Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
- Çox sağ olun. Hörmətli xanımlar və cənablar! Bu gün burada olmağıma və ikitərəfli münasibətlərlə, eləcə də regional məsələlərlə bağlı fikirlərimi sizinlə bölüşməkdən çox şadam. Elə burada indicə qeyd olundu ki, bu, mənim Estoniyaya ilk dövlət və münasibətlərimizin tarixində ilk səfərimdir. Demək istəyirəm ki, ölkələrimiz arasında əlaqələrimizin uzun tarixi vardır. Bu gün Estoniya Prezidenti ilə birgə mətbuat konfransımız zamanı o qeyd etdi ki, sabah Azərbaycanda eston cəmiyyətinin yaradılmasının 100 illiyi qeyd olunacaqdır. Beləliklə, sözün əsl mənasında, bu, xalqlarımız arasında münasibətlərin qədim tarixindən xəbər verir. Biz bir ölkədə yaşayırdıq və bu səbəbdən, əlbəttə ki, xalqlar arasında əlaqələr və ünsiyyət təbii xarakter daşıyırdı. Lakin mühüm amil ondan ibarətdir ki, hazırda müstəqil dövlətlər, suveren ölkələr kimi Estoniya və Azərbaycan qarşılıqlı hörmətə, maraqlara əsaslanan əlaqələr qurmuşlar. Bu münasibətlərin çox güclü dinamikası vardır.
Ötən
il tariximizdə digər mühüm hadisə baş verdi. Estoniya
Prezidentinin Azərbaycana ilk rəsmi səfəri baş tutdu. Bir ildən
sonra mən ölkənizə səfər edirəm.
2008-ci ildə Estoniyanın Baş naziri ölkəmizə səfər
etmişdir. Beləliklə, bu səfərlər münasibətlərimizin
dinamik inkişafının yaxşı göstəricisidir. Əminəm
ki, bu səfər nəticəsində əlaqələrimiz
daha da güclənəcəkdir. Bu gün biz Prezident və
Baş nazirlə ikitərəfli münasibətlərə,
regional məsələlərə, o cümlədən beynəlxalq
münasibətlərə dair müxtəlif mövzuları
müzakirə etdik. Biz ikitərəfli əlaqələrimizi
irəliyə aparmaqda güclü mövqedə dururuq.
Artıq mövcud güclü siyasi əlaqələri nəzərə
alsaq, biz iqtisadi sahəyə diqqət yetirməli və hər
iki ölkədə birgə iqtisadi təşəbbüslərin
həyata keçirilməsi yolları haqqında
düşünməliyik.
Ölkələrimiz sürətlə
inkişaf edir. Estoniyada və Azərbaycanda iqtisadi göstəricilər,
ölkələrimizdə həyata keçirilmiş
islahatların səmərəliliyi göstərir ki, biz irəliyə
doğru çox uğurla addımlayırıq. Biz ölkələrimiz
arasında ikitərəfli əlaqələri gücləndirmək
üçün Azərbaycanın Estoniyada səfirliyinin
açılması qərarına gəldik. Ümidvaram ki, səfirlik
bu yaxınlarda burada fəaliyyətə başlayacaqdır. Bu
gün regional əməkdaşlıq, Baltik, Xəzər və
Qara dəniz regionlarının ölkələri arasında əməkdaşlıq
məsələlərinin əhəmiyyəti get-gedə
artır. Çünki həyata keçirilməsi
planlaşdırılan və artıq həyata keçirilən
layihələrimizə güclü beynəlxalq dəstək
lazımdır. Regionumuzdakı vəziyyət, əlbəttə
ki, sizin regionunuzdakı vəziyyətdən fərqlənir.
Lakin, eyni zamanda, regional məsələlərlə
bağlı çox ətraflı fikir mübadiləsi
aparmaq, regionumuzda daha sabit, proqnozlaşdırılan və
çiçəklənən mühitin yaradılması
üzərində düşünmək kimi məsələlər
xüsusi əhəmiyyət kəsb edir.
Hazırda Azərbaycan olduqca
yüksək iqtisadi inkişaf səviyyəsi ilə
seçilən ölkədir. Lakin müstəqilliyimizi bərpa
etdiyimiz dövrdə biz ola bilsin ki, keçmiş sovet
respublikaları arasında ən ağır vəziyyətdə
idik. Çünki ölkədə iqtisadi böhran, siyasi
qeyri-sabitlik, vətəndaş müharibəsi kimi hadisələr
baş vermişdi. Eyni zamanda, Ermənistanın ölkəmizə
qarşı təcavüzü və torpaqlarımızı
işğal etməsi, əlbəttə ki, bizim
üçün çox ciddi problemlər yaratdı. Bununla
belə, siyasi və iqtisadi islahatlar sayəsində və
özünü təminetmə siyasəti nəticəsində
biz əsas iqtisadi və sosial problemləri aradan
qaldırmağa müvəffəq olduq. Hazırda Azərbaycan
sürətlə inkişaf edən ölkədir.
Mən bir sıra rəqəmləri
sizin nəzərinizə çatdıra bilərəm ki, onlar
Azərbaycanın cari inkişaf səviyyəsini əks
etdirir. Son altı il ərzində iqtisadiyyatımız demək
olar ki, üç dəfə artıb. Bizim iqtisadiyyat son bir
neçə ildə dünyada ən sürətlə artan
iqtisadiyyatdır. Ölkəmizdə bir sıra əsas
infrastruktur layihələrini həyata keçirməyə
nail olduq. İşsizliyin və yoxsulluğun azaldılması
sahəsində bir çox nailiyyətləri əldə
etdik. Azərbaycanda yaşayış şəraiti
yaxşılaşır. Son altı ildə büdcə xərclərimiz
10 dəfədən çox artmışdır. Bu, sosial
problemlərə və iqtisadiyyatın şaxələndirilməsinə
daha çox vəsait sərf etməyə imkan verir.
Siyasi və iqtisadi islahatlar
siyasətini həyata keçiririk. Azərbaycanın
gördüyü işlər aparıcı beynəlxalq maliyyə
təşkilatları tərəfindən qiymətləndirilir.
2008-ci ildə Dünya Bankı Azərbaycanı
özünün "Doing Business" hesabatında ən
islahatçı ölkə kimi tanımışdır.
Ötən il Dünya İqtisadi Forumu iqtisadiyyatımızın
rəqabətliliyi baxımından Azərbaycanı MDB ölkələri
arasında birinci ölkə elan etdi.
Keçmiş sovet
respublikaları arasında bizi qabaqlayan yeganə ölkə
Estoniyadır. Mən sizi bu nailiyyət münasibətilə təbrik
etmək istəyirəm. Lakin 20 ildən az bir müddət əvvəl
bazar iqtisadiyyatı sıfır səviyyəsində olan
ölkə üçün dünya miqyasında iqtisadi rəqabətlilik
üzrə siyahıda 51-ci yerdə olmaq artıq yaxşı
nəticədir. Biz özümüzü təmin edən
ölkəyik.
Əlbəttə ki, bizim təbii
sərvətlərimiz var, lakin onların əhəmiyyəti
yalnız hasil edilib daşınanda göz qabağına gəlir.
Ölkəmizin açıq dənizlərə
çıxışı yoxdur.
Bu səbəbdən bizim
boru kəmərlərinə ehtiyacımız vardır.
Açıq qapı və xarici sərmayələrin təşviqi
siyasəti sayəsində milyardlarla, on milyardlarla dolları
ölkə iqtisadiyyatına, xüsusən də enerji sektoruna
cəlb edə bildik. Eyni zamanda, neft və qaz hasilatını
gözəçarpan dərəcədə artırmaq və
nəinki artırmaq, o cümlədən etibarlı, şaxələndirilmiş
daşıma vasitələrini də yaratmağa nail olduq.
Azərbaycan xarici sərmayələrin
qanunvericilik əsasında güclü şəkildə
qorunduğu ölkədir. Əminəm ki, xarici şirkətlər
özlərini ölkəmizdə çox rahat hiss edirlər.
İqtisadiyyatımızın enerji sektoru, əlbəttə
ki, növbəti bir çox illər ərzində də əsas
yeri tutacaqdır. Lakin bu, onunla bağlı deyil ki, digər
sektorlarda inkişaf zəifdir. Bunun səbəbi onunla
bağlıdır ki, neft və qaz hasilatı artmaqdadır. Bu
il neft hasilatı 50 milyon tondan, qaz hasilatı isə 25-26
milyard kubmetrdən artıq olacaqdır. Aydındır ki,
qeyri-enerji sektorunun genişləndirilməsinə yönəlmiş
ciddi səylərimizə baxmayaraq, həmin iki sektor
arasında balansı saxlamaq çox çətin
olacaqdır. Lakin eyni zamanda, iqtisadiyyatımız
özünü sabit iqtisadiyyat kimi göstərdi.
Çünki 2009-cu il böhran ili idi. Bizim üçün
bu, daha çətin ola bilərdi. Çünki neftin qiymətləri
sürətlə aşağı düşdü. Ancaq buna
baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2009-cu ildə 9,3 faiz
artmışdır, sənaye istehsalındakı artım 8,4
faiz təşkil etmişdir. İnflyasiya səviyyəsi 1,5
faiz olmuşdur. Milli valyuta öz dəyərini itirmədi. Bu,
onu göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi
Azərbaycanda artıq reallıqdır.
Enerji sektoru, neft və qaz
hasilatı, sadəcə özümüzü rahat hiss etməyə,
kiminsə yardımından asılı olmamağa,
özünü təmin etməyə imkanlar yaradır. Siz
özünüzü təmin edəndə və iqtisadi
baxımdan müstəqil olanda, təbii ki, siyasi müstəqilliyiniz
də daha güclü olacaqdır. Onilliklər, əsrlər
boyu biz, əgər belə demək olarsa, digər ölkələrin
tərkibində yaşamışıq. Azərbaycan digər
ölkələrin hissəsi idi, müstəqil deyildi. Bu
gün isə, bizim üçün, xalqımız və gələcək
nəsillərimiz üçün bu, nadir şansdır. Bizdən
öncəki nəsillər müstəqil olmaq məqsədi
ilə yaşamışlar. Biz xoşbəxtik və bəxtimiz
gətirib ki, bunun şahidiyik və nəinki şahidi, həmçinin
müstəqilliyin gücləndirilməsinə, inkişaf
etmiş müasir dövlətin qurulmasına töhfəmizi
veririk. İqtisadi müstəqillik və özünü təminetmə
hər bir ölkə üçün əhəmiyyətli
olan iki elementdir.
Eyni zamanda, Azərbaycanda
siyasi islahatlar olduqca düzgün istiqamətdə
aparılır. Azərbaycan artıq on ildir ki, Avropa
Şurasının üzvüdür. Biz bu quruma qəbul
olunduğumuz dövrdə götürdüyümüz
bütün öhdəlikləri yerinə yetirirdik. Həmçinin
biz bu sahədə gözəçarpan tərəqqini
görə bilərik. Bu gün Azərbaycanda müasir,
inkişaf etmiş və intellektual səviyyəyə malik olan
cəmiyyət qurulub. Cəmiyyətimiz tolerantdır. Azərbaycan
cəmiyyəti olduqca dünyəvidir. Bu müsbət keyfiyyətlər
bizə dövlətçiliyimizi və iqtisadi
potensialımızı gücləndirməyə imkan verir.
2010-cu il üçün nəzərdə
tutulan bütün planlar həyata keçirilir. Xarici sərmayələrə
gəldikdə şirkətlərimiz artıq çox fəaldırlar.
Biz xaricdə böyük sərmayələr
yatırırıq. Digər ölkələrin nəqliyyat və
enerji sektoruna yatırdığımız sərmayələr
artıq 7 milyard dollar səviyyəsindədir. Biz bu siyasəti
genişləndirməyi planlaşdırırıq,
çünki maliyyə vəsaitlərimiz, enerji
resurslarımız və artıq qeyd etdiyimiz kimi, şaxələndirilmiş
boru kəmərləri sistemimiz vardır. Bizim neft və
qazımızı müxtəlif istiqamətlərdə nəql
etmək üçün yeddi boru kəmərimiz vardır.
Biz bir marşrutdan asılı deyilik. Bizim üç neft və
dörd qaz boru kəmərimiz vardır. Bunlar bizə enerji
resurslarımızın xalis dəyərindən maksimal dərəcədə
bəhrələnmək imkanı yaradır.
Eyni zamanda, biz enerji siyasətimizdə
olduqca çevikik. Enerji siyasətimiz hər zaman çox
açıq və səmimi olmuşdur. Biz hər zaman
çalışmışıq ki, enerji
resurslarımızdan istifadə edərək digər ölkələrlə,
qonşularla apardığımız əməkdaşlığı
gücləndirək. Azərbaycan qonşu ölkələrin
enerji təhlükəsizliyində artıq mühüm rol
oynayır. Bu gün şaxələndirmənin
inkişafı ilə bağlı irəli
sürülmüş yeni təkliflər üzərində
düşünürük. Amma açıq desək,
resurslarımızın enerji şaxələndirilməsinə
gəldikdə, biz əldə oluna biləcək nailiyyətlərin
maksimal həddinə nail olmuşuq. Çünki biz nefti,
qazı, elektrik enerjisini bütün qonşu ölkələrə
ixrac edirik. Baxmayaraq ki, həmin qonşu ölkələrdən
bəziləri enerjini Azərbaycandan daha çox həcmdə
istehsal edir.
Azərbaycan Avropa təsisatları
ilə geniş məsələlər ətrafında
çox sıx işləyir. Enerji gündəlikdə duran məsələlərdən
biridir. Enerji təhlükəsizliyi məsələsi, "Cənub
dəhlizi" layihəsi sahəsində biz çox səmərəli
şəkildə əməkdaşlıq edirik. Eyni zamanda,
Avropa İttifaqının "Şərq tərəfdaşlığı"
Proqramının yeni üzvü kimi Azərbaycan, həmçinin
öz tərəfindən Avropa qitəsinin ümumi enerji təhlükəsizliyinə
töhfə verə bilər. Biz "Şərq tərəfdaşlığı"
Proqramına Avropa İttifaqından nəyisə almaq və ya
müəyyən yardımı xahiş etmək məqsədi
ilə qoşulmamışıq. Baxmayaraq ki, hər hansı dəstək
bizim tərəfimizdən çox yüksək dəyərləndirilir.
Lakin bu, bizi bir-birimizə yaxınlaşdırır, biz
qonşuyuq. Əsl qonşu olmaq üçün aramızda
daha çox əlaqələndirmə olmalıdır. Eyni
zamanda, Avropa İttifaqının bütün müsbət təcrübəsi
Azərbaycanda tətbiq edilməlidir. Çünki biz ölkəmizi
müasirləşdiririk, yüksək təhsilə, sosial
müdafiəyə və iqtisadi azadlıqlara malik olan
müasir dövlət qururuq. Hazırda ümumi daxili məhsulumuzun
85 faizi özəl sektorda yaradılır. Baxmayaraq ki, əsas
resursumuz neft dövlət tərəfindən idarə edilir.
Bu, onu göstərir ki, özəlləşdirmə
proqramı və bazar iqtisadiyyatı prinsipləri Azərbaycanda
tam şəkildə tətbiq edilir.
Mən bunu təfərrüatlarla
ona görə deyirəm ki, ölkəmizdəki real vəziyyət
haqqında sizdə məlumat olsun. Eyni zamanda, biz bütün
problemləri, o cümlədən sosial problemləri həll
etmək istiqamətində ürəkdən
çalışırıq. Burada Ermənistanın
torpaqlarımıza təcavüzü və işğalı
nəticəsində yaranmış qaçqın və məcburi
köçkünlərin problemləri bizim üçün əsas
problemdir.
Əhalimiz 9 milyondur, onun bir
milyonu qaçqın və məcburi
köçkündür. Bu, ola bilsin ki, adambaşına
düşən ən yüksək göstəricidir. Belə
ağır problemin olması ilə yanaşı, Azərbaycanda
bu cür sürətli iqtisadi inkişafa nail olmaq müəyyən
göstəricidir. Torpaqların işğalı təkcə
Azərbaycan üçün deyil, regional sabitliyə və
proqnozlaşdırmaya da problemdir. Çünki Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazilərinin
iyirmi faizi demək olar ki, artıq 20 ildir Ermənistanın
silahlı qüvvələrinin işğalı
altındadır. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə
siyasəti aparmışlar. Onlar Xocalıda
soyqırımı törətmişlər. Həmin hadisədə
600-dən artıq vətəndaş, o cümlədən
qadın və uşaq erməni müharibə cinayətkarları
tərəfindən qətlə yetirilmişdir.
Əfsuslar olsun ki, müharibə
cinayətkarları hələ də məsuliyyətə cəlb
olunmayıblar. Lakin ümidvaram ki, vaxt gələcək və
onlar öz əməllərinə görə mühakimə
olunacaqlar. Etnik təmizləmə siyasəti nəticəsində
nəinki Dağlıq Qarabağda, o cümlədən ətraf
rayonlarda yaşamış azərbaycanlılar, yəni
ümumi hesabla 750 mindən artıq insan həmin ərazilərdən
qovulmuş, onların evləri yerlə-yeksan olunmuşdur. Həmin
yerlərdə bütün tarixi abidələr, məscidlər
və qəbirlər dağıdılmışdır. Bu, Ermənistanın
təcavüzünün nəticəsidir.
Bu təcavüzün nəticələri
hələ də aradan qaldırılmayıb. Artıq iyirmi
ildir ki, biz danışıqlar prosesindəyik. Lakin hər
hansı nəticə yoxdur. Hələ 1990-cı illərin əvvəlində
BMT-nin Təhlükəsizlik Şurası tərəfindən
erməni silahlı birləşmələrinin işğal
edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnamənin
qəbul olunması faktına baxmayaraq, Ermənistanın
silahlı qüvvələri ərazilərimizdə
işğalı yenə də davam etdirir. Bu, nə deməkdir?
Bu, o deməkdir ki, beynəlxalq hüquq normaları işləmir.
Bu, o deməkdir ki, ən yüksək səviyyədə beynəlxalq
qərarları qəbul edən qurumun, yəni BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələri yerinə yetirilmir. Həmin
beynəlxalq normaları pozan və qətnamələrə məhəl
qoymayan təcavüzkar isə cəzalandırılmır. Əfsuslar
olsun ki, bəzən biz hətta təcavüzkarın nəinki
cəzalandırılmamasını, hətta müxtəlif
güzəştli razılaşmalarla, maliyyə dəstəyi
və sair vasitələrlə təqdir olunmasını
görürük.
Azərbaycan ərazisinin erməni
qüvvələri tərəfindən işğalı
artıq 20 ildir ki, davam edir. Buna son qoyulmalıdır.
Onların qoşunları Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazilərindən
çıxarılmalıdır. Hazırda Dağlıq
Qarabağda yaşayanlar və birmənalı olaraq ora
qayıdacaq azərbaycanlılar təhlükəsizlik zəmanəti
əsasında suveren Azərbaycan dövlətinin
hüdudlarında dünyada mövcud olan yüksək muxtariyyət
statusu ilə birgə yaşamalıdırlar. Bu mövqe beynəlxalq
hüquq normalarına tam uyğundur. Eyni zamanda, vasitəçilərin
fəaliyyəti və əslində iki tərəfə irəli
sürdükləri təkliflər bu mövqeni əks etdirir.
Azərbaycanın ərazi
bütövlüyünün pozulmasına son
qoyulmalıdır. Dağlıq Qarabağın müstəqil
olması heç müzakirə predmeti belə deyildir. Vasitəçilərin
təkliflərində həmin müstəqilliyin verilməsi
mexanizmi yoxdur. Ermənilər bir çox hallarda öz müqəddəratını
təyinetmə prinsipinə istinad edirlər. Bu, əlbəttə
ki, beynəlxalq hüququn mühüm prinsipidir. Lakin ermənilər
öz müqəddəratını artıq təyin ediblər.
Onlar müstəqil Ermənistan dövlətinə malikdirlər.
Əgər bu məntiqlə getsək, belə
çıxır ki, ermənilər yaşadıqları istənilən
yerdə öz müqəddəratını təyin edəcəklər?!
Onda neçə erməni dövləti yaranacaq?!
Çünki onlar bir çox yerlərdə yaşayırlar
və xüsusən də, münaqişənin həllinə
görə məsuliyyət daşıyan Minsk qrupunun həmsədr
ölkələrində də yaşayırlar.
Onlar Amerika, Fransa və
Rusiyada yaşayırlar. Əgər onlar həmin yerlərdə
öz müqəddəratını təyin etmək fikrinə
gəlsələr, onda nələr baş verər? Həmin
ölkələrin reaksiyası necə olar? Ermənilər
öz müqəddəratını artıq təyin ediblər.
Onlar Ermənistan dövlətinə malikdirlər, baxmayaraq ki,
bu dövlət də tarixi Azərbaycan torpaqlarında
yaradılıb. Bu, hamıya aydındır. 1918-ci ildə Azərbaycan
müstəqilliyini elan etdikdən sonra, növbəti gün
Azərbaycan Demokratik Respublikası qərar qəbul
etmişdir ki, İrəvan şəhəri paytaxt məqsədi
ilə Ermənistana verilsin. İrəvan şəhəri azərbaycanlıların
yaşadığı İrəvan xanlığının
şəhəri idi.
Tarixə gəldikdə, bu
belədir. Onlar artıq Azərbaycan torpaqlarında öz
dövlətini yaradıblar. Bizim torpaqlarda yenidən digər
erməni dövləti yaradıla bilməz. Azərbaycan
bununla heç vaxt razılaşmayacaq və bu, heç vaxt
baş verməyəcəkdir. Erməni tərəfi bunu nə
qədər tez başa düşərsə, bu, həm onlar və
həm də bizim üçün bir o qədər
yaxşı olar. Beləliklə, məsələ tezliklə
həll olunar. Sonra isə Qafqazda sülh qurula bilər.
Çünki Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli olmadan, regionda hər
hansı digər təşəbbüs və ya siyasi məzmunlu
layihə həyata keçirilə bilməz. Dağlıq
Qarabağ münaqişəsini regionda ümumi inkişaf və
ya yeni münasibətlərin yaradılması mövzusundan kənara
çıxarmaq məqsədi ilə edilən bütün cəhdlər
əbəsdir. Bu, baş tutmayacaqdır. Çünki bu, əsas
problemdir və əsas maneə aradan
qaldırılmalıdır. Azərbaycanın öz ərazi
bütövlüyünü bərpa etməyə tam
hüququ vardır.
Ümidvaram ki, vasitəçilərin
fəaliyyətinin praktiki nəticələrini yaxın
vaxtlarda görəcəyik. Çünki dünyanın
aparıcı dövlətləri və Təhlükəsizlik
Şurasının daimi üzvləri olan həmin həmsədr
ölkələr üçün də artıq iyirmi il ərzində
danışıqlar prosesini nəticəsiz aparmaq qeyri-məqbuldur.
Xüsusən də indi növbə Ermənistanındır -
vasitəçilərin son təklifini qəbul edirlər,
yoxsa yox?! Əgər onlar təklifi qəbul etməsələr,
onda hesab edirəm ki, danışıqlar prosesi yenidən nəzərdən
keçirilməli və yeni mərhələ
başlanmalıdır.
Beləliklə, vaxtınızı çox almaq istəmirəm. Bir daha istərdim qeyd edəm ki, ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnunam. Fikrimcə, münasib vaxtdır. Uğurlu əməkdaşlıq aparacağımız yeni sahələri müəyyən etmək üçün bütün səylərimizi göstərməliyik. Bunun üçün güclü qarşılıqlı iradəmiz, potensialımız vardır. Bu gün Estoniya Prezidenti ilə görüşüm zamanı qeyd etdiyim kimi, iqtisadiyyatlarımız rəqabət aparmır. Əksinə, biz bir-birimizə dəstək verə bilərik. İqtisadiyyatlarımız bir-birini tamamlaya bilər. Hesab edirəm ki, biz bu cür möhkəm siyasi əsaslarla və xalqlarımız arasındakı münasibətlərin böyük tarixi irsi ilə və qarşılıqlı hörmətlə, ölkələrimiz arasında çox güclü tərəfdaşlıq münasibətlərini qura bilərik. Həmin əlaqələr ölkələrimiz, regional əməkdaşlıq, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq üçün yaxşı olacaq və vəziyyəti daha proqnozlaşdıran və sabit edəcəkdir.
Mən Xarici İşlər Nazirliyinə və sizin institutunuza burada çıxış etmək fürsətini yaratdığınıza görə minnətdarlığımı bildirmək istəyirəm. Sizə böyük uğurlar arzulayıram.
Diqqətinizə görə minnətdaram.
AzərTAc
Azərbaycan.- 2010.- 9
aprel.- S. 1.