Güclü və modern Azərbaycan
ordusu Heydər Əliyev siyasətinin nəticəsidir
Azərbaycanın qonşu Ermənistanla münasibətləri artıq 22 illik tarixi olan Dağlıq Qarabağ probleminin həllindən asılıdır. Hələ keçmiş SSRİ-nin tərkibində olarkən Ermənistan millətçilərinin Azərbaycana qarşı ərazi iddiası İttifaq dağılarkən erməni hərbi birləşmələri tərəfindən torpaqlarımızın işğalına gətirib çıxardı. Ermənilərin bu prosesə əvvəlcədən hazırlaşması Dağlıq Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının böyük bir hissəsinin işğalına zəmin yaratdı.
Həmin dövrdə hərbi texnikasız və hazırlıqsız Azərbaycan əsgəri düşmənə qarşı doğma torpağına sevgi və vətənpərvərlik hissi ilə vuruşurdu. Məhz bu səbəbdən SSRİ ordusunun silahları ilə təchiz olunmuş, habelə SSRİ ordusunda yüksək vəzifələrdə xidmət keçmiş erməni generallarının rəhbərliyi altında olan erməni silahlı qüvvələri indiki cəbhə xəttindən daha çox ərazini işğal edə bilmədilər. Ermənilərin torpaq iddiasında əsas məqsədləri ümumilikdə müstəqil Azərbaycan dövlətinin yaranmasına imkan verməmək, "böyük Ermənistan" iddiasını ilk növbədə Azərbaycan torpaqları hesabına reallaşdırmaqdan idarət idi.
Böyük dövlətçilik təcrübəsinə malik dünya şöhrətli siyasətçi Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı birinci ağır mərhələdə bir çox fəlakətlərdən xilas edə bildi. 1994-cü ildə əldə olunmuş atəşkəs nəticəsində hər iki tərəf öz dövlətçiliyini möhkəmləndirməyə və problemi özünün düzgün saydığı formada həllinə hazırlaşmağa başladı. Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunması qonşu dövlətin işğalçılıq siyasətinin nəticəsi idi və bu, beynəlxalq təşkilatların sənədlərində və böyük dövlətlərin münasibətində öz əksini tapdı. Heydər Əliyevin apardığı siyasət bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin həllinə, digər tərəfdən isə Azərbaycanın bir dövlət kimi iqtisadi və hərbi qüdrətinin artmasına yönəldilmişdi.
Ermənistan isə Dağlıq Qarabağı müstəqil dövlət formasında beynəlxalq hüququn subyekti kimi təqdim etməyə çalışdı. Ancaq ötən dövrlər ərzində bu istəklər baş tutmadı, Ermənistanın bütün planları iflasa uğradı.
Azərbaycan iqtisadiyyatında, kənd təsərrüfatında islahatların aparılması ölkəmizdə effektli iqtisadiyyatın qurulmasına gətirib çıxardı. Sahibkarlar təbəqəsinin formalaşması, iqtisadiyyatın Azərbaycanın təbii resurslarına uyğun olaraq qurulması öz bəhrəsini verməyə başladı. Əgər 1994-cü ildə Azərbaycanın dövlət büdcəsi 370 milyon dollar idisə, 2000-ci ildə artıq bu rəqəm 800 milyon dollara çatdı. Növbəti illərdə bu artım davam etdi və 2010-cu ilin dövlət büdcəsi 15 milyard dollar təşkil edir.
Bunu isə ancaq neft faktoru ilə bağlamaq olmaz. Bu ilk növbədə neft sənayesi ilə yanaşı qeyri-neft sektorunun inkişafına da ciddi əhəmiyyət verilməsi ilə mümkün oldu. Bu gün dünya bazarlarına çıxarılan Azərbaycanın sənaye və kənd təsərrüfatı məhsulları, eləcə də səhiyyə, elm, bank, turizm xidmətləri artıq dünyanın diqqətini cəlb etməyə başlayıb.
Ermənistanın bütün cəhdlərinə baxmayaraq dünya birliyi bir dövlətin başqa dövlətin ərazisinin işğalına və XXI əsrdə silah gücü ilə danışmaq prinsipini qəbul etmədi.
Bu proseslərdə ordu faktorunun rolu çox böyükdür. Ümumilikdə götürəndə, ordu faktoru hər bir dövlətin daxili və xarici siyasətinin güzgüsü sayıla bilər. Dövlətin və cəmiyyətin orduya münasibəti həmin dövlətin öz nüfuzuna, bu gününə və sabahına olan münasibətidir. Ordu faktorunun rolu isə bilavasitə onun döyüş qabiliyyətindən asılıdır.
Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də ümummilli liderin, müasir və modern Azərbaycan Ordusunun yaradıcısı Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, milli ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir.
Artıq bütün dünya bilir ki, Azərbaycanın Silahlı Qüvvələri 1990-cı ilin əvvəllərindəki siyasiləşmiş silahlı dəstələr deyil, vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşıpığını yerinə yetirməyə qadir olan bir ordudan ibarətdir.
Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə sözün əsl mənasında fəxr edir. Əldə olunan uğurlar bir daha sübut etdi ki, cəmiyyətdəki siyasi plüralizm daxili qüvvələrin parçalanmasına, siyasi iddiaların həyata keçirilməsinə deyil, vahid dövlət quruculuğuna xidmət edərsə, ordu quruculuğu sahəsində dövlətin apardığı siyasət əsaslandırılmış və ardıcıl olarsa, Silahlı Qüvvələrin təşkilində və gücləndirilməsində yüksək nailiyyətlər əldə etmək olar. Bütün bunlar ordu quruculuğu prosesində də öz müsbət nəticəsini verməyə başladı. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu sahədə də ciddi irəliləyişlərin əldə olunmasını şərtləndirib.
Bizim ordumuzun yaranması və müasir tələblər səviyyəsində formalaşması ağır, mürəkkəb və keşməkeşli yollardan keçmişdir. Erməni təcavüzü, daxili çəkişmələr, yeni yaradılmış özünümüdafiə taborlarının ayrı-ayrı siyasi məqsədlərə xidmət etməsi bir tərəfdən torpaqlarımızın işğalına şərait yaradır, digər tərəfdən ordumuzun yaranmasına mane olurdu. Ümummilli lider Heydər Əliyevin hakimiyətə qayıdışından sonra respublikamızın həyatının bütün sahələrində olduğu kimi ordu quruculuğu da planlı surətdə həyata keçirilməyə başladı. İlk növbədə qanunsuz hərbi dəstələr buraxıldı, Silahlı Qüvvələr dövlət nəzarətinə alındı. Digər ölkələrin nümunələrindən və Dağlıq Qarabağ muharibəsi təcrübəsindən istifadə olunaraq mükəmməl hərbi qanunvericilik sistemi yaradıldı. Heydər Əliyevin tez-tez ön cəbhəyə getməsi, döyüşən Azərbaycan əsgərləri ilə yanaşı səngərlərdə olması, onların qayğı və ehtiyacları ilə maraqlanması, döyüşdə fərqlənənləri elə yerindəcə mükafatlandırması şəxsi heyətə yeni ruh, yeni qüvvə verirdi. Ulu öndərin titanik fəaliyyəti nəticəsində güclü Azərbaycan ordusu yaradılmağa başlandı. Ordu quruculuğunun elmi-təcrübi əsaslar üzərinə qoyulması, vahid komandanlıq prinsipinin həyata keçirilməsi Qarabağ bölgəsində gedən döyüş əməliyyatlarına öz müsbət təsirini göstərdi.
1993-cü il noyabrın 2-də ulu öndər Heydər Əliyev radio və televiziya ilə xalqa müraciət etdi. Bu müraciət bütünlüklə Azərbaycanın düşdüyü ictimai-siyasi və hərbi böhranın təhlilinə və ondan çıxış yollarına həsr edilmişdi. Bu çıxışdan sonra xalqımızın çoxdan arzuladığı birliyin, həmrəyliyin əsası qoyuldu. Hamı bir nəfər kimi ölkəni dəhşətli təhlükədən çıxarmaq üçün Heydər Əliyevin ətrafında birləşməyə başladı.
Dövlət Müdafiə Şurasının ilk iclasında rüşvətxorluğa, cinayətkarlığa, Vətən qarşısında öz müqəddəs borcunu yerinə yetirməkdən boyun qaçıran şəxslərə qarşı barışmaz mübarizə aparılacağının bəyan edilməsi, çağırış və səfərbərliyin, hərbi komissarların işinin günün tələblərinə uyğun qurulması, fərarilərə, xidmətdən yayınanların hamısına qarşı ciddi sanksiyalar tətbiq olunması istiqamətində atılan qətiyyətli addımlar ordumuzun döyüş hazırlığının yüksəlməsinə səbəb oldu. Ordu quruculuğu sahəsində aparılan işlərin sistemləşdirilməsi, mərkəzləşdirilməsi, ordunun vahid komandanlıq prinsipi əsasında fəaliyyət göstərməsi qısa müddətdən sonra öz səmərəsini verdi. Azərbaycan Ordusu tərəfindən aparılan uğurlu döyüş əməliyyatlarından təşvişə düşən və gücümüzün artmasını hiss edən düşmən 1994-cü il mayın 12-də atəşkəs haqqında müqaviləni imzaladı. Sonrakı dövrlərdə ordumuzun daha da möhkəmləndirilməsi sahəsində bir çox mühüm tədbirlər həyata keçirildi. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində çağırış və səfərbərlik işi xeyli təkmilləşdirilmiş, hərbi hissələrdə intizam möhkəmlənmiş, qanun-qaydalara tam riayət olunması təmin edilmişdir. Bütün bunlar orduya gələn gənclərin peşəkar hərbi qulluqçu kimi hazırlanmasına, hərbi ixtisaslara dərindən yiyələnməsinə şərait yaratmışdır.
Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz, yəni hər gün davam edən bir prosesdir. Döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri hal-hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Məlumdur ki, hər bir ordunun qüdrətli - onun döyüş qabiliyyəti ilə mənəvi gücünün vəhdətində reallaşır. Bu gün Azərbaycan cəmiyyətində, eləcə də orduda ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanmış və elmi-nəzəri prinsipləri zamanın sınağından çıxmış mükəmməl hərbi vətənpərvərlik konsepsiyası mövcuddur. İstər sülh, istərsə də müharibə dövründə hərbi qulluqçularda Vətənə, xalqa, dövlətçiliyimizə sədaqət və məhəbbət hisslərinin möhkəmləndiriməsi, onların ümumdövlət mənafeləri ətrafında səfərbər edilməsi bu istiqamətdə aparılan fəaliyyətin əsas məqsədləridir. Hələ o dövrdə Azərbaycan ordusunun müasir NATO standartlarına uyğun olaraq qurulacağı tam aydın idi. Çünki ölkəmiz onların ən üstün olması qənaətində idi. Eyni zamanda ulu öndər Heydər Əliyevin avrointeqrasiya siyasəti NATO ilə sıx əməkdaşlığı vacib edirdi. Bunun üçün Azərbaycanda yetərli potensial da mövcud idi.
Azərbaycanda ali hərbi məktəblər sisteminin yaradılması, onun tədris prosesinin NATO- ya üzv olan ölkələrin hərbi təhsil sisteminin üstünlüklərinə uyğun olaraq qurulması öz nəticəsini verməkdədir. Hazırda Azərbaycan ordusu ciddi, hazırlıqlı, vətənpərvər zabit kadrları ilə təchiz edilir, ordunun maddi - texniki bazası möhkəmləndirilir. Yüksək ixtisaslı milli hərbi kadr hazırlığı istənilən məkan və zaman şəraitində ordu quruculuğu prosesinin obyektiv tələbidir. Hərbçi peşəsinin incəliklərinə yiyələnmiş zəruri sayda peşəkar kadr olmadan ordu quruculuğu kimi çətin bir işi uğurla həyata keçirmək mümkün deyil. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə yaradılan C.Naxçıvanski adına Hərbi Liseyi və Naxçıvan Muxtar Respublikasında yaradılan Heydər Əliyev adına Hərbi Liseyi ötən illər ərzində minlərlə gənc bitirərək ali hərbi məktəblərə daxil olmuş və böyük ordu həyatına vəsiqə almışlar.
Hazırda respublikamızın Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələr üçün müxtəlif kateqoriyadan olan hərbi kadrların hazırlanması Azərbaycan Ali Hərbi Məktəblərində, Silahlı Qüvvlərin Təlim və Tədris Mərkəzində, Hərbi Akademiyasında və digər hərbi təhsil müəssisələrində uğurla həyata keçirilir. 1997-ci ildən bu məktəblərdə NATO standartlarına uyğun tədris proqramı tətbiq olunur. Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi qulluqçularla yanaşı dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə müharibə ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsi təşkil edilir. MDB-yə üzv olan bir neçə dövlət ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imzalanmış sazişlərə əsasən bu ölkələrin hərbi qulluqçuları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrində təhsil alması bu sahədə qazanılan uğurları bir daha təsdiq edir. Adları çəkilən hərbi təhsil müəssisələrinin maddi-tədris bazası yüksək standartlara cavab verən tədris, idman və mədəni-məişət komplekslərini əhatə edir.
Ötən illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələri xeyli genişlənmiş və keyfiyyətcə yeni mərhələyə daxil olmuşdur. 1994-cü il may ayının 4-də Azərbaycan Respublikası NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşulmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin zabitləri NATO-nun strateji və regional qərargahlarında müxtəlif vəzifələrə təyin edilmişlər. Hər il Azərbaycan Respublikası ilə NATO arasında fərdi əlaqələndirmə proqramı hazırlanır və təsdiq edilir. Proqrama əsasən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun hərbi məktəblərində, kolleclərində və başqa strukturlarında keçirilən sülhməramlı kurslarda, Avropa təhlükəsizlik sahəsində əməkdaşlıq, adi silahlara nəzarət, böhran vəziyyətini idarəetmə, ətraf mühitin mühafizəsi, inteqrasiya proseslərinin genişləndirilməsi və digər tədbirlərdə iştirak edirlər. Hərbçilərimiz sülhməramlı, humanitar və digər çoxmillətli təlimlərin planlaşdırılması, hazırlanması və həyata keçirilməsində yaxından iştirak edirlər. Azərbaycan sülhməramlılarının bundan əvvəl Kosovoda, İraqda və hal-hazırda isə Əfqanıstanda NATO-nun, Koalisiya Qüvvələrinin tərkibində öz missiyalarının layiqincə və yüksək peşəkarlıqla yerinə yetirmələri NATO komandanlığı tərəfindən də yüksək qiymətləndirilmişdir.
2004-cü ilin may ayında Fərdi Tərəfdaşlığın Fəaliyyət proqramı NATO Baş katibinə təqdim edilmişdir. Bu proqram 2005 -ci ilin may ayında NATO tərəfindən təsdiq edilmiş və onun icrasına başlanmışdır. Son illərdə NATO-nun müxtəlif tədbirlərində Azərbaycan Silahlı Qüvvələrinin yüzlərlə nümayəndəsi iştirak etmişdir.
Azərbaycan Ali Hərbi Məktəbində "NATO - Sülh naminə tərəfdaşlıq" kafedrası, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində isə Sülh Naminə Tərəfdaşlıq Milli Təlim Mərkəzi yaradılmışdır. NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə təcrübə mübadiləsi aparmaq, mühazirələr oxumaq və seminarlar keçirmək məqsədilə Respublikamıza vaxtaşırı NATO-nun müxtəlif komandanlıqlarından, strukturları və idarələrindən hərbi nümayəndə heyətləri gəlir. NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində respublikamızda bir neçə çoxmillətli komanda-qərargah təlimləri keçirilmişdir. "Kooperativ Determineyşn", "Regional cavab -2009" kimi təlimlərdə NATO üzvü və tərəfdaş dövlətlərdən nümayəndələr iştirak etmişdir.
Ötən illər ərzində Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında hərbi sahədə əməkdaşlıq haqqında onlarla saziş, protokol və plan imzalanmışdır. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla silahlanıb. Ordumuzun şəxsi heyəti üçün həmin silahlardan istifadə edilməsi təlimi həm ölkə daxilində, həm də ölkəmizdən kənarda keçirilir. Silahlı Qüvvələr üçün kazarmalar əsaslı təmir edilir, yeniləri tikilir . Zabit və gizir heyətinin mənzil problemi və digər sosial problemləri həll olunur, hərbi qulluqçuların əməkhaqqı məsələsi daim diqqətdə saxlanılır, dövlətin imkanları artdıqca bu məsələnin həlli yolunda çox ciddi tədbirlər görülür.
2008-ci ildə Azərbaycan Ordusunun yaradılmasının 90 illiyi ilə bağlı keçirilən hərbi parad bir sıra dövlətlərin Azərbaycan ordusu haqqında təsəvvürlərinin yaxşı mənada dəyişməsinə səbəb oldu. Eyni təəssürat ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrinin iştirakı ilə keçirilən birgə əməliyyat-taktiki təlimlərindən də yarandı. Silahlı Qüvvələrin komplektləşdirilməsi, hərbi çağırış sisteminin müasir tələblər səviyyəsində təkmilləşdirilməsi üçün görülmüş işlər də öz nəticəsini verməkdədir. Orduda xidmət bu gün hər bir Azərbaycan gənci üçün fəxr nümunəsinə çevrilmışdir. Ordu üzərində ictimai nəzarət sistemi yaradilmışdır və açıq fəaliyyət göstərir. Belə nəticəyə gəlmək olur ki, Azərbaycanda ordu quruculuğu yüksələn xətlə inkişaf edir, ordunun problemləri hər gün, hər an respublika rəhbərliyinin diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dövlət başçısı kürsüsündə fəaliyyətə başladığı ilk günlərdə bəyan etmişdi ki, ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərin bütün parametrlər üzrə daha da inkişaf etdirilməsi onun fəaliyyətində prioritet istiqamətlərdən biri olacaq. Ötən müddət ərzində yuxarıda qeyd etdiyim kimi istər Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də hərbi qulluqçuların sosial müdafiəsi sahələrində həyata keçirilən tədbirlər Ali Baş Komandanın Vətənin müdafiəçilərinin şərəfli xidmətinə necə yüksək qiymət verdiyini bir daha təsdiq etdi.
Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ölkə və ordu rəhbərliyinin daim diqqət mərkəzindədir. Hərbi hissələrdə, hərbi təhsil müəssisələrində nizamnamədənkənar münasibətlər zəminində baş verən neqativ halları aşkara çıxarmaq, hüquqları pozulmuş hərbi qulluqçuların sosial müdafiəsini daha da gücləndirmək, onların ərizə və şikayətlərinə baxılması işini daha da təkmilləşdirmək məqsədi ilə Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsində "Etimad xətti" fəaliyyət göstərir. Hərbi qulluqçular sutka ərzində müvafiq telefonlara zəng vuraraq onları narahat edən məsələlər barədə məlumat vermək, habelə müraciətlərini elektron poçtuna göndərmək imkanı qazanmışlar. Bu praktika qısa vaxt ərzində öz müsbət nəticələrini göstərmişdir.
Bu gün ökəmizdə həllinə ciddi ehtiyac duyulan problemlərdən biri də mənzil problemidir. Silahlı Qüvvələrdə hərbi qulluqçuların mənzillə təminatını yaxşılaşdırmaq üçün bütün mümkün imkanlardan istifadə olunur.
Son illərdə ölkənin müdafiə xərclərinin bir neçə dəfə artırılması, hərbi qulluqçuların sosial problemlərinin ardıcıl olaraq həll edilməsi yaxın gələcəkdə ordu quruculuğu sahəsində daha böyük uğurlar qazanılacağına təminat verir. Prezident İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinə diqqət və qayğısı, ordumuza bəslədiyi yüksək inam və etimad bütün hərbçilərin qəlbini qürur və iftixar hissləri ilə doldurmuşdur. Bu gün Azərbaycan ordusunun hər bir əsgəri və zabiti respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrinə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpasına, torpaqlarımızı işğalçılardan azad etməyə hazırdır.
Ordumuzun möhkəmlənməsi istiqamətində Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması yeni mərhələnin əsasını qoydu. Azərbaycan bu gün nəinki hərbi əşya və arxa təminat təchizatçısıdır, artıq döyüş silahlarını da istehsal edir. Bu silahlar nəinki daxili tələbata yönəldilir, həm də dünya bazarlarına çıxarılır və ciddi rəğbətlə qarşılanır. Silahlı Qüvvələrimizin təminatının gücləndirilməsi, Dövlət büdcəsində hərbi xərclərin artırılması da əhəmiyyətli məqamlardandır. Məlum olduğu kimi Ermənistanın büdcəsi Azərbaycanla müqayisə edilə bilməz. Demək lazımdır ki, bu yanaşma problemin həllinə birbaşa təsir edir.
Azərbaycan dövlətinin qüdrətinin artması ilə paralel Azərbaycan Ordusunun da səviyyəsi yüksəlib. Vaxtilə, Prezident İlham Əliyevin "Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsinə bərabər olacaq" bəyanatı işğalçı ölkədə elə də ciddi qəbul edilmirdi. Onlar bunu sadəcə təbliğat hesab edirdilər. Ancaq aparılan işlər ölkə prezidentinin verdiyi bəyanatın həqiqiliyini sübut etdi. Artıq bir neçə ildir ki, Azərbaycanın hərbi büdcəsi 2 milyard dollara bərabərdir. Bu isə təxminən Ermənistanın dövlət büdcəsinə bərabərdir. Qeyd edim ki, bu ölkənin 2010-cu il üçün dövlət büdcəsi 2,2 milyard dollardır. Əgər 1994-cü ildə Ermənistan xaricdəki diaspor təşkilatlarının dəstəyi hesabına hərbi, siyasi sahədə Azərbaycandan bir neçə dəfə üstünlük şəraitində idisə, hazırda Azərbaycan bütün sahələrdə Ermənistanı üstələyir və bu fərq gündən-günə artmaqda davam edir. Azərbaycan ordusu bu gün dövlətin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı təsisatdır. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə, regionun ən hazırlıqlı və ən müasir ordusu Azərbaycan ordusudur. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin ən müasir tələblərə cavab verdiyini göstərir.
Bu fakt torpaqlarımızın 20 faizini işğal etmiş, bütün siyasətini ancaq və ancaq qonşu dövlətlərin torpaqlarının işğalı üstündə quran Ermənistanda da kifayət qədər məlumdur. Təbii resursları kasad olan, militaristləşdirilmiş siyasət həyata keçirərək Azərbaycana, Türkiyəyə, Gürcüstana torpaq iddiaları irəli sürməsi və beləliklə də özünü inkişafdan kənarda qoyması Ermənistanda iqtisadiyyatın geriləməsinə səbəb olmuşdur.
Ermənistan sivil dövlət, obyektiv qanunlarla işləyən iqtisadiyyat qurmaq, mehriban qonşuluq siyasətinə əsaslanan xarici diplomatiya həyata keçirmək əvəzinə qonşu dövlətlərə torpaq iddiasına üstünlük verir. Bu da işğalçı dövlət üçün bumeranq effekti verir və ziyanı özünə dəyir. Bu gün Ermənistan ordusu faktiki olaraq hərbi polis rejimini xatırladır. Orduda qulluq etmək erməni vətəndaşları üçün şərəf yox, zülmə çevrilib. Xidmətdən yayınmaq halları, dedovşina faktları ildən-ilə artmaqdadır. Orduda hansısa vətənpərvərlikdən, ruh yüksəkliyindən danışmaq olmaz. Ermənistan ordusunun maddi təminatının zəifliyi şəxsi heyətin ruh yüksəkliyinin zəifliyində özünü göstərir. Ordu köhnə silahlarla təchiz olunub, ərzaq təminatı bərbad vəziyyətdədir. Orduya dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsi müxtəlif mərhələlərdə mənimsənilir. Ən əsası isə qonşu dövlətin torpaqlarını işğalda saxlamaq bu gün erməni əsgərləri, zabitləri üçün maraq kəsb etmir. O özünün yaşayışını düşünür, bundan narahat olur. Ermənistan vətəndaşları müxtəlif üsullarla çağırışdan yayınmağa çalışırlar. Cəbhə xəttinə düşməmək üçün hərbi komissarlıqlara böyük rüşvətlər verilir. Artıq cəbhə və sərhəd xətlərində ciddi əskər çatışmazlıqları hiss edilir. Vəziyyətdən çıxmaq üçün erməni ordu komandanlığı yerli əhali ilə müqavilə bağlayaraq postlara onları yerləşdirir. Bir sözlə, dövlətin böhran situasiyası erməni ordusuna da ciddi sirayət edib. Bu gün Ermənistan başqa dövlətlərin torpaqlarına iddia edir, başqa dövlətlərin mədəniyyətini, tarixini mənimsəmə siyasəti həyata keçirir, güclü, müasir dövlət qurmaq siyasətini militarist, orta əsr təfəkkürünə malik olan ideologiya ilə əvəz edir. Bu siyasət isə ciddi böhrana, inkişaf imkanlarından məhrum olmağa gətirib çıxarır. Azərbaycan və Ermənistan dövlətlərinin qüdrətinin, Azərbaycan və Ermənistan ordularının təhlili bu müqayisənin bizim xeyrimizə olduğunu göstərir.
Azərbaycan xalqı isə öz qüdrətli dövlətini qurmağa, torpaqlarının bütövlüyünün təmin olunmasına çalışır. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu istiqamətdə apardığı iş müsbət nəticə verməkdədir və ölkəmizə daha da yeni uğurlar qazandıracaq.
Aydın MİRZƏZADƏ,
Milli Məclisinin deputatı,
YAP Siyasi Şurasının üzvü
Azərbaycan.- 2010.- 11 aprel.- S. 2.