Moskvada "Biz birlikdə qalib gəlmişik!"
devizi altında beynəlxalq konfrans
açılmışdır
Moskvada "Biz birlikdə qalib gəlmişik!" devizi altında "1945-ci ildə faşizm üzərində qələbə: onun MDB və dünya xalqları üçün əhəmiyyəti" mövzusunda beynəlxalq konfrans açılmışdır. Tədbiri Rusiya Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, Təhsil və Elm Nazirliyi, Elmlər Akademiyası təşkil etmişlər. MDB Veteranları ilində və Rusiyanın MDB-yə sədrliyi çərçivəsində Böyük Qələbənin qeyd olunması ilə əlaqədar dövlətlərarası əsas tədbirlər planına uyğun olaraq keçirilən konfrans sovet xalqının faşizm üzərində qələbəsi ilə əlaqədar ən mötəbər tədbirlərdən biridir. Konfransda MDB ölkələrinin görkəmli ictimai xadimləri və ekspertləri, milli elmlər akademiyalarının, nazirliklərin və idarələrin rəhbərləri, xarici elmi dairələrin, dövlətlərarası və beynəlxalq təşkilatların nümayəndələri, MDB ölkələri, Baltikyanı dövlətlər, ABŞ, Almaniya, İspaniya səfirləri iştirak edirlər. Ölkəmizi tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, tarixçilər Nailə Vəlixanlı, Cəmil Həsənli, Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan gənclər və tələbə təşkilatlarının üzvləri təmsil edirlər.
MDBMİ-nin rektoru Anatoli Torkunov konfransı açaraq Böyük Qələbənin 65 illiyi ərəfəsində konfransın əhəmiyyətindən danışmışdır.
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin bildirmişdir ki, konfransın devizi MDB xalqlarının Böyük Qələbəyə töhfəsini aydın əks etdirir. O, Rusiya Prezidenti Dmitri Medvedevin konfrans iştirakçılarına təbrikini oxumuşdur. Müraciətdə deyilir ki, faşizm üzərində qələbə keçmiş SSRİ-nin bütün xalqlarının, antihitler koalisiyasının səyləri sayəsində qazanılmış və dünya ictimaiyyətinin ümumi təhlükəyə qarşı birləşməsinə səbəb olmuşdur. Müraciətdə deyilir: "Bu gün bizim birgə vəzifəmiz ondan ibarətdir ki, müharibənin dərsləri yeni qlobal çağırışların qarşısının alınmasına xidmət etsin. Böyük Vətən müharibəsinin, ümumi Qələbəmizin heç zaman unudulmamasına çalışmaq və onun nəticələrinin təftiş edilməsi cəhdlərinə qarşı ciddi mübarizə Birlik ölkələri xalqlarının ən yüksək prioritetidir". S.Narışkin vurğulamışdır ki, biz Rusiyada və MDB ölkələrində 1945-ci ildə ümumi Qələbəmizlə fəxr edirik və birbaşa və səmimi diskussiyalardan çəkinmirik, çünki bizim xalqlarımız qalibdirlər. Qələbə bizə çox baha başa gəlmişdir və onu yaddan çıxara bilmərik.
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev çıxışında bayram tədbirlərinin keçirilməsinə dair konkret planlardan və MDB dövlət başçılarının bütün aksiyaları dəstəkləməsindən söhbət açmışdır.
BMT baş katibinin müavini, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Sergey Orconikidze BMT baş katibinin konfrans iştirakçılarına müraciətini oxumuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən beynəlxalq konfransın iştirakçılarına təbrik məktubu göndərmişdir. Dövlətimizin başçısının müraciətini ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu oxumuşdur. Azərbaycan Prezidentinin müraciətində deyilir ki, bu konfrans dövrümüzün ən aktual problemlərinə - tarixi yaddaşın qorunub saxlanmasına, sülhün, qarşılıqlı anlaşmanın, ədalətin və tolerantlığın möhkəmləndirilməsinə həsr olunmuşdur. Müraciətdə deyilir: "İkinci Dünya müharibəsi bəşər tarixində ən ağır və qanlı müharibə olmuşdur. Sovet İttifaqı xalqları görünməmiş sınaqlara və olmazın məhrumiyyətlərə sinə gərərək faşist Almaniyasının darmadağın edilməsində antihitler koalisiyasında başlıca rol oynamışlar. Xalqımız faşizm üzərində Qələbə naminə canlarından keçmiş oğul və qızlarının xatirəsini böyük ehtiramla yad edir. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmişdir. 700 min həmvətənimiz faşist işğalçılarına qarşı döyüşmüşdür. Onların 128 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 300 mindən çoxu qəhrəmanlıq və igidlik nümayiş etdirərək həlak olmuşdur. Müharibə illərində Azərbaycan cəbhənin əsas neft və neft məhsulları təchizatçısı idi, respublika ölkədə istehsal olunan yanacağın 80 faizini hasil edirdi. Əfsanəvi marşal Jukovun dediyi kimi, Bakı neftçiləri cəbhəyə və ölkəyə vətənin müdafiəsi üçün, Qələbə üçün nə qədər lazım idisə, o qədər yanacaq vermişdilər. Dünya tarixinə qızıl hərflərlə yazılmış faşizm üzərində qələbə bizim ümumi nailiyyətimizdir. Bu zəfər sovet əsgərlərinin tükənməz dəyanəti və qəhrəmanlığı nəticəsində mümkün olmuşdur. Böyük Vətən müharibəsi veteranlarını və konfrans iştirakçılarını qarşıdan gələn Qələbə günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə uğurlar, cansağlığı və rifah arzulayıram".
Polad Bülbüloğlu əlavə etmişdir ki, indiki nəsil Böyük Qələbəni heç zaman unutmayacaqdır. Lakin indi yeni internet nəsli böyüyür. Onlar müxtəlif suveren ölkələrdə yaşayırlar və təəssüf ki, az qiraət edir, öz tarixlərini pis bilirlər. Polad Bülbüloğlu demişdir: "Buna görə də bizim vəzifəmiz ondan ibarətdir ki, gənc nəsil müharibənin dərslərini unutmasın. İndiki konfransın da məqsədi bundan ibarətdir".
Rəsmi çıxışlardan sonra keçirilən plenar iclaslarda və "dəyirmi masa"larda Böyük Qələbə ilə bağlı aktual mövzular müzakirə olunmuşdur.
Konfrans çərçivəsində müxtəlif ekspozisiyalar, o cümlədən təzə üzə çıxmış arxiv materiallarından ibarət sərgi təşkil olunmuşdur.
Konfrans dövründə MDB ölkələrinin Beynəlxalq Tarix İnstitutları Assosiasiyasının xüsusi iclası keçiriləcəkdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2010.- 9 aprel.- S.
4.