Bakıda Azərbaycan-Vyetnam biznes forumu keçirilmişdir

 

Aprelin 8-də Vyetnam Sosialist Respublikası Baş nazirinin müavini Hoang Çunng Hayın Azərbaycana işgüzar səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Vyetnam biznes forumu keçirilmişdir.

Biznes forumunda Azərbaycan və Vyetnam tərəfdən hökumət nümayəndələri ilə yanaşı, informasiya texnologiyaları, maliyyə, bank, sığorta, turizm, səhiyyə, ticarət, sənaye, tikinti, neft-kimya, daşınmaz əmlak və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak etmişdir.

Tədbirdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov və Vyetnam Sosialist Respublikası Baş nazirinin müavini Hoang Çunng Hay çıxış edərək ölkələrimiz arasında mövcud iqtisadi əməkdaşlıq imkanları barədə məlumat vermiş, əlaqələrin sonrakı inkişafında belə tədbirlərin, işgüzar görüşlərin əhəmiyyətini qeyd etmişlər. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində yüksək inkişaf sürətinə nail olması və nəticədə regionun lider dövlətinə çevrilməsi vurğulanmışdır. Vyetnamın isə, öz növbəsində, Azərbaycan üçün geniş bazara malik Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) təşkilatına körpü olmaq istəyi qeyd olunmuşdur.

Biznes forumunda həmçinin AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın biznes imkanları və investisiya mühiti, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayevin rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr, Vyetnamın Sənaye və Ticarət Palatasının nümayəndəsi isə bu ölkənin iqtisadi imkanları barədə təqdimatlarla çıxış etmişlər.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etmiş, sahibkarlar arasında əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2010.-  9 aprel.- S.  4.