ARDNŞ ilə
"Petrovietnam" arasında əməkdaşlıq
haqqında memorandum imzalanmışdır
Aprelin 8-də Bakıda Vyetnam Sosialist Respublikasının ölkəmizdə işgüzar səfərdə olan Baş nazirinin müavini Hoang Çunng Hayın iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Vyetnamın "Petrovietnam" dövlət neft və qaz qrupu arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
Sənədi ARDNŞ-in
prezidenti Rövnəq Abdullayev və "Petrovietnam"ın
prezidenti Fun Din Tuk imzalamışlar.
Tədbirdə Rövnəq Abdullayev Vyetnamla Azərbaycanı onilliklər boyu davam edən dərin dostluq münasibətləri bağladığını söyləmiş, bu dostluğun yaranmasında və inkişafında Azərbaycan neftçilərinin böyük rol oynadığını nəzərə çarpdırmışdır. O, Vyetnamda neft sənayesinin inkişafı naminə Azərbaycan neftçilərinin göstərdiyi xidmətlərin yüksək qiymətləndirildiyindən məmnunluğunu bildirmişdir. ARDNŞ və "Petrovietnam" dövlət neft və qaz qrupu arasında əldə olunan razılaşmaların iki ölkənin neftçiləri arasında mövcud əməkdaşlığın daha da dərinləşməsinə və genişlənməsinə mühüm təkan verəcəyini vurğulamışdır. R.Abdullayev hazırkı dövrdə ölkələrimiz arasında hərtərəfli, o cümlədən siyasi, iqtisadi, təhsil və digər sahələrdə münasibətlərin bərpa edilməsinin vacibliyindən də danışmışdır. Vyetnam Sosialist Respublikası Baş nazirinin müavini Hoang Çunng Hay Bakıya bu ilk səfəri zamanı şahid olduğu qonaqpərvərlikdən məmnunluğunu ifadə edərək demişdir ki, ölkəsində Azərbaycanı yaxşı tanıyır və sevirlər. Vaxtilə Vyetnam iqtisadiyyatının mühüm sahələri, xüsusən də neft-qaz sənayesi üçün Azərbaycanda yüksək səviyyəli mütəxəssis kadrlar hazırlanmışdır. Biz tarixi dostluğumuza əsaslanaraq yeni mərhələdə ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığı daha da inkişaf etdirməliyik.
Qonaq ARDNŞ-in dünya neftçıxarmasında böyük tarixə və zəngin təcrübəyə malik olduğunu vurğulamış, şirkətlə imzalanan sənədlərin ölkələr arasında dostluğun və əməkdaşlığın inkişafına xidmət edəcəyinə əminliyini bildirmişdir.
Mərasimdə ARDNŞ-in Sinqapurdakı "SOCAR Traidinq Singapore" ilə "Petrovietnam Oyl Korporeyşn" şirkətləri arasında Azərbaycan neftinin Vyetnama uzunmüddətli satışı üzrə müqavilə də imzalanmışdır. Sazişi "SOCAR Traiding Singapore" şirkətinin direktoru Viktor Lim və "Petrovietnam Oyl" korporasiyasının müdiri Nquen Xuan Sun imzalamışlar.
AzərTAc
Azərbaycan.- 2010.- 9
aprel.- S. 4.