Zaman Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığını bir daha göstərdi

 

Kifayət qədər zəngin tarixə malik olan, çoxşaxəli xarakter daşıyan, günü-gündən daha da möhkəmlənərək inkişaf edən Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməklə iki dövlət arasında daha sıx münasibətlərin formalaşmasını təmin edib. Təsadüfi deyil ki, Azərbaycan-Türkiyə münasibətləri dünya miqyasında da məhz ulu öndər Heydər Əliyevin dəqiq ifadə etdiyi kimi "bir millət, iki dövlət" olaraq səciyyələndirilir. Soykökü, tarixi, dili, dini, mədəniyyəti bir olan bu xalqların, onların yaratdığı dövlətlərin biri-birinə ümumi münasibəti əslində başqa cür ola da bilməz və hazırda ölkələrimiz arasında əlaqələrin mövcud səviyyəsi bunun ən əyani təsdiqi kimi çıxış edir.

İki ölkə arasında belə yüksək münasibətlər bütövlükdə onların mövcud olduğu regionda da hadisələrin inkişaf istiqamətinin müəyyən edilməsində əsas rol oynayan faktorlardan biridir. Bunun nəticəsidir ki, regionun mövcud iqtisadi, siyasi mənzərəsinin formalaşmasında, burada artıq istifadəyə verilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan transmilli layihələrin həyata keçirilməsində mütləq Azərbaycanın və Türkiyənin nümayiş etdirdiyi mövqe nəzərə alınır, buna əsasən proseslərin inkişaf məcrası təyin edilir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də bölgə üçün çox önəmli rol oynamışdır. Bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Məhz Türkiyə və Azərbaycanın səyləri nəticəsində bu gün həm nəqliyyat, həm energetika, həm də siyasi sahədə başlanan bütün təşəbbüslər uğurla gerçəkləşdi. Əlbəttə ki, bu müsbət meyillər gələcəkdə də davam etməlidir, daha da gücləndirilməlidir. Bunun həm ölkələrimiz, həm xalqlarımız üçün və bölgə üçün çox böyük faydası olacaqdır".

O da real faktdır ki, iki ölkə arasında münasibətlərin daim yüksək səviyyədə saxlanması, milli maraqları əhatə edən məsələlərdə tərəflərin biri-birini təmənnasız müdafiə etməsi həm də Azərbaycan və Türkiyə rəhbərliyinin real şəraitdə həyata keçirdikləri uğurlu siyasətin məntiqi nəticəsidir. Bu hal hər iki ölkənin regional və beynəlxalq miqyasda mövqelərinin daha da güclənməsinə əhəmiyyətli dərəcədə təsir göstərməklə yanaşı, onların milli maraqlara xələl gətirəcək istənilən hala qarşı birgə mövqedən çıxış etməsində də mühüm rol oynayır. Yenə də mövcud reallıqlara nəzər yetirməklə bunun əyani təsdiqini görmək mümkündür. Məsələn, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən zəbt edilməsinə etiraz və ölkəmizə dəstək əlaməti olaraq Türkiyə 1993-cü ildən işğalçı ölkə ilə sərhədlərini bağlayıb. Bu vaxta qədər erməni lobbisinin, onların diktəsi ilə hərəkət edən, eləcə də öz maraqları çərçivəsində Türkiyəyə təzyiq edərək sərhədlərin açılmasına çalışan müxtəlif dövlətlərə, təşkilatlara, qüvvələrə qardaş ölkənin cavabı birmənalı olub: Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyənə qədər Ermənistanla sərhədlər açılmayacaq. Ötən dövr ərzində Türkiyə bu vədinə sadiq qaldığını ən yüksək səviyyədə nümayiş etdirib.

Qondarma "erməni soyqırımı"nın heç bir reallığa söykənmədiyi, belə bir hadisənin baş vermədiyi, ermənilərin sadəcə tarixi faktları təhrif edərək beynəlxalq ictimaiyyəti aldatmaq səylərinin dünyaya çatdırılmasında isə Türkiyəyə tam dəstək verən, bu istiqamətdə həm dövlət, həm diaspor, həm də digər səviyyələrdə konkret addımlar atan əsas ölkə qismində isə məhz Azərbaycan çıxış edir. Dünyanın qondarma "erməni soyqırımı" ilə bağlı həqiqətlərdən xəbər tutmasında, ayrı-ayrı ölkələrin heç zaman baş verməyən bu hadisənin rəsmi səviyyədə tanımasının qarşısının alınmasında Azərbaycan bu gün ən azı Türkiyə qədər səylər göstərir. Qeyd edilənlər fonunda təsadüfi deyil ki, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan 252 saylı qətnamənin qəbulundan sonra yalnız Azərbaycan böyük bir tarixi ədalətsizliyə yol verildiyini bəyan edərək, həmişəki kimi, Türkiyənin yanında olduğunu bəyan etdi. Prezident İlham Əliyev türkiyəli həmkarı Abdullah Güllə telefon əlaqəsi saxlayaraq Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilmiş qərarla bağlı öz etirazını ifadə etdi, onu qəti şəkildə pislədi. Dövlət başçısı bunu ədalətsiz, tarixi həqiqətləri kobudcasına təhrif edən, bölgədə gərginliyin artmasına xidmət edə biləcək bir qərar kimi xarakterizə edərək vurğuladı ki, Azərbaycan həmişə olduğu kimi, Türkiyənin yanındadır və qardaş ölkəyə tam dəstək verməkdə davam edəcək.

Azərbaycan və Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olması, iki ölkənin regional və beynəlxalq miqyasda ümumi, qarşılıqlı maraqlarının təmin edilməsində bundan sonra da birgə fəaliyyət göstərəcəyi Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinin qardaş ölkəyə rəsmi səfərində, burada keçirilən yüksək səviyyəli görüşlərdə bir daha öz əksini tapdı. Keçirilən görüşlərdə, o cümlədən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, parlamentin sədri Məhmət Əli Şahin və digər dövlət rəsmiləri ilə aparılan danışıqlarda bir daha vurğulandı ki, Azərbaycan-Türkiyə əlaqələri bundan sonra da dinamik şəkildə inkişaf edəcək və ölkələrimiz biri-birinə dəstək olmaqda davam edəcək. Bununla bağlı cənab Ramiz Mehdiyevin Ankaradakı Qazi Universitetində "Azərbaycanın müasir vəziyyəti və Azərbaycan-Türkiyə əlaqələri" mövzusunda məruzəsi zamanı söylədiyi fikirlər xüsusi qeyd olunmalıdır. Ölkəmizin xarici siyasətinin balanslaşdırılmış təməldə aparıldığını bildirən natiq qeyd etmişdir: "Bu siyasətdə qardaş Türkiyənin xüsusi yeri vardır. Bizim münasibətlərimizin regionda və dünyada analoqu yoxdur. Müstəqilliyinin ilk günlərindən Türkiyənin dəstəyini hiss edən Azərbaycan indi güclənmiş və Türkiyəyə də dəstək olmuşdur".

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin İstanbuldakı "Çırağan" sarayında Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşü isə ölkəmizlə bağlı real vəziyyətin, onun sürətli inkişafının, o cümlədən Dağlıq Qarabağ münaqişəsilə əlaqədar mövcud durumun, qondarma "erməni soyqırımı"na qarşı aparılan mübarizədə Azərbaycanın gördüyü işlərin, Türkiyəyə göstərdiyi köməyin və bu qəbildən olan digər məsələlərin qardaş ölkənin ictimaiyyətinə çatdırılmasında mühüm rolu oldu. Bu səbəbdən təsadüfi deyil ki, akademik Ramiz Mehdiyevin keçirdiyi görüşlər, səsləndirdiyi fikirlər Türkiyənin nüfuzlu media orqanları, o cümlədən "Hürriyyət", "Sabah", "Star", "Haber-türk", "Zaman" və digər nəşrlər tərəfindən geniş şəkildə işıqlandırıldı.

"Zaman" qəzeti bununla bağlı yazır ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin sülh yoluna üstünlük verdiyini bildirsə də, hərb variantını da istisna etmir: "Sülh danışıqları nəticəsiz qaldığı halda digər yollar, o cümlədən əsgəri müdaxilə çözüm yolu olaraq masaya gətirilə bilər... Türkiyə və Azərbaycan arasında münasibətlərin ən üst səviyyədə olduğunu bildirən Prezident Administrasiyasının rəhbəri bu əlaqələrin pozulmasına heç kimin gücünün çatmayacağını da xüsusi olaraq qeyd etdi. O, Türkiyə və Ermənistanın imzaladığı protokollarla bağlı olaraq bu məsələnin də Azərbaycanla Türkiyə arasında əlaqələrə xələl gətirməyəcəyini bildirdi və qeyd etdi ki, buna əsas səbəb Azərbaycan və Türkiyənin iki qardaş ölkə olmasıdır".

"Akşam" qəzeti isə yazır ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbəri Ramiz Mehdiyev ATƏT-in Minsk qrupunun fəaliyyətini də sərt tənqid edib və onların Ermənistana qarşı qətiyyətli olmasının vacibliyini bildirib. Bununla yanaşı, o da Türkiyə mediası tərəfindən xüsusi vurğulanır ki, Azərbaycan qondarma "erməni soyqırımı"na qarşı aparılan mübarizədə hər zaman olduğu kimi, Türkiyənin yanında durduğunu bir daha yüksək səviyyədə nümayiş etdirdi.

Qeyd edilənlər bir daha əminliklə söyləməyə əsas verir ki, Azərbaycan və Türkiyə münasibətləri bundan sonra da yüksək səviyyədə inkişaf etməkdə davam edəcək. Elə bu da Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığına, onun möhkəmliyinə bir daha dəlalət edir.

 

 

Azərbaycan.- 2010.-  11 aprel.- S.  1.