Muzeyin yeni həyatı
R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi qədim əsrlərdən müasir dövrə qədər yaradılmış təsviri və dekorativ tətbiqi sənət əsərlərinin toplusundan ibarət yeganə muzeydir. Burada təkcə Azərbaycanın deyil, eləcə də müxtəlif dünya xalqlarının incəsənətini təmsil edən sənət nümunələri toplanılıb. Muzey hal-hazırda XIX əsrin sonlarında inşa olunmuş, Niyazi küçəsində yerləşən, memarlıq abidələri olan 2 binada məskunlaşmışdır. 1936-cı ildə Azərbaycan Dövlət Muzeyinin incəsənət şöbəsi əsasında yaradılaraq fəaliyyətə başlamış muzeyin ekspozisiyası 1937-ci ilin may ayında tamaşaçılara təqdim edilmişdi.
Muzeyin ekspozisiyası tarixi xronoloji ardıcıllıqla ölkələr üzrə qurulub. Azərbaycan Dövlət İncəsənət Muzeyi fəaliyyətə başladıqdan sonra illər ərzində qiymətli sənət əsərləri çox ciddi seçim əsasında muzey kolleksiyasını zənginləşdirmiş və tamaşaçının bu sənət məbədinə marağı xeyli artmışdır. Muzeyin fondunu İtaliya, Hollandiya, Almaniya, Fransa incəsənətinin L.Bassano, F.Solimena, A.Brauver, V.Sustermans, P.Klass, A.F.Kaulbax, İ.Düpre kimi sənətkarlarının və XVI-XIX əsrlərin məşhurlarının əsərləri təmsil edir. Burada arxeoloji qazıntılar zamanı Mingəçevirdən və Xanlar (indiki Göygöl) rayonundan tapılan e.ə. VI-IV minilliklərə aid məişət əşyaları, XI-XIX əsrlərin kaşı, bürünc, mis məmulatları, Quba, Təbriz, Bakı, Şirvan, Qarabağ, Qazax xalça mərkəzlərində toxunmuş xalçalar, şəbəkə, döymə, oyma üslublarında yaradılmış zərgərlik nümunələri sərgilənir. Ekspozisiyada Azərbaycan incəsənətinin mühüm və geniş yayılmış növlərindən olan xalça sənəti nümunələri: müxtəlif dövrlərdə toxunmuş xovlu və xovsuz, mövzulu və ornamental xalçalar təqdim olunur. Ekspozisiyada mövzulu xalçalardan "Dörd fəsil", "Dərvişlər", "Ovçuluq"; ornamental xalçalardan "Əlixanlı", "Pirəbədil", "Suraxanı", "Şamaxı" kimi sənət nümunələrini göstərmək olar.
Üçmərtəbəli binanın birinci mərtəbəsi sağ və sol qanadlardan ibarətdir. Sağ qanadda XVIII əsrin sonları-XX əsrin əvvəllərini əhatə edən rus rəssamlıq məktəblərinin ən bariz nümunələri nümayiş olunur. Sol qanadda isə orta əsrlərin Avropa incəsənətini təmsil edən sənət inciləri sərgilənmişdir. Heykəltaraşlıq nümunələri, habelə intibah dövrü müəlliflərinin məharətlə işlədikləri sənət nümunələri bu ekspozisiyanı daha da zənginləşdirir.
İkinci mərtəbə Azərbaycan sənətkarlarının yaradıcılığından ibarətdir. Ekspozisiyada özünəməxsus üslubu, dəst-xətti ilə seçilən sənətkarlardan Mirzə Qədim İrəvani, Əli bəy Hüseynzadə, Azərbaycanın ilk peşəkar rəssamı Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev və digər rəssam və heykəltaraşlarımızın yaradıcılığını əhatə edən zallar fəaliyyət göstərir. Muzeydə xalqımızın milli geyimləri, qədim əlyazma kitabları və orijinal mis qablar da nümayiş olunur. Üçüncü mərtəbədə isə müxtəlif mövzulu sərgilər təşkil edilir. Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktor müavini Elmira Qasımova bizimlə söhbətində bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2006-cı il 6 mart tarixli "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" sərəncamı muzeylərin fəaliyyətini istiqamətləndirmiş, yeni yönümdə inkişafını təmin etmişdir. Mədəniyyət və incəsənət sahəsində, o cümlədən muzeylər şəbəkəsində yeni vüsətlə həyata keçirilən quruculuq işləri əsl yüksəliş kimi dəyərləndirilə bilər. Muzeyin bugünkü durumu haqqında danışmalı olsaq, ilk növbədə muzeyin Niyazi küçəsində yerləşən binasında aparılan əsaslı təmirin və rekonstruksiya işinin başa çatmasını, Rəssamlar İttifaqının rəyi nəzərə alınmaqla, mövzu-ekspozisiya planı əsasında estetik tələblərə cavab verə biləcək yeni ekspozisiyanın qurulmasını, onun bədii təqdimatını xüsusi vurğulamaq lazım gələcək. Bu gün muzeylər qarşısında yeni tələblər durur. Müasir tamaşaçı öz sələflərindən daha geniş dünyagörüşə malik və məlumatlıdır. Onların muzeyə cəlb edilməsi üçün zəngin ekspozisiya və müxtəlif mövzulu sərgilərlə yanaşı, yeni iş metodları da işlənib hazırlanır. Muzeyin üçmərtəbəli binasının bütün mühəndis-texniki qurğuları əsaslı şəkildə yenilənmiş və bina müasir səviyyəli əsl, gözəl bir muzey görkəmi almışdır. Onun verdiyi məlumata görə, il ərzində muzeyin zəngin ekspozisiyasını minlərlə tamaşaçı seyr edir. Bunun da bir qismini əcnəbilər və turistlər təşkil edirsə, böyük əksəriyyəti gənclərdən ibarətdir. Videomüşahidə, yanğın əleyhinə, həmçinin təhlükəsizlik sistemləri qurulmuşdur. Muzeydə müasir standartlar səviyyəsində qurulan mərkəzləşdirilmiş istilik və işiqlandırma şəbəkəsi də yaradılmışdır. Bundan əlavə, muzeydə yeni konfrans zalı, zəngin kitabxana da mövcuddur. Azərbaycan Dövlət İncəsənət Muzeyi xalqımızın tarixini, mədəniyyət və incəsənətini yaşadan sənət əsərlərini tədqiq edərək onları mühafizə və nümayiş etdirən mədəniyyət mərkəzidir. Bu gün hər birimiz, o cümlədən dünya azərbaycanlıları məxsus olduqları xalqın mədəniyyət irsindən, onun zəngin tarixi keçmişindən danışan zaman vətənimizdə və xarici ölkə muzeylərində saxlanan eksponatları dəlil gətirərək millətimizin bəşər tarixinə bəxş etdiyi məşhur sənətkarlarla fərəh hissi duyur, qürrələnirik.
Səbuhi BAYRAMOV
Azərbaycan.- 2010.- 9 aprel.- S.
7.