Şərur və Kür sözlərinin kökləri

 

Naxçıvandakı bəzi yer adları ən qədim dövrlərlə, Şumer mifləri ilə bağlıdır

 

Bəzən elə sözlərlə, anlayışlarla rastlaşırıq ki, onun mənasını bilmirik, mövcud kitablarda izahına rast gəlmirik. Şərur və Kür sözləri də belə sözlərdəndir. Hərdən isə belə sözlərin mənası bilinmədiyindən asan yolla gedərək onları yer adı kimi ləğv etməyi, yaxud başqa sözlə əvəzləməyi üstün tuturlar. Dilçilərimiz və tarixçilərimiz həmişə belə addımların əleyhinə olmuşlar. Məsələn, son illərdə Qarabağ bölgəsindəki Manas kəndinin mənasını bilmədən onu yad söz hesab edərək, ləğvini tələb edirdilər. Halbuki Manas türk xalqlarının ən böyük dastan qəhrəmanıdır və onun adının Azərbaycan ərazisində əbədiləşdirilməsi maraqlı tarixi hadisədir. Vaxtilə görkəmli dilçi alimimiz professor Əlövsət Abdullayev Ermənistan, Gürcüstan və Dağıstan ərazilərində əsassız olaraq dəyişdirilən adların bərpasını tələb edir və yazırdı: "İstər kiçik olsun, istərsə böyük tarixi adların dəyişdirilməsinə imkan verməməli. 1935-ci ildə dəyişdirilmiş Gəncə şəhərinin adı, yaxşı ki, bərpa edildi, Naxçıvanda Şərur toponiminin itib getməsinə imkan verilməməlidir. Bu ad Dədə Qorqud dastanlarında da işlədilmişdir. Belə tarixi yerlərin adının dəyişdirilməsinə heç bir zərurət olmamışdır, indi də yoxdur".

 

Çox hörmətli, yaddaşlarda səmimi və zəhmətkeş dilçi kimi yaşayan alimimizin bu sözləri uzun müddət məşgul olduğum Şumer ədəbiyyatında da rast gəldiyim bəzi tarixi sözlərə yenidən diqqət yetirməyə sövq etdi. Məsələ həm də ondadır ki, Şumer dastanlarında və miflərində rast gəlinən Tanrı, mif, şəxs və yer adlarının, əfsanə və miflərin bir çoxu indi də dilimizdə, folklorumuzda mövcuddur: Nuh, Nüs (Nüsnüs), Eldağ, Nihal, (Ningal), (Utnapişti), Şağbur (Şahbuz), Şang (Kirşəngi), Nıçir (Nəhəcir) dağı, Allar, Aral, Ansu, Sum (Sumqayıt və s.), Uşumqal, Subar, Kiş, Kuş (Quşçu), Dingir (Tenqri), Kür (Qor, Gor), Arəs (Araz), Uşan (Rusan), Şərur və s.

Şumerlərin yaradılış dastanlarında qədim mifik obrazlar içərisində Şərur obrazı xüsusi yer tutur. Bu obraza Ninurta haqqında mifdə rast gəlinir. Ninurta cənub küləklərinin və qasırğa allahıdır. Burada əjdahaya, qara qüvvəyə qarşı mübarizə əsas yer tutur. Bu cür motivlərə şumerlərdən sonrakı xalqların miflərində də rast gəlinir. S.N.Kramer Şərurla bağlı məlumatların qədim yazılı mətnlərdə çox az olduğunu qeyd edir. Mifin məzmunu göstərir ki, Şərur obrazı şumerlərdə xüsusi əhəmiyyətə və hörmətə malik olmuşdur. Belə olmasa, o, Ninurta kimi ilahəyə göstəriş verə bilməzdi. Şərur əhalinin qeydinə qalaraq xalqa əzab verən cini (demonu-əjdahanı) öldürməyi məsləhət bilir və onu Ninurtaya həvalə edir (qeyd edək ki, S.N.Kramerin əsərində haqqında söhbət gedən şər qüvvənin adı cin, demon, əjdaha, div kimi qeyd olunur və mahiyyətcə eynilik təşkil edirlər). Ninurta cənub küləkləri və qasırğa tanrısıdır. Bu mifdə qədim xalqların folklorunda rast gəlinən ənənəvi mövzu əsas yer tutur. Sehrli təbiət qüvvələrinə, o cümlədən əjdahaya qarşı mübarizə süjeti Şərurla bağlı mifin əsasını təşkil edir. Bu cür motivlərə şumerlərdən sonrakı digər xalqların miflərində, o cümlədən Azərbaycan nağıllarında da rast gəlinir. Qədim skiflərdə "Kur" tanrısı xüsusi yer tutmuşdur. Skiflərdə Kürün funksiyaları belə səciyyələndirilir: "Skif tanrısı Kur sözün həm fəlsəfi, həm də psixoloji mənalarında yaxşılıq və zərər, savaş və sülh, yaratmaq və məhv etmək tanrısı idi. (2, 354). "Kur" insandakı yaradıcı və dağıdıcı başlanğıcları əlaqələndirir. Skif tanrısı Kur yaradan və məhv edəndir, insana göz verib, onu kor edəndir, insana güc verib, ona qul itaəti təlqin edəndir, onu cəsur və qorxaq edəndir, onu yandırıb külə çevirəndir, gözəlliyi və eybəcərliyi yaradandır. Rütubəti və quruluğu verəndir, insana cavanlıq və qocalıq əta edəndir, dostluq və düşmənçiliyi yaradan da o özüdür. (2, 355). Lakin skiflərdə Şərurla bağlı məlumata hələ rast gəlinməyib. Şumer mifologiyasındakı Şərurla bağlı mifin bütöv mətni əlimizdə olmasa da, onun haqqında fikir yürütmək mümkündür. Onun ayrı-ayrı hissələrinin müxtəlif vaxtlarda tapılan gil yazılarında rast gəlinir. Bu mətnlərdə Şərurdan və onun ilahi qüvvəsindən söhbət gedir. Şərur qərara gəlir və çalışır ki, Kürdə yaşayan qorxunc Asaqa (əjdaha) aradan götürülsün, məhv edilsin. Həmin mənbələrdə Asaq qorxunc xəstəliklərin səbəbkarı kimi təsvir olunur. Onun yaşadığı yer - Kür isə mifik bir aləmdir, ora insan cəmiyyəti deyildir, allahlara məxsus olan sferadır, boşluqdur.

Şumer miflərində adı çəkilən Kür miflərinin birində o biri dünyanın (yəni, yeraltı - qaranlıq dünyanın) təmsilçisidir. Yeri gəlmişkən onu da demək lazımdır ki, Kür (Kur-Qur) mifik obrazı bəzi mətnlərdə bir-birinə yaxın olan başqa mifik funksiyalara da malikdir. Asaqa Kürün hakim olduğu həmin "o biri" dünyaya məxsus olduğundan orada yaşayır. Ona görə də həmin yerə ancaq Ninurta gedə bilərdi. Mifdə ayrı-ayrılıqda Ninurta və Şərur haqqında öyüdlər - şeirlər də xüsusi yer alır. Mətndə təsvir olunan Ninurtanın əsas fəaliyyəti və qəhrəmanlığı onunla bağlıdır ki, o çox güclüdür və xüsusi silahlara malikdir. Məhz ona görə də Şərur Ninurtaya müraciət edir və ona belə bir qəhrəmanlıq göstərməyi tövsiyə edir.

Görkəmli mifoloq S.N.Kramer həmin mifik süjet haqqında yazır: "Burada təsvir olunan (pis qüvvə) Kür deyil. Kürdə (yəni, yeraltı dünyada) yaşayan, xəstəliklərin və azarlıqların cini - Asaqadır. Ninurta isə hava tanrısı, qəhrəman Enlilin oğlu kimi tanınan cənub küləklərinin tanrısıdır. Şair (dastançı - İ.V.) ilahi şeir formasında söylədiyi girişdən sonra Şərurun özünəməxsus silahları olan Ninurtaya xitab etdiyi hekayə ilə başlayır. İndi bizə o qədər də anlaşılmayan hansısa bir səbəb üzündən Şərur Asaq cininə qarşı çıxmağı Ninurtanın boynuna qoyur və onun qəhrəmanlıqlarını və fəndlərini tərifləyən sözlər söyləyərək əjdahaya hücum etməyə və onu yox etməyə təhrik edir. Ninurta bu istəyi yerinə yetirməyə çalışır. Lakin ilk görüşdən rəqibinə qarşı gələ bilmir, "bir quş kimi onun önündən qaçır". İkinci dəfə Şərur ona yenidən ruh verərək qələbə çalacağına inandırır. Ninurta əlində olan bütün silahlarını və gücünü toplayaraq Asaqaya hücum edir və cini yox edir.

Asaqa ilahi qüvvələrlə bağlı olduğundan mifik qanunlara görə, onu məhv etmək düzgün sayılmır. Ona görə də Asaqanın öldürülməsi ilə təbiət qüvvələrinin tarazlığı pozulur və bu da bir çox bəlaların yaranmasına səbəb olur. Bu həm də onunla bağlıdır ki, qədim ənənələrə görə insanlarla allahlar arasında və yeraltı dünya ilə yerüstü dünya arasında tənasüb qorunub saxlanılmalıdır. Bu hadisənin baş verməsi ilə əlaqədar şumerlilərlə ilahi qüvvələr arasında düşmənçilik yaranır. Bu düşmənçilik son nəticədə Şumerin daha böyük fəlakət və çətinliklərlə üz-üzə gəlməsinə səbəb olur.

Indiyə kimi arxeoloji tapıntılarla üzə çıxan və mütəxəssislər tərəfindən oxunan mətnlərdə Şərurla bağlı biliklər elə bu qədərdir. Lakin həmin mətndə və başqa miflərdə Şərurla birlikdə adı çəkilən Kürdən bəhs olunur. Haqqında söhbət gedən hmin mifik mətndə Kür yeraltı dünyanın təmsilçisi kimi, həm də mifik yer və obraz kimi təsvir olunur. Şumer mifoloji mətnlərində Kürə bir neçə mənada və müxtəlif formalarda da rast gəlinir. Haqqında söhbət gedən mətndə isə o, yalnız yeraltı dünyanın və sularının sahibi kimi göstərilir. Asaq öldürüldükdən sonra yeraltı dünyanın çirkab suları, yəni, Kür suları coşur, daşır və onun zəhərli suları Yer üzünə qalxır. Onu da qeyd edək ki. bəzi miflərdə Kür indi bizdə olduğu kimi, coşub-daşan çay kimi də xatırlanır. Bu mətndəki hadisədə yeraltı dünyanın təmsilçisinin, yəni, Kürün daşması, Yer üzərinə çıxması böyük fəlakət gətirir. Şumerin içməli və suvarma suları xarab olur. Burada bir məsələ diqqəti cəlb edir: Kür suyu, yəni, yeraltı dünyanın çirkab suyu Yer üzünə çıxaraq şirin sulara qarışır ki, bu da Yer üzündə təlatüm, daşqın əmələ gətirir. Kür suyu Yer üzündəki təmiz və nizamla axan sulara qarışmaqla onların dadını, şirinliyini də pozur. Belə çətin məqamda yenə Ninurta köməyə gəlir. Şumerlə Kür arasında böyük bir divar qurur. Beləliklə, Kür suları geri çəkilir və bir də dünya üzünə çıxmır. Sonra Ninurta ölkədəki bütün şirin suları bir yerə yığır və Dəclə çayına yönəldir. Tarlalar suvarılır, həyat cana gəlir. Mətndə bu əhvalat belə təsvir olunur:

 

Dağıdılan suları bir yerə topladı o,

Kürün məhv etdiyini bir məcraya yığdı o.

Bütün sular yığılıb Dəclə səmtə yol aldı.

Coşqun sular yüksəlib tarlalara yayıldı.

Bir bax, bütün Yer üzü sanki üzünə gülür.

Ninurtanın - padşahın üzündən nur tökülür.

Indi həmin tarlalar bol-bol taxıl yetirir,

Bağ-bağçada ağaclar hər cür meyvə gətirir.

Məhsullar anbarlara, tayalara vurulur,

Yas saxlayan bəylərin indi kefi durulur.

Tanrıların ruhunu bununla şad etdi o.

Yeni həyat yaratdı bu solan məmləkətdə o.

(Tərcümə məqalə müəllifinindir.)

 

Göründüyü kimi, burada suları aşıb-daşan Kür çayının, yəni, "Dəli Kür" sözünün qədimliyinin, Şərur sözünün yazılı mətndəki tarixinin ən az 3500-5000 illik tarixi üzə çıxır.

Maraqlıdır ki, qədim Şumer mədəniyyətində Naxçıvanla bağlı çoxlu yer adları və əfsanələr mövcuddur və müəyyən elmi araşdırmalar, konfranslar yolu ilə, həm də ictimaiyyətin gücü ilə bunları aydınlaşdırmaq, tariximizin qaranlıq səhifələrini üzə çıxarmaq çox maraqlı nəticələrə gəlməyə imkan verə bilər. Bizə belə gəlir ki, Naxçıvanın dünya mədəniyyətində tutduğu qədim tarixi yerini müəyyən etmək üçün bu dəlillərin çox böyük elmi və ictimai əhəmiyyəti vardır.

 

 

İsmayıl VƏLİYEV,

filologiya elmləri doktoru,

professor

 

Azərbaycan.- 2010.-  8 mart.- S.  11.