Avropa Şurası,
Avropa İttifaqı və ATƏT parlament seçkilərində Azərbaycana
göstəriləcək yardım
planını təqdim
etmişlər
Aprelin 7-də Avropa Şurası (AŞ), Avropa İttifaqı (Aİ) və ATƏT noyabrda ölkəmizdə keçiriləcək parlament seçkilərinin təşkilində Azərbaycana yardım planlarını təqdim etmişlər.
Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi xanım Veronika Kotek, Avropa Komissiyasının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Roland Kobia və ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel bəyan etmişlər ki, seçki prosesi həmin təşkilatların fəaliyyəti, eləcə də beynəlxalq birliyin üzvü olan Azərbaycanın özü üçün prioritet təşkil edir.
Əli Bilgə Cankorel bildirmişdir ki, Avropa İttifaqı, Avropa Şurası və ATƏT-in seçkilərlə bağlı fəaliyyəti əsasən, seçki administrasiyasında təmsil olunan iştirakçıların bacarıq və müstəqilliyinin gücləndirilməsi, bütün namizədlərin seçki kampaniyalarını qərəzsiz və plüralist tərzdə işıqlandırılmasını təmin edə biləcək media mühitinin dəstəklənməsi və seçki prosesində qadınlar da daxil olmaqla, ictimaiyyətin marağı və iştirakının stimullaşdırılmasına yönələcəkdir.
Hər üç beynəlxalq təşkilatın rəsmisi ötən illərdə Azərbaycanda keçirilən seçkilərin təşkilini yüksək qiymətləndirmişlər.
Vurğulanmışdır ki, Azərbaycanda parlament seçkilərinin azad və ədalətli, yüksək səviyyədə keçirilməsinə töhfə vermək üçün ATƏT, Aİ və AŞ dövlət orqanları və vətəndaş cəmiyyəti ilə birlikdə işləyərək, seçkilərə ictimaiyyətin marağı və iştirakının stimullaşdırılması üçün seminarlar təşkil edəcək, "dəyirmi masa"lar keçirəcəklər.
Veronika Kotek demişdir ki, son illər keçirilən seçkilər Azərbaycanın bu sahədə tərəqqi əldə etdiyini söyləməyə əsas verir. V.Kotek parlament seçkiləri ərəfəsində həyata keçirəcəkləri fəaliyyətin istiqamətləri barədə məlumat vermişdir. O demişdir ki, bizim fəaliyyətimiz qanunvericilik, seçkiləri idarə edən qurumlar, KİV və fəal seçki mühitinin yaradılması üçün vətəndaşlarla işdən ibarət olacaqdır.
Roland Kobia isə Avropa İttifaqının parlament seçkilərinin təşkilində Azərbaycana hər cür yardım göstərməyə hazır olduğunu bildirmişdir. O, Azərbaycanda keçirilən həm prezident, həm parlament, həm də bələdiyyə seçkilərində hər dəfə irəliləyişin əldə olunmasını alqışladıqlarını söyləmişdir.
Təmsil etdiyi qurumun müxtəlif ölkələrdə
seçki prosesinin Avropa standartlarına uyğunlaşdılrmasına xüsusi
fikir verdiyini deyən R.Kobia, Aİ-nin KİV-nin azadlığı, vətəndaş
cəmiyyətinin seçkilərdə
iştirak prosesinin stimullaşdırılması, seçki
prosesinin texniki baxımdan yaxşılaşdırılması ilə bağlı layihələr
həyata keçirdiyini
bildirmişdir.
Azərbaycan.- 2010.- 8 aprel.- S.
8.