Azərbaycan Prezidenti İlham Əliyev Mavritaniyanın xarici işlər naziri xanım Naha Mint Muknassın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Mavritaniya İslam Respublikasının xarici işlər naziri xanım Naha Mint Muknassın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ölkələrimiz arasında belə yüksək səviyyəli səfərlərin ilk dəfə həyata keçirildiyini vurğulayan Prezident İlham Əliyev bundan sonra qarşılıqlı səfərlərin davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Səfərin əlaqələrimizin inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını qeyd edən dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin bundan sonra sürətlə inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Xarici işlər naziri xanım Naha Mint Muknass Mavritaniya İslam Respublikasının Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirməkdə çox maraqlı olduğunu bildirdi. Xanım Naha Mint Muknass Azərbaycana səfəri zamanı ölkəmizdə gedən böyük inkişafın şahidi olduğunu, sabitlik əmin-amanlığın onda xoş təəssürat yaratdığını dedi.

Dövlətimizin başçısı Mavritaniya İslam Respublikasının Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Mavritaniya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  9 aprel.- S.  2.