Ömrün böyük sərvəti

 

Elmi tədqiqatlarla, axtarış və kəşflərlə naxışlanan ömrünün 70-ci baharını qarşılayan professor Telman Əliyev 47 ildir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat mexanikası kafedrasında çalışır. O, 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş və Dövlət İmtahan Komissiyasının tövsiyəsi ilə bu ali məktəbdə müəllim saxlanmış və aspiranturaya məsləhət görülmüşdü. Aspiranturada oxuyarkən onun elmi rəhbəri Moskva Hərbi Mühəndislik Akademiyasına kafedra rəisi, məşhur alim, Rusiya Federasiyasının əməkdar elm və texnika xadimi, professor A.P.Sinitsin olmuşdur. O, yeraltı qurğuların (su, qaz, neft borularının, metro konstruksiyasının, hərbi qurğuların) zəlzələyə davamlılığını tədqiq etmiş, 28 yaşında dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Onun birinci opponenti dünya şöhrətli seysmoloq alim, XII ballıq seysmik şkalanın əsas müəllifi professor S.V.Medvedyev olmuşdur.

Telman müəllim dövlət qeydiyyatından keçib şəhadətnamə almış (2003 və 2005-ci illər) iki kəşfin, on beş faydalı modelin, ondan çox patentləşdirdiyi ixtiranın, 17 kitabın və yüzlərlə elmi məqalənin müəllifidir. Həmkarları onu "novator alim" adlandırmaqda haqlıdırlar. Onu da deyək ki, o, universal düşüncə tərzinə - zəkaya malikdir. Təsadüfi deyildir ki, hələ tələbə vaxtı bu universallığına görə onu tələbə yoldaşları və müəllimləri "Azərbaycanın Lomonosovu" adlandırırdılar. Onun elmi, publisistik, ixtiraçılıq yaradıcılığı, tədqiqat obyekti olduqca çoxşaxəlidir. Çalışdığı bütün sahələrdə o, dərin, sanballı tədqiqatlar apararaq böyük nəticələr almışdır. T.Əliyevin iki kəşfi və onlardan doğan nəticələr yaradıcılığının zirvəsi hesab edilir. Bu kəşflər belə adlanır: "Təbiətin qadağan qanunları və ölümqabağı gümrahlaşmanın sirri"; "Canlılarda müxtəliflik (diversifikasiya) hadisəsi və onun sirrinin açılması".

O, mikro, bio və makroaləmdə hökm sürən qadağan qanunlarını öyrənərək onları sistemləşdirmiş və aldığı nəticəni tətbiq edərək fakt kimi elmə çoxdan məlum olan ölümönü canlanma fenomeninin sirrini açmışdır.

Telman Əliyevin kəşfləri, bir qayda olaraq, həmişə "pioner ixtiralar" sayılıb. Belə ixtiralara prototip, analoq tapmaq olduqca çətindir. Onun patentləşdirdiyi ixtiralar əsasən zəlzələ proqnozuna, zəlzələyədavamlı qurğulara aiddir. Telman Əliyevin rəhbərliyi ilə Bakı Metropoliteninin konstruksiyası naturada zəlzələyə davamlılığa görə sınaqdan keçirilmişdir. 25 noyabr 2000-ci ilə görə güclü Xəzər zəlzələsi zamanı metro dağıntısız, zədəsiz ötüşmüşdür.

Alimin bir sıra yenilikləri, təklifləri Bakı və respublika miqyasında həyata keçirilmişdir. 2001-ci ildə onun yazılı müraciəti əsasında fəvvarələrin açılması həyata keçirilmiş və sonra bu, əsl hərəkata çevrilmişdir. İndi respublikanın şəhər və qəsəbələrində fəvvarələr təmizlik və sərinlik rəmzi kimi genişlənməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2010-cu il "Ekologiya ili" elan edilmişdir. Telman müəllim bu sərəncamı çox böyük sevinclə qarşılayaraq arzularının reallaşdığını bildirir: "Ən vacib məsələ ekoloji tarazlığın yaranması və qorunmasıdır".

Alim bu sahədə fəallığını artırmışdır. Telman Əliyev 15 il inşaat fakültəsinin dekan müavini, 10 il yeni yaradılmış tikinti-iqtisad fakültəsinin dekanı olmuşdur. Bu fakültədə onun təklifi və təşəbbüsü ilə sosial bazar iqtisadiyyatına uyğun olaraq üç yeni ixtisas açılmışdır. Əmək və müharibə veteranı Telman Əliyev Azərbaycan mühəndislərinin üç nəslinə dərs deyib. Bunların arasında xarici ölkə vətəndaşları da var. Yeri gəlmişkən, onun iki tələbəsi ölkə başçılarının (Türkiyə və Yakutiya respublikalarının) baş müşaviri vəzifəsində çalışır.

Telman Əliyev dəfələrlə beynəlxalq konqres və seminarlarda elmi məruzələr etmiş, onun əsərləri Azərbaycan, türk, macar, ingilis, fars, rus dillərində çap olunmuşdur. O, beynəlxalq aləmdə tanınmış alimdir. Akademik Yusif Məmmədəliyev adına beynəlxalq mükafat və medalla (1993) təltif olunmuş, Beynəlxalq Ekoenergetika Akademiyasının qızıl medalını (1999) almış, "Dünyanın 500 elm lideri" nominasiya qalibi ordeni ilə (ABŞ, 2002), "Dünyanın intellektual lideri" qızıl medalı ilə (ABŞ, 2004) mükafatlandırılmışdır. T.Əliyev "Şöhrət salonu"na üzv seçilmişdir (ABŞ, 2005). ABŞ-da çap olunmuş "Dünyanın intellektual liderləri" kitabında onun da tərcümeyi-halı verilmişdir.

Telman Əliyev Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, professoru (1966), həmin akademiyanın həqiqi üzvüdür (1998). O, Ukrayna İnşaat Akademiyasının xarici üzvü (akademiki, 2000) seçilmişdir. Dahi soydaşımız Lütfi Zadənin fəxri prezidenti olduğu Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademikidir (2008).

Onun kəşfləri əsasında yazdığı kitaba xaricdə yaşayan alimlər (Türkiyədə, Tunisdə, İranda, Ukraynada) yüksək rəylər yazmışlar. Bunların arasında dünya şöhrətli alim, kardiocərrah, Paris Cərrahlıq Akademiyasının xarici üzvü - akademiki Cavad Heyətin rəyi xüsusi yer tutur.

Telman Əliyevin əsərinin elektron versiyası onun bir neçə nominasiya üzrə laureatı olduğu Amerika Bioqrafiya İnstitutuna göndərilmişdir.

Onunla söhbət zamanı bir məsələ diqqətimizi cəlb etdi. Həmişə gənclik həvəsi ilə yazıb-yaradan, tədqiqatlar aparan, həyatın çox çətin yollarını müxtəlif maneələrdən keçərək şərəflə başa vuran Telman Əliyev ömrünün 70 yaşında da çox nikbindir. Nobel Mükafatı laureatı İ.Pavlov "əzələ sevinci" anlayışını işlətmişdir. Telman Əliyev isə dərketmə sevincinə üstünlük verir. O deyir ki, yaradıcı adamın ən böyük qazancı onun dərketmə sevincinə qərq olmasıdır. O, tələbələrinə də dərsdə dərketmə sevinci bəxş etməyə üstünlük verir. Söyləyir ki, adi məktəb müəllimi auditoriyada tələbənin təfəkkürünün dirijoru rolunda çıxış etməlidir. Onları dərinliyə apararaq dərketmə sevincinə qovuşdurmalıdır.

Yaşadığı hər günü, açılan hər səhəri ömrünün ən böyük sərvəti hesab edir. Alimin bir amalı var: axtarışlardan, tapıntılardan, tələbələrin qəlbində işıq yandırmaqdan uca heç nə yoxdur. Telman müəllim illərdir ki, bu nəciblikdən yorulmur.

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 10 aprel.- S.  7.