Silahlı Qüvvələr Ali Baş Komandanın əmrini icra etməyə tam hazırdır

 

Prezident İlham Əliyev növbəti dəfə bəyan etdi ki, Ermənistan işğal altında olan əraziləri sülhlə azad etməsə, onda güc yolu ilə zəbt etdiyi torpaqlardan qovulacaq

 

Mövcud dünya reallığında istənilən dövlətin davamlı inkişafını şərtləndirən əsas faktorlardan biri də təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi, istənilən xarici hədəyə cavab verə biləcək adekvat gücə malik olmasıdır. Çünki təhlükəsizliyin bərqərar olmadığı şəraitdə hər hansı iqtisadi, sosial, siyasi, yaxud digər sahələr üzrə inkişafdan söhbət gedə bilməz. Dünyanın siyasi xəritəsində qeyd edilənlərə bariz nümunə ola biləcək dövlətlərin sayı heç də az deyil. O da təsadüfi deyil ki, sürətli inkişaf yolunda olan dövlətlərdə böyük və ya kiçikliyindən asılı olmayaraq, təhlükəsizlik amili daim ön planda tutulur, bu sahədə lazımi nəticəyə nail olunması üçün silahlı qüvvələrin daim möhkəmləndirilməsindən tutmuş, digər güc strukturlarının, eləcə də başqa aidiyyəti orqanların, vətəndaş cəmiyyətinin, hüquqi dövlət dəyərlərinin mütəmadi gücləndirilməsinə qədər müvafiq tədbirlər görülür.

 

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində yenidən dövlət müstəqilliyini əldə edən Azərbaycanın son bir neçə ildə iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən dövləti olmasının, beynəlxalq miqyasda ən sabit ölkələrdən biri kimi dəyərləndirilməsinin əsas səbəblərindən biri burada təhlükəsizliyin etibarlı təminatı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin əsl müstəqilliyinə qovuşması və bu fonda Azərbaycanda təhlükəsizliyin yüksək təminatı nəticəsində xarici investorlar, transmilli şirkətlər ölkəmizə milyardlarla dollar həcmində sərmayə yatırmağa başladı, daxili imkanlar hesabına iqtisadi potensial əhəmiyyətli dərəcədə gücləndirildi. Bu proseslər indi də böyük sürətlə davam etməkdədir. Digər tərəfdən, ulu öndərin hakimiyyətə qayıdışı ilə təhlükəsizliyin yüksək təminatı nəticəsində Azərbaycanda sarsılmaz daxili sabitliyin əsası qoyuldu, sonradan Prezident İlham Əliyevin rəhbərliyi altında bu sabitlik daha da gücləndirildi. Dünyanın ən sabit ölkələri sırasında yer alan Azərbaycan bu gün istənilən kənar təhdidlərə cavab vermək üçün regionda ən qüdrətli orduya və digər güc strukturlarına malikdir.

Hazırda dövrün tələblərinə müvafiq olaraq Azərbaycanda ordu quruculuğu, Silahlı Qüvvələrin müasir standartlara uyğunlaşdırılması prosesi ölkə rəhbərliyinin xüsusi diqqətində olan əsas məsələlər sırasındadır və bunu şərtləndirən amillərdən biri yarana biləcək hər hansı xarici təhlükəni neytrallaşdırmaqdırsa, digər səbəbi ölkəmizin ərazisinin 20 faizinin hələ də Ermənistan tərəfindən işğal altında saxlanmasıdır. Düzdür, Azərbaycan ordusu bu gün Ermənistan silahlı qüvvələrindən dəfələrlə güclüdür və istənilən an işğalçı qüvvələri zəbt olunmuş torpaqlardan çıxarmağa tam hazırdır. Lakin sülh yolu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə olan ümidlər tükənmədiyindən ölkəmiz hələlik güc yoluna əl atmağa lüzum görmür. Bu səbəbdən indi əsas diqqət diplomatiya vasitəsilə Ermənistanı işğalçı siyasətinə son qoymağa vadar etməyə yönəldilib. Artıq danılmaz faktdır ki, diplomatik cəbhədə Ermənistan Azərbaycana tam məğlub olub. Bu ölkənin işğalçı siyasətinin ifşa edilməsində, soydaşlarımıza qarşı törətdiyi soyqırımılarının dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan ciddi uğurlara imza atıb. Bunun nəticəsidir ki, dünya birmənalı olaraq Ermənistanı işğalçı dövlət kimi qəbul edir və belə vəziyyət danışıqlar prosesində Azərbaycanın prinsipial mövqelərinin daha da güclənməsinə gətirib çıxarır. Prezident İlham Əliyev Bakıda ümumxalq Novruz şənliklərində iştirakı zamanı söylədyi nitqində bununla bağlı bildirmişdir: "Biz danışıqlar prosesində öz prinsipial mövqeyimizdən bir addım geri atmamışıq. Bir neçə il bundan əvvəl nəyi demişiksə, bu gün də həmin mövqeyin üstündə dayanırıq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıbdır və olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları oraya qayıtmalıdırlar. Bütün kommunikasiyalar açılmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa mütləq qayıdacaq azərbaycanlılar yüksək muxtariyyət statusunda yaşamalıdırlar. Bu status nədən ibarət olacaq, onu gələcək göstərər. O gələcək ki, sabah da, yüz ildən sonra da ola bilər və olmaya da bilər".

Azərbaycanın Ermənistanın işğalına məruz qalmasını təsdiqləyən beynəlxalq hüquqi sənədlərin mövcudluğu və onların əksər hissəsinin nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməsi artıq düşmən dövlətin diplomatiya sahəsində manevr imkanlarını heçə endirib. Bu səbəbdən indi Ermənistanın Dağlıq Qarabağ münaqişəsilə bağlı qarşısına qoyulan başlıca tələb işğalçılıq siyasətinə son qoyması və zəbt olunan Azərbaycan ərazilərini azad etməsidir. Lakin o da təəssüflə vurğulanmalıdır ki, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdə, qətnamələrdə işğalçı dövlət kimi xarakterizə edilən Ermənistanın Azərbaycan ərazilərini tərk etməsi üçün indiyə qədər bu ölkəyə hər hansı formada təzyiq göstərilmir, sözügedən sənədlərin tələblərini yerinə yetirəcək icra mexanizmləri işə salınmır. Azərbaycan isə belə vəziyyətdən haqlı olaraq yaranan narazılığını mütəmadi olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Prezident İlham Əliyev fevralın 27-də Qəbələdə məcburi köçkünlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bununla əlaqədar bildirmişdir: "Beynəlxalq hüquq normaları, əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Azərbaycan müstəqil, suveren ölkə kimi istəyir ki, bütün məsələlər qanun çərçivəsində, dünyada qəbul edilmiş normalar əsasında həll olunsun. Əgər bu beynəlxalq qanun normaları pozulursa, onda demək olar ki, dünya birliyinin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətini tənzimləyən mexanizmlər işləmir. Əgər dünyanın ən böyük, ən mötəbər təşkilatı - BMT-nin Təhlükəsizlik Şurasının, bu da BMT-nin ən vacib orqanıdır, - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnaməsi icra edilmirsə, onda hansı beynəlxalq hüquq normalarından danışmaq olar".

Beləliklə, ümumi mənzərənin təhlili bir daha göstərir ki, beynəlxalq hüquq, norma və prinsiplər Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir, dünya ictimaiyyəti Ermənistanı işğalçı dövlət olaraq qəbul edir və onu zəbt etdiyi ərazilərdən çıxmağa çağırır. Lakin ən təəssüfedici hal ondan ibarətdir ki, Ermənistanın bu tələblərə əməl etməməsinə baxmayaraq, ona qarşı ciddi tədbir görülmür, hər hansısa formada sanksiya tətbiq edilmir. Əksinə, bir vaxtlar Dağlıq Qarabağda, onun ətrafında yerləşən rayonlarda minlərlə azərbaycanlının qanının tökülməsində iştirak edənlər bu gün Ermənistan rəhbərliyində yer alır, dünyanı sərbəst gəzib dolaşır, xarici ölkələrdə rəsmi səviyyədə qəbul olunurlar. Elə bu da dünyanın Dağlıq Qarabağ kimi ağrılı və təkcə Azərbaycanın yox, ümumilikdə regionun ciddi problemi sayılan bir münaqişəyə hələ də ədalətli mövqedən yanaşmadığını göstərir. Azərbaycan isə haqlı etirazını açıq bəyan edərək dünyanın yol verdiyi bu ədalətsizliyin təcavüzkarı şirnikləndirməkdən başqa heç nəyə xidmət etmədiyini bildirir. Əslində, belə ədalətsizliyə yol verilməsi ilə dünya dövlətləri və müvafiq beynəlxalq təşkilatlar faktiki olaraq ümumi təhlükəsizliyi hədə altına alır, münaqişələrin həllinin daha çox hərbi müstəvidə çözümünə yol açan bir vəziyyətin formalaşmasına səbəb olurlar. Aydındır ki, Ermənistandan hərbi cəhətdən dəfələrlə üstün olan Azərbaycan dünyanın yol verdiyi ikili standartlar nəticəsində torpaqlarının daha bir neçə il müddətə işğal altında qalması ilə barışa bilməz. BMT-nin Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi qətnamələrdə irəli sürülən tələblərin Ermənistan tərəfindən yerinə yetirilməməsi, vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupuna həmsədrlik edən Rusiyanın Ermənistanla hərbi, iqtisadi və digər sahələrdə işbirliyini daim gücləndirməsi, rəsmi Bakının etirazlarına rəğmən, ABŞ-ın işğal olunmuş ərazilərimizdə yaradılan separatçı rejimə hər il milyonlarla dollar yardım etməsi, bunun ardınca ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qətnamənin qəbulu, Fransanın isə tarixdə olmayan bu "soyqırımı" artıq tanıması və beləliklə, bu formatda ermənilərə həmsədr dövlətlər tərəfindən dəstək verilməsi indi Azərbaycanı ərazi bütövlüyünün bərpası üçün daha çox hərb variantına meyillənməyə vadar edir. Digər tərəfdən, o da faktdır ki, istənilən diplomatiyanın arxasında real güc dayanmalıdır. Azərbaycanın isə Dağlıq Qarabağ münaqişəsinin həllində diplomatiya ilə yanaşı, artıq hərbi güc amilindən də istifadəni daha qabarıq şəkildə gündəmə gətirməsi həm dünya ictimaiyyəti, həm də Ermənistan üçün son siqnal olmalıdır. Yəni, Ermənistan işğal altında olan əraziləri sülh yolu ilə azad etməsə, onda güc yolu ilə zəbt etdiyi torpaqlardan qovulmalı olacaq. Buna həm beynəlxalq hüquq imkan verir, həm də dünyanın Dağlıq Qarabağ münaqişəsilə bağlı tutduğu ədalətsiz mövqe Azərbaycanı daha çox bu seçimə vadar edir.

Beləliklə, bir daha aydın görünür ki, hazırda malik olduğu iqtisadi, siyasi və güc potensialı baxımından dəfələrlə Ermənistandan üstün olan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranan status-kvonun daha bir neçə il indiki vəziyyətdə qalması ilə barışmaq niyyətində deyil. Status-kvonu dəyişmək üçün isə Azərbaycanın düşmən üzərində istənilən an qələbə çalmağa hazır olan kifayət qədər güclü ordusu var və hər keçən gün Silahlı Qüvvələrimiz öz döyüş qabiliyyətini daha da artırır. Ordumuz həm yerli, həm də xaricdən alınan müasir hərbi texniki vasitələrlə potensialını əhəmiyyətli dərəcədə gücləndirir. Qarşıdakı dövr ərzində də bu məsələnin Azərbaycan üçün prioritet istiqamətlərdən biri olaraq qalır. Prezident İlham Əliyev Bakıda ümumxalq Novruz şənliklərində iştirakı zamanı söylədiyi nitqində bununla bağlı demişdir: "Azərbaycan həm öz diplomatik səylərini gücləndirir, həm də danışıqlarda konstruktiv mövqe nümayiş etdirir, bununla bərabər, imkanlarını səfərbər edib özünü gücləndirir. Bu güclənmə iqtisadi sahədə, siyasi sahədə, hərbi sahədə özünü büruzə verir. Biz bunu gizlətmirik. Biz müharibə şəraitində yaşayırıq. Təsadüfi deyil ki, bizim dövlət xərclərimizin əsas hissəsi müdafiə məqsədlərinə yönəldilibdir. Bu təbiidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra, əlbəttə ki, bu qədər böyük müdafiə xərclərimizə ehtiyac olmaz. Bu gün isə buna böyük ehtiyac vardır. Biz müdafiə xərclərimizi ildən-ilə artıracağıq, ordumuzu gücləndirəcəyik, yeni silahlar alacağıq, elə edəcəyik ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının əmrini istənilən anda qısa müddət ərzində icra edə bilsin. Bu, bizim suveren hüququmuzdur, bu işdə heç kim bizə məsləhət verə bilməz".

Ordu quruculuğu prosesində mühüm məqamlardan biri də ondan ibarətdir ki, bir çox xarici dövlətlərdən, o cümlədən Ermənistandan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələrinin maddi təminatını öz potensialı hesabına ödəməkdədir. Yaxın perspektivdə ölkənin müdafiə sənayesinin buraxdığı məhsulların çeşidinin daha da çoxalacağı gözlənilir ki, bu da Silahlı Qüvvələrin texniki ehtiyacının əsas etibarilə yerli istehsal hesabına ödəniləcəyindən xəbər verir.

Hazırda Ermənistan tərəfini narahat edən əsas məqamlardan biri Azərbaycanın məhz yerli istehsal hesabına ordusunun texniki ehtiyaclarını ödəməsidir. Çünki Ermənistan ordusu Azərbaycandan fərqli olaraq, texniki ehtiyacların qarşılanması baxımından da sırf xarici dövlətlərdən asılıdır. Azərbaycanın hərbi-sənaye potensialını gücləndirmək istiqamətində məqsədyönlü siyasəti isə bundan sonra da yeni nailiyyətlərə imza atılması ilə davam etdiriləcək. Artıq ölkənin hərbi-sənaye kompleksində yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal olunur və onların növlərinin daha da artırılması nəzərdə tutulur. Qeyd edilən məsələ ilə bağlı daha bir mühüm məqam ondan ibarətdir ki, Azərbaycan ölkədə hərbi təyinatlı məhsulların istehsalını təmin etmək məqsədilə bu sahədə məşhur şirkətlərlə, eləcə də dünyada müdafiə texnikasının ən yaxşı istehsalçısı kimi tanınan dövlətlərlə sıx əməkdaşlıq qurur.

Ölkəmizdə ordu quruculuğu prosesində əldə edilən bu nailiyyətlər fonunda indi erməniləri qorxudan əsas məsələ Azərbaycanın işğal edilmiş ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlaya biləcəyini və bu zaman Azərbaycan ordusunun qarşısında tab gətirməyəcəklərini yaxşı başa düşmələridir. Azərbaycan isə beynəlxalq hüquq normaları əsasında ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamaq hüququna malik olduğunu dəfələrlə bəyan edib.

Onu da xatırladaq ki, ötən il iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 91-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimindən sonra ölkəmizin Silahlı Qüvvələrinin döyüş gücü Ermənistanda xüsusi müzakirə mövzusuna çevrilib. Ermənistanda bundan sonra açıq etiraf edilir ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın mövqeyinin arxasında real güc dayanır.

Qarşıdakı dövr ərzində Azərbaycan və Ermənistan orduları arasında fərqin daha da böyüyəcəyini ermənilər yaxşı bilirlər. Belə vəziyyətdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonu güc yolu ilə dəyişmək iqtidarında olması ermənilərin özündə, eləcə də beynəlxalq ictimaiyyətdə şübhə doğurmur. Azərbaycan isə status-kvonu ədalətli şəkildə, öz maraqlarına uyğun dəyişməkdə israrlı olduğunu ən yüksək səviyyədə bəyan edib.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.-  10 aprel.- S.  3.