Müstəqil Azərbaycanın inşaatçıları ilk dəfə peşə bayramlarını qeyd etmişlər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli sərəncamı ilə hər il aprelin 10-u ölkədə "İnşaatçılar günü" peşə bayramı kimi qeyd olunacaqdır.

Aprelin 9-da Azərbaycan inşaatçılarının ilk peşə bayramı gününə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə tər qərənfillər düzülmüşdür.

Sonra peşə bayramına həsr olunmuş mərasim Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında davam etdirilmişdir.

Toplantıda Baş nazirin müavini Abid Şərifov əlamətdar gün münasibətilə iştirakçıları Prezident İlham Əliyevin adından təbrik etmiş, müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq ölkə inşaatçılarının peşə bayramının təntənəli şəraitdə qeyd olunmasını dövlətin tikinti sektorunun inkişafına, bu sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirmişdir. Bildirmişdir ki, hər il aprelin 10-nun ölkədə "İnşaatçılar günü" kimi bayram edilməsi Azərbaycan Prezidentinin bütövlükdə tikinti kompleksi əməkçilərinin - inşaatçı, memar və layihəçilərin əməyinə verdiyi yüksək qiymətdir. A.Şərifov bu diqqət və qayğıya görə ölkənin çoxminli inşaatçı ordusu adından dövlətimizin başçısına təşəkkürünü bildirmişdir.

Azərbaycan inşaatının və memarlığının zəngin və qədim tarixə malik olduğunu xatırladan Baş nazirin müavini, XIX əsrin sonu - XX əsrin əvvəllərində ölkədə tikinti işlərinin geniş vüsət aldığını, həmin dövrdə bu gün də qiymətli memarlıq abidələri kimi qorunan onlarla yaşayış binası və sosial obyektin inşa edildiyini, nəticədə özündə Şərq və Qərb memarlığının nadir nümunələrini birləşdirən Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini diqqətə çatdırmışdır. Vurğulamışdır ki, XX əsrin ikinci yarısında, xüsusilə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu illərdə respublikamızda tikinti sektoru daha sürətlə inkişaf etmiş, bu dövrdə Bakı Məişət Kondisionerləri Zavodu, Bakı Dərin Özüllər Zavodu, Şəmkir Su Elektrik Stansiyası, Mingəçevir Dövlət Rayon Elektrik Stansiyası, maşınqayırma, kənd təsərrüfatı, kimya, elektrotexnika, tikinti materialları, yüngül sənaye və s. sahələrin onlarla nəhəng istehsalat obyektləri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilmişdir. Bu proses ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə daha sürətlə inkişaf etmişdir.

Azərbaycan inşaatının və memarlığının şanlı ənənələrinin bu gün də davam etdirildiyini diqqətə çatdıran A.Şərifov ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda ölkə ərazisinin başdan-başa nəhəng tikinti-abadlıq və quruculuq meydanına çevrildiyini söyləmişdir. Bildirmişdir ki, haqlı olaraq Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrü nəhəng tikinti və quruculuq illəri kimi xarakterizə etmək olar. Bu illərdə bütün mənbələr hesabına ölkə iqtisadiyyatına investisiya qoyuluşu xeyli artmışdır. Əgər 2003-cü ildə bu rəqəm 3,8 milyard manat, o cümlədən büdcə vəsaiti hesabına 110 milyon manat olmuşdusa, 2009-cu ildə həmin göstərici müvafiq olaraq 7,4 və 2,7 milyard manata çatdırılmışdır.

İnşaatçıların, memarların və layihəçilərin gərgin əməyi sayəsində son bir neçə ildə respublikamızda təqribən 220 min yerlik 755 yeni məktəb binası tikilmiş, 344 məktəb binası əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş onlarla diaqnostika mərkəzi və digər səhiyyə obyektləri, dünya və Avropa standartlarına tam cavab verən olimpiya idman kompleksləri, yüzlərlə çoxmərtəbəli yaşayış binası istifadəyə verilmişdir.

Baş nazirin müavini son 3 ildə Bakıda 13 yol qovşağının, 23 piyada keçidinin tikilib istifadəyə verilməsini, 9 piyada keçidinin əsaslı təmir olunmasını, ümumiyyətlə, ölkədə 77 avtomobil körpüsü və yol ötürücüsünün, onlarla avtomobil yolu və yol qurğusunun istismara verilməsini inşaatçıların məqsədyönlü fəaliyyətinin bəhrəsi kimi xarakterizə etmişdir.

A.Şərifov bu gün Azərbaycanın inşaat şirkətlərinin dünya bazarına çıxmaq istiqamətində ilk addımlar atdığını, bunun uğurlu nəticələr verdiyini məmnunluq hissi ilə qeyd etmişdir. Artıq "Akkord", "Azərkörpü" və "Alıbəyli" kimi şirkətlər müasir tikinti bazalarının yaradılması və elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə etməklə, Dünya Bankı və digər beynəlxalq maliyyə qurumlarının xətti ilə Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Liviya və başqa ölkələrdə həyata keçirilən layihələrin tenderlərində iştirak edərək qalib gəlir, layihələndirmə və tikinti işləri aparırlar.

Mərasimdə "Azəraqrartikinti" Səhmdar Cəmiyyətinin prezidenti Ağalar Vəliyev, Azərbaycan İnşaat Kompleksi İşçiləri Müstəqil Həmkarlar İttifaqının sədri Umud Hüseynov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin sədri, əməkdar mühəndis Şaiq Əfəndiyev və başqaları ölkədə tikinti sektorunun inkişafına göstərdiyi diqqət və qayğıya, bu sahədə çalışanların əməyini yüksək qiymətləndirdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov tikinti sektorunun inkişafında xüsusi xidmətləri olan bir qrup şirkətə qurumun Fəxri fərmanını təqdim etmişdir.

Mərasim iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur. Toplantının rəsmi hissəsi başa çatdıqdan sonra Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 10  aprel.- S.  5.