Görkəmli dövlət xadimi N.K.Baybakovun xatirəsi yad edilmişdir

 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində görkəmli dövlət xadimi və ictimai xadim Nikolay Konstantinoviç Baybakovun xatirə gecəsi keçirilmişdir.

N.Baybakov adına Fondun Bakı nümayəndəliyinin baş direktoru Pərviz Əbdüləzizov məruzə ilə çıxış etmişdir. O, N.Baybakovun həyat və fəaliyyəti barədə məlumat verərək demişdir:

- N.Baybakov Sabunçuda anadan olmuşdur. Onun atası Bakı neft mədənlərində fəhlə işləyirdi. Nikolay Konstantinoviç Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra Bakı neft mədənlərində mühəndis kimi əmək fəaliyyətinə başlamışdır.

N.Baybakov çoxillik əmək fəaliyyəti dövründə "Leninneft" trestinin müdiri, SSRİ xalq neft sənayesi komissarı, SSRİ neft sənayesi naziri, SSRİ Dövlət Plan Komitəsinin sədri, SSRİ Nazirlər Soveti sədrinin müavini, bir neçə çağırış SSRİ Ali Sovetinin deputatı, Sov.İKP MK-nın üzvü olmuşdur.

Böyük Vətən müharibəsi dövründə - 1942-ci ildə N.Baybakov şəxsən Stalinin əmri ilə ön və arxa cəbhənin yanacaq-sürtkü materialları ilə təchiz edilməsi üzrə müvəkkil vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə gördüyü işlər, haqlı olaraq onun vətən qarşısında xidmətlərindən biri hesab edilə bilər. N.Baybakov yanacağın çıxarılması və lazımi yerlərə çatdırılması prosesini bütünlüklə tənzimləməyə nail olmuşdu. Sonralar o, tez-tez xatırladırdı ki, Böyük Vətən müharibəsində qələbə qazanılmasında Bakı nefti çox mühüm rol oynamışdır. O dövrdə Sovet İttifaqında çıxarılan bütün neftin üçdə iki hissəsini Bakı təmin edirdi. Məhz həmin illərdə SSRİ neft-qaz sənayesinin təməli qoyulmuş, zəngin yataqlar işlənmiş, zavodlar tikilmişdir.

Azərbaycan Nazirlər Kabineti Aparatının rəhbəri Ağabala Hacıyev, ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, 1992-1993-cü illərdə Azərbaycanın Baş naziri və Dövlət Plan Komitəsinin sədri olmuş Rəhim Hüseynov və başqaları Nikolay Baybakov haqqında xatirələrini bölüşmüş, onun harada işləməsindən asılı olmayaraq sağlam iş şəraiti yaratmaq və insanları birləşdirmək bacarığını qeyd etmişlər.

Azərbaycanı həmişə özünün vətəni hesab edən Nikolay Konstantinoviç ölkəmiz haqqında bir neçə kitab yazmış və onlardan birini belə də adlandırmışdır: "Mənim vətənim Azərbaycandır". O, uzun illər Rusiya-Azərbaycan Dostluq Komitəsinə rəhbərlik etmişdir.

200-ə yaxın elmi əsərin müəllifi olan N.Baybakov Sovet İttifaqı Qəhrəmanı, altı dəfə "Lenin" ordeni, "Oktyabr İnqilabı" və "Qırmızı Bayraq" ordenləri ilə təltif edilmiş, Lenin mükafatına və bir sıra digər yüksək təltiflərə layiq görülmüşdür.

Nikolay Baybakovun xidmətləri Azərbaycanda həmişə yüksək qiymətləndirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev onu "Şöhrət" ordeni ilə təltif etmişdir. Adətən insan pensiyaya çıxandan sonra onu təltif etmirlər. Bu baxımdan çox əlamətdar haldır ki, N.Baybakov pensiyaya çıxandan sonra Azərbaycan Prezidenti İlham Əliyev onu "İstiqlal" ordeni ilə təltif etmişdir.

Xatirə gecəsinin iştirakçıları N.Baybakovun əmək fəaliyyətinin əsas mərhələlərindən bəhs edən fotosərgi ilə tanış olmuş, onun barəsində sənədli filmə tamaşa etmişlər.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin heyrət doğuran bir faktı xüsusi vurğulamışdır - Azərbaycanda bu ölkənin tarixini yaratmış insanları qiymətləndirməyi və yaddan çıxartmamağı bacarırlar. Bu, çox vacibdir.

Nikolay Baybakov, onun xatirəsi Azərbaycanla Rusiyanın əlaqələrini möhkəmləndirən daha bir qırılmaz teldir.

 

 

Azərbaycan.- 2010.-  9 aprel.- S.  6.