Polşa Prezidenti Lex Kaçinski və onu müşayiət edənlər təyyarə qəzası nəticəsində həlak olmuşlar

 

Xəbər verildiyi kimi, Polşa xalqına və bütün Avropa ailəsinə ağır itki üz vermişdir. Aprelin 10-da Smolensk vilayətinin "Severnı" hərbi aerodromunda Polşa Prezidenti Lex Kaçinskinin "Tu-154" təyyarəsi qəzaya uğramışdır.

Polşa Prezidentinin təyyarəsi aerodroma enərkən uçuş-enmə zolağına çatmamışdır. Təyyarə ağacların budaqlarına ilişib yerə düşmüş və parçalanmışdır.

Qəzaya uğramış təyyarədə Polşa Prezidentindən başqa xanımı Mariya Kaçinskaya, Polşanın keçmiş prezidenti Rışard Kaçorovski, Prezident Dəftərxanasının rəhbəri Vladıslav Stasyak, Milli Təhlükəsizlik Bürosunun başçısı Aleksandr Şiqlo, Prezident Dəftərxanasının nazirləri Pavel Vıpıx, Mariuş Xandzlik, xarici işlər nazirinin müavini Ancey Kremer, Polşa Ordusunun Baş Qərargah rəisi Frantişek Konqor, Milli Bankın sədri Slavomir Skşipek, həmçinin müdafiə nazirinin müavini Stanislav Komorovski, mədəniyyət və milli irs nazirinin müavini Tomaş Merta, Seym sədrinin müavini Kşiştof Putra, XİN diplomatik protokolunun direktoru Mariuş Kazana olmuşlar.

Seymin 15 deputatı və senatoru, Polşanın insan hüquqları üzrə vəkili Yanuş Koxanovski, Polşa Ordusunun altı yüksək rütbəli nümayəndəsi də qəza nəticəsində həlak olmuşdur.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, təyyarədə 88 sərnişin və 8 heyət üzvü olmuşdur.

Smolensk vilayətinin qubernatoru Sergey Anufriyev bildirmişdir ki, Polşa Prezidentinin təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan olmamışdır.

Qeyd edək ki, Polşa Prezidenti Lex Kaçinski Smolensk yaxınlığındakı Katın məzarlığını ziyarət etməyi planlaşdırırdı. Bu, Rusiyada totalitar repressiya qurbanlarına ucaldılmış ilk beynəlxalq xatirə kompleksidir.

Dəhşətli faciə ilə bağlı Polşada 7 günlük matəm elan olunmuşdur. Hələlik dövlətin başçısı vəzifəsini Seymin sədri Bronislav Komorovski icra edir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  11 aprel.- S.  1.