Azərbaycan-Estoniya əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur

 

Azərbaycanın etibarlı tərəfdaş kimi münasibətlərinin ildən-ilə inkişafına çalışdığı ölkələrdən biri də Estoniyadır. Rəsmi Bakı Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Estoniyanın da dəstəyinə önəm verir. Estoniya Respublikası əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir.

Azərbaycan müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranmışdır. Hər iki ölkə arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Estoniyanın da Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır. Rəsmi Tallinn 20 fevral 1992-ci il tarixdə dövlət müstəqilliyimizi tanımış və həmin ildən də ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur.

Ötən müddətdə Estoniya-Azərbaycan əlaqələrinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır. Dövlət və hökumət başçılarının səfərləri, hökumətlərarası sazişlərin imzalanması ikitərəfli əlaqələrin dərinləşdirilməsinə imkan yaratmışdır. Ölkələrimiz arasında hazırda yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur. İki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində son illər ərzində mühüm irəliləyişlərə nail olunmuş, yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutmuş və əlaqələrin inkişaf etdirilməsi üçün mühüm sənədlər imzalanmışdır. Bu sırada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Estoniya Respublikası Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında Saziş, Azərbaycan Respublikası hökuməti və Estoniya Respublikası hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı əməkdaşlıq haqqında Saziş, Azərbaycan və Estoniya hökumətləri arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya və digər sənədləri göstərmək olar.

Estoniya Prezidenti Toomas Hendrik İlvesin başçılıq etdiyi nümayəndə heyəti 12-15 yanvar 2009-cu il tarixdə Azərbaycana rəsmi səfərə gəlmişdir. Səfər çərçivəsində iki ölkə arasında humanitar və elmi-texniki sahədə əməkdaşlıq və bu sahədə həyata keçiriləcək məsələlər geniş müzakirə olunmuşdur. Eyni zamanda, hüquq-mühafizə, ədliyyə və digər dövlət qurumları arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilmiş və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin zəruru olduğu qeyd edilmişdir. Estoniya Avropa İttifaqı və NATO-nun üzvü kimi beynəlxalq əməkdaşlığa, fəal ikitərəfli münasibətlərin qurulmasına böyük önəm verir. Avratlantik strukturlara inteqrasiya kursunu seçən Azərbaycanın bu ölkə ilə əməkdaşlığı son dərəcə əhəmiyyətlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Estoniyaya dövlət səfəri ikitərəfli əlaqələrin yeni mərhələdə inkişafına güclü impuls verəcəkdir. Dövlət başçısı İlham Əliyev Estoniya Prezidenti Toomas Hendrik İlves, bu ölkənin Baş naziri Andrus Ansip ilə görüşdə iki ölkə arasında münasibətlərin hazırkı durumu, müxtəlif sahələrdə əlaqələrin daha da genişləndirilməsi istiqamətində görüləcək işlər barədə geniş fikir mübadiləsi aparmışdır. Görüşdə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdirildiyi, bu səfərin ikitərəfli əlaqələrin inkişafı və gələcək əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunmuşdur. Dövlət başçıları Birgə Bəyannamə imzalamışlar. Prezident İlham Əliyev Avropa İttifaqı Nazirlər Şurasının keçmiş baş katibi, hazırda qurumun ümumi xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Xavyer Solana və ABŞ dövlət katibinin keçmiş müavini Strob Talbotla da görüşərək qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmışdır.

Prezident İlham Əliyev Estoniya Xarici İşlər Nazirliyində çıxışı zamanı ölkələrimiz arasında münasibətlərin ildən-ilə inkişaf etdiyini bildirmişdi: "Bu gün burada olmağıma və ikitərəfli münasibətlərlə, eləcə də regional məsələlərlə bağlı fikirlərimi sizinlə bölüşməkdən çox şadam. Elə burada indicə qeyd olundu ki, bu, mənim Estoniyaya ilk dövlət və münasibətlərimizin tarixində ilk səfərimdir. Demək istəyirəm ki, ölkələrimiz arasında əlaqələrimizin uzun tarixi vardır. Bu gün Estoniya Prezidenti ilə birgə mətbuat konfransımız zamanı o qeyd etdi ki, sabah Azərbaycanda eston cəmiyyətinin yaradılmasının 100 illiyi qeyd olunacaqdır. Beləliklə, sözün əsl mənasında, bu, xalqlarımız arasında münasibətlərin qədim tarixindən xəbər verir. Biz bir ölkədə yaşayırdıq və bu səbəbdən, əlbəttə ki, xalqlar arasında əlaqələr və ünsiyyət təbii xarakter daşıyırdı. Lakin mühüm amil ondan ibarətdir ki, hazırda müstəqil dövlətlər, suveren ölkələr kimi Estoniya və Azərbaycan qarşılıqlı hörmətə, maraqlara əsaslanan əlaqələr qurmuşlar. Bu münasibətlərin çox güclü dinamikası var".

Prezident İlham Əliyev bütün xarici ölkələrə səfərlərində olduğu kimi, Estoniyada da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdur. Prezident İlham Əliyev respublikamızın təcavüzkar Ermənistanın işğalına məruz qaldığını, etnik təmizləmə nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırlatmışdır. Dövlət başçısı münaqişənin yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü təmin edilməklə həll olunmasının zəruriliyini vurğulamışdır.

Estoniya dövləti də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsi tərəfdarıdır. Rəsmi Tallinn münaqişənin ədalətli və beynəlxalq hüquq normalarına uyğun tezliklə həll edilməsinin tərəfdarı olduğunu bir daha bəyan etdi.

Ölkə başçılarının görüşü zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün mövcud potensialdan daha geniş istifadə edilməsinin zəruri olduğu bir daha qeyd olundu. Prezident İlham Əliyev bildirmişdi: "Münasibətlərimizin dinamikası və görüşlərimizin mütəmadi olması qarşılıqlı marağı nümayiş etdirir. Eyni zamanda, bu onu göstərir ki, ölkələrimiz arasında geniş münasibətlərin olmasında hər iki tərəfin iradəsi vardır. Bizim çox güclü siyasi dialoqumuz mövcuddur. Ümidvaram ki, bu səfər və səfərim zamanı imzalanmış sənədlər iqtisadi münasibətlərin güclü inkişafına xidmət edəcək.

Humanitar sahədəki əlaqələr hər zaman mühüm olmuşdur. Biz ikitərəfli münasibətlərimizin bu aspektini də geniş sahədə müzakirə edirik. İnsanlarımız bir-birini daha yaxşı tanımalıdır, - bir-biri ilə daha çox ünsiyyətdə olmalıdır. Birgə iqtisadi və sərmayə layihələrini həyata keçirməlidirlər. Başqa sözlə desək, bu münasibətlərin inkişaf etdirilməsi məqsədilə, fikrimcə, biz bu cür qarşılıqlı, möhkəm iradənin olmasından istifadə etməliyik. Əminəm ki, ölkələrimizdəki biznes dairələri siyasi liderlərin yolunu davam etdirəcəklər və münasibətlərimizi gələcəkdə fəal şəkildə inkişaf etdirmək məqsədilə güclü iqtisadi əlaqələr quracaqlar".

Prezident İlham Əliyevin Estoniyaya dövlət səfəri ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açacaqdır. Səfər zamanı ikitərəfli əməkdaşlığa dair əldə olunan razılaşmalar dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə verəcəkdir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2010.-  11 aprel.- S.  1.