Azərbaycanın Baş naziri Vyetnam nümayəndə heyəti
ilə görüşmüşdür
Aprelin 9-da Azərbaycanın Baş naziri Artur Rasizadə Vyetnam Sosialist Respublikası Baş nazirinin müavini Hoang Çunng Hayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
A.Rasizadə Azərbaycan ilə Vyetnam arasında əlaqələrin böyük tarixə malik olduğunu bildirərək qeyd etmişdir ki, Vyetnam Baş naziri müavininin ölkəmizə səfəri ikitərəfli münasibətlərin genişlənməsinə xidmət edəcəkdir. İki ölkə arasında münasibətlərin sonrakı inkişafı məqsədilə müvafiq hüquqi bazanın və hökumətlərarası komissiyanın yaradılmasının zəruriliyi vurğulanmışdır.
Baş nazir Azərbaycan iqtisadiyyatının uğurları barədə qonaqlara məlumat vermiş, ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda danışmışdır.
Hoang Çunng Hay bildirmişdir ki, vyetnamlılar mütəxəssislərin hazırlanması sahəsində Azərbaycanın bu ölkəyə göstərdiyi köməyi çox yaxşı xatırlayır. O, Vyetnamın sürətlə inkişaf edən Azərbaycanla neft-qaz, kənd təsərrüfatı, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu vurğulamışdır. Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq uzun müddət təcavüzə məruz qalmış ölkə kimi Vyetnamın Azərbaycanın problemini başa düşdüyünü qeyd etmiş, münaqişənin sülh yolu ilə tezliklə həllini arzuladıqlarını bildirmişdir.
Vyetnamın ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu vurğulayan Baş nazirin müavini əmin olduğunu bildirmişdir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişafı davam etdirəcək, yeni uğurlara imza atacaqdır.
AzərTAc
Azərbaycan.- 2010.- 10
aprel.- S. 1.