Müasir inkişaf yolunun banisi

 

Artıq yarım əsrə yaxındır ki, Azərbaycan deyiləndə ilk növbədə Ulu öndər Heydər Əliyev yada düşür. Azərbaycanın müasir tarixini bu böyük şəxsiyyətin keçdiyi mənalı və şərəfli həyat yolundan ayrı təsəvvür etmək olmur. Keçən əsrin 70-ci illərindən başlayaraq 7-8 illik bir fasilə ilə ömrünün sonunadək respublikaya rəhbərlik etmiş bu müdrik və uzaqgörən dövlət xadimi Azərbaycanın bugünkü və gələcək inkişaf yolunu müəyyən etmiş, onun iqtisadi və siyasi müstəqilliyinin əsasını qoymuş, bu müstəqilliyin əbədi və möhkəm bünövrəsini yaratmışdır.

 

Vətənini və millətini ürəkdən sevən, bütün ömrünü onun tərəqqisinə həsr edən Heydər Əliyevin həyat fəlsəfəsi onun bu sözlərində çox gözəl ifadə edilmişdir: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

Heydər Əliyevin yadigarı və şah əsəri olan müasir Azərbaycan 1993-cü ildən başlayaraq ona görə belə böyük sürətlə inkişaf etmişdir ki, bu ölkəyə onun kimi təcrübəli siyasətçi və dövlət xadimi rəhbərlik etmiş, o, xalqı və respublikanın bütün resurslarını səfərbər edə bilmiş, ilk növbədə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq üçün olduqca zəruri olan sabitlik və əmin-amanlığı bərpa etmiş, böyük islahatların və quruculuq işlərinin başlanmasına zəmin yaratmışdır.

Ulu öndər çox gözəl bilirdi ki, ölkədə sabitlik bərpa edilməsə heç bir dövlət quruculuğundan, heç bir islahatdan, heç bir inkişafdan və tərəqqidən danışmaq olmaz. O, deyirdi: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Bizim xalq və tarix qarşısında böyük məsuliyyətimiz var. Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə, heç bir dövlət gəlib bizim xalqımızın milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin".

Heydər Əliyevin xalqın tələbi və təkidi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıtdığı dövrdə ən vacib məsələ ölkədə baş alıb gedən dərəbəyliyin aradan qaldırılması, insanların asudə və arxayın yaşamasının təmin edilməsi, pərakəndə şəkildə olan ordu dəstələrindən vahid ordunun formalaşdırılması, bunun üçün müvəqqəti də olsa müharibənin dayandırılması, atəşkəs rejiminin əldə olunması məsələləri daha aktual idi. Bu, elə bir dövr idi ki, artıq Azərbaycan iqtisadiyyatı çox bərbad vəziyyətə düşmüş, Heydər Əliyevin respublika rəhbərliyində olmadığı müddətdə onun 70-ci illərdə yaratdığı iqtisadi potensial xeyli zəifləmiş, 90-cı il səviyyəsindən də aşağı düşmüşdü. Bu dövrdə xarici təzyiqlərlə yanaşı ölkəni içəridən sarsıdan bir sıra qüvvələrin Azərbaycan dövlətini parçalamaq, onun müstəqilliyini zərbə altında qoymaq istəyən daxili düşmənlərin törətdikləri qəsdlərin, dövlət çevrilişi cəhdlərinin qarşısı məharətlə və xalqın birliyi ilə aradan qaldırıldı, ölkədə dinc quruculuq işlərinə başlamaq üçün şərait yarandı.

Ümummilli liderimiz çox gözəl bilirdi ki, Azərbaycanın ümumdünya ailəsində layiqli yerini tutması üçün ilk növbədə müasir dünyanın tələblərinə uyğun olan demokratik dövlət qurmaq lazımdır. Bunun üçün müstəqil dövlətin əsas qanunu - yeni Konstitusiyası qəbul edilməli, bütün qanunvericilik bazası yeniləşdirilməli, demokratik təsisatlar formalaşdırılmalı və demokratiyanın inkişafı üçün real şərait yaradılmalıdır. Yəni dünya ölkələrinin uzun bir dövrdə keçdiyi mərhələni Azərbaycan çox qısa bir müddətdə başa vurmalı, özünün müasir və dünyəvi dövlət olduğunu təsdiq etməlidir. Heydər Əliyev deyirdi: "Biz ölkədə demokratiyanı ona görə inkişaf etdirmirik ki, bunu bizdən Avropa Şurası tələb edir. Biz demokratiyanı ona görə inkişaf etdiririk ki, ölkəmiz demokratik, hüquqi dövlət quruculuğunu özü üçün inkişaf yolu seçmişdir".

Bu prinsipi əsas götürən Heydər Əliyev qısa bir müddətdə bilavasitə özünün rəhbərliyi altında Azərbaycan Respublikasının yeni Konstitusiyasını hazırlamaq üçün xüsusi komissiya yaratdı və bu komissiya çox gərgin, səmərəli işləyərək əsas qanunun layihəsini geniş müzakirələrdən keçirməklə Ümumxalq Referendumuna çıxardı və artıq 1995-ci ildə bu Konstitusiya xalq tərəfindən yekdilliklə qəbul edildi. Konstitusiyada Azərbaycanın milli xüsusiyyətləri, Azərbaycan xalqının maraqları, beynəlxalq hüquq normaları tam nəzərə alındı və dövlətin idarə olunmasının əsas prinsipləri müəyyənləşdirildi.

Heydər Əliyev ölkənin müstəqilliyini qorumağın, onu əbədiləşdirməyin ilk növbədə ölkə iqtisadiyyatını dirçəltməkdən asılı olduğunu çox gözəl bilirdi. Lakin Azərbaycanda sovet dövründən mövcud olan müəssisələr, zavod və fabriklər demək olar ki, tam dayanmış, iqtisadi əlaqələr tamamilə pozulmuş, işsizlik geniş miqyas almış, ölkə ciddi ərzaq, xüsusilə taxıl çatışmazlığı təhlükəsi ilə üz-üzə qalmışdı. Bəzən Azərbaycanın taxıl ehtiyatları əhalinin 2-3 günlük tələbatını güclə ödəyirdi. Şimali Qafqazdan dəmir yolunun bağlı olması, Həştərxan limanında isə dənizin donması alınmış taxılın respublikaya gətirilməsini qeyri-mümkün edirdi. Ölkənin maliyyə ehtiyatları olduqca məhdud idi və Azərbaycanda 1990-1993-cü illərdə hökm sürən qeyri-stabil vəziyyətə görə beynəlxalq maliyyə qurumları ölkəyə vəsait ayırmaq istəmir, ölkənin dağılan iqtisadiyyatını dirçəltmək üçün tələb olunan lazımi vəsaiti tapmaq müşkül məsələyə çevrilirdi.

Respublikanın əsas sənaye sahələrindən olan neft sənayesində də vəziyyət çox acınacaqlı idi. Hasilat gündən günə aşağı düşür, yeni quyuların qazılması demək olar ki, dayanmış, mövcud quyuların təmiri və bərpası üçün isə vəsait çatışmırdı.

Bu dövrdə Heydər Əliyev ilk növbədə Azərbaycanın əsas təbii sərvətlərindən olan neftin xalqın mənafeyi üçün istifadə olunmasını təmin edən neft strategiyasını müəyyənləşdirib həyata keçirməyə başladı. Qısa müddətdə, 1994-cü il sentyabrın 20-də dünyanın 12 ölkəsini təmsil edən aparıcı şirkətlərlə "Əsrin müqaviləsi" imzalandı. Bu, Azərbaycana həm iqtisadi, həm də siyasi cəhətdən böyük dividentlər gətirdi, bu müqavilənin bağlanmasına hər vasitə ilə mane olan bəzi dövlətlərin istəklərini puça çıxardı və Azərbaycanın müstəqilliyinin dönməzliyi üçün möhkəm əsas yaratdı. Heydər Əliyevin uğurlu neft strategiyası Azərbaycanın bütün sonrakı qələbələrinin əsasını qoydu.

"Əsrin müqaviləsi"nin Azərbaycanın taleyindəki əvəzsiz rolundan və əhəmiyyətindən çox danışılmış, çox deyilmişdir. Heydər Əliyevin başladığı yolu, qarşıya qoyduğu vəzifələri ondan sonra böyük müvəffəqiyyətlə davam etdirən, Heydər Əliyev ideyalarını bu gün də reallaşdırmaqda davam edən Prezident İlham Əliyev bunu öz çıxışlarında dəfələrlə qeyd etmişdir. 2009-cu il sentyabrın 15-də "Əsrin müqaviləsi"nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə bu müqavilənin əhəmiyyətini belə qiymətləndirmişdir: "Mən qeyd etmək istəyirəm ki, bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın həqiqətən müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə "Əsrin müqaviləsi"nin imzalanması ilə bağlıdır. Bu, çox cəsarətli və müdrik addım idi. Ulu öndər Heydər Əliyev tərəfindən atılan bu addım Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. O çətin və ağır şəraitdə həm ölkə daxilində gedən çox mürəkkəb proseslər, eyni zamanda Azərbaycanın ətrafında cərəyan edən mənfi meyllər Azərbaycanı çox ağır bir vəziyyətə qoya bilərdi. Əgər Heydər Əliyev cəsarət, uzaqgörənlik, müdriklik göstərməsə idi Azərbaycan çox ağır vəziyyətə düşə bilərdi. Əgər kontrakt imzalanmasaydı, indi təsəvvür etmək çətindir ki, Azərbaycanın bugünkü vəziyyəti necə ola bilərdi. Tam qətiyyətlə deyə bilərəm ki, bu gün biz indiki uğurlardan danışa bilməzdik".

Ümummilli lider ölkənin əsas təbii sərvətlərindən biri olan nefti Azərbaycan xalqının öz sərvətinə çevirdikdən sonra ondan səmərəli bəhrələnmək yollarını da müəyyənləşdirmiş, bu gəlirlərin gələcək nəsillər üçün qorunub saxlanması qayğısına da qalaraq 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmışdır. Heydər Əliyev neft strategiyasının mühüm elementlərindən biri olan Dövlət Neft Fondu yaradılarkən onun aktivləri cəmi 271 milyon ABŞ dollarına bərabər idisə, bu gün həmin aktivlər 15 milyard dollara yaxındır. Ümumiyyətlə isə 2009-cu ildə Azərbaycanın strateji valyuta ehtiyatları təqribən 3 milyard dollar artaraq 20 milyard dolları ötüb keçmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu öndərin 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli mərasimdə qeyd etdiyi kimi, Heydər Əliyevin rəhbərliyi ilə məhz 1993-2003-cü illərdə qoyulmuş möhkəm təməl, başlanmış islahatlar, irəli sürülmüş təşəbbüslər bugünkü reallığı mümkün edibdir. Məhz o illərdə iqtisadi sahədə, energetika sahəsində böyük addımlar atılmışdır, Heydər Əliyevin neft strategiyası başlanmışdır və bu gün də bu strategiya uğurla davam etdirilir. Bütün bugünkü uğurlara görə biz Ulu öndərə borcluyuq.

Bu gün Azərbaycanın hərtərəfli və çoxşaxəli iqtisadi inkişafından geniş bəhs olunur. Lakin bir daha xatırlatmaq lazımdır ki, Heydər Əliyevin neft strategiyası ilə yanaşı böyük cəsarət və qətiyyət tələb edən özəlləşdirmə proqramları, torpaq islahatları da çox böyük əhəmiyyət daşıyırdı və bugünkü qələbələrin əsasını təşkil edən bu islahatlar aparılmasaydı Azərbaycan iqtisadiyyatı belə sürətlə inkişaf etməzdi. Onun rəhbərliyi ilə hazırlanıb həyata keçirilmiş birinci və ikinci dövlət əmlakını özəlləşdirmə proqramlarının yerinə yetirilməsi sayəsində ölkədə sosializm dövründən qalmış iqtisadi münasibətlər yeni məcraya yönəldi, orta və kiçik sahibkarlıq inkişaf etməyə başladı, bazar iqtisadiyyatı münasibətləri təşəkkül tapdı, ölkədə əhalinin zəruri mallara tələbatını ödəyən sahibkarlar təbəqəsi formalaşdı. İndi respublikada ÜDM-nin 85 faizinin özəl sektorun payına düşməsi təsadüfi deyildir.

Heydər Əliyevin 1996-cı ildə başladığı özəlləşdirmə proqramlarının həyata keçirilməsi nəticəsində dövlət müəssisələrinin sağlamlaşdırılması, özəl sektorun inkişaf etməsi, əhalinin xüsusi mülkiyyət sahibinə çevrilməsi, həmçinin xarici iş adamlarının respublikaya cəlb olunması hesabına Azərbaycanda böyük sərmayəçilər qrupu təşəkkül tapdı. Dövlətsizləşdirmə siyasəti nəticəsində 45 mindən çox kiçik müəssisə özəlləşdirilmiş, 2000-ə yaxın səhmdar cəmiyyəti yaradılmış, ölkədə 150 min nəfərlik səhmdar ordusu formalaşmış, 400 mindən artıq mülkiyyətçi isə əmlak sahibinə çevrilmişdir. Bütün bunlar Azərbaycanda sosialist planlı iqtisadiyyatından bazar iqtisadiyyatına keçid dövrünün başa çatdığını göstərən amillərdir. Ölkə iqtisadiyyatının inkişafına təkan verən əsas vasitə iqtisadiyyata qoyulan investisiyalardır. Vaxtilə Azərbaycanın investisiya cəlb etməkdə üzləşdiyi çətinliklər çoxdan geridə qalmışdır. Artıq Azərbaycan investisiya qoyuluşu üçün ən etibarlı və ən əlverişli ölkələrdən biri hesab olunur. Azərbaycan belə investisiyalardan imtina etmir. Ən sərfəli şərtlərlə ən vacib layihələrə uzunmüddətli və aşağı faizli kreditlər götürməkdən çəkinmir.

Azərbaycanın yüksək iqtisadi inkişafı, onun etibarlı tərəfdaş olması, ölkədə yaradılan normal biznes mühiti beynəlxalq maliyyə təşkilatlarının ölkəmizə inamını və etibarını gündən-günə artırır.

Bu baxımdan dünyadakı qlobal böhrana baxmayaraq, Ümumdünya Bankının keçən il Azərbaycana 23 il müddətinə 450 milyon ABŞ dolları məbləğində kredit ayırması təqdirəlayiq hal sayılmalıdır. Ölkənin dəmir yol nəqliyyatının müasirləşdirilməsi, Bakı şəhərindən Böyükkəsik stansiyasına qədər olan 300 kilometrlik dəmiryol xəttinin yenidən qurulması üçün ayrılan bu kredit həmin yolda hər il 15 milyon ton yük daşınmasına, Azərbaycanın regionda əsas nəqliyyat arteriyasına çevrilməsinə, bu yolda qatarların sürətinin 100 kilometrə çatdırılmasına, ən başlıcası isə respublikada yüzlərlə yeni iş yerlərinin yaradılmasına kömək edəcəkdir.

2009-cu il ərzində Azərbaycana 9,2 milyard dollar məbləğində investisiya qoyulmuşdur. Bu vəsaitin 7,3 milyardı daxili sərmayələrdir.

Bununla yanaşı indi Azərbaycan özü xarici ölkələrə investisiya qoyur. Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsini məhz Azərbaycan maliyyələşdirir və bu yolun çəkilməsi gələcəkdə Azərbaycana həm iqtisadi, həm də siyasi cəhətdən böyük dividentlər gətirəcəkdir.

Bu gün Azərbaycanda yaradılmış yeni sənaye müəssisələri rəqabət qabiliyyətli məhsullar istehsal edə bilir və bu müəssisələrdə ən müasir texnologiyalardan istifadə olunur. Xüsusilə son 6 ildə yüzlərlə belə müəssisə açılmış, minlərlə insan işlə təmin olunmuşdur.

Ulu öndər Heydər Əliyevin başladığı və bu gün uğurla davam etdirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının təkcə 2004-2008-ci illərdə 2,6 dəfə artması və bunun dünyada ən yüksək göstərici olması nəinki bizim hər birimizin, eləcə də dünyada yaşayan soydaşlarımızın qəlbini qürurla döyündürür. Artıq 2008-ci ildə Azərbaycan 1990-cı ilin iqtisadi göstəricilərinin səviyyəsini 2 dəfə üstələmişdir.

Azərbaycan iqtisadiyyatının uğurlarından bəhs edən ölkə Prezidenti İlham Əliyev ötən il Bakı Dövlət Universitetinin 90 illik yubileyində demişdir: "Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq... Bizim uğurlarımızın əsas səbəbi ölkədə aparılan siyasi və iqtisadi islahatlardır".

2009-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 3917 manata və yaxud 4874 ABŞ dollarına bərabər olmuşdur. Son 3 ildə Azərbaycan adambaşına düşən milli məhsulun həcminə görə öz mövqeyini dünya üzrə 32 pillə yaxşılaşdırmışdır.

Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının bugünkü inkişafına zəmin yaradan əsas islahatlarından biri də MDB ölkələri arasında birinci olaraq torpaq islahatının uğurla başlanıb həyata keçirilməsidir. Xatırlatmalıyıq ki, keçmiş respublikaların bir çoxunda, o cümlədən Rusiyada bu çətin islahat hələ başa çatdırılmayıb. Uzun illər öz torpağının sahibi ola bilməyən Azərbaycan kəndlisi nəhayət öz arzusuna qovuşdu. Olduqca mürəkkəb bir proses olan torpaq islahatını həyata keçirmək dövlət rəhbərindən böyük iradə və qətiyyət tələb edirdi. Bu islahatın əsas prinsipi ədalət, obyektivlik, real tarixi şəraitin nəzərə alınması idi. Torpaq islahatının aparılması zamanı kənd yerlərində yaşayan hər bir insanın öz zəhməti ilə yaşaya bilməsi, ölkədə ərzaq bolluğu üçün zəmin yaradılması mühüm məsələ kimi qarşıya qoyulurdu. Eyni zamanda islahat zamanı dövlət torpaq fondu, yerli özünüidarəetmə orqanlarının torpaqları ilə yanaşı gələcək nəsillərin torpaqla təmin olunması üçün ehtiyat da nəzərdə tutulmuşdur. Məhz bu islahatların nəticəsidir ki, hazırda Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin etmiş, vaxtilə ölkə əhalisinin tələbatını ödəmək üçün taxılın çox hissəsini ixrac edən bir respublika 2009-cu ildə 3 milyon tona yaxın taxıl istehsal etmişdir ki, bu da əvvəlki illərdən 2-3 dəfə çoxdur.

Qeyd etmək lazımdır ki, ulu öndərin tövsiyəsi ilə torpaq islahatına başlanıldıqdan az sonra onun becərilməsi üçün müvafiq texnikanın, mineral gübrələrin verilməsi, digər aqrotexniki xidmətlərin göstərilməsi üçün şərait yaradıldığına görə Azərbaycanda kənd təsərrüfatı istehsalı son bir neçə ildə xeyli artmış, 2009-cu ildə isə bu artım 3,5 faiz təşkil etmişdir. Artıq kənd təsərrüfatı istehsalına təkan verən yeni-yeni emal müəssisələri yaradılır, kənd təsərrüfatında çalışanlar aqrolizinq vasitəsilə lazımi texnika, mineral gübrə, cins mal-qara və məhsuldar toxum növləri ilə təchiz edilirlər ki, bu da Azərbaycanın ərzaq təhlükəsizliyinin daha yaxşı təmin edilməsinə şərait yaradır.

Heydər Əliyev Azərbaycanda qeyri-neft sektorunun əsas sahələrindən biri olan kənd təsərrüfatının inkişafını bu sahəyə dövlət dəstəyinin artırılmasında, kəndli fermer təsərrüfatlarına güzəştli şərtlərlə kreditlər verilməsində, onların uzun müddət vergilərdən azad edilməsində, müasir tələblərə cavab verən emal müəssisələrinin yaradılmasında, Azərbaycanda emal olunan məhsulların dünya bazarına çıxarılmasında görürdü. Ulu öndər iqtisadi islahatların qısa müddətdə həyata keçirilməsi üçün qanunvericilik bazasının yaradılmasına xüsusi əhəmiyyət verirdi. 1996-cı ilin sentyabrında qətiyyətlə bildirirdi: "Artıq iqtisadi islahatları həyata keçirmək üçün əsas qanunlar qəbul olunubdur...İndi bu qanunların həyata keçirilməsi bizim qarşımızda duran əsas vəzifədir. Çünki bütün iqtisadiyyatın inkişafı, respublikanın əhalisinin rifah halının yaxşılaşması yalnız və yalnız iqtisadi islahatların keçirilməsi yolu ilə iqtisadiyyatın irəliləməsini təmin etməklə bağlıdır".

İslahatların keçirilməsi isə heç də asanlıqla başa gəlmir, bir çox müqavimətlərlə rastlaşırdı. Ulu öndər bu müqavimətləri qətiyyətlə aradan qaldırır, islahatlardan əldə ediləcək nəticələri inandırıcı surətdə dönə-dönə izah edir, bu işdə mühafizəkarlıq göstərənləri kəskin tənqid edirdi. Xüsusilə torpaq islahatının Azərbaycan üçün böyük uğurlar gətirəcəyinə arxayın olduğunu izah edərək bildirirdi: "Mən əminəm ki, bu islahatları tam həyata keçirəndən sonra torpaq xüsusi mülkiyyətə keçəndən sonra bunların səmərəliliyi qat-qat artacaqdır və Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalında, mən sizə tam qətiyyətlə deyirəm ki, Qafqazda birinci yerdə olacaqdır. Heç bir respublika Azərbaycan qədər imkanlara malik deyil".

Ümummilli lider təkcə aqrar sahədə deyil, bütün sahələrdə islahatların aparılmasına böyük səy göstərirdi və bunu hamıdan tələb edirdi. O, Azərbaycanın iqtisadi inkişafının əsasını islahatların cəsarətlə və sürətlə aparılmasında görür və deyirdi: "Ona görə biz bu yolla getməliyik, cəsarətlə getməliyik, çox sürətlə getməliyik və buna nail olmalıyıq".

Ümumiyyətlə, ulu öndərin həyata keçirdiyi islahatlar və respublikanın iqtisadiyyatını inkişaf etdirmək üçün gördüyü tədbirlər 1995-2003-cü illərdə Azərbaycan iqtisadiyyatının dirçəlməsinə və xeyli yüksəlməsinə səbəb olmuşdur. Bu illərdə ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi, o cümlədən ixrac 4 dəfə artmış, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi məbləği 20 milyard ABŞ dollarını keçmişdir.

Bütün islahatların aparılmasını sürətləndirmək üçün ölkənin mövcud idarəetmə strukturunun da təkmilləşdirilməsinin vacibliyini hamıdan yaxşı dərk edən, bunun kəsə yollarını da bilən və göstərən Heydər Əliyevin özü idi. Qısa müddətdə ölkənin idarəetmə strukturunu yeni şəraitə uyğunlaşdırmaq, sovet dövründə formalaşmış saysız-hesabsız idarəetmə orqanlarının əvəzinə daha çevik və mütəhərrik fəaliyyət göstərməyə qadir olan, yığcam strukturlu idarəetmə orqanlarının yaradılması ölkənin bütün sahələrdə daha yaxşı idarə olunmasına, maliyyə vəsaitinin səmərəli istifadəsinə, bürokratik maneələrin azaldılmasına imkan verirdi. Bu məqsədlə təkcə 1998-ci ildən sonra Heydər Əliyev bununla əlaqədar 31-dən çox fərman və 21-dən çox sərəncam imzalamışdır. Yalnız 2001-ci ildə 21 nazirlik və idarə ləğv edilmiş, 7 nazirlik və idarə yenidən yaradılmış, həmin strukturlarda işləyənlərin sayı xeyli azaldılmışdır.

Ümummilli lider ölkə iqtisadiyyatının inkişafının əsas vasitələrindən biri olan energetika sənayesinə xüsusi əhəmiyyət verir və Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasına istər sovet dönəmində, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə olduqca böyük diqqət yetirirdi. 70-ci illərdə onun bilavasitə təşəbbüsü və rəhbərliyi ilə respublikada tikilmiş nəhəng elektrik stansiyaları və su dəryaçalarının davamı olaraq Yenikənd, Vayxır su elektrik stansiyalarının, Şimal DRES-in inşası, hələ sovet dövründə tikilmiş elektrik stansiyalarının yenidən qurulması, onların gücünün artırılması, daha müasir, daha səmərəli texnoloji avadanlıqlarla təchiz olunması üçün əlindən gələni edirdi. O, ölkənin məhdud maliyyə ehtiyatlarını bu sahəyə yönəltməklə gələcəkdə bütün sahələrin inkişafı üçün zəmin yaradırdı.

Bu gün Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuşdur. Heydər Əliyevin bu sahədə gördüyü işlər onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha sürətlə davam etdirilmiş, Azərbaycan artıq elektrik enerjisi idxal edən ölkədən elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir.

Təkcə 2009-cu ildə Azərbaycanda 840 meqavatlıq yeni enerji gücləri yaradılmışdır. Hazırda bu güclərin artırılması, 2010-cu ildə əlavə olaraq azı 400 meqavat gücün istifadəyə verilməsi üçün ciddi işlər görülür. Eyni zamanda Prezident İlham Əliyevin təsdiq etdiyi alternativ və bərpa olunan enerji mənbələri haqqında dövlət proqramı həyata keçirilməyə başlanmış və Azərbaycan indi ən müasir texnologiyalar əsasında yeni enerji mənbələrini yaratmaq barədə düşünür.

Azərbaycanın indiki nailiyyətləri danılmazdır və onların gündən-günə artacağına heç kəs şübhə etmir. Çünki Azərbaycan artıq Ulu öndərin başladığı böyük islahatların bir çoxunu uğurla başa vurmuşdur.

Məhz Heydər Əliyevin başladığı və ondan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə daha sürətlə davam etdirilən islahatlar nəticəsində bu gün Azərbaycan dünya iqtisadiyyatında sabit inkişaf edən bir ölkə kimi öz yerini tutmuş, regionda və MDB məkanında aparıcı dövlətlərdən birinə çevrilmişdir. Azərbaycan həm də öz enerji resursları ilə dünya iqtisadiyyatının inkişafında mühüm yer tutan bir ölkə sayılır. Azərbaycanın böyük potensialı var və bu potensial onun bundan sonra daha sürətlə inkişaf edəcəyinə böyük inam yaradır.

Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumlarının və təşkilatların reytinq cədvəllərində ölkəmiz gündən-günə irəliləyir və öz mövqelərini möhkəmlədir. Dünyanın bir çox nəşrlərində bu gün Azərbaycanın inkişafı və gələcək perspektivləri diqqət mərkəzində saxlanılır və ölkəmizin gələcəyi haqqında olduqca nikbin fikirlər söylənilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin dekabrında Xırdalan şəhərində müharibə veteranları və əlilləri, şəhid ailələri üçün tikilmiş yaşayış binasının açılışında dediyi sözlər göstərilənləri bir daha təsdiq edir: "Bu gün Azərbaycan Cənubi Qafqaz bölgəsində bütün parametrlər üzrə aparıcı ölkədir, bunu biz də bilirik, bütün beynəlxalq aləm də bilir. Bütün bölgədə iqtisadi tənəzzül yaşandığı bir vaxtda Azərbaycan iqtisadiyyatı inkişafdadır".

Hazırda özünün rabitə peykini buraxmağa hazırlaşan, kifayət qədər rabitə texnologiyalarına yiyələnmiş və bunlardan istifadə edə biləcək kadrlar yetişdirmiş Azərbaycanın yaxın dövrdə dünyanın yüksək inkişaf etmiş ölkələri səviyyəsinə yüksəlməsi üçün böyük potensialı var.

Ölkə rəhbərliyinin əsas məqsədinin Azərbaycanı müasirləşdirmək, modernləşdirmək olduğu dəfələrlə qeyd edilmişdir. Azərbaycanın bu sahədəki uğurları və səyləri dünyada maraqla qarşılanır.

Ölkə Prezidenti dünyada gedən iqtisadi tənəzzül fonunda Azərbaycanın iqtisadi artımının təkcə neftlə bağlı olmadığını dəfələrlə qeyd etmiş və demişdir: "...bizim uğurlarımızın əsas səbəbi neftin qiyməti deyil, əsas səbəbi aparılan islahatlardır və cəmiyyətdəki çox gözəl əhval-ruhiyyə, ab-havadır".

Bütövlükdə Azərbaycanın inkişaf modelindən danışarkən bu modelin əsas istiqamətlərinin və konturlarının Heydər Əliyev tərəfindən müəyyən edildiyini qeyd etmək lazımdır. Bu modeli ölkənin zəngin təbii sərvətlərindən səmərəli istifadə etməklə iqtisadi münasibətlərin düzgün qurulması, bütün sahələrin inkişafına təkan verən infrastrukturun yaradılması, ölkədə əlverişli biznes mühitinin, qayda-qanunun və şəffaflığın yaradılması, ən müasir texnologiyaların ölkəyə gətirilməsi və onların geniş tətbiq edilməsi, bir sözlə, müasir dünyanın tələblərinə uyğun sivil dövlətin qurulması və möhkəmləndirilməsi kimi səciyyələndirmək olar.

Azərbaycanda Heydər Əliyevin başladığı işlər 2003-cü ildən sonra da uğurla davam etdirilmişdir. Bunlar hər şeydən əvvəl ölkə Prezidenti İlham Əliyevin qətiyyəti və siyasi iradəsinin bəhrəsidir. Respublika Prezidentinin qeyd etdiyi kimi: "...əgər siyasi iradə varsa və yaxud düşünülmüş siyasət varsa hər bir məsələ öz həllini tapa bilər".

Azərbaycan Respublikasının Prezidenti 2010-cu ilin fevralında Münxen Təhlükəsizlik Konfransında ölkənin indiki durumu haqqında danışarkən demişdir: "Bugünkü vəziyyət bizi qane edir. Çünki hazırda ölkəmizin bütün əsas maliyyə problemlərinin həllinə nail olmuşuq. Enerji təchizatı sahəsində tam şaxələndirməyə malikik. Biz iqtisadiyyatı şaxələndirə bildik... Azərbaycan iqtisadi və siyasi islahatları davam etdirir. Dünya Bankı 2008-ci ildə Azərbaycanı dünyada birinci islahatçı ölkə elan etmişdir. Liberal iqtisadiyyat, bazar iqtisadiyyatı və siyasi islahatlar birlikdə ölkəmizdə çox yaxşı mühit yaratmışdır. Biz xeyli maliyyə vəsaitlərini toplaya bildik... Bu gün onların həcmi 20 milyard dollardan artıqdır. Bu, 9 milyon əhalisi olan ölkə üçün kifayətdir".

Dövlətimizin başçısının inam və qətiyyət dolu bu sözləri Azərbaycanın gələcəyinə, Heydər Əliyev ideyalarının bundan sonra da uğurla həyata keçiriləcəyinə daha böyük ümidlər yaradır.

 

 

Süleyman İSMAYILOV,

Azərbaycan Respublikası

Prezident Administrasiyasının

Sənədlərlə və vətəndaşların

müraciətləri ilə iş şöbəsinin müdiri,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2010.-  9 aprel.- S.  3.