"Uçuşları seyr edənlər"
Aprelin 9-da Müasir İncəsənət Muzeyində "Uçuşları seyr edənlər" adlı sərgi açılmışdır. Sərginin açılışında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak etmişdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru professor Nərgiz Paşayeva açılış mərasimində çıxış edərək sərginin əhəmiyyətindən danışmış, onu mədəniyyət hadisəsi kimi qiymətləndirmişdir. Nərgiz Paşayeva abstrakt təfəkkür nümunələrinin əks olunduğu sərgidə zərurətdən doğan böyük harmoniyanın ifadə olunduğunu da diqqətə çatdırmışdır. O demişdir: "Bu rəssamların hər biri öz sənətinin, peşəsinin bütün incəliklərinə dərindən yiyələnmişdir. Onlar sözün əsl mənasında, böyük peşəkar rəssamlardır. Sərgi özlüyündə maraqlı bir ideyanı təcəssüm etdirir, onun adı "Uçuşları seyr edənlər"dir. "Uçuşları seyr edənlər" nə deməkdir? Bədii təcəssümdən, bədii durumdan göylərə tamaşa etmək, xəyala dalmaq həmişə sərbəst fikrin, azad ruhun, təxəyyülün, fantaziyanın, mürəkkəb obrazların, fərziyələrin, duyğuların, iç aləmin təzahürü deməkdir".
Nərgiz Paşayeva vurğulamışdır ki, bu rəssamların yaratdıqları çox böyük sənət əsərləridir və onlar öz dəyərli əsərləri ilə sərgiyə gələn tamaşaçılara Azərbaycan rəssamlarının istedadını nümayiş etdirirlər.
Sərginin kuratoru Altay Sadıqzadə müasir incəsənətin inkişafına diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir. O demişdir: "Ekspozisiya bugünkü yaradıcılıq prosesini, Azərbaycan rəssamlarının müasir dünyagörüşünü əks etdirir və bu, diqqətəlayiqdir. Sərginin adı - "Uçuşları seyr edənlər" mənim rəsmlərimdən birinin adından götürülmüşdür. Əsərin ideyası belədir: bizim vərdiş etdiyimiz dünya, Ay, kosmos yadplanetlilərlə birlikdə əslində böyük sürətlə uçur. Rəsmlərimizdə biz müasir kosmosun təhtəlşüurla qavranışını nümayiş etdirmişik".
Altay Sadıqzadənin əsərləri artıq çoxdan təkcə ölkəmizdə deyil, həm də xaricdə yüksək qiymətləndirilir.
Sovet dövründə uzun illər diqqətdən kənarda qalmış müasir Azərbaycan təsviri sənəti yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələ Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra başlamışdır. Azərbaycan rəssamlarının Venesiyada keçirilmiş 2 biennalidə iştirakı və artıq 5 beynəlxalq müasir incəsənət festivalının keçirilməsi ölkəmizdə incəsənətin bu növünün inkişafına daha bir təkan vermişdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Müasir İncəsənət Muzeyinin açılışı isə bu sahədə böyük hadisəyə çevrilmişdir. İndi müasir Azərbaycan incəsənətinin bütün nümunələrini bu muzeydə təqdim etmək mümkün olmuşdur.
Ekspozisiyada 8 müəllifin - Altay Sadıqzadə, Ağa Hüseynov, Əli İbadullayev, Fuad Salayev, Məmməd Mustafayev, Eldar Məmmədov, Mikayıl Əbdürrəhmanov və Şamil Buksayevin müəllifi olduqları 80-dən çox boyakarlıq, heykəltəraşlıq, qrafika nümunəsi təqdim olunmuşdur.
Sərginin açılışında Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, deputatlar, nazirlər, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Sərgi
mayın 10-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 10
aprel.- S. 4.