Azərbaycan Mavritaniya ilə mədəniyyət sahəsində sıx əlaqələr qurur

 

Azərbaycan Respublikası ilə Mavritaniya İslam Respublikası mədəniyyət sahəsində sıx əməkdaşlıq edəcəklər.

Aprelin 8-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə ölkəmizdə səfərdə olan Mavritaniyanın xarici işlər naziri xanım Naha Mint Muknass arasında keçirilən görüşdə bu məsələ geniş müzakirə olunmuşdur.

Ə.Qarayev bu səfərin iki ölkə arasında qarşılıqlı münasibətlərdə əməkdaşlıq üçün yeni imkanların açılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan Mavritaniya ilə beynəlxalq təşkilatlar, xüsusilə İslam Konfransı Təşkilatı və İSESKO çərçivəsində sıx əməkdaşlıq edir.

Mavritaniya mədəniyyəti ilə daha yaxından tanışlıq məqsədi ilə sərgilərin, tamaşaların, xalq yaradıcılığı nümunələrinin nümayişini vacib sayan Ə.Qarayev Azərbaycanda bu ölkənin mədəniyyət günlərinin keçirilməsini təklif etmişdir. Son 2 ildə Azərbaycanda bir çox islam ölkəsinin mədəniyyət günlərinin keçirildiyi də diqqətə çatdırılmışdır. Eyni zamanda, ölkəmizin zəngin mədəniyyətini təbliğ etmək məqsədi ilə Mavritaniyada da Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin mümkünlüyü vurğulanmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən nazir müvəqqəti işğal olunmuş torpaqlarımızda tarixi-mədəni abidələrin dağıdıldığını bildirmişdir. Azərbaycanın işğal olunmuş torpaqlarında hər hansı bir abidə dağıdılırsa, bu təkcə Azərbaycanın problemi yox, bütün islam dünyasının dərdidir. Çünki bu tarixi abidələr islam mədəniyyətinin tərkib hissəsidir.

Mavritaniyanın xarici işlər naziri islam dəyərləri ilə bağlı iki ölkənin əməkdaşlığının çox vacib olduğunu nəzərə çarpdırmışdır. Mavritaniya Azərbaycan ilə hərtərəfli və sıx əlaqələr qurmaqda, əməkdaşlıqda olduqca maraqlıdır.

Sonda nazirlər arasında ölkələrimizin mədəniyyət sahəsində əməkdaşlığına dair Anlaşma Memorandumu haqqında sənəd paraflanmışdır.

Mavritaniyalı qonağa xatirə hədiyyələri də təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  9 aprel.- S.  4.