Tarixi qələbənin
qazanılmasında Azərbaycan xalqının rolu
İkinci dünya müharibəsi bəşəriyyət tarixində ən böyük hərbi-siyasi münaqişə olmuşdur. 1933-cü ilin yanvarında Hitlerin Almaniyada hakimiyyətə gəlməsi ilə müharibənin reallaşması həqiqətə çevrildi. Dünya ağalığı iddiasında olan alman faşizmi öz niyyətlərinə çatmaq məqsədilə 1939-cu il sentyabrın 1-də Polşaya hücum etməklə İkinci dünya müharibəsinə başladı. Müharibə xronoloji baxımdan üç dövrə bölünür: birinci dövr 1939-cu il sentyabrın 1-dən 1942-ci ilin iyununa qədər, ikinci dövr 1942-ci ilin iyunundan 1944-cü ilin yanvarına qədər, üçüncü dövr 1944-cü ilin yanvarından 1945-ci ilin 2 sentyabrınadək davam etmişdir. Müharibənin ilk dövründə SSRİ təhlükəni özündən uzaqlaşdırmaq və ölkənin müdafiəsini gücləndirmək siyasəti yürüdürdü. O, Almaniya ilə diplomatik və iqtisadi əlaqələri davam etdirir, eyni zamanda hərbi-siyasi potensialını gücləndirir və sərhədlərini genişləndirirdi. SSRİ və ABŞ-ın müharibəyə qatılması, sovet qoşunlarının ilk uğursuzluqları, alman ordularının Moskva altında ilk məğlubiyyəti, antihitler koalisiyasının yaradılması və başqa hadisələr birinci mərhələyə düşür.
1941-ci ilin yayında artıq faşistlər, demək olar ki, bütün Avropanı, Polşanı, Avstriyanı, Çexoslovakiyanı, Yuqoslaviyanı, Yunanıstanı, bütövlükdə Avropanın bir neçə ölkəsini və Fransanın xeyli hissəsini zəbt etmişdilər. Onlar Avropanın təqribən 290 milyon nəfər əhali yaşayan 2 milyon kvadratkilometr ərarizisini ələ keçirmişdilər. Almaniya hələ 1940-cı ilin ikinci yarısında SSRİ-yə hücüm etmək planı hazırlamağa başlamışdı. O, 1940-cı il dekabrın 18-də Hitler tərəfindən təsdiq olunmuşdu. Ona simvolik olaraq "Barbarossa" adı verilsə də, "ildırım sürətli müharibə" planı adlandırılırdı. Həmin plana görə, 1941-ci ilin payızına qədər SSRİ diz çökdürülməli idi.
Dünya ağalığı iddiasında olan faşist Almaniyası 23 avqust 1939-cu ildə imzalanmış, on il müddətinə hücüm etməmək, dostluq və əməkdaşlıq haqqında müqavilələrini pozaraq, 1941-ci il iyun ayının 22-də bütün sərhəd boyu SSRİ üzərinə hücuma keçdi. Bununla da alman-Sovet müharibəsi başlandı. Bu, Rusiyanın sovet dövrü tarixinə Böyük Vətən müharibəsi kimi daxil olmuşdur. Düşmənin yaxşı silahlandırılmış və hərtərəfli təcrübə, habelə təlim keçmiş 5,5 milyonluq canlı qüvvəsi, yüksək hərbi texnikaya malik 190 diviziyası Barens dənizindən cənuba doğru uzanan 5 min kilometrlik ərazidə: şimal, mərkəz və cənub istiqamətlərində geniş əməliyyata başladı. Müharibənin ilk dövründə qüvvələr nisbəti düşmənin xeyrinə idi və ilk yarımildə xeyli uğur qazandı, ölkənin içərilərinə soxuldu, Leninqradı (Sankt-Peterburq) mühasirəyə aldı. Moskvaya qədər irəliləyə bildi, sovet ordusunun 1,5 milyon canlı qüvvəsini əsir aldı, xeyli hərbi texnikasını sıradan çıxara bildi. Eyni zamanda, faşist Almaniyası İtaliya, Rumıniya, Macarıstan və Finlandiya da daxil olmaqla, işğal etdiyi bütün ölkələrin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirdi. Faşist Almaniyası hərbi cəhətdən SSRİ-dən 1,5-2 dəfə güclü idi. SSRİ isə hələ müharibəyə tam hazır deyildi. Ölkədə arxayınlıq hökm sürürdü, üstəlik, müharibə ərəfəsində keçirilən kütləvi-siyasi repressiyalar orduya böyük zərbə vurmuşdu. Sovet ordusunun komanda heyətindən 43 min nəfər repressiyaya məruz qalmışdı. Ordunun ali rütbəli heyətindən 1800 adam həbs olunmuşdu. 5 marşaldan 3-ü, 15 ordu komandirindən 13-ü, 57 korpus komandanından 50-si, 186 diviziya komandirindən 154-ü, 406 briqada komandirindən 220-si repressiyaya məruz qalmışdı. Məhz bunlara və digər səbəblərə görə faşistlər ilk vaxtlar böyük qələbələr qazandılar.
Müharibənin ilk mərhələsində antihitler koalisiyası formalaşdı. 1941-ci il iyunun 22-də İngiltərə SSRİ-ni müdafiə edəcəyini, iyunun 23-də isə ABŞ müharibədə ona iqtisadi yardım göstərəcəyini bildirdi. 1941-ci ilin yayında SSRİ, ABŞ və Böyük Britaniya arasında çox fəal danışıqlar aparıldı və bir sıra müqavilələr imzalandı. Avqustun 2-də ABŞ SSRİ-yə iqtisadi yardım edəcəyi barədə qərarını bildirdi. 1942-ci ilin 23 fevralında ABŞ və Böyük Britaniya arasında təcəvüzkara qarşı mübarizəyə qarşılıqlı yardım prinsipləri barədə saziş imzalandı. Antihitler koalisiyasına daxil olan ölkələr arasında münasibətlərin möhkəmləndirilməsində Moskva Kasablanka, Vaşinqton, Qahirə, Tehran, Yalta və Potsdam konfranslarının çox mühüm əhəmiyyəti olmuşdur. Beləliklə, faşizm əleyhinə kapitalizm və sosializm sistemlərinin vahid koalisiyası yaradıldı, 50 dövlət birləşdi. Müharibə dövründə nasistlərin işğal etdikləri ərazilərdə yaratdıqları dözülməz "yeni qaydaya" qarşı geniş müqavimət hərəkatı yaranmışdı. Hərəkat 1939-1941-ci illərdə meydana gəlib, sonradan geniş miqyas almışdı. Bu hərəkat Yuqoslaviyada (350 min), Yunanıstanda (70 min), Albaniyada, Fransada (300 min), Polşada, Çexoslovakiyada daha güclü idi.
1942-ci ilin iyunundan 1944-cü ilin yanvarına qədər olan dövr İkinci dünya müharibəsi tarixinə əsaslı dönüş mərhələsi kimi daxil olmuşdur. Müttəfiqlər bütün cəbhələrdə təşəbbüsü öz əllərinə almışdılar. Müharibənin gedişində əsaslı dönüşün yaranmasında Şərq cəbhəsində sovet qoşunlarının Stalinqrad (1942-1943) və Oryol-Kursk ətrafında alman ordularına qarşı keçirdikləri hərbi əməliyyatların müstəsna rolu olmuşdu. Bu dövrdə müttəfiqlərin iqtisadiyyatında köklü dönüş baş vermişdi.
1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt olunmuş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin oktyabrı üçün SSRİ-nin keçmiş sərhədi bərpa olundu. 1944-cü il iyulun 6-da Fransanın şimalına (Normandiya) qoşun çıxarıldı. Beləliklə, ikinci cəbhə açıldı. Həmin ilin avqustunda müttəfiq qoşunlarının köməyi ilə Fransa faşistlərdən azad edildi. 1945-ci il aprelin 16-da Berlin uğrunda döyüşlər başlandı. Aprelin 25-də Elbada müttəfiq qoşunları görüşdü. Berlinin mühasirəsi başa çatdı. Mayın 2-də Berlin alındı. Mayın 8-də Almaniya danışıqsız təslim aktını imzaladı.
Zəngin sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci dünya müharibəsində də iri dövlətlərin marağında mühüm yer tuturdu. Almaniya Bakı neftini ələ keçirməklə Şərqə - İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi də hazırlanmışdı.
Sovet Azərbaycanı isə SSRİ-nin tərkibində olduğuna görə hələ 1939-cu ilin payızında müharibəyə cəlb olunmuşdu. 1941-ci ilin iyunundan isə alman faşizminə qarşı müharibədə iştirak etmişdir. Ümummilli lider Heydər Əliyev demişdir: "İkinci dünya müharibəsi, əvvəlki müharibələrdən fərqli olaraq, süvari və piyadaların deyil, ilk növbədə motorların, tankların, qırıcı və bombardmancı təyyarələrin, digər döyüş maşınlarının müharibəsi olmuşdur. Neft və neft məhsulları olmadan hərbiçilər bu texnikanı hərəkətə gətirib düşmən üzərində qələbəni təmin edə bilməzdilər. Müharibə illərində Azərbaycan neftçiləri bütün çətinliklərə baxmayaraq, silahlı qüvvələri kifayət qədər yanacaqla təmin edə bilmişdilər... O dövrdə Sovet İttifaqında hasil edilən neftin 70 faizindən çoxu respublikamızın payına düşmüşdür".
Azərbaycan "Böyük Vətən müharibəsi" kimi tarixə düşmüş 1941-1945-ci illər müharibəsinə 600 mindən çox oğlan və qız göndərmişdi. Onlardan 40 mini könüllü olaraq cəbhəyə yollanmışdı. Azərbaycanlılar əlavə beş milli - 77-ci, 223-cü, 271-ci, 402-ci, 416-cı diviziyaları formalaşdırmışdılar. 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsinədək qala uğrunda döyüşmüşdü. 1941-ci ilin payızında Leninqrad səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq göstərmişdi. O, düşmənin 6 təyyarəsindən 2-ni məhv etmiş, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə İsrafil Məmmədov misilsiz igidlik göstərmiş, ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Qafur Məmmədov, İdris Süleymanov da Şimali Qafqaz uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişlər.
1942-ci ildə Stalinqrad uğrunda döyüşlərdə azərbaycanlılar şücaətlə vuruşmuşlar. Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı böyük igidlik göstərmişdi. H.Aslanov 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O, ikinci dəfə bu adı Brezina çayını keçərək Presini şəhərini və 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı.
Müxtəlif cəbhələrdə göstərdikləri rəşadətə görə 416-cı diviziya "Taqanroq diviziyası", döyüşçülərinin əksəriyyətini azərbaycanlılar təşkil edən 227-ci diviziya "Temryuk diviziyası", 77-ci diviziya, "Simferopol diviziyası" adını qazanmışdılar. 416-cı diviziya Qafqazdan Berlinə qədər döyüş yolu keçmiş, Berlinin zəbt olunmasında iştirak etmişdi. Polşa və Çexoslovakiyanın faşistlərdən təmizlənməsi uğrundakı döyüşlərdə göstərdiyi igidliyə görə görkəmli tarixçi alim, akademik Ziya Bünyadov da daxil olmaqla, 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Müharibə illərində ordu sıralarına nəinki azərbaycanlı kişilər, hətta qocalar və qadınlar da səfərbər olunmuş, ən çətin döyüşlərdə iştirak edərək qəhrəmanlıq göstərmişlər. Təyyarəçi Züleyxa Seyidməmmədova, snayper Ziba Qəniyeva, gəmi kapitanı Şövkət Səlimova və başqa qadınların şücaətləri dillər əzbəri olmuş, tarixə düşmüşdür. Əsir düşən həmyerlilərimiz isə partizan dəstələri tərkibində vuruşaraq faşistlərə qan uddurmuşlar.
Bu barədə ümummilli lider Heydər Əliyev demişdir: "Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqı da öz sanballı töhfəsini vermişdir. Rusiya, Ukrayna, Moldova və Belarusun, Baltikyanı respublikaların, Şərqi Avropa ölkələrinin hitlerçilərdən azad edilməsində, Qərbi Avropada genişlənən müqavimət hərəkatının uğur qazanmasında həmyerlilərimiz mühüm rol oynamışlar". Azərbaycanlılar partizan və müqavimət hərəkatında fəallıq göstərərək Krımda, Ukraynada, Belorusiyada, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransa antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşlar. Ukraynada 400 azərbaycanlı partizan dəstəsi təşkil etmiş, 3 mindən çox soydaşımız isə müqavimət hərəkatında iştirak etmişdir. Onlardan Fransanın milli qəhrəmanları olan Əhmədiyyə Cəbrayılovun və Nuru Abdullayevin adları yaddaşlarda qalmışdır. Ə.Cəbrayılov həm də Fransanın 5 ordeninə layiq görülmüşdü. Mehdi Hüseynzadə Yuqoslaviyada əfsanəvi igidlik göstərmişdi. O, 1000 nəfərdən çox zabiti məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. Ölümündən sonra - 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Azərbaycandan cəbhəyə səfərbər olunan 600 min adamdan yarıdan çoxu həlak olmuş və itkin düşmüş, 123 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Müharibə
illərində Azərbaycanın bütün iqtisadiyyatı
da müharibə tələblərinə uyğun
qurulmuşdu. Bütün sənaye sahələri cəbhə
üçün məhsul istehsal etməyə
başlamışdı. Müharibə illərində
bütün Bakı ölkə neftinin 70-75%-ni, benzinin 85-90%-ni
verirdi. 1941-1945-ci illərdə
Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin
vermişdi. Bakı döyüşən ordunun cəbbəxanalarından
birinə çevrilmişdi. Bakı "Katyuşa" raketi,
"Şpakin pulemyotu" istehsal edir, burada "YAK-3"
qırıcı təyyarəsi yığılırdı.
Ümumən Bakıda 130-dan çox silah və hissələri
hazırlanırdı.
Müharibə illərində
Azərbaycanın elm xadimləri də müxtəlif problemlərin
uğurlu həlli yolunda səylə
çalışırdılar. Məşhur kimyaçı
alimlərimizin, o cümlədən Y.H.Məmmədəliyev,
V.S.Qutırya, Ə.M.Quliyev, V.H.İsmayılov, V.S.Əliyev,
M.A.Qoreliq və başqalarının birgə səyi və əməkdaşlığı
nəticəsində ən yüksək oktanlı benzin və
sürtkü yağları növləri
alınmışdır. Kimyaçı alimlər müharibə
illərində 38 növ sürtkü yağı, 9 adda təyarə
benzini və 8 növ dizel yağı istehsalını təşkil
etmişlər. SSRİ-nin ən məşhur kimyaçı
alimləri içərisində layiqli yer tutan Y.Məmmədəliyev
90-dan çox ixtira və kəşfə nail olmuşdu. Onun qələbədə
xüsusi rolu təqdirəlayiqdir. O, ən yüksək
oktanlı təyyarə benzini, donmayan motor və sürtkü
yağları, "Katyuşa" silahı üçün
xüsusi mərmilər və başqa qiymətli komponentlər
ixtira etmişdi. Həmin ixtiralardan həm müharibədə,
həm də dinc quruculuq sahələrində geniş istifadə
etmək olurdu. Keçmiş SSRİ-nin sabiq müdafiə
naziri, Sovet İttifaqı marşalı, dörd dəfə
Sovet İttifaqı Qəhrəmanı K.Y.Jukov öz
memuarında yazmışdı: "Bakı cəbhəni
lazım olduğu qədər yanacaqla fasiləsiz olaraq təmin
edirdi". Rus şairi S.Mixalkov isə bu münasibətlə
yazırdı: "Bakı nefti olmasaydı, heç bir tank,
heç bir təyyarə yerindən tərpənməzdi,
ölkədə istehsal olunan külli miqdarda hərbi texnika dəmir
yığnağı olardı və qələbə
qazanılmazdı".
Müharibə dövründə
respublikamızın sənaye müəssisələri qələbə
naminə cəb-həni lazımi məhsullarla aramsız olaraq
təmin edirdilər. Azərbaycanın yüngül sənayesi
cəbhənin ehtiyacları üçün təxminən
30, yeyinti sənayesi 50, yerli sənayesi isə 200 növə qədər
məhsul istehsal edirdi. Müharibə illərində
yüngül sənaye müəssələri cəbhə
üçün 1.419 min şinel, 4.227 min komplekt yay
paltarı, 3.097 min cüt alt köynəyi, 1.977 min cüt
ayaqqabı, 1.417 cüt komplekt pambıq köynək, 1.417 min
patron sumkası və s. göndərmişdi. Ümumilikdə,
cəbhəyə respublikamızda 125 vaqon isti paltar
yollanılmışdı. Eyni zamanda, ordu üçün
respublikamızdan dava-dərman, tibb preparatları və
lazımi başqa dərmanlar da göndərilmişdi. Azərbaycan
vətəndaşları 1941-1943-cü illərdə
müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş,
311 milyon manatlıq istiqraz vermişdilər.
Bir sözlə, 1941-1945-ci
illər Böyük Vətən müharibəsində Azərbaycan
xalqı daha çox itkilərə və hədsiz məhrumiyyətlərə
məruz qalmış, düşmən üzərində qələbə
qazanılması üçün özünün var qüvvəsini
əsirgəməmişdir. Bu müharibədə Azərbaycan
xalqı öz layiqli sözünü demişdi.
Azərbaycan xalqının
misilsiz xidmətləri, qələbə naminə göstərdiyi
fədakarlıq ermənipərəst İttifaq rəhbərliyi
tərəfindən qiymətləndirilməmiş, hətta
Azərbaycana qarşı ayrı-seçkilik, ikili standart tətbiq
olunmuşdu. Bakı müharibə illərində cəbhəyə
həm yanacaq verirdi, həm də hərbi texnika istehsal edirdi.
Lakin bunun müqabilində Bakıya "qəhrəman şəhər"
statusu verilmədi, keçmiş SSRİ-də Moskva, Leninqrad
və Kiyevdən sonra iri şəhər olan Bakıya II və
III dərəcəli status verildi, Tiflis və Yerevan isə I dərəcəli
şəhər kimi ən yüksək dərəcədə
təmin edildi. Əksinə, Azərbaycan xalqının qələbənin
əldə edilməsində göstərdiyi misilsiz xidmətin
qarşısında, başda qəhrəman neftçilərimiz
olmaqla, xalqımızı Orta Asiyaya sürgün etmək
haqda türkün düşməni olan və
riyakarlığı ilə seçilən Mikoyanın canfəşanlığı
ilə söz-söhbət gedirdi.
1418 gün davam edən
Böyük Vətən müharibəsi sovet xalqının
sıx birliyinin və vətənə məhəbbətinin
nümayişinə çevrilmişdi. Böyük qələbə,
milliyyətindən asılı olmayaraq, xalqların kütləvi
qəhrəmanlığının məntiqi nəticəsi
idi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə
yenidən hakimiyyətə gəlməsindən sonra
müharibə veteranlarının xidmətləri çox
yüksək qiymətləndirilmişdir. Ulu öndər
veteranlara dövlət qayğısı göstərmək
haqda 1994-cü ildə fərman imzalamışdır. Ulu
öndər Heydər Əliyev deyirdi: "Veteranlar bizim
qızıl fondumuzdur. Onlar hər cür qayğıya və
hörmətə layiqdirlər". Ümummilli lider həm də
tövsiyə edirdi ki, bütün Azərbaycan xalqı bilməlidir
ki, İkinci dünya müharibəsinin, Böyük Vətən
müharibəsinin veteranları bizim ən əziz
insanlarımızdır. Onlara qayğı göstərməkE
bizim dövlətimizin və hər bir namuslu Azərbaycan vətəndaşının
borcudur. Ölkəmizdə müharibə veteranlarına
göstərilən diqqət və qayğı ulu öndər
Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı,
ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
bu gün də yüksək səviyyədə davam etdirilir.
Bunu cənab İlham Əliyevin "1941-1945-ci illər
müharibəsində Qələbənin 60 illik yubileyinə
hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli
Proqram"ın təsdiq edilməsi haqqında 2004-cü ildəki
sərəncamı, 1941-1945-ci illər müharibəsi
veteranlarına, əlillərinə, həlak olmuş və
sonralar vəfat etmiş döyüşçülərin dul
arvadlarına, müharibə illərində arxa cəbhədə
fədakar əməyinə görə orden və medallarla təltif
edilmiş şəxslərə dövlət
qayğısının artırılması haqqında
verilmiş fərmanı, Qələbə günü
münasibətilə hər il müharibə
veteranlarının təbrik edilməsi və onlara verilən
birdəfəlik yardımlar haqqında sərəncamları və
"1941-1945-ci illər müharibəsində Qələbənin
65 illik yubileyinin qeyd edilməsi barədə" 22 iyul 2009-cu
il tarixli sərəncamı və bu sərancamların
icrası ilə baglı respublikada görülən tədbirlər
bir daha sübut edir. Bütün bunlar bir daha göstərir
ki, Azərbaycan xalqı və onun igid övladları
müharibənin qələbə ilə başa
çatdırılmasında həlledici rol oynamışlar.
Şikar QASIMOV,
Azərbaycan Texniki
Universitetinin
kafedra müdiri,
tarix elmləri doktoru
Azərbaycan.- 2010.- 10
aprel.- S. 6.