qədər isə Eçmiədzin qəzasına məxsus 62 azərbaycanlı kəndi bütünlüklə yerlə-yeksan edilmişdir. 1919-cu ilin axırında isə Zəngibasarın bir neçə kəndi istisna olunmaqla, İrəvan qəzasının, o cümlədən Vedibasarın bütün kəndləri məhv edilmiş, əhalisi vəhşicəsinə öldürülmüş, sağ qalanlar canlarını xilas edərək başqa yerlərə qaçmışlar. Əhali İran, Türkiyə və Azərbaycana pənah gətirmişlər.

Quqark rayonunun Vartanlı kəndində isə faciə belə başlandı: Erməni hərbi dəstələri aprel ayının ortalarında iclas keçirmək adı altında azərbaycanlıları bir komaya yığırlar. Təxminən 120-150 adam bu komaya toplaşır. Keşiş Vahan iclası açır, bir neçə kəlmə ilə iki xalqın bir kənddə mehriban yaşaması haqqında fikir söyləyir. Bir qədər sonra silahlı ermənilər içəri daxıl olub keşişi bayıra çıxarır, komanın qapısını bağlayaraq damından içəriyə saman qarışıq neft töküb camaatı yandırmağa başlayırlar. Uşaq, qoca, qadın qışqırtısı ərşə dayanır, tüstüdən boğulanlar, özlərini itirənlər qapıya hücum çəkirlər. Əliyalın xalqın müqaviməti nəticəsiz qalır.

1918-ci ildə Yerevan şəhərinin şimal-şərqində yerləşən Kotayk rayonu ərazisində də erməni hərbi dəstələri azərbaycanlılara qarşı geniş soyqırımı həyata keçirdilər. 1918-ci ilin məlum hadisələrinə qədər bu rayonda yaşayan əhali arasında azərbaycanlılar üstünlük təşkil edirdi.

1920-ci ilin aprelində "Azərbaycan" qəzeti yazırdı: "Artıq Göyçə mahalında müsəlman qalmayıb. Hazırda Yeni Bəyazid qəzasında 84 müsəlman kəndi dağıdılmışdır, onlardan 22 kənd apreldə dağıdılmışdır. Daşkənd, Qoşabulaq, Sarıyaqub, Baş Şorca, Aşağı Şorca, Soğanqulu-ağalı, Ağkilsə, Zod, Qulu, Ağalı, B. Qaraqoyunlu, K.Qaraqoyunlu, Zərzibil, Ədli, İnəkdağ, Qaraiman, Kəsəmən, Başkənd, Bala Məzrə, Şişqaya, Baş Hacı, Qəribqaya kəndlərinin 15 mindən artıq evi olan əhalisi bütün malı, dövləti başlı-başına buraxıb qaçmışdır. Bütün bu var-dövlət hazırda ermənilərə qalıb, qarət edilmiş əmlak bir neçə milyona və hətta milyardlara bərabərdir".

1918-1920-ci illərdə Andranikin quldur qoşununun və daşnakların azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülmüş, yaxud öz dədə-baba torpaqlarından qovulmuş, didərgin salınmışdır. Erməni tarixçisi Z. Kordokyan "Sovet Ermənistanının əhalisi 1831-1931-ci illər" kitabında göstərir ki, 1920-ci ildə Ermənistanda Sovet hökuməti qurularkən bu ərazidə 10 min nəfərdən bir qədər çox türk (azərbaycanlı) qalmışdı. 1918-ci ildə "İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 132 min azərbyacanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən "türksüz Ermənistan" siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir. 1920-ci il aprelin 27-də XI rus ordusunun Bakını, sonra isə Azərbaycanın bütün bölgələrini işğal etməsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi. Ermənistan sovetləşən kimi Zəngəzur qəzası daxil olmaqla Azərbaycan əraziləri Sovet Ermənistanına bağışlandı. Beləliklə, 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qətllər və kütləvi insan qırğını təsadüfi hadisə deyil, "Daşnaksütyun" partiyasının "Böyük Ermənistan" yaratmaq planını reallaşdırmaq yolunda atılan addım və soyqırımı siyasəti olmuşdur.

Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət yaradan ermənilər bununla kifayətlənməyərək vaxtaşırı Azərbaycandan yeni torpaqlar tələb etməyə başladılar. 1920-ci ilin aprel işğalından az sonra ermənilər Sovet Rusiyasının köməyi ilə Zəngəzur torpaqlarının Azərbaycandan qoparılmasına nail oldular. Bu azmış kimi, 1923-cü ildə tarixi Azərbaycan torpaqlarında Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edildi. XX əsrin 80-ci illərinin sonlarında Moskvanın himayəsi və Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi üzündən erməni-daşnak qüvvələri Dağlıq Qarabağa olan iddialarını yenidən gündəmə gətirdilər. Bu müharibəyə öz havadarlarının köməyi ilə hərtərəfli hazırlaşan erməni tərəfi Azərbaycanın 20 faiz torpağını işğal edərək yüz minlərlə insanı öz dədə-baba torpaqlarından qovub çıxarmağa nail oldu.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri 366-cı rus alayının köməyindən istifadə edərək Xocalı şəhərini işğal etdilər. Xocalı faciəsi zamanı 613 nəfər, o cümlədən 106 qadın və 23 körpə qətlə yetirildi, 487 nəfər əlil oldu, 1275 nəfər əsir düşdü, 150 nəfər isə itkin düşdü.

1992-ci il mayın 8-də Şuşa şəhəri erməni quldur biləşmələrinin artilleriya və raket atəşi nəticəsində işğal edildi.

1992-ci il mayın 16-18-də erməni hərbi birləşmələri ağır artilleriyanın köməyi ilə Qarabağın dağlıq hissəsindən kənarda yerləşən Laçın rayonunu işğal etdilər. İşğal nəticəsində Laçının 63341 nəfər əhalisi doğma yerlərini tərk etməyə məcbur oldu.

1993-cü il aprelin 1-3-də erməni hərbi birləşmələri Qarabağın dağlıq hissəsinin hüdudlarından kənarda yerləşən Kəlbəcər rayonunu işğal etdilər. Nəticədə 60698 nəfər azərbaycanlı öz doğma yurdlarından qovuldu. Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olmuş, 321 nəfər itkin düşmüş və ya əsir düşmüş, mülki əhalidən 50 nəfər yaralanmışdır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası 3205-ci iclasında Azərbaycan Respublikasının Kəlbəcər rayonunun erməni hərbi birləşmələri tərəfindən işğal edilməsi ilə bağlı 822 saylı qətnamə qəbul etdi. Qətnamənin 1-ci bəndində işğalçı qüvvələrin həm Kəlbəcər rayonundan, həm də Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılması tələbi əks olunmuşdu.

1993-cü il iyulun 23-24-də Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən Ağdam şəhəri erməni hərbi birləşmələri tərəfindən işğal edildi. Ağdamın 150 min əhalisi öz dədə-baba torpaqlarını tərk etməyə məcbur edildi. Erməni hərbi birləşmələrinə qarşı müharibədə ağdamlılar 6 min şəhid verdilər. 1993-cü il iyulun 29-da BMT-nin Təhlükəsizlik Şurası 3259-cu iclasında Azərbaycan Respublikasının Ağdam rayonunun erməni hərbi birləşmələri tərəfindən işğal olunması ilə əlaqədar 853 saylı qətnamə qəbul etdi. Qətnamənin 3-cü bəndində Ağdam rayonunun və Azərbaycan Respublikasının bu yaxınlarda işğal olunmuş digər ərazilərinin də qeyd-şərtsiz azad edilməsi tələbi vurğulanırdı.

1993-cü il avqustun 23-də Qarabağın dağlıq hissəsindən kənarda yerləşən Füzuli şəhərini və onun kəndlərini erməni hərbi birləşmələri işğal etdilər. Nəticədə 152860 nəfər azərbaycanlı öz yaşayış yerini tərk etməyə məcbur oldu.

1993-cü il avqustun 24-də Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən Cəbrayıl şəhəri və onun kəndləri erməni hərbi birləşmələri tərəfindən işğal edildi. Nəticədə 57125 nəfər azərbaycanlı öz yaşayış yerlərini tərk etməli oldu.

1993-cü il avqustun 31-də Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən Qubadlı rayon mərkəzi və onun kəndləri erməni hərbi birləşmələri tərəfindən işğal edildi. Nəticədə 31364 nəfər azərbaycanlı öz yaşayış yerlərini tərk etməli oldu.

1993-cü il oktyabrın 14-də BMT-nin Təhlükəsizlik Şurasının 3292-ci iclasında qəbul etdiyi 874 saylı qətnamədə erməni qüvvələrinin işğal olunmuş Azərbaycan rayonlarından çıxarılmasının zəruriliyi yenidən qeyd olunmuşdur.

1993-cü il oktyabrın 30-da Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən Zəngilan rayon mərkəzi və onun kəndləri erməni hərbi birləşmələri tərəfindən işğal edildi. Nəticədə 34924 nəfər azərbaycanlı öz yaşayış yerlərini tərk etməyə məcbur edildi.

1993-cü il noyabrın 12-də BMT-nin Təhlükəsizlik Şurası Zəngilan rayonunun və Horadiz şəhərinin erməni hərbi biləşmələri tərəfindən işğal edilməsi ilə əlaqədar 884 saylı qətnamə qəbul etdi. Qətnamənin 2-ci bəndi erməni hərbi birləşmələrinin Azərbaycan Respublikasının Zəngilan rayonunu və işğal olunmuş digər rayonlarını azad etməyə çağırırdı.

XX əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20 min insan həlak olmuş, 50 mindən artıq insan yaralanmış və ya şikəst olmuşdur. Bu müharibədə erməni işğalçıları Azərbaycanın 900 yaşayış məntəqəsini, 150 min fərdi yaşayış evini, 7 min ictimai binanı, 693 məktəbi, 855 uşaq bağçasını, 695 tibb müəssisəsini, 927 kitabxananı, 9 məscidi, 44 kilsəni, 9 tarixi sarayını, 464 tarixi abidə və muzeyini, 40 min muzey eksponatını, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsini, 6 min km. avtomobil yolunu, 348 körpünü, 2300 km. su kommunikasiyalarını, 2 min km. qaz kommunikasiyalarını, 15 min km. elektrik xətlərini, 28 min ha. meşələrini, 1 milyon ha. kənd təsərrüfatı üçün yararlı torpaqlarını, 1200 km. irriqasiya sistemini sıradan çıxarmışlar. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan tərəfinə dəyən maddi ziyanın həcmi 60 milyarddan çox ABŞ dolları həcmində qiymətləndirilir.

Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda ümumxalq Novruz şənliklərində çıxışı zamanı demişdir: "Qarşımızda duran ən vacib, ən əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Biz danışıqlar prosesində öz prinsipial mövqeyimizdən bir addım geri atmamışıq. Bir neçə il bundan əvvəl nəyi demişiksə, bu gün də həmin mövqeyin üstündə dayanırıq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıbdır və olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycan vətəndaşları oraya qayıtmalıdırlar. Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa mütləq qayıdacaq azərbaycanlılar yüksək muxtariyyət statusunda yaşamalıdırlar. Yəni Dağlıq Qarabağa Azərbaycandan kənarda statusun verilməsi qətiyyən qəbuledilməzdir. Bu bizim prinsipial mövqeyimizdir. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, Azərbaycan onu heç vaxt tanımayacaqdır. Bizim tanımadığımız qurum dünya tərəfindən də tanınmayacaqdır".

 

 

Anar İSGƏNDƏROV,

tarix elmləri doktoru,

professor

 

Azərbaycan.- 2010.-  8 aprel.- S.  8.